“MEDİA İMPERİYASI”

 

 Müasir jurnalistikanın əsas aktual problemlərindən biri də media korporasyaların qlobal informasiya məkanındakı rolu və təsir gücüdür.

Əslində qlobal informasiya məkanında media korporasiyaların çəki və təsir gücünün nə qədər olduğunu Beynəlxalq Jurnalsitlər Federasiyasının 2001-ci ildə Seulda keçirilən beynəlxalq konqresdə təqdim etdiyi ayayış da sübut etdi. Arayışda qloballaşmanın informasiya və KİV sistemində bir sıra dəyişikliklərə yol açdığı vurğulanır, dünya mediasının  “ bir ovuc holdinqin” nəzarəti altına keçdiyi barədə həyəcan təbili çalınırdı. Transmilli media holdinqlər dünyanın saysız-hesabsız, çeşidli KİV-ni nəzarət altına götürməklə həm öz reklamlarını bu ölkələrdə asanlıqla bazara çıxarda bilir, həm də  müxtəlif ideyalarını cəmiyyətlərdə təbliğ etmək üçün sosial baza yaradırlar.

 BDU-nun jurnalistika fakültəsinin müəllimi, dosent Vüqar Zifəroğlunun yeni nəşr olunan “Media imperiyası” adlı transmilli media korporasiyalardan və onların dünya siyasətinə təsirindən bəhs edən  monoqrafiyası mövzunun əhəmiyyəti baxımından aktualdır. Kitab əsasən jurnalistlər, media sahəsilə məşğul olan tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və tələbələr üçün nəzərdə tutulmuşdur.

Müəllifə görə media korporasiyaları özünün təsir gücü və imkanlarına görə alternativsiz sahələrdən biri kimi qiymətləndirilir. Dünyada baş verən iqtisadi-siyasi, mədəni-ictimai həyatın tənzimlənməsində və idarə edilməsində media korporasiyalarının həm xidmətləri böyükdür, eyni zamanda təsiri danılmazdır. Bu təsir maarifləndirici xarakter daşıyaraq cəmiyyətlərin etik-estetik, mədəni-intellektual şüurunun möhkəmləndirilməsinə xidmət etməkdən savayı, qlobal güclərin siyasi maraqlarının həyata keçirilməsinə də yönləndirilir. Müəllifin öz sözləri ilə desək, bu gün media korporasiyaların dünya informasiya bazarına göstərdiyi təsir müasir KİV sisteminin ən aktual mövzusudur.Bu baxımdan tədqiqatçı, gənc alim Vüqar Zifəroğlunun  “Media İmperiyası” monoqrafiyası KİV sahələrinin araşdırılması və öyrənilməsi baxımından əhəmiyyətlidir.

 Əsərdə “KİV və qloballaşma”, “ ”Media sektorunun kommersiyalaşması", “ KİV sahəsində monopoliya problemi”, “Media korporasiyaların formalaşması və fəaliyyət istiqamətləri”, “ İnformasiya siyasətinə və dövlətlərarası münasibətlərə media korporasiyaların təsiri” başlıqlı fəsillərə yer ayırılmış və media strukturlarının mövqeyi və bugünkü durumu, spesifik xusiyyətləri, hadisələrə və insanlara təsiri araşdırılmış və müəyyən nəticələr əldə edilmişdir.

Monoqrafiyada anadilli və rusdilli mənbələrdən istifadə edilmiş, fikirlərin elmiliyinə xüsusi diqqət yetirilmişdir. Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Nəsir Əhmədli, elmi redaktoru professor Həmid Vəliyev, redaktoru tədqiqatçı-yazar Ceyhun Bayramlıdır.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 16 may.- S. 4.