Heydər Əliyev
müstəqil Azərbaycanın sivil, demokratik məhkəmə-hüquq sisteminin qurucusudur
Ulu öndər Heydər Əliyev
Azərbaycan xalqının tarixində misilsiz
xidmətlər göstərmiş dahi
şəxsiyyətdir. Bu dahi siyasətçi Azərbaycana
rəhbərlik etdiyi uzun
illər ərzində ölkəmizin ictimai-siyasi,
mədəni həyatının bütün
sahələrində xalqımızın xoşbəxt gələcəyinə
hesablanmış möhtəşəm quruculuq
işləri həyata keçirmiş, Azərbaycanın
davamlı tərəqqi və intibahına
nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin
böyük əzmkarlıq və titanik səylər hesabına
qurub-yaratdığı və sonrakı nəsillərə ən
böyük sərvət kimi
ərmağan etdiyi müstəqil Azərbaycan
dövləti bu gün
bütün dünyada
qanunun aliliyini və
təməl insan
hüquqlarının ədalətli qorunmasını təmin
edən, müstəqil məhkəmə-hüquq sisteminə malik sivil, demokratik
dövlət kimi tanınır.
Çox da uzaq olmayan keçmişi xatırlayaq. 1990-cı illərin əvvəllərində ölkəmizin başı üzərini “qara buludlar” alanda, Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə üzləşəndə, xalqımızın israrlı xahişi və tələbi ilə dahi siyasətçi Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladı. Ümummilli lider ölkəmizdə sivil, hüquqi-demokratik dövlət quruculuğunun möhkəm və etibarlı bünövrəsini yaratmağa başladı. Dahi siyasətçinin bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də birbaşa xalq səsverməsi - referendum yolu ilə qəbul edildi.
Azərbaycan
Konstitusiyasında xalqın dövlət hakimiyyətinin yeganə
mənbəyi olması, hakimiyyətin bölgüsü,
hüququn aliliyi,
mülkiyyətin bütün növlərinə
bərabər hüquqi status
verilməsilə onun
toxunulmazlığı və sair mütərəqqi
bəşəri dəyərlər, əsas insan
hüquq və azadlıqları təsbit
olunmuşdur. Belə bir demokratik Əsas Qanunun qəbul edilməsi ilə
xalqımız, onun dahi
lideri bir daha bütün dünyaya gənc, müstəqil Azərbaycan
Respublikasının demokratik, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu yolunu seçməsi barədə müdrik siyasi iradəsini
beynəlxalq aləmə nümayiş
etdirdi.
Məhz
Konstitusiyanın qəbulundan cəmi bir necə ay sonra Heydər
Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə
Azərbaycanda Hüquqi İslahat Komissiyası yaradıldı
ki, bu komissiyaya da şəxsən ulu öndər özü rəhbərlik
edirdi. Peşəkar hüquqşünaslardan
təşkil olunmuş komissiya
tərəfindən hazırlanmış “Məhkəmələr
və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi
haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti
haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının
qanunlarının qəbulu məhkəmə huquq
islahatları sahəsində mühüm
addımlar oldu. Bu proses
uğurla davam etdirilərək
Azərbaycan Respublikasının bütün
əsas məcəllələri, o
cümlədən Mülki Məcəllə,
Mülki Prosessual Məcəllə,
Cinayət Məcəlləsi, Cinayət Prosessual
Məcəlləsi, Ailə Məcəlləsi, Torpaq Məcəlləsi, Vergi Məcəlləsi və digərləri
yenidən işlənərək qəbul edildi
və müstəqil Azərbaycan Respublikasının yeni ictimai-iqtisadi
münasibətləri tənzimləyən əhatəli qanunvericilik sistemi
formalaşdırıldı. Ulu öndər böyük,
humanist qəlbə sahib
idi və əsl insanpərvər idi. Buna ən gözəl
və əyani sübut Heydər Əliyevin
təşəbbüsü ilə Azərbaycanda 1998-ci ilin fevralında ölüm
cəzasının tamamilə ləğv edilməsidir. Fəxrlə
qeyd etmək istərdim ki,
Azərbaycan Avropa Şurası kimi nüfuzlu beynəlxalq
təşkilata üzv qəbul edilənədək,
keçmiş SSRİ respublikaları
içərisində ölüm hökmünü tamamilə ləğv etmiş ilk respublika olmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra ulu
öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən
insan hüquqlarının müdafiəsi
ilə bağlı 70-dən çox beynəlxalq
sənədə tərəfdar çıxmış və
bu sahədə beynəlxalq öhdəliklərə
riayət edilməsində mühüm
nailiyyətlər əldə etmiş, dünyada nüfuzunu
artırmışdır.
Yeri gəlmişkən, Azərbaycan
ədliyyəsinin ən parlaq, hərtərəfli
inkişaf dövrü
məhz müstəqillik illərində, Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi
hakimiyyətə qayıdaraq ölkədə hüquqi,
demokratik dövlət quruculuğunun
həyata keçirməsinə rəhbərlik etməsi ilə
başlamışdır. Ulu öndər
tamamilə haqlı olaraq deyirdi
ki, “ədaləti ədalətsizliklə
bərpa etmək olmaz”. Dahi siyasətçi məhz
bu humanist prinsipdən
çıxış edərək ölkəmizdə məhkəmələrin
fəaliyyətini tənzimləyən qanunvericiliyin
yeniləşdirilməsi və məhkəmə sisteminin təkmilləşdirilməsinə, habelə
insan taleyi ilə
bağlı qərar verən hakimlərin yüksək mənəvi-əxlaqi
keyfiyyətlərə malik olmasına daim xüsusi fikir vermişdir. Nəticədə,
ölkəmizdə ilk dəfə olaraq birinci, apellyasiya və kassasiya
instansiyalarını əhatə edən üç
pilləli məhkəmə sistemi
formalaşdırılmışdır.
Bəllidir ki, müstəqil məhkəmə hakimiyyətinin yaradılması baxımından açıq, ədalətli və səmərəli ədalət mühakiməsini həyata keçirən hakimlər korpusunun təşkil olunması zəruri şərtlərdən biridir. Bu zərurəti önə çəkən Heydər Əliyev belə bir fikri haqlı olaraq dəfələrlə vurğulamışdır ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, hakim adına xələl gətirən hərəkətlərdən çəkinməlidirlər. Məhz bu məqsədlə 2000-ci ildə Azərbaycanda ilk dəfə hakimlərin test imtahanı ilə vəzifəyə qəbulu başlanmışdır. Heydər Əliyevin rəhbərliyi altında məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin dövlət idarəçiliyində rolu əhəmiyyətli dərəcədə artmış, fəaliyyət dairəsi genişlənmişdir. Son illər hakimlərin səlahiyyətləri, təbii ki, müvafiq olaraq məsuliyyətləri də artırılmışdır. Belə ki, həbs qətimkan tədbirlərinin seçilməsi barədə sanksiya verilməsi səlahiyyəti prokurorluqdan alınaraq məhkəmələrə verilmişdir.
Sevindirici
haldır ki, Heydər Əliyev siyasi kursunun ən layiqli
davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən son illər ölkə həyatının
bütün sahələrində olduğu kimi, hüquq siyasəti
sahəsində də ulu öndərin müdrik inkişaf
strategiyası uğurla davam etdirilərək mütərəqqi
islahatlar həyata keçirilməklə ölkəmizin məhkəmə-hüquq
sistemi daha da təkmilləşdirilmişdir.
Azərbaycanın
ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi
daim dövlət başçımız İlham Əliyevin
diqqət mərkəzindədir. Son dövrdə Azərbaycanda
ədliyyə orqanlarının fəaliyyəti ilə
bağlı onlarla normativ-hüquqi
akt qəbul edilmişdir.
“Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan
Respublikası Qanununun qəbulu, Prezident İlham Əliyevin
18 aprel 2006-cı il tarixli fərmanı ilə “Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”nin təsdiq edilməsi,
şübhəsiz, Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin
normativ-hüquqi əsaslarının təkmilləşdirilməsində
böyük, əhəmiyyətli
addım olmuşdur.
Yeni Əsasnamənin
tarixi əhəmiyyəti olduqca böyükdür. Bu mühüm sənəddə
ölkəmizdə ədliyyə fəaliyyətinin cəmiyyətimizdəki
əsas rolu
və yeri əks olunub.
Bu sənəd,
eyni zamanda, son illərdə hüquq
sistemimizdə aparılan islahatlar, qəbul
edilmiş qanunvericilik
aktlarını özündə əks etdirməklə, ədliyyə
orqanlarının fəaliyyət istiqamətlərini
genişləndirərək onların yeni
vəzifələrini müəyyənləşdirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ədliyyə
orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı
il tarixli fərmanının da
bu baxımdan çox böyük əhəmiyyəti
vardır. Dövlət başçımızın
imzaladığı bu xüsusi fərman və nazirliyin yeni
strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində
yeni mərhələ olaraq, ədliyyə sistemində
miqyaslı islahatlara yeni start vermişdir.
Bir məsələyə
də diqqət yetirilməsini xahiş edirəm. Fikrimcə,
Azərbaycanda regional ədliyyə
şöbələrinin təşkili yerlərdə ədliyyə
fəaliyyətinin səmərəliliyini daha
da artırmışdır. Belə ki, yerli
ədliyyə orqanlarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi,
onların fəaliyyətinə daha operativ nəzarətin həyata keçirilməsi,
bələdiyyələrə daha əhatəli
metodoloji yardımın göstərilməsi
və operativ inzibati nəzarətin
həyata keçirilməsi, yerli ədliyyə
orqanlarının və bələdiyyələrin
fəaliyyəti ilə, ümumiyyətlə, ədliyyə fəaliyyəti
ilə bağlı vətəndaşların müraciətetmə
imkanlarının genişləndirilməsi və həmin
müraciətlərə baxılmasında operativliyin
təmin edilməsi öz müsbət nəticələrini
göstərir.
Ölkəmizdə ədalət
mühakiməsinin yüksək səviyyədə həyata
keçirilməsi üçün Azərbaycan Respublikası
Apelyasiya Məhkəməsi ləğv edilərək
Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki
Apelyasiya Məhkəmələri, Ağır Cinayətlərə
dair İşlər üzrə Azərbaycan
Respublikasının Məhkəməsi ləğv edilərək,
Bakı, Gəncə, Lənkəran və Şəki
Ağır Cinayətlər Məhkəmələri və
habelə yerli iqtisad məhkəmələrinin bazasında
İnzibati iqtisad məhkəmələri
yaradılmış, hakimlərin maddi təminatı
yaxşılaşdırılaraq, onların əməkhaqları
əvvəlki illərdən fərqli olaraq dəfələrlə
artırılmış, məhkəmələrin maddi-texniki
bazası möhkəmləndirilmişdir.
Son
illər ölkəmizin cəzaçəkmə müəssisələrində
saxlanılan məhkumların
hüquqlarının qorunmasına
qayğı və diqqət artmışdır. Məhkumların
hüquqlarının genişləndirilməsi, onların saxlanma şəraitinin
yaxşılaşdırılması, rejim
qaydalarının daha da
yumşaldılması istiqamətində humanist
siyasət yeridilir. Məhz bu məqsədlə Azərbaycan
Respublikasının qanunvericilik
aktlarına, o cümlədən Cəzaların
İcrası Məcəlləsinə mühüm
dəyişikliklər edilmiş, “Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Bu gün Azərbaycanda həqiqətən ən yüksək Avropa standartları səviyyəsində müasir, sivil, demokratik məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir. Təməli və əsas prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemində bu gün möhtərəm dövlət başçısımız İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə uğurla həyata keçirilən mütərəqqi islahatlar ölkəmizdə hüququn aliliyinin təmin olunmasına, ölkə vətəndaşlarının əsas hüquq və azadlıqlarının, qanuni mənafelərinin daha etibarlı qorunmasına xidmət edir.
Firdovsi ƏLİYEV,
Sabirabad Rayon Məhkəməsinin
hakimi
Xalq qəzeti.- 2013.- 16 may.- S. 5.