Cərrah olmaq uşaqlıq arzum idi...
Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz ürəyini etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Azərbaycanın ilk ürək cərrahı, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, əməkdar həkim, tibb elmləri namizədi Kamran Kazım oğlu Musayevdən gedir. İstedadlı olduğu qədər də sadə insan olan Kamran həkimlə söhbətimizi sizə təqdim edirik.
– Niyə
məhz ürək, doktor? Həddən artıq məsuliyyətli
deyilmi...
– Cərrah
olmaq uşaqlıq arzum idi. Orta məktəbdə oxuduğum
zamanlar gələcəkdə kim olmaq istədiyimi soruşanda
həkim yox, məhz cərrah olmaq istədiyimi söyləyirdim. Tibb İnstitutuna qəbul olub sonradan təhsilimi
Türkiyədə davam etdirərkən cərrahiyyənin hansı sahəsini
seçəcəyimi düşünəndə beyin və
ürək cərrahiyyəsi arasında tərəddüd
edirdim. Bu sahələrdən hansınınsa bir nailiyyətini
eşidəndə qərarım bir qədər o tərəfə
meyillənirdi. Nəhayət, tibb fakültəsinin 6-cı
kursunda tərəddüdümə
son qoyuldu və mən ürək cərrahı olmağı
seçdim. Və bu gün qərarımdan məmnunam.
– Siz
Türkiyədə təhsil almısınız və ilk həkim
fəaliyyətinə orada başlamısınız.
Uğurlarınız da olub. Müəllimlərinizin dediyinə
görə, Türkiyədə məşhur cərrah ola bilərdiniz.
Nə gətirdi sizi Azərbaycana?
– Məni və o zamanlar mənim kimi Türkiyədə təhsil alan onlarca azərbaycanlını Azərbaycana elə Azərbaycanın özü gətirdi. Biz bu torpağın övladıyıq. Mən qardaş ölkədə oxuduğum zamanlarda da, İstanbulun ən böyük ürək mərkəzlərindən biri olan Florance Nightingale xəstəxanasında işləyərkən də mütləq bir gün Vətənə dönüb ona xidmət etmək arzusuyla yaşayırdım. Və ona görə də ilk fürsət düşən kimi mən Azərbaycana qayıtdım. Bildiyiniz kimi, o zaman Mərkəzi Klinika respublikamızda mənim müasir səviyyədə ürək-damar cərrahiyyəsini icra edə biləcəyim ilk tibb ocağı idi. O, 2001-ci ildə fəaliyyətə başladıqda mən acılışda iştirak etdim və 2002-ci ildən də tamamilə buranın ştatlı işcisi olaraq calışıram.
– Gəldiniz və
Azərbaycan səhiyyəsində ürək-damar cərrahiyyəsi
sahəsində yeni çığır
açdınız. Başlamaq çətin
olmadı ki?
– Əgər
həyatda qarşısına
bir amal qoyub onun ugrunda calışa bilirsə, məncə, insan üçün
çətin heç nə
yoxdur. Yəni əsas odur ki, qarşına
bir hədəf qoyub öz
gücünə inanaraq çalışasan. Bir
gün mütləq
qarşılığını alacaqsan.
Təbii ki, ilk illərdə
cətinliklər oldu. Bilirsiniz,
o zamanlar ölkəmizdə bu işlər yeni- yeni
başlayırdı . Ən böyük çətinliyimiz isə
insanlarımızı Azərbaycanda
ürək-damar cərrahiyyəsinin mümkünlüyünə
inandırmaq oldu.
– Bu
gün ürək-damar cərrahiyyəsi sahəsində
ölkəmizdə böyük irəliləyiş olduğu
danılmazdır. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri kimi
bu uğurlar sizi qane edirmi?
Yoxsa hələ görüləçək
işlər çoxdur?
– Əgər 10-12 il bundan əvvəllə bu günümüzü müqayisə etsək, aradakı fərqi sözlə ifadə etmək mümkün deyil. O zamanlar Azərbaycanda ürək-damar cərrahiyyəsi, demək olar ki, icra olunmurdu. Amma bu gün 2013-cü ildə artıq Mərkəzi Klinika başda olmaq şərtilə respublikamızdakı bir sıra tibb müəssisələrində bu əməliyyatlar standartlaşmış bir iş kimi icra olunur. Digər sevindirici tərəfi də budur ki, bu əməliyyatlar azərbaycanlı kadrlar tərəfindən həyata keçirilir. Həm də yalnız həkimlər, cərrahlar deyil, onların yanında çalışan digər personal, texniki heyət də artıq ixtisaslaşmış azərbaycanlı kadrlardır. Bu gün Azərbaycanda minlərlə ürək-damar əməliyyatı həyata keçirilir. Bu isə o deməkdir ki, bu əməliyyatların sayəsində minlərlə insan yaşamağa davam edir.
–
İstərdim ki, bir qədər də Ürək və Damar
Cərrahiyyəsi Cəmiyyəti
barədə oxucularımıza məlumat verəsiniz. Hansı
zərurətdən yarandı bu cəmiyyət?
– Azərbaycana
gəlib bu işləri başlayanda biz üzərimizə
götürdüyümüz missiyanın fərqindəydik və işimizın sadəcə cərrahiyyədən ibarət olmadığını
bilirdik. Bu
işin ölkə səviyyəsində
yayılması üçün mütləq
ürək-damar cərrahlarının bir
cəmiyyətinin olması gərəkdi. Çünki
tibbin bu sahəsinin inkişaf etdiyi xarici ölkələrdə də bu ənənə var. Buna görə də 2004-cü ildə Azərbaycan
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətini
qurduq və o bu günə kimi fəaliyyət
göstərir. Cəmiyyəti qurmaqda ən böyük
məqsədlərimizdən biri də
xalqımızın bu sahədə maarifləndirilməsidir. Maarifləndirmə nəticəsində insanların özlərinin
aparacağı bəzi profilaktik tədbirlər sayəsində digər
xəstəliklər kimi ürək-damar
xəstəliklərinin də qarşısını almaq, illərlə
gecikdirmək mümkün olur
və bizim cəmiyyətimizin də əsas
fəaliyyət istiqamətlərindən biri
budur. Bunun üçün cəmiyyətimiz
çoxsaylı tədbirlər həyata keçirir.
– Tədbirdən
söz düşmüşkən, bu günlərdə cəmiyyət
“Bakı ürək günləri” 3-cü Beynəlxalq
Konqresini keçirəcək. Nədir bu konqresin məqsədi,
məramı?
– Cəmiyyət yeni yaranan zamanlarda biz tədbirlərimizi Mərkəzi Klinikada daha kicik ölçülü toplantılarla, seminarlarla, konfranslarla başladıq. 2009-cu ilin may ayında isə ilk dəfə olaraq “Bakı ürək günləri” adlı geniş beynəlxalq konqresi gerçəkləşdirməyə nail olduq. O zamandan etibarən hər iki ildə bir dəfə may ayında bu konqresi keçirməyi planlaşdırmışıq. Konqresin may ayına təsadüf etməsinin səbəbi isə ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr edilməsidir.
Bu
konqres artıq beynəlxalq aləmdə
də öz təsdiqini tapmış və qəbul edilmiş
tədbirdir. Ötən
illərdə olduğu kimi,
bu il də konqresdə
bir çox mötəbər
qonağın iştirakı gözlənilir. Builki “Bakı ürək günləri”ndə 38 xarici ölkədən
100-dən artıq mütəxəssis iştirak
edəcək. Bunların arasında
ABŞ, Çin, Kanada,
Rusiya, Türkiyə, Hindistan,
Cənubi Koreya kimi
ölkələrin aparıcı mütəxəssisləri,
professorları, urək-damar cərrahiyyəsi cəmiyyətlərinin
rəhbərləri də var. Hesab edirəm ki, Azərbaycan
kardiologiyasında da, kardiocərrahiyyəsində
də bu konqresin böyük rolu olacaq. Bu insanların
Azərbaycana gəlməsinin, azərbaycanlı həmkarlarımızla görüşünün,
bilik və təcrübə mübadilələrinin
aparılmasının hamımız üçün
cox faydalı olacağını
düşünürəm.
– Bu
ilin yanvar ayında daha bir ilkə imza atdınız və Azərbaycanda
ilk dəfə süni ürək köçürmə əməliyyatı
həyata keçirdiniz. Xəstəniz özünü
necə hiss edir?
Ümumiyyətlə, bu əməliyyat
barədə danışsanız yəqin ki,
oxucularımız üçün
maraqlı olardı.
– Bəli,
yanvar ayında biz respublikamızda ilk dəfə süni
ürək köçürülməsi əməliyyatını
həyata keçirdik. Əməliyyat 44 yaşlı
Balakən sakini üzərində
aparıldı və uğurlu oldu. Kəskin ürək
çatışmazlığından əziyyət çəkən
xəstənin vəziyyəti çox
ağır idi, o, demək
olar ki, həyatını
itirmək üzrə idi. Biz
uzun müddət apardığımız
hazırlıq işləri nəticəsində
bu xəstəyə süni
ürək koçürdük. Artıq
4 aya yaxındır ki,
bu xəstəmiz süni
ürəklə yaşayır.
–
Ölkəmizdə süni ürəyə ehtiyaçı
olan xəstələr çoxdurmu?
– Təəssüf
ki, Azərbaycanda ürək
çatışmazlığı çox geniş yayılmış xəstəlikdir.
Və bəla burasındadır ki, bu xəstələrin əksəriyyəti xəstəliyin
ən ağır mərhələsində həkimə
müraciət edirlər. Bu halda isə xəstələrə süni ürək köçürülməsi
və ya donor ürək
köçürülməsi yeganə alternativdir.
–
Süni ürək koçürüldükdən sonra xəstə
normal həyat tərzinə qayıda bilirmi, yoxsa məhdudlaşdırıcı
nələrsə olur?
– Süni ürək köçürülən xəstələrin digər insanlardan yeganə fərqi onun ürəyinin funksiyalarını süni cihazın yerinə yetirməsidir, qalan bütün fizioloji göstəricilər başqa insanlardakı kimidir. Bizim Balakən rayonundan olan xəstəmiz artıq xeyli vaxtdır ki öz normal həyatını yaşayır. Hətta bizdən xəbərsiz əmək fəaliyyətinə başladığını da eşitdik və həkimləri olaraq özümüz buna icazə verdik. Bu gün süni ürək aparatlarının xüsusən də inkişaf etmiş ölkələrdə geniş yayılmasının səbəbi odur ki, bu işin texnologiyası çox inkişaf edib. Və artıq 300-400 qram ağırlığında bir nasos yerləşdirməklə insanları üzün müddət yaşatmaq mümkündür. Bu müddət artıq 10 ilə yaxşınlaşıb. Bu isə o deməkdir ki, donor ürəyi köçürülən xəstələrlə eyni nəticəyə yaxınlaşır.
–
Müsahibələrinizin birində donor ürək
transplantasiyasını həyata keçirmək
üçün respublikamızda hüquqi baza
olmadığını demişdiniz. Ürək və Damar Cərrahiyyəsi
Cəmiyyəti tərəfindən buna nail olmaq
üçün hansı işlər görülüb?
–
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti, əlbəttə
ki, bu yöndə müəyyən
işlər görür. Lakin bu, həm də ictimaiyyətin məsələsidir və onun üzərinə müəyyən öhdəliklər
qoyur. Biz azərbaycanlılar olaraq bu işə
hazır olmalıyıq. Burada əsas vəzifə isə media nümayəndələrinin üzərinə
düşür.
Xəstəyə orqan köcürülməsi üçün
donora ehtiyac var. Bizim hələ ki, orqan istehsal
edəcək laboratoriyamız yoxdur. Kimsə
öz orqanlarını
bağışlamalıdır ki, biz onu xəstəyə
köçürə bilək.
Bildiyiniz kimi, bu yaxınlarda çox
müsbət bir hadisə oldu.
Hörmətli millət vəkilimiz Qənirə
Paşayeva öz
orqanlarını bağışladı. Cəmiyyətdə
Qənirə xanımın bu hərəkəti
cox müsbət qarşılandı. Mən
ümid edirəm ki,
millət vəkilinin bu təşəbbüsü
hər kəsə örnək olacaq.
–
Heç uğursuz əməliyyatınız olubmu? Məsələn,
sizə “kaş ki, cərrah olmazdım” hissini yaşadan bir əməliyyat.
–
Xeyr, elə bir əməliyyatım olmayıb, çox
şükür.
–
İlk əməliyyatınızı necə
xatırlayırsınız? Maraq üstün idi, yoxsa qorxu?
– Maraq. Ümumiyyətlə, indiyədək apardığım 8
min əməliyyatın heç
birində qorxu hissi
yaşamamışam. Bir qədər həyəcanlandığım
əməliyyatlar olub, ancaq
qorxu olmayıb.
Butün əməliyyatlarım mənim
ücün cox
maraqlı olub.
–
Vikipediyanızda daim gənc mütəxəssislərə dəstək
olduğunuz yazılıb. Coxdurmu dəstək olduğunuz gənclər?
Ürəyinizi onlardan hansınasa etibar edərsinizmi?
– Həm Mərkəzi Klinikada, həm respublikamızdakı digər tibb oçaqlarında çalışan gənc mütəxəssislərə, həm də xaricdə təhsilini davam etdirmək istəyən tələbələrə əlimdən gəldiyi qədər yardım etməyə çalışıram. Təxminən 10 il bundan əvvəl Mərkəzi Klinikada ürək əməliyyatları aparılarkən Türkiyədən 10-15 nəfərlik tibbi briqada gəlirdi və əməliyyat onların iştirakı ilə gerçəkləşirdi. Amma bu gün Mərkəzi Klinikada yetişdirdiyimiz 4 nəfər gənc azərbaycanlı cərrahımız artıq mənimlə çiyin -çiyinə əməliyyat aparırlar. Vüqar Qapaqov, Ramil Əliyev, Firuz Kazımov, Rafiq İbrahimov bilavasitə Mərkəzi Klinikada yetişdirdiyimiz və artıq mənimlə birlikdə əməliyyat aparan həmkarlarımdır və mən rahatlıqla ürəyimi onlara əmanət eləyə bilərəm.
– Son
vaxtlar özəl klinikalar xarici mütəxəssisləri
tez-tez ölkəmizə dəvət edirlər və nədənsə
insanlarımız bu həkimlərə daha çox etimad
göstərirlər. Eyni zamanda, xəstələrin xarici ölkələrdəki
klinikalara üz tutmaları
da, demək olar ki, dəb halını alıb. Həqiqətənmi
bizim həkimlər əcnəbilərdən
geri qalırlar, yoxsa bu, daha çox
psixoloji məqamlarla bağlıdır?
– Bəlkə bu məsələnin 10-15 il qabaq obyektiv səbəbindən danışmaq olardı. Amma bu gün 2013-cü ildə mən bütün səmimiyyətimlə deyə bilərəm ki, bunun əsasında daha çox psixoloji amillər durur. Mən bunu öz təcrübəmizdən də bilirəm. Bizim Azərbayçanda ürək əməliyyatlarına başladığımız ilk zamanlarda həmvətənlərimiz bir ürək əməliyyatının Azərbaycanda gerçəkləşə biləcəyinə, hələ gənc bir azərbaycanlı cərrah tərəfindən aparıla biləcəyinə inanmırdılar. Amma artıq o dövr geridə qalıb və bu gün ürək-damar əməliyyatlarına ehtiyacı olan bütün həmvətənlərimiz arxayınlıqla gəlib Mərkəzi Klinikada əməliyyat olunurlar. Nəinki həmvətənlərimiz, xarici ölkələrdən, kecmiş sovet respublikalarından müraciət edənlər var.
– Həkimlərimizə
olan etimadı bərpa etmək üçün sizcə nə
etmək lazımdır?
– Biz
özümüzün marketinqimizi istənilən səviyyədə
apara bilmirik. Son illərdə kapitalizm ənənələri güclü olan xarici ölkələrdə səhiyyə turizmi deyilən bir arqument ortaya
çıxıbdır. Qonşu ölkələrimiz
də daxil olmaq şərtilə.
Mediadan da görürük ki,
artıq nəinki bura gələn əcnəbi
həkimlərin, hətta xarici ölkələrdəki
xəstəxanaların çox ciddi reklamı və marketinqi
aparılır. Bu istər-istəməz insanlara müəyyən
təsirini göstərir.
–
Doktor, qarşıdan isti yay fəsli gəlir. Səhv
etmirəmsə, bu, ürək-damar xəstəlikləri
baxımından bir
qədər təhlükəli dövrdür.
Tövsiyələriniz nədir?
– Yay
fəslində temperaturun yuksəlməsi
ilə birgə orqanizm ciddi şəkildə maye itirir. Bu da ürək-damar xəstələri
üçün çox arzuolunmaz
haldır. Yay dövründə xəstələr
daha çox infarktla xəstəxanaya müraciət edirlər.
Bizim əməliyyat etdiyimiz
və ya stend qoyduğumuz xəstələrdə də məhz
yay fəslində ağırlaşmalar olur. Buna görə də həm belə xəstələrə,
həm də sağlam insanlara
məsləhət görərdim ki, yay fəslində
mümkün qədər Günəşdən,
istidən qorunsunlar, bol
maye qəbul etsinlər. Maye
deyərkən də, daha çox
qaynanmamış su nəzərdə tutulur. Qəhvəyə, şirəli
içkilərə isə çox da aludə olmasınlar.
– Təşəkkür
edirik, doktor, maraqlı müsahibə üçün.
Xalq qəzeti.- 2013.- 16 may.- S. 5.