Azərbaycan
Mərkəzi Avropa ölkələri ilə iqtisadi-siyasi əlaqələrini
genişləndirir
Avstriya – Azərbaycan münasibətlərinin
inkişafı bunun ən bariz nümunəsidir
Yeni qlobal tarazlaşma proseslərində xüsusi geosiyasi çəkiyə və mütərəqqi qanunlarla idarə olunan iqtisadi potensiala malik olan Qərbi və Mərkəzi Avropa ölkələri ilə Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlmiş Azərbaycanın əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir.
Bu mənada, respublikamızın Avstriya ilə münasibətlərinin inkişafı regionlararası əməkdaşlığın inkişafına da böyük töhfə verir. Məmnuniyyətlə qeyd edək ki, Avstriya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir və iki ölkə arasında diplomatik münasibətlərin yaradılması da Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonraya təsadüf edir. Ötən dövr ərzində ölkələrimiz arasında əməkdaşlıq getdikcə inkişaf etmiş, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələr daha da möhkəmlənmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri bu əlaqələrin yeni mərhələdə inkişafına xüsusi töhfə verdi. Belə səfərlər Avstriya - Azərbaycan əməkdaşlığını möhkəmləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Azərbaycanın Avropa İttifaqı kimi nüfuzlu bir təşkilata inteqrasiyasını sürətləndirir.
İki
dost və tərəfdaş ölkə arasındakı
münasibətlərin daha da inkişafı üçün əsaslı
hüquqi baza mövcuddur. Bu günə qədər
ölkələrimiz arasında 37 sənəd
imzalanmışdır. Bunlar siyasi, iqtisadi, mədəni və
humanitar sahələri əhatə edir. Mayın
13-də Prezident İlham Əliyevin Avstriyaya səfəri
zamanı Vyanada geniş tərkibdə danışıqlar
başa çatdıqdan sonra “Azərbaycan Respublikası və
Avstriya Respublikası arasında dostluq münasibətləri və
tərəfdaşlığa dair Birgə Bəyannamə”nin
imzalanması isə ikitərəfli münasibətlərimizin
mühüm mərhələyə yüksəlməsindən
xəbər verir. Dövlət
başçımızın qeyd etdiyi kimi, bu, ölkələrimiz
arasında imzalanmış bütün sənədlər
arasında xüsusi yer tutur. Çünki o, əməkdaşlığımızın
mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və
bir çox sahələri əhatə edir. Bu, olduqca
mühüm Bəyannamədir. Sənəd münasibətlərin
və tərəfdaşlığın yüksək səviyyədə
olduğunu təsdiq edir. Bir daha onu göstərir ki, rəsmi
Bakı və Vyana dostluq və
tərəfdaşlıq əlaqələrinin
inkişafında siyasi iradə nümayiş etdirir.
Bizim
bir sıra dövlətlərlə münasibətlərimizin
gələcək inkişafını müəyyənləşdirən
əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin
həllində həmin ölkələrin tutduğu
mövqedir. Avstriya
Respublikasının Federal Prezidenti Haynts Fişerin ölkənin
mövqeyini ifadə edən bəyanatı isə hər bir azərbaycanlı
tərəfindən məmnuniyyətlə
qarşılanmışdır. O demişdir ki,
imzalanan Bəyannamədə hər iki ölkədə
demokratiyaya, insan hüquqlarına hörmətlə
yanaşmaya, qanunun aliliyinin təşviqinə sadiqlik
vurğulanmaqla yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə
həllinin vacibliyi qeyd edilmişdir. Avstriya
uzun sürən bu münaqişə ilə bağlı Azərbaycan
tərəfinin vəziyyətin daha da
yaxşılaşdırılmasına nail olmaq
üçün növbəti mümkün addımların
atılmasına dair tutduğu mövqeyi dəstəkləyir.
Öz növbəsində, Azərbaycanın dövlət
başçısı demişdir: “Cənab Prezident bildirdi və
bu Bəyannamədə qeyd olunub ki, biz Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllini
müzakirə etdik. Münaqişə beynəlxalq hüququn
normaları, beynəlxalq təşkilatların qərarları
və qətnamələri əsasında həll
olunmalıdır. Onların arasında mən
erməni qoşunlarının Azərbaycan ərazilərindən
dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsini xüsusilə
qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr
yerinə yetirilmir, işğal davam edir. Bir
milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə düşmüş,
etnik təmizləmə siyasətinə və soyqırımına
məruz qalmışdır. Əfsuslar
olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin
prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə
verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar.
Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin
işğaldan azad edilməsinin başlanğıcı deməkdir.
Fikrimcə, bu, nə qədər tez baş verərsə,
danışıqlar prosesi daha sürətlə gedər və
danışıqlar prosesində müşahidə olunan
mühit mənfidən müsbətə doğru dəyişə
bilər”.
Bu gün Azərbaycan Qərb ölkələrinin enerji
təhlükəsizliyində mühüm rol oynayır. Karbohidrogen
ehtiyatları ilə zəngin olan ölkəmiz bu təbii sərvətlərə
malik olmayan Avropa dövlətləri üçün cazibədar
əməkdaşlıq məkanına çevrilib. Təsadüfi deyil ki, dövlət
başçımızın Avstriyaya səfəri zamanı
enerji sahəsindəki əməkdaşlıq məsələləri
də geniş müzakirə olundu. Onu da deyək ki,
Avropa İttifaqı Azərbaycanı “Cənub qaz dəhlizi”nin əsas qüvvəsi və bu layihənin
reallaşmasına töhfə verən tərəf hesab edir.
Çünki respublikamız “Cənub qaz dəhlizi”nin
tikintisini nəinki dəstəkləyən, əslində, onu
başlayan ölkədir. Trans-Anadolu qaz boru kəmərinin tikintisi ilə əlaqədar
Türkiyə ilə əldə edilmiş
razılaşmanı yada salaq. Ölkəmiz
həmin layihənin reallaşması üçün sərf
olunan vəsaitin 80 faizini ödəyəcək. Trans-Anadolu qaz boru kəməri Azərbaycan qazı
üçün Avropa qitəsinə qapıları
açır. Bu məsələ ilə
bağlı Avropa təsisatları və Avropa İttifaqı
ilə apardığımız müzakirələr hər
zaman dövlət başçımızın diqqət mərkəzindədir.
Onu da qeyd edək ki, Avropa İttifaqı ilə
Azərbaycan enerji sektorunda strateji tərəfdaşlıq
sazişini imzalamışdır. Orada Azərbaycan “Cənub
qaz dəhlizi”nin əsas qüvvəsi və
təşəbbüskarı kimi qeyd edilir. Azərbaycan
Prezidenti bildirmişdir ki, hazırda “Şahdəniz” konsorsiumu
təkliflərin kommersiya tərəfini qiymətləndirir.
Ümidvarıq ki, yaxın gələcəkdə qərar qəbul
olunacaq və nəticədə Azərbaycan qazı Avropa qitəsinə
çatdırılacaqdır: “Bir daha qeyd edirəm, biz bu layihələri
Xəzərdə başlamağımızdan, Xəzər dənizinin
enerji resurslarını dünyada ilk dəfə olaraq əməkdaşlığa
açıq etməkdən fərəhlənirik. Hazırda isə, biz Avropadakı tərəfdaşlarımızla,
o cümlədən avstriyalı dostlarımızla
dünyanın ən mürəkkəb, mühüm və
perspektivli enerji layihələrindən birinin - “Cənub qaz dəhlizi”nin
həyata keçirilməsi üçün
çalışırıq”.
İqtisadi-ticarət əlaqələri iki ölkənin
münasibətlərinin inkişafında mühüm yer
tutur. Azərbaycan Avstriya üçün Cənubi Qafqazda
aparıcı ticarət tərəfdaşıdır. Bu sahədə artıq uğurlu nəticələr
əldə edilir. Belə ki, son
üç ildə iki ölkə arasındakı ticarət
dövriyyəsi üç dəfə artmışdır.
Ölkənin İqtisadi Palatasının sədri Kristof Laytl
Azərbaycanın mühüm iqtisadi tərəfdaş
olduğunu vurğulayaraq əlavə etmişdir ki, Azərbaycanı
bu səviyyəyə yüksəldən ulu öndər Heydər
Əliyevin siyasətidir: “Ölkənizdə bu siyasətin
davam etdirilməsi biz avstriyalılar üçün də
mühüm məsələdir. Çünki
bu siyasət qarşılıqlı etimad və inam
yaradır. İqtisadi qərarlar etimad və
inama əsaslanır”.
Kristof Laytl onu da qeyd edib ki, Avstriya Avropa
İttifaqının üzvüdür və Prezident İlham Əliyevin
ölkəyə rəsmi səfərə gəlməsindən
şərəf hissi duyur. Avstriya Dunay
strategiyasında, həmçinin Azərbaycanın da
xüsusi yerə malik olduğu qənaətindədir.
Avstriyanın siyasəti baxımından nəinki
iqtisadiyyatımız, həmçinin siyasətimiz də bu
ölkəni yaxından maraqlandırır.
Bu baxımdan, Vyanada Azərbaycanın istər siyasi, istərsə
də möhtəşəm iqtisadi nailiyyətləri məmnunluqla
qarşılanır. Avstriya Sənaye Federasiyasının prezidenti Georq
Kapş hesab edir ki,
ölkələrimiz ərazi ölçülərinə
görə çox oxşar olsalar da, təbii ehtiyatlar və
digər məsələlər baxımından Azərbaycan nəzərəçarpacaq
dərəcədə üstünlüyə malikdir: “Sizin
dövlət borcunuzun az olması bizə böyük təəssürat
bağışlayır, çünki bu borc heç 12 faiz təşkil
etmir. Bizim dövlət borcumuz 70 faizdən
çoxdur. Bu, sizə sərmayə
qoyuluşu, infrastruktur və iqtisadi layihələr
üçün geniş imkanlar, yeni üfüqlər
açır. Belə ki, bu, sənaye
üçün mütləq şərtdir”. Bəli, Azərbaycanın
qazandığı bu nailiyyətlər nəticəsində
bir il ərzində ölkəmizə 22
milyard ABŞ dolları həcmində sərmayə
yatırılmışdır. Respublikamızda
hökm sürən sabitlik və inkişaf xarici şirkətlərin
ölkəmizə marağını daha da
artırmışdır ki, Avstriya şirkətləri bunlar
arasında özünəməxsus yer tutur.
Hazırda Avstriyanın 40-a yaxın şirkəti Azərbaycanda
fəaliyyət göstərir. Ölkəmiz
üçün bir neçə vacib layihənin Avstriya
şirkətləri tərəfindən icra olunması iki
dövlət arasında qarşılıqlı inamdan irəli
gəlir. Məsələn, Azərbaycanda
beşulduzlu yeni otellərdən birinin tikintisini Avstriyanın
“Stravad” şirkəti aparıb. Bakıda
yeni, müasir və bölgənin ən müasir
aerovağzal kompleksinin inşasını da Avstriyanın
“Waagner Biro” şirkəti həyata keçirib. Belə faktlar onlarcadır. Avstriya
şirkətləri peşəkar, bacarıqlı şirkətlərdir
və çox gözəl zövqləri ilə seçilirlər.
Buna görə də Azərbaycan onlara
böyük etimad göstərərək ölkəmiz
üçün mühüm əhəmiyyətə malik
binaların tikintisini və ya bəzi tikililərin bərpasını
da onlara əmanət etmişdir. Bakının yeni Beynəlxalq Hava
Limanı, Bakı Xalça Muzeyi və nəhayət, Azərbaycanın
rəmzi olan Qız qalasının bərpası və yenilənməsini
də buna misal göstərə bilərik. Bunların
hamısı Avstriya mütəxəssisləri tərəfindən
aparılır. Bu, aramızda olan ən
yüksək etimad səviyyəsidir, çünki Qız
qalası bizim üçün böyük məna
daşıyır. O, özünəməxsusluğumuzun,
memarlığımızın və mədəniyyətimizin
əsl rəmzidir. Azərbaycanın
avstriyalılara etimadın digər rəmzi isə, ötən
illərdə ölkəmizin valyutasının yeni əskinazlarının
dizaynının Robert Kalina adlı avsriyali tərəfindən
tərtib edilməsinin məqsədəuyğun görülməsi
idi. Ölkəmizdə pul islahatı həyata
keçirildi və yeni dizaynlı əskinazlar dövriyyəyə
buraxıldıqdan sonra manat gücləndi. Hazırda 1 manat 1 avroya bərabərdir ki, bu da Avropa
ölkələri ilə ikitərəfli əməkdaşlığımızın
həm də bərabərhüquqlu tərəfdaşlıq
səviyyəsində davam etdirilməsinin simvolu kimi diqqəti
cəlb edir.
Bu əlaqələr Avstriya - Azərbaycan iqtisadi əməkdaşlığının
perspektivlərindən xəbər verir və iki ölkənin
işgüzar dairələri arasında mövcud əlaqələrin
inkişaf etdirilməsi üçün münbit şəraitin
olduğunu göstərir. Avstriya Prezidenti Haynts
Fişerin bəyan etdiyi kimi, ölkənin müxtəlif sahələrdə
yüksək texnologiyaları vardır. Bunlar
infrastruktur, dəmir yolları, inşaat, səhiyyə və
xəstəxanaların tikintisi sahələrində tədbiq
olunan müasir texnologiyalardır. Turizmin
inkişafı da hər iki ölkənin diqqət mərkəzindədir. Azərbaycan da,
Avstriya da bu baxımdan əlverişli infrastruktura malikdir və
bu sahədə qarşlıqlı əməkdaşlığı
daha da inkişaf etdirə bilərlər. Bundan
başqa, inkişaf edən, böyük maliyyə mənbələrinə
malik olan ölkəmiz artıq Avropa ölkələrinə də
sərmayə yatırmağı özünün strateji hədəfləri
kimi müəyyənləşdirib. Azərbaycan
şirkətləri üçün sərmayə
baxımından Avstriya çox cəlbedici ölkədir.
Dünyada ən şəffaf neft fondlarından
olan Azərbaycan Dövlət Neft Fondu Avropada və xüsusən
Avstriyada sərmayə yatırmaq imkanlarını
araşdırır və yaxın vaxtlarda bununla bağlı qərarlar
qəbul olunacaqdır.
Hər
iki ölkədə fəaliyyət göstərən iş
adamlarının biznes forumu kimi mühüm tədbirlərdə
iştirakı qarşlıqlı biznes əlaqələrinin
qurulmasında önəmli rol oynayır. 2011-ci ilin
oktyabrında Avstriya Respublikasının Federal Prezidenti Haynts
Fişer ölkəmizə səfəri zamanı belə bir
forum keçirilmiş və bundan sonra iqtisadi əlaqələr
xeyli yüksəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin
Avstriyaya səfəri zamanı baş tutan biznes forumda da yenidən
iqtisadi münasibətlərin inkişaf perspektivləri vəd
edən çıxışlar olmuşdur.
Vyana
dünyanın mədəniyyət paytaxtlarından biri kimi
tanınır. Mayın 13-də məhz belə
bir məkanda Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin
açılışı olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak
etmişlər. Xatırladaq ki, Avropada ikinci olan Vyana Azərbaycan
Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin
2012-ci il 16 noyabr tarixli sərəncamı əsasında
ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə
yaradılmışdır. Burada Avstriya ictimaiyyətinin
Azərbaycanı yaxından tanıması üçün
respublikamızın zəngin mədəniyyəti, incəsənəti
və turizm imkanları barədə müxtəlif tədbirlərin
təşkil olunması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyət istiqamətlərinə
Azərbaycan dili kurslarının təşkili, müraciət
edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin
toplandığı zəngin kitabxana və mediateka ilə xidmət
göstərmək də daxildir. Bütün
bunlar Azərbaycanın artan gücünün göstəricisi
və Avstriya dövlətinin ölkəmizə olan dostluq
münasibətinin təcəssümüdür.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 16 may.- S. 1; 2.