Xalqa həsr
edilmiş ömür
Azərbaycan xalqının
xoşbəxtliyi və gələcəyi
uğrunda həyatını şam kimi əridən, “ömrünün
qalan hissəsini də xalqına bağışlayan” görkəmli
dövlət xadimi, tarixə qurucu və xilaskar kimi daxil
olmuş Heydər Əliyev Azərbaycanın XX əsrdə yetişdirdiyi dahi şəxsiyyətlərdəndir.
Ulu
öndər Azərbaycana rəhbərlik etdiyi illərdə
respublikanın tərəqqisinə və çiçəklənməsinə,
beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin
möhkəmlənməsinə, xalqımızın milli-mənəvi
dəyərlərinin qorunub saxlanmasına çalışmış
və sözün həqiqi mənasında, müstəqil Azərbaycan
dövlətinin qurucusu kimi tarixə daxil olmuşdur.
Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə
öz zəngin təcrübəsi, yüksək intellekti,
milli mədəniyyətimizə
dərindən bələd olması sayəsində milli
dövlətçilik konsepsiyanı işləyib
hazırlamış və bütün çətinliklərə
sinə gərərək onu dönmədən həyata
keçirmişdir.
Dünyada
təsadüfi heç nə yoxdur. Gələcəkdə Azərbaycanın
canlı, yaradıcı tarixinə çevriləcək Heydər
Əliyev Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsini bitirdi, tarixçi oldu. Lakin
tarixi yazan tarixçi deyil, tarixi yaradan tarixçi oldu.
Şarl
Lui Monteskye 1711-ci ildə qələmə aldığı
“İran məktubları” nda yazırdı: “Dünyanın
heç bir xalqı şöhrəti və əzəməti
ilə “tatarlarla” yarışa bilməz...Onlar türk
adlanıb, Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər
edib, dünyanın üç qitəsində ağalıq
edirlər...Bu müzəffər xalqın yalnız
tarixçiləri çatmayıb ki, onların
ağlasığmaz qələbələrinin şöhrətini
yazsınlar...Bu cəngavər xalq öz gündəlik
şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə
inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi
qayğısına qətiyyən qalmamışdır”. Bu sətirlər
türkün böyüklüyünün etirafı hesab edilməlidir.
Amma gec də olsa, bu tarix yazıldı, özü də XX
yüzilliyin son 30 ili ərzində yenidən
yazıldı. Bu, Azərbaycanın müasir tarixidir, bu tarixin
yaradıcısı Heydər Əliyevdir.
Türk dünyasının böyük oğlu Mustafa Kamal
Atatürkün “Tarix yazmaq tarixi
yaratmaq qədər çətindir. Əgər yazan yaradana
sadiq qalmazsa, yazılan tarix insanları çaşdıracaq
mahiyyət alır” tezisini unutmayan, sovetlər
imperiyasının mərkəzində yüksək vəzifə
tutan Heydər Əliyev tarix yazmadı, yaratdı və
yaratdıqları nəinki insanları
çaşdırdı, əksinə çox-çox sonralar
xalqın karına gəldi.
İqtisadi,
həm də mədəni tənəzzülə doğru
aparan mənfi hallara qarşı fəal mübarizə məhz
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra
reallaşdı. 1969-cu ildə Azərbaycanın ictimai-siyasi,
iqtisadi və mədəni
taixində yeni bir dövr başlandı. Onun işləyib
hazırladığı proqramlar və yorulmaz fəaliyyəti
nəticəsində 1970-1982-ci illərdə baş vermiş
dəyişikliklərin vüsəti, ictimai, iqtisadi və
sosial sahədə aparılan köklü islahatlar xalqın
maddi rifah halının yaxşılaşmasına şərait
yaratdı. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi
olaraq ötən əsrin 70-80-ci illərində 213 yeni iri sənaye
müəssisəsi istismara verildi. Həmin dövrdə Azərbaycanda
hər gün 41 min ton neft, 37 milyon kubmetr qaz
çıxarılır, 2200 ton polad tökülür, 69 min
metr boru, 4900 avtomobil təkəri, 2700 ton mineral kübrə,
968 məişət kondisioneri, 734 soyuducu istehsal olunur, 546 min
metr parça toxunurdu.
Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illər
Azərbaycan təhsilinin də intibah dövrü hesab oluna bilər.
Həmin dövrdə məktəbəqədər tərbiyə
müəssisələrinin sayı 1600-dən 1875-ə
çatmış, ümumtəhsil, texniki peşə və
orta ixtisas məktəblərinin, ali təhsil müəssisələrinin
şəbəkəsinin inkişaf etdirilməsi Heydər Əliyevin
diqqət mərkəzində olmuşdur. 1970-1982-ci illərdə
Azərbaycanda 5 yeni ali məktəb
yaradılmışdır.
1970-1980-ci
illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən
artıq böyük şəhərlərinin 170-dən
çox ən məşhur ali məktəbində
respublikamızın xalq təsərrüfatı, elm, təhsil
və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri
ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən
artıq azərbaycanlı gəncin ali təhsil almasına,
yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə
imkan və şərait yaradılmışdır.
Heydər
Əliyev istedadlı uşaq və gənclərin aşkara
çıxarılmasının ilk təşəbbüskarlarından
olmuşdur. “Qızıl kitab”ın təsis edilməsi,
Prezident təqaüdlərinin təyin edilməsi, 1995-2001-ci
illərdə 2 yeni ali məktəbin yaradılması, 7 ali məktəbə
universitet statusunun verilməsi, təhsil işçilərinin
əməyinin qiymətləndirilməsi ümummilli liderin
adı ilə bağlıdır. Azərbaycan təhsilinin
Avropa təhsil sisteminə
inteqrasiyasının da təşəbbüskarı ulu
öndər olmuşdur. 1998-ci ildə onun sərəncamı
ilə təhsil sahəsində islahat proqramı
hazırlanması məqsədilə Dövlət
Komissiyası yaradılmışdır.
Heydər
Əliyevin milli-ideoloji konsepsiya yaratması o zamankı SSRİ
rəhbərlərinin nəzərindən
qaçmırdı. Ona qısqanclıqla yanaşanlar da
olmuşdur. Ancaq ulu öndər bunu elə ustalıqla edirdi
ki, onlar böyük zəka sahibinin qarşısında etiraz
etməyə, hansısa düzəlişlərin həyata
keçirilməsinə cəsarət etmirdilər. Baş
vermiş bir tarixi anı xatırlatmaq yerinə düşər.
1979-cu ilin aprel ayında biz bir qrup partiya işçisi Bakı Ali Partiya Məktəbində
ixtisasartırma kursunda oxuyurduq. Aprelin 24-də bizə
İndiki Heydər Əliyev Sarayına “Mənəvi tərbiyənin
aktual prblemləri” mövzusunda keçiriləcək
Ümumittifaq elmi konfransında iştirak etmək
üçün dəvətnamə vermişdilər. Konfransa
keçmiş SSRİ-nin rəhbər partiya, komsomol və təsərrüfat fəalları dəvət
olunmuşdular. Konfransa sədrliyi Sov. İKP MK-nın təbliğat
və təşviqat şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru V. Tyajelnikov edirdi. Onun Heydər Əliyev
haqqındakı sözləri indi də qulaqlarımda səslənir.
O, konfransın çox yüksək
səviyyədə keçirildiyini bildirdikdən sonra tədbirin
başlanmasına bir gün qalmış hadisəni nəql edərək
dedi ki, aprelin 23-də MK-da Heydər Əliyevlə
görüşəndə məruzə ilə
maraqlanmış, ulu öndər isə ona yenicə redaktə etdiyi məruzənin
mətnini göstərmişdir. V.Tyajelnikov bundan çox təsirlənmiş
və konfransın baş tutmayacağına işarə edəndə
Heydər Əliyev tam mətnin səhər tezdən hazır
olacağını bildirmişdir. Həqiqətən də,
konfrans başlamamışdan əvvəl məruzə və
ona edilən əlavə materialları bir neçə
nüsxədə hazır
görəndə V.Tyajelnikov təəccübünü
gizlədə bilməmişdir. O, son sözündə dedi:
“Azərbaycan xalqı fəxr etməlidir ki, onun Heydər Əliyev
kimi rəhbəri vardır”. Başqa sözlə, bu, Heydər
Əliyevin böyük şəxsiyyət olmasının mərkəz
tərəfindən etirafı idi.
Heydər
Əliyev işini gözəl bilən, hadisələrin
gedişini diqqətlə izləyən, ən vacibi isə ətrafdakıları
işlətməyi bacaran şəxsiyyət idi. Qazaxıstan
Prezidenti Nursultan Nazarbayevin təbirincə desək, “Heydər Əliyev
xalqı birləşdirməyə və onu tərəqqi,
inkişaf yoluna istiqamətləndirməyə müvəffəq
olmuşdur. Buna müasir tarixdə, əslində, heç kəs
nail olmamışdır”.
Ümummilli
lider, sözün həqiq mənasında, millətçi
idi, ancaq bu millətçilik hissləri şovinizmdən
çox-çox uzaq idi. Elə bu səbəbdən də, Azərbaycan
xalqının mənşəyi, formalaşması, millətin
təşəkkülü kimi mühüm
tarixşünaslıq məsələləri məhz ötən
əsrin 70-ci illərində kəskinliyi ilə qoyulmuş,
müzakirələr keçirilmişdir. Həmin Azərbaycanda
sağlam millətçilik ideyalarının
yayılmasında, xalqda milli mənlik şüurunun və
milli qürur hissinin tərbiyə olunmasında ulu öndərin
xidmətləri misilsizdir.
Heydər
Əliyev ötən əsrin
60-cı illərin sonu, 70-ci illərinin əvvəllərində xalqın ümumi yüksəlişi
fonunda Azərbaycan tarixinin problemlərinin yenidən işlənməsinə
nail oldu. Şimali Azərbaycanın Rusiya tərəfindən
işğalı, 1918-ci ilin mart soyqırımı, Azərbaycan
Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, Azərbaycan
tarixinə dair xəritələrin hazırlanması, 10
cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşr
olunması ümummilli liderin apardığı düzgün
milli siyasətin nəticələri hesab olunmalıdır.
Ziyalılarımız
yaxşı bilirlər ki, tarix kitablarımızda Azərbaycanın
iqtisadi inkişafı Oktyabrın qələbəsi kimi dəyərləndirilib,
Bakını çıxmaq şərti ilə Azərbaycan
feodal-patriarxal kəndli ölkəsi kimi qiymətləndirilib.
Partiyanın X qurultayında Azərbaycan nümayəndəsinə
etiraz olaraq Stalinin dediyi sözlərə diqqət yetirək:
“Bakı Azərbaycanın nəhrindən böyüməmişdir,
yuxarıdan Nobel, Rotşild, Vişau və
başqalarının səyləri ilə qurulmuşdur. Azərbaycanın
özünə gəldikdə isə o, ən geridə
qalmış patriarxal-feodal münasibətlər ölkəsidir.
Buna görə də, Azərbaycanı mən kapitalizm mərhələsini
keçməmiş ucqarlar qrupuna aid edirəm”.
Doğrudan
da, Azərbaycan sovetlər imperiyasının tərkibində
olduğu 70 ildə ucqar əyalət hesab edilmiş, onun
inkişafına mane olmuşlar. Bunun gündəlik şahidi
olan Heydər Əliyev müxtəlif vasitələrdən
istifadə edərək respublikanın xalq təsərrüfatının
inkişafına təşəbbüs göstərmiş, mərkəzdən
asıllılığı azaltmağa
çalışmışdır. Bugunkü Azərbaycanın
iqtisadi uğurlarının əsası məhz 70-ci illərdə
qoyulmuşdur.
Ümummilli
lider xalqımızın mənəvi irsi ilə daim fəxr
etmişdir. 1996-cı ildə Respublika Sarayında Məhəmməd
Füzulinin 500 illik yubileyində dediyi “Biz fəxr edirik ki,
xalqımız qədim, zəngin mədəniyyətə
malikdir”, yaxud 1997-ci il mart ayının 7-də yenə həmin
sarayda S.Vurğunun 90 illik yubileynə həsr olunmuş təntənəli
iclasda dediyi “Biz bu gün azad, müstəqil ölkəmizdə
yaşayarkən keçmiş nəsillərə minnətdarıq”
sözləri onun mədəni irsə qiymətinin bariz
nümunələridir.
O, Azərbaycanı
əzəmətli bir binaya bənzədirdi. Bu bina kərpic-kərpic
tikilmiş, nəsillərdən nəsillərə yadigar kimi
ötürülmüşdür. Ulu öndərin dediyi kimi,
bu binaya hərə öz payını qoyubdur - kimi çox,
kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı
qurmağa, yaratmağa və inkişaf etdirməyə
çalışmışdır. Müstəqil Azərbaycanın
banisi, memarı isə Heydər Əliyev olmuşdur.
Özünün təbiri ilə desək, Azərbaycanı kərpic-kərpic
tikmişdir.
Heydər
Əliyev unudulmuş, yaddan çıxarılmağa məcbur
edilmiş minlərlə soydaşımızı sovet ideologiyasının məkirli məngənəsindən
xilas etmişdir. Millətçi damğası vurulan Nəriman
Nərimanov məhz onun qətiyyəti
nəticəsində xalqımıza qaytarıldı. N.Nərimanovun
100 illik yubileyi təntənə ilə qeyd edildi, Bakıda və
Ulyanovskda əzəmətli heykəli qoyuldu, Bakıda və
Tbilisidə ev muzeyləri açıldı.
Türk
dünyasının böyük ədibi Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi,
onun doğma Naxçıvanda dəfni, məzarı üzərində məqbərə
inşa edilməsi Heydər Əliyevin vətən sevgisinin
zirvəsi idi.
Yaxud,
Azərbaycanın İkinci Dünya müharibəsində
iştirakı problemini götürək. Heydər Əliyevin
təşəbbüsü ilə 416-cı diviziyanın qəhrəmanlığını
əbədiləşdirmək üçün Taqanroq şəhərinin
yaxınlığında əzəmətli memorial
yaradılmış, Krımda həlak olmuş azərbaycanlıların
şərəfinə Simferopolda Sapun dağında 77-ci
atıcı diviziyanın xatirə kompleksi tikilmiş, ulu
öndər onların açılışında iştirak
etmişdir. Heydər Əliyevin
həyata keçirdiyi tədbirlərin nəticəsi
idi ki, 1997-ci ildə Rusiyanın 40-a yaxın hərbçisi
ona müraciət edərək Azərbaycanın müharibədə
iştirakını, Qələbədəki payını
etiraf etməli oldular. Onlar yazırdılar: “Biz onu
xatırlayırıq ki, faşizm üzərində qələbə
kimi ümumi işə Azərbaycan xalqı özünün
çox böyük və misilsiz töhfəsini vermişdir.
Azərbaycan sakinlərinin beşdə-biri müdafiəyə
qalxmışdır. 3,4 milyon əhali arasından 680 mindən
çox kişi və qadın cəbhəyə getmiş,
onların 300 mindən çoxu qəhrəmanlıqla həlak
olmuşdur. Amma bu etiraf gecikmiş məktub misalındadır.
Müharibə dövründə Ümumittifaq neftinin 70-75
faizini verən Bakı “Qəhrəman şəhər” hesab
edilməmişdir. Ulu öndər Azərbaycanın müharibədəki
iştirakını bir cümlə ilə ümumilədirmişdir.
“Bakı nefti olmasaydı, bəlkə də Sovet
ittifaqının qələbəsi mümkün
olmayacaqdır”.
Bir əsrə
yaxın qadağan olunmuş Cənub mövzusu, Təbriz
mövzusu Heydər Əliyevin qətiyyəti sayəsində
“azadlığa” çıxdı. Onun bu sahədəki cəsarəti
xarici ölkə alimlərinin də diqqətindən
yayınmamışdır. Amerika tarixçisi Devid Nisman “Sovet
İttifaqı və İran Azərbaycanı, milli mənsubluqdan
siyasi nüfuzetmə vasitəsi kimi istifadə” əsərində
Azərbaycanın cənubu ilə şimalı arasında əlaqələr
yaradılması baxımından Heydər Əliyevin rəhbərlik
dövrünü ən məhsuldar və intensiv mərhələ
adlandırmışdır.
Onun
Naxçıvandakı fəaliyyəti ümumilli liderin milli
tariximizə olan diqqətinin bariz nümunəsidir və hesab
edirəm ki, alimlərimizin tədqiqat mövzusu
olmalıdır. Məhz 1990 -1993-cü illərdə Heydər
Əliyevin qətiyyəti nəticəsində
muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri
çıxarıldı, AXC-nin üçrəngli
bayrağı Naxçıvan Muxtar Respublikasının
Dövlət bayrağı kimi qəbul olundu, 20 Yanvar faciəsinə
siyasi qiymət verildi, Naxçıvan əhalisi SSRİ-nin
saxlanılması barədə referendumda iştirakdan imtina
etdi, 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü” kimi qəbul olundu. Başqa sözlə, Heydər
Əliyev Azərbaycandan ərazicə
ayrı düşmüş Naxçıvanı qoruyub
saxladı. Bu tarix nailiyyət hesab olunmalıdır.
Heydər
Əliyev Azərbaycanın müasir tarixinə müstəqil
Azərbaycan Respublikasının Konstitusiyasının
yaradıcısı kimi daxil olmuşdur. Məhz bu Konstitusiyaya
əsasən ölkədə demokratik, hüquqi, dünyəvi
və unitar dövlət qurulması üçün 400-dək qanun qəbul
edilmişdir.
Dövlət dili milli müstəqilliyin, suverenliyin əsas
atributlarından biridir. Milli dil hər bir xalqın
özünüdərkidir. Milli
düşüncə, milli oyanışın
inkişafında milli dilin əvəzolunmaz vasitə
olduğunu yaxşı bilən Heydər Əliyev Azərbaycan
dilinin Dövlət dili statusu almasını daim diqqət mərkəzində
saxlamışdır. Elə bu səbəbdən
də, müxtəlif maneələri dəf etməli olan ulu
öndər Azərbaycan dilinin Dövlət dili kimi
Konstitusiyada təsbit olunmasında israrlı oldu. Onun
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001-ci il tarixli 506 saylı fərmanı, “Azərbaycan
Respublikası Dövlət Dil
Komissiyasının tərkibinin təsdiq edilməsi
haqqında” 4 iyul 2001-ci il tarixli 766 saylı sərəncamı,
“Azərbaycan əlifbası və Azərbaycan dili günü
təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli 552
saylı sərəncamı, “Azərbaycan Respublikasında
Dövlət dili haqqında” Azərbaycan Respublikasının
Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il
tarixli 835 saylı fərmanı ölkəmizdə dil siyasətinin,
dil quruculuğunun mükəmməl konsepsiyasını verən
qanunverici aktlardır.
Heydər
Əliyevin hakimyyətə yenidən qayıdışı Azərbaycanı
vətəndaş müharibəsindən xilas etdi, yenicə
qurulmuş kövrək addımlı respublika yaşamaq
şansı qazandı. Keçmiş günləri
yada salıb hadisələri saf-çürük etsək, Azərbaycanın
o dövrdəki rəhbərlərinin münaqişənin həlli
üçün əhəmiyyətli addım
atmadıqlarının şahidi oluruq. Əksinə,
hakimiyyət uğrunda, kreslo uğrunda mübarizə kuliminasiya
nöqtəsinə çatmışdı. Hakimiyyət strukturlarındakı
çaşqınlıq, bir-birini əvəz edən istefa
şüarları, prezidentlərin qaçışı, əldən
gedən torpaqlar, daxili çəkişmələr
Dağlıq Qarabağı unutdurdu. Azərbaycan
vətəndaş müharibəsi həddinə
çatdı.1990-1993-cü illərdə Azərbaycan
üç rəhbər gördü, üç rəhbərin
qaçışının şahidi oldu. Nəhayət,
xaosdan cana doymuş xalq yenə
gözünü Naxçıvana dikdi, təkidlə Heydər
Əliyevin Bakıya gəlməsini tələb etdi.
Xalq hesab edirdi ki, ancaq Heydər Əliyev respublikanı fəlakətlərdən,
daxili və xarici antiazərbaycan qüvvələrin qəsdindən,
vətəndaş müharibəsindən, nəhayət,
müstəqilliyin məhvindən qoruya bilər. Əlbəttə,
ümummilli lider yaxşı başa düşürdü ki,
ilk növbədə müharibə
dayandırılmalıdır. Onun səyi nəticəsində
1994-cü il mayın 12-də atəşkəs
haqqında Bişkek protokolu imzalandı və həmin ilin
dekabrında keçirilən ATƏT-in Budapeşt Sammiti
Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə
uyğun həlli haqqında qərar çıxardı. Həmin ilin sentyabr ayının 20-də “Əsrin
müqaviləsi” imzalandı. Azərbaycanla
qonşu dövlətlər arasında olan münasibətlər
yumşaldıldı, gərginlik aradan
götürüldü. Bütün
sadalananlar ulu öndərin gərgin əməyinin, dərin zəkasının
və çoxillik idarəetmə bacarığının sayəsində
mümkün oldu. Ancaq hakimiyyət hərislərini
Vətən, torpaq deyil, kreslo maraqlandırırdı.
Xarici qüvvələrdən “ilham alan”
sapı özümüzdən olanlar hakimiyyətə qəsd
hazırladılar. 1994-cü ilin sentyabında
xalqımızın iki dəyərli oğlu — Afiyəddin Cəlilov və
Şəmsi Rəhimov qətlə yetirildi. 1994-cü
ilin oktyabrında və 1995-ci ilin martında gizli qüvvələrin
dəstəyi ilə Azərbaycanda hakimiyyəti ələ
keçirmək üçün cəhd edildi. Heydər Əliyev hər iki cəhdin
qarşısını aldı.
Xalq ulu öndərin arxasında
dayandı, onun televiziya ilə
çağırışına səs verərək gecədən
xeyli keçməsinə baxmayaraq Prezident Sarayının
qarşısına toplandı.
Ümummilli lider
bir daha sübut etdi ki, xalqın dəstəyi
olmadan zor gücünə hakimiyyəti ələ keçirmək
mümkün deyildir.
O gün
olmasaydı, bəlkə də bu gün olmayacaqdır. Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə
müstəqillik, azərbaycançılıq, dövlətçilik,
demokratiya, milli tərəqqi və dünyəvilik kimi
ümumbəşəri dəyərləri özündə
birləşdirən milli ideologiyanın əsası qoyuldu. Dahi rəhbərin çoxşaxəli fəaliyyəti
nəticəsində dünya ölkələri ilə sıx
əlaqələr yaradıldı, dünyanın 60-dan
çox ölkəsində Azərbaycanın səfirlikləri
yaradıldı.
Heydər Əliyev hansı sahədə işləməsindən
asılı olmayaraq özünün iti ağlı, dəmir
iradəsi, dərin zəkası, təmkini, fenomen
yaddaşı, ən başlıcası isə ətrafdakılara
təsir etmək bacarığı ilə seçilən
şəxsiyyət olmuşdur. Düşüncəsi ilə
qarşısındakını təəccübləndirən,
fikirləri ilə
müsahibini heyran qoyan ulu öndər böyük
ideoloq, ictimai-siyasi xadim, zəngin mənəviyyat
daşıyıcısı, müstəqilliyin simvolu
olmuşdur. Balacalar onu baba, gənclər onu lider,
böyüklər isə dahi şəxsiyyət kimi yad
edirlər. O, Azərbaycan xalqının gözü
qarşısında dahiləşib, zirvələşib, əbədiləşib,
qəlbimizdə qürur mənbəyinə çevrilib. O,
sovet imperiyası dövründə lider idi, istiqlalımızın da lideri oldu. Ona
tərif də demişlər, tənqid atəşinə də
tutmuşlar, lakin, dahi şəxsiyyət düşmənlərinin
gözünün içinə düz baxmış,
xalqına atılan böhtanlara cəsarətlə cavab
vermiş, bədxahlarımızı sevindirməmiş,
özündən sonra layiqli varis qoyub getmişdir. Milyonlarla azərbaycanlı inanır ki, ulu öndərin
varisi İlham Əliyev Azərbaycanı XXI əsrdə inamla
irəliyə aparacaq, onun rəhbərliyi altında
xalqımız ərazi bütövlüyünü bərpa
edəcək, firavan həyat sürəcək. Hər bir Azərbaycan vətəndaşı azərbaycanlı
olduğu üçün fəxr edəcəkdir.
Milli tariximizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin çözülməsi Heydər
Əliyevin diqqət mərkəzində olmuşdur. Qeyd edək ki, onun ATƏT-in
1996-cı il Lissabon görüşündəki
cəsarətli addımı, münaqişənin həlli
üçün irəli sürdüyü üç prinsip
bu gün də həll prinsipi kimi Minsk qrupu həmsədrlərinin
fəaliyyətinin əsasını təşkil edir.
XX əsrin
80-ci illərindən başlayaraq Ermənistan adlı oyuncaq
dövlətin Azərbaycan Respublikasına qarşı yenidən
torpaq iddialarına düşməsi, Qafqazda nüfuzunu itirməkdən
qorxan keçmiş SSRİ
adlı imperiyanın varislərinin dəstəyi ilə
“Dağlıq Qarabağın öz müqəddəratını
təyin etməsi” adı altında respublikamızın ərazi
bütövlüyü pozulmuş, 20 faizdən çox
torpaqlarımız işğal olunmuş, milyondan artıq
soydaşımız qaçqın və köçkün
şəraitində yaşamağa məcbur edilmişdir.
Müasir dövrün siyasi hadisələrini izlədikdə
aydın olur ki, yaxın və uzaq müttəfiqlərimiz bu
problemin həlli istiqamətində heç bir əsaslı
iş görmək fikrində deyildir. ATƏT-in
və digər beynəlxalq qurumların fəaliyyəti siyasi
manevrləri xatırladır.
Hər bir diplomatiyanın arxasında güc durduğunu
yaxşı dərk edən Azərbaycan xalqı iqtisadi cəhətdən
daha qüdrətli, milli birlik baxımından daha sarsılmaz
olduqda siyasi sabitlik şəraitində dünyaya sübut edəcəkdir
ki, o, əlindən zorla alınmış torpaqlarını
geri qaytarmağa və ərazi bütövlüyünü təmin
etməyə qadirdir.
Müstəqilliyə
nail olmaq və onu qoruyub saxlamaq çox çətin və məsuliyyətli
işdir. Xalqımız bunun acısını əsrin
əvvəllərində dadmışdır. Bu gün
Azərbaycan dövlətinin başında ulu öndərin
siyasi kursunu davam etdirən bir insan dayanmışdır. Bədii obrazlarla ifadə etsək, Azərbaycan
fırtınalı və qasırğalı dünya
okeanına üzməyə çıxan yeni bir gəmidir.
Ancaq təcrübəli kapitan gəmini okeanda
lazımi marşrutla irəli apara bilər. Heydər Əliyev “Müstəqil Azərbaycan”
adlı gəmini dünya okeanına çıxarmış,
onun kursunu müəyyənləşdirmişdir. Bu kursu
ancaq ulu öndərin məktəbini keçmiş bir şəxs
davam etdirə bilər və xalqımız da onu
— cənab İlham Əliyevi özünə rəhbər
seçmişdir.
Azərbaycan xalqı müharibə istəmir. Çünki Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi zamanı 20 mindən
çox övladımız şəhid olmuş, 100 mindən
artıq qaçqın-köçkünümüz Azərbaycan
övladı yaralanmış, şikəst olmuşdur. Bir
milyondan artıq köçkünümüz var.
Münaqişənin sülh yolu
ilə həllində ümummilli lider Heydər Əliyev
tərəfindən atılan mühüm addım, ulu öndərin
siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin münaqişənin
sülh yolu ilə həll edilməsi sahəsindəki fəaliyyəti
xalqımız tərəfindən bəyənilir və dəstəklənir.
Ancaq ölkə başçısının dəfələrlə
xatırlatdığı kimi, məsələ ancaq ölkəmizin
ərazi bütövlüyü və süverenliyi əsasında həll edilə
bilər. Yurd-yuvalarından didərgin
salınmış soydaşlarımız yerlərinə
qayıtmalı, ata-baba torpaqlarının sahibi
olmalıdır. Bütün bunları
xalqımız bilir və qiymətləndirir. Ən başlıcası, ona görə ki, erməni
separatçılarına qarşı mübarizədə həlak
olmuş şəhidlərin ruhu bunu bizdən tələb
edir. Onların həyat və
döyüş yolu nəinki indiki nəsillərə
nümunədir, həm də gələcək nəsillərin
qürur mənbəyinə çevrilmişdir. Ona
görə də, bu gün demokratiyadan dəm vuran Qərb dövlətləri
ikili yanaşmaya son qoymalı, beynəlxalq hüquqa hörmət
göstərməli, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları
çərçivəsində həll etməlidirlər.
Dünyanın ən görkəmli adamları Heydər Əliyevi
tarixi şəxsiyyət kimi qəbul etmişlər. Almaniya parlamentinin
üzvü V.Vimmer demişdir ki, “...Cənab Heydər Əliyev
prezident seçilərkən Qərbdə ona şübhə
ilə yanaşırdıq, zənn edirdik ki, o, Azərbaycanda
kommunizm ideyalarını bərpa edəcək, lakin tez bir
zamanda bizə aydın oldu ki, yanılmışıq... İndi Azərbaycan İkinci Dünya müharibəsindən
çıxmış Almaniyanı, Prezident Heydər Əliyev
isə kansler Adenaueri xatırladır. Əgər
daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə
imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi
onun tarixinə intibah dövrünün
başlanğıcı kimi daxil olacaq”.
Böyük
Britaniyanın sabiq Baş naziri, dəmir ledi Marqaret Tetçer
onu “müasir zəmanəmizin görkəmli siyasi xadimi”,
ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt “Corc
Vaşinqtona bərabər şəxsiyət” kimi xarakterizə
etmişlər. Türkiyənin Baş naziri R.T.Ərdoğan
demişdir: “Heydər Əliyev Azərbaycanın böyük
lideri idi. O böhranlar dövründə öz ölkəsinə
sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi
və firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur”. Eduard Şevardnadzenin söylədiyi kimi, “Qafqazın müstəqilliyi
və azadlığı işində Heydər Əliyev fenomeninin... nə qədər
böyük rol oynadığını xalq hələ sonra
biləcək...”
Azərbaycan
xalqı ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyi yubileyini böyük təntənə ilə qeyd
edir. Ölkəmizdə cənab İlham Əliyevin
yeritdiyi siyasətin nəticəsi olaraq siyasi sabitilik hökm
sürür, xalqımızın maddi rifah halının
yaxşılaşdırılması sahəsində
mühüm tədbirlər həyata keçirilir. Azərbaycan hamımızın Vətənidir, bu Vətəni
qorumaq hər bir azəbaycanlının şərəf
işinə çevrilməli, azərbaycanlı
olmağımızla daim fəxr etməliyik. Turan
hökmdarı Əfrasiyab min il əvvəl
demişdir: “Türk dəniz balıqqulağının
içərisindəki incidir, öz evində yaşadıqca
qiyməti yoxdur, lakin kənara çıxdıqca qiymətə
minir...” Zaman bu müdrik sözlərə bir əlavə də
etmişdir: Balıqqulağındakı inci türk dünyasının
tacı Azərbaycandır. O, artıq dünya meydanına
çıxmışdır. İndi onun qiyməti gündən-günə
artır və hamı onunla dost olmağa səy göstərir.
Damarlarında azərbaycanlı qanı axan hər kəs XX əsrin
əvvəllərində müstəqilliyini bərpa etmiş
Azərbaycanı qorumalı və inkişaf etdirməlidir. Onda milli tariximizin yaradıcısı və müstəqil
Azərbaycanın memarı ulu öndərin də ruhu şad
olar.
Mais ƏMRAH,
ADPU-nun
Türk və Şərqi
Avropa xalqları tarixi və
tarixin tədrisi metodikası
kafedrasının professoru,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2013.- 16 may.- S. 3.