Ulu öndərin 90 illik yubileyi tibb kollecində qeyd edilmişdir

 

2 nömrəli Bakı Baza Tibb Kollecində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edildikdən sonra kollecin direktoru, tibb elmləri namizədi Dilarə Məmmədəliyeva “Ulu öndər həm tarixdə yazılan, həm də tarix yazan nadir şəxsiyyətdir” mövzusunda məruzə ilə çıxış etmişdir.

 O, Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin inkişafının unudulmaz və bitib-tükənməz mərhələsinin Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edərək həmin kollecin ulu öndərin tələbi ilə 1973-cü ildə inşa edilməsini, 1975-ci ilin yanvar ayında isə kollecin açılışında onun şəxsən iştirakını xatırlatmışdır.

Bildirilmişdir ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq 2 nömrəli Bakı Baza Tibb Kollecində tərtib edilmiş plan əsasında silsilə tədbirlər keçirilmiş, tələbələr arasında “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur”, “Heydər Əliyev və gənclər siyasəti” mövzularında inşa yazı müsabiqələri keçirilmişdir. Respublika Gənclər təşkilatı və Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən esse yazı müsabiqələrində tələbələr fəal iştirak etmişlər.

Kollecdə “Heydər Əliyev və Milli-mənəvi dəyərimiz”, “Heydər Əliyev mənim üçün kimdir?", “Heydər Əliyev və Azərbaycanda səhiyyənin tərəqqisi”, “Heydər Əliyev və Ana dilimiz”, “Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə irəliləyir” və sair mövzularda “Dəyirmi masa”lar təşkil edilmişdir. Mayın 5-də ulu öndərin 90 illik yubileyi ilə əlaqədar Yasamal rayonunda keçirilən gül bayramında tələbələrin əl işləri və tər çiçəklərdən tərtib edilmiş kompozisiya göstərilmişdir.

Tədbirdə o da bildirilmişdir ki, kollecdə  Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə  əlaqədar tədbir keçirilmiş, direktor D. Məmmədəliyeva “Görkəmli alim, qayğıkeş ana” mövzusunda məruzə ilə çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında və eləcə də səhiyyənin inkişafında olan misilsiz xidmətlərindən danışmış, onun səhiyyə tarixində silinməz bir iz qoyduğunu tədbir iştirakçilarının diqqətinə çatdırmış və akademik haqqında filmin nümayişi olmuşdur.

Toplantının sonunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

 

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 12 may.- S. 7.