Sumqayıtda ümumrespublika kitab
bayramı
Sayca 6-cı olan ənənəvi kitab
bayramı ulu öndər Heydər Əliyevin
90 illik yubileyinə həsr edilmişdir.
Dünya
şöhrətli siyasətçi, unudulmaz dahi şəxsiyyət
Heydər Əliyev mütaliəni çox sevər,
kitabxanaların fəaliyyətinə böyük diqqət
yetirərdi. Ulu öndər kitabxanaları xalq, millət
üçün müqəddəs bir yer, bilik və zəka
mənbəyi adlandırmışdır.
Kitab
bayramı münasibətlə Sumqayıtda ümummilli
liderinin möhtəşəm abidə kompleksinin ətrafı
al-əlvan bəzədilmiş, xüsusi guşələr, sərgi-vitrinlər
düzəldilmişdi. Geniş ictimaiyyətin,
ziyalıların, KİV nümayəndələrinin
iştirakı ilə təşkil olunmuş tədbir bir daha
göstərdi ki, sumqayıtlılar kitab bayramını səbirsizliklə
gözləmiş, ona ciddi hazırlaşmışdılar.
Naşirlər
və kitabxanalarla oxucuların əlaqələrinin
qurulmasında, yeni kitabların təbliğində və gənclərin
mütaliəyə geniş cəlb edilməsində belə tədbirlərin
böyük önəm daşıması dönə-dönə
vurğulandı. Qeyd edildi ki, hazırda Azərbaycan Prezidenti cənab
İlham Əliyev də ulu öndərin qoyduğu ənənəyə
sadiq qalaraq vətəndaşlarımızın kitabla
dostluğunu möhkəmləndirmək üçün zəruri
addımlar atır. Son illər latın qrafikalı əlifba
ilə çap olunan nəşrlərin sayının
artırılması, kitabxanaların pulsuz kitablarla təmin
edilməsi, dərsliklərin məktəblərə ödənişsiz
paylanması bu siyasətin məntiqi nəticəsidir.
Ənənəvi
kitab bayramına qatılan Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov tədbir
iştirakçılarını təbrik edərək onlara
xoş arzularını çadırdı. Sonra şəhərin
rəsmiləri satış-sərgi ilə yaxından tanış
oldular. Burada Sumqayıt Mərkəzləşdirilmiş
Kitabxana Sistemi 15 adda sərgi təşkil
etmişdi. Ümumilikdə 5 minə qədər ədəbiyyatın
nümayişi və satışı həyata
keçirilmişdi. Kitab bayramında şəhərin təhsil
və səhiyyə şöbələri, “Məktəbli”, “Əli
və Nino” kitab evləri, “Bilik” kitab mağazası və nəşriyyatı,
“Zərdabi” və “Qələm” nəşriyyatları,
“Akademkitab” və “Bukinist” mağazaları öz sərgiləri
ilə oxucuların görüşünə gəlmişdilər.
Sərgidə
dahi rəhbər Heydər Əliyevin mədəniyyətimiz,
milli-mənəvi dəyərlərimiz, iqtisadiyyatımız,
dövlətçiliyimizin möhkəmləndirilməsi ilə
bağlı gördüyü işlərə həsr
olunmuş kitablara xüsusi yer ayrılmışdı. Nəfis
şəkildə çap olunmuş bi nəşrləri
iştirakçılar maraqla qarşıladılar.
Sumqayıt
Şəhər İcra hakimiyyətinin
başçısına xatirə olaraq kitablar hədiyyə
edildi. Milli geyimli oğlan və qızlar tədbirdə ulu
öndərə, doğma vətəninizə həsr
olunmuş şeirlər oxudular, mahnı və rəqslər
ifa elədilər. Dahi Nizaminin, eləcə də digər
klassiklərin əsərlərindən kiçik səhnələr
göstərildi.
Sumqayıtda
VI Ümumrespublika Kitab bayramı yüksək mütəşəkkilliklə
keçdi və iştirakçılarda xoş təəssürat yaratdı.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 16 may.- S. 4.