Azərbaycan dövləti özünün humanizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi

 

Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət etmişdir.

Parlamentin mayın 7-də keçirilən iclasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilmişdir. Bununla da  Azərbaycan dövləti  humanizm siyasətinə sadiqliyini bir daha təsdiqlədi. Onu da qeyd edək ki, bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın belə bir xoşməramlı addım atması, həbsxanalarda olan  insanların azadlığa buraxılması, onların cəzalarının azaldılması və digər humanizm prinsiplərinin qorunması istiqamətində birinci dəfə deyil. Xalqımız dəfələrlə belə xeyirxahlığın şahidi olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva amnistiya aktı ilə bağlı məlumat verərkən demişdir: “Bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində, bağışlamaq aktıdır. Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır.

Əziz dostlar, mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə və mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub. Diqqətinizə təqdim olunan qərarda təqribən 9000 min şəxsin amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub. Onlardan 2000-dən artıq məhkumun azad olunması gözlənilir. Mən ümidvaram ki, azadlığa çıxan insanlar öz səhvlərini dərk edəcəklər, bir də gələcəkdə belə səhvlərə yol verməyəcəklər, ailələrinə qovuşacaqlar, cəmiyyətimizdə öz yerlərini tutacaqlar”.

Amnistiya aktının ulu öndərin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi heç də təsadüfi deyil. Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoyub. Ulu öndər böyük siyasi xadim olması ilə yanaşı, həm də  çox xeyirxah, mərhəmətli və humanist insan idi. O, ömrünün müxtəlif çağlarında, xüsusilə də Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi müddətdə  ədalətsizlik, satqınlıq və xəyanətlə üzləşmişdi. Lakin ulu öndər ona qarşı xəyanət edən insanları belə son anda bağışlamışdı.  Ümummilli lider bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqləmişdir.

Azərbaycanda insan hüquq və azadlıqlarının  yüksək səviyyədə qorunması dövlətimizin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyindən sonra bu sahədə qəti addımlar atılmış, respublikada humanizm siyasəti  istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmdə də dəyərləndirilmişdir. Məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya təsisatlarını bərpa etmişdir. Böyük dövlət xadimi insan hüquq və azadlıqlarının  müdafiəsini prioritet vəzifə kimi qarşıya qoymuş və əfvetmə institutunun fəaliyyətini bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyi və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olmuşdur.

1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi Heydər Əliyevin  yüksək humanizmini xarakterizə edən amillərdən biridir. Ölüm hökmünün ləğvi ilə ulu öndər bir daha təsdiqlədi ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı əsas  məsələlərdəndir.  Çünki ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Bu cəzanın ləğvi, nüfuzlu qurumun insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür.

 Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və siyasi lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarlara şans verərək bağışlamağı, islah etməyi  bacarırdı. Ulu öndər ölkəyə rəhbərlik etdiyi ilk illərdə hərbi xidmətdən yayınanlara müraciət edərək onların əfv olunduqlarını bildirmiş, fərarilik edən gənclərin   valideynlərinə övladlarını xidmət etdikləri hərbi hissələrə aparmağı tövsiyə etmişdir.  Məhz Heydər Əliyevin bu müraciətindən sonra gənclər hamılıqla xidmət etdikləri  hərbi hissələrə qayıtmış və cəzadan azad olunmuşdular.

Ulu öndərin bilavasitə rəhbərliyi ilə 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalanmış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. İnkişaf etmiş demokratik ölkələrdə  insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Heydər Əliyevin bu humanist addımından sonra müstəqil dövlətimizin beynəlxalq aləmdəki reytinqi getdikcə artdı. Bunun ardınca ölkəmizin insan hüquq və azadlıqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlara üzv olması və bu istiqamətdə qəbul olunmuş konvensiyalara qoşulması Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını sürətlə artırdı.

1995-ci ildən başlayaraq ölkədə əfv fərmanları və amnistiya aktları dövri olaraq imzalanmışdır. Bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilir.

 Əsası ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulmuş humanizm ənənələri bu gün də yüksək səviyyədə davam etdirilir. Möhtərəm  Prezidentimiz İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər insanlara sevinc bəxş etmiş, onların gələcəyə olan inamını daha da artırmışdır. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması ölkəmizdə  insan hüquq və azadlıqlarının qorunmasınin daim diqqət mərkəzində saxlanılmasından xəbər verir. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə hər il bayramlar ərəfəsində əfv fərmanlarının imzalanması artıq ənənə halını alıb. Dövlətimizn başçısının imzaladığı əfv fərmanları hər bir ailəyə sevinc bəxş edir. Hər bir  Azərbaycan vətəndaşının Prezidenti olduğunu qısa müddətdə tam sübuta yetirmiş dövlətimizin başçısı İlham Əliyev, hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu sərəncamlarla çoxlu sayda məhbus cəzalarının qalan hissəsindən azad edilərək öz  ailələrinə qovuşub. Hər bir Azərbaycan vətəndaşı bir daha əmin  oldu ki, Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Bu istiqamətdə həyata keçirilən  tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın  yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etməsi və  parlamentin mayın 7 - də keçirilən iclasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilməsi Azərbaycan dövlətinin  humanizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi.

Amnistiya aktı 9 min nəfər məhkuma şamil olunacaq. Təxminən 2 min nəfər azadlıqdan məhrumetmə cəzasından  tamamilə azad olunacaq. 240 şəxsin azadlıqdan məhrumetmə cəzası azaldılacaq. Bu amnistiya şərti məhkum olunmuş 1463 şəxsin 256-na, islah işlərinə məhkum olunmuş şəxslərin isə hamısına tətbiq olunacaq.

 Bu amnistiya aktı cəzadan azad olunmuş vətəndaşların Vətənə sədaqət və qanuna hörmət ruhuna müsbət təsir göstərəcəyinə böyük  inam yaradır. Bu akt eyni zamanda, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 9.