Elmi potensial və milli iqtisadi
inkişaf
Azərbaycan elmi ictimaiyyəti iqtisad elminin görkəmli
şəxsiyyətlərindən biri, aqrar iqtisad məktəbinin
formalaşmasında müstəsna əməyi olmuş Əhməd
Əkbər oğlu Mahmudovun 90 illiyini qeyd edir. Ölkə
iqtisadiyyatının inkişafında, iqtisad elminin zənginləşməsində,
iqtisadçı elmi kadrların hazırlanmasında
AMEA-nın iqtisadiyyat üzrə ilk akademiki Əhməd
Mahmudovun əvəzsiz xidmətləri olmuşdur.
Sosialist təsərrüfatçılıq sistemi ilə
idarə olunan Azərbaycan iqtisadiyyatı ötən əsrin
70-ci illərinə qədər getdikcə tənəzzülə
uğramış, elmin istehsalatdan ayrı mühitdə fəaliyyəti
artıq reallığa çevrilmişdi. 1969-cu ildə
Azərbaycan KP MK-nın iyul plenumunda ulu öndər Heydər Əliyevin
birinci katib seçilməsi ölkə həyatında ciddi
pozitiv dəyişikliklərin əsasını qoydu.
Məhz
ümummilli liderimizin təkzibedilməz, inandırıcı
arqumentləri, prinsipiallığı, inadkarlığı sayəsində
1970-ci ildə Sov. İKP MK-nın və SSRİ
Nazirlər Sovetinin 23 iyul tarixli “Azərbaycan SSR-də kənd
təsərrüfatını inkişaf etdirmək tədbirləri
haqqında” qərarı qəbul olundu. Azərbaycan KP
MK- nın avqust plenumu bu qərar əsasında
aqrar- sənaye kompleksinin mövcud durumuna real qiymət verməklə
inkişafın konseptual istiqamətlərini müəyyənləşdirdi.
Bu zaman qarşıya qoyulan mühüm məsələlərdən
biri aqrar sahəyə prioritetlik verilməsi və onun
inkişafının elmi cəhətdən əsaslandırılmış
təməl üzərinə keçirilməsi mühüm
məqsəd kimi ölkə alimlərinin üzərinə
düşürdü.
Həmin
dövrü səciyyələndirən ölkə Prezidenti cənab
İlham Əliyev qeyd edir: “Bütün dövrlərdə –
1970-ci illərdə, ondan sonra, 1990-cı illərdə Heydər
Əliyevin elmə diqqət və qayğısı çox
yüksək səviyyədə idi. O, çox gözəl
bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində
elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə,
keçmişinə, təcrübəsinə nəzər
salaraq görürük ki, ölkənin inkişafını,
potensialını elmin inkişafı müəyyən edir”.
Həmin
illərdə iqtisadiyyatın digər sahələri ilə
yanaşı, kənd təsərrüfatında da təmərküzləşmə
və regional ixtisaslaşma nəticəsində görünməmiş
inkişaf tempinə nail olunmuş və nəticədə
pambıqçılıq, üzümçülük, meyvəçilik
kimi ixracyönümlü sahələrdə məhsul
istehsalı 3-4 dəfə, digər sahələrdə, məsələn,
taxılçılıqda, heyvandarlıqda, quşçuluqda
məhsul istehsalı isə ən azı 2 dəfə
artmışdı. Azərbaycan kəndinin sosial
siması dəyişmiş, xüsusən kənd əhalisinin
gəlirlilik səviyyəsi respublikanı İttifaq
miqyasında öncül mövqeyə çıxara
bilmişdi. Bu nəticələrin əldə
olunmasında Əhməd Mahmudovun rəhbərlik etdiyi Azərbaycan
aqrar iqtisad məktəbinin böyük əməyi
danılmazdır.
Akademik Əhməd Mahmudov 70-ci illər Azərbaycan
iqtisadiyyatının dinamik inkişafına istiqamətlənmiş
tövsiyələrin hazırlanması işində bilavasitə
iştirak edirdi. Onun rəhbərliyi ilə respublikanın
müxtəlif şəhər və rayonlarında elmi konfranslar,
seminarlar keçirilir, sosial-iqtisadi problemlərin elmi tədqiqi
sahəsində əməli addımlar atılırdı.
Bir sözlə, akademik Əhməd Mahmudovun Azərbaycan
elmi qarşısında ən böyük xidmətlərindən
biri də onun respublikanın iqtisadçı alimlərini
yaradıcı işə cəlb etməsi, iqtisad elmini real həyata,
gələcək inkişafa yönəltməsi idi.
Biz
görkəmli alimin elmi əsərlərinin xronologiyasına
diqqət yetirsək, burada
iqtisadiyyatın nəzəri aspektləri, ölkə
iqtisadiyyatının əsas tərkib hissəsi olan aqrar
iqtisadiyyatın problem məsələlərinin, o cümlədən
torpaq münasibətləri, sudan istifadə, əməyin təşkili,
mütərəqqi texnologiyaların tətbiqi, kooperasiya
münasibətlərinin inkişafı və aqrar sənaye
inteqrasiyası məsələləri, maliyyələşmə,
maddi-texniki təchizat, istehsalın intensivləşdirilməsi,
ərzaq təminatı və ən nəhayət, iqtisadi səmərəliliyin
yüksəldilməsi, təmərküzləşmə,
habelə regional ixtisaslaşma mövzularının
üstünlük təşkil etdiyini görərik.
Ümumiyyətlə, Ə.Mahmudov həmişə inkişaf
etmiş ölkələrdə olduğu kimi, Azərbaycan kənd
təsərrüfatının da yalnız intensiv amillər
üzərində qurulması yolu ilə inkişafını ön plana çəkirdi.
Ə.Mahmudov
intensivləşdirmənin fəaliyyət mexanizminin konkret təhlilini
verərək qeyd edirdi ki, kənd təsərrüfatının iqtisadi səmərəliliyini
müəyyənləşdirmək üçün bir və
ya iki göstərici kifayət deyildir. Bu
baxımdan intensivləşmənin iqtisadi səmərəliliyinə
təsir edən bütün amillərin nəzərə
alınması çox zaman çətinlik yaratsa da, vacibdir.
Ona görə də görkəmli alim öz tədqiqatlarında kənd
təsərrüfatının intensivləşdirilməsi
prosesinin ayrı-ayrı amillər üzrə təhlilinə
geniş yer verərək, onları əsasən iki qrupa – təbii
və texniki-iqtisadi amillərə ayırırdı. O, kənd
təsərrüfatının intensivləşdirilməsinin
bu iki amili arasında mövcud olan uyğunsuzluqları aşkara
çıxarır və onların aradan
qaldırılması yollarını göstərirdi. Alimin fıkrincə, təbii amillər istehsalın
intensivləşdirilməsinin zəruri əsasını və
fərqlərini şərtləndirir. İstehsalatda
intensiv amillərin tətbiqi regional ixtisaslaşma və təmərküzləşdirilmənin
optimal səviyyəsi kənd təsərrüfatında səmərəliliyin
yüksəlməsinə imkan verir. Texniki
amillər isə ilk növbədə fəaliyyətin
intensivləşdirilməsi dərəcəsindən və təsərrüfatın
iqtisadi vəziyyətindən asılı olaraq
araşdırılmalıdır.
Bütün bunları iqtisadçı alimin tədqiqat
metodikasına və metodologiyasına diqqət çəkmək
naminə qeyd etmirəm. Çünki o, seçdiyi obyektin tədqiqində ilk
baxışdan aydın, öyrənilmiş görünən
və bir
çox tədqiqatçıların seçə bilmədikləri
məqamları müəyyənləşdirir, onların
vacibliyini əsaslandırır, həlli yollarını
göstərirdi. Bu prinsip Əhməd müəllimin
bütün tədqiqatlarında, xüsusilə tətbiq
etdiyi yanaşmalarda özünü göstərirdi. Onun
əsərləri şərhçilikdən, təsvirçilikdən,
faktoqrafiyadan tamamilə uzaq olmaqla iqtisadiyyatın bu və ya
digər sahə üzrə vacib problemlərinin nəzəri
və praktiki həllini özündə ehtiva edən bir
orijinallığa malikdir.
Prezident İlham Əliyevin bazar iqtisadiyyatına
keçid dövrünün başa çatmasını bəyan
etməsindən sonra aqrar sahənin inkişafında intensiv
amillərə üstünlük verilməsinə dair
konseptual göstərişləri həmin prosesin respublika kənd
təsərrüfatının müasir inkişaf mərhələsində
davamlı olmasının həm iqtisadi, həm də
institusional vasitələrlə dəstəklənməsini
bir daha aktuallaşdırır. Məlumdur ki, kənd
təsərrüfatının aparıcı sahəyə
çevrilməsi zərurəti onun əvəzolunmaz
sosial-iqtisadi funksiyaları ilə şərtlənir.
Aqrar sahənin prioritetliyi müstəqilliyin ilk onilliyində ali dövlət rəhbərliyi tərəfindən
bəyan olunmuş, onun üstün inkişafının təmin
edilməsi üçün kompleks tədbirlər
görülmüş və görülməkdədir. Müasir dövrdə ölkə
başçısının kənd təsərrüfatının
inkişafında intensiv amillərin tətbiqinə önəm
verməsi sosialist təsərrüfatçılıq
sistemindən fərqli olan indiki şəraitdə bu sahədə
tədqiqatların daha da dərinləşdirilməsini tələb
edir.
Görkəmli alimin yuxarıda qeyd edilən bu yanaşma
tərzinə sadiq qalmaqla araşdırmalarımız göstərir
ki, indiki şəraitdə aqrar sahədə iqtisadi səmərəliliyin
yüksəldilməsi üçün kənd təsərrüfatının
investisiya cəlbediciliyinin artırılması yollarının
tədqiqi prioritet olmalıdır.
Kənd təsərrüfatının, eləcə də
onunla bilavasitə iqtisadi-texnoloji cəhətdən
bağlı olan sahələrin intensiv məcrada
inkişafı maliyyə təminatından, bu təminat isə
onun investisiya cəlbediciliyi qabiliyyətindən birbaşa
asılıdır. Hazırda geniş təkrar istehsal
imkanlarının gerçəkləşdirilməsi
insanların məşğulluq probleminin həllində
mühüm rol oynamaqdadır. Bu, milli
iqtisadi təhlükəsizlik, o cümlədən ərzaq təhlükəzliyi
müstəvisində daha böyük aktuallıq kəsb edir.
Araşdırmalar göstərir ki, bu gün kənd təsərrüfatında
xüsusi çəkiyə malik xırda təsərrüfatlar
öz aktivlərini yaratmaqda və yığım prosesində,
eləcə də kənd təsərrüfatına xas olan
risklər və qeyri-müəyyənliklərlə
bağlı problemlərin həllində üzləşdikləri
məhdudlaşdırıcı amillərin aradan
qaldırılması üçün dəstəklənməyə
ehtiyac duyurlar.
Odur ki, kənddə fəaliyyət göstərən sahibkar
idarəçiliyi, makroiqtisadi sabitliyin səviyyəsi, kəndin
infrastrukturu, mülkiyyət hüquqlarının müdafiəsi
və səmərəli bazar təsisatlarının fəaliyyəti
elə həddə çatdırılmalıdırlar ki,
mövcud resursların səfərbər edilməsinə maraq
artsın, beləliklə də
onlar kənd təsərrüfatına sərmayə
qoyuluşu ilə bağlı risklərə getməkdən
çəkinməsinlər. Ümumiyyətlə,
kənd yerlərində ən xırda sərmayədarlardan
başlamış ən iri investorlara qədər hər kəsə
xüsusi diqqətlə yanaşılması vacibdir.
İstehsal kooperativləri və digər
istehsalçı təşkilatlar kiçik torpaq
sahibkarlarının bu problemlərinin bir qisminin öhdəsindən
gəlməyə şərait yarada, etibarlı sosial zəmanətlər
sistemi isə imkansız fermer təsərrüfatlarının
maliyyə durumunun daha da zəifləməsinin
qarşısını almağa, səmərəli aktivlər
toplanılmasına imkan verə bilər. Bu baxımdan
ölkə Prezidentinin sözügedən sahədə ərzaq
təhlükəsizliyinin etibarlı təminatı və ixrac
potensiallı kənd təsərrüfatı
istehsalının qurulması üçün iri təsərrüfatların
yaradılmasına xüsusi diqqət yetirilməsinə dair
verdiyi tapşırıqların reallaşdırılması
gündəlikdədir. Burada dövlət
səhmlərinə xüsusi əhəmiyyət verilməsi
postsovet ölkələrində reallaşdırılması
labüd sayılan dövlət kapitalizm prinsiplərindən
istifadədə xüsusi maraq doğura bilər. Bir məqamı da xüsusi qeyd etməliyik. İnkişaf etmiş ölkələrin bir
çoxunun kənd təsərrüfatında xırda
istehsalçıların sayı 80-85 faiz təşkil etsə
də, məhsul istehsalında onların payı 20-25 faizdən
çox deyildir. Başqa sözlə, sahədə
ümumi məhsulun 75-80 faizini iri
ixtisaslaşdırılmış təsərrüfatlar verir.
Bununla belə, xırda təsərrüfatların
əhəmiyyətli yer tutduğu qarışıq
iqtisadiyyatın məşğulluğun yüksəldilməsi,
kənd həyat tərzinin və milli genefondun qorunması
baxımından dəstəklənməsi zərurəti
şübhə doğurmur.
Əlverişli investisiya şəraitinin vaxtında və
düzgün formalaşdırılması kənd təsərrüfatı
üçün son dərəcə zəruridir. Lakin xırda
torpaq sahiblərinin öz vəsaitlərini investisiyaya
çevirə bilməsi və irimiqyaslı investisiyaların
sosial yönümlü hədəflərə istiqamətləndirilməsi
üçün bunlar heç də kifayət deyildir. İstər dövlət, istərsə də
donorlar xırda torpaq sahiblərinə maliyyə dəstəyinin
verilməsinə son nəticəyə hesablanmış
qayğı və məsuliyyətlə
yanaşmalıdırlar. Başqa sözlə, investorların
fəaliyyəti kiçik torpaq sahibkarlarının tez-tez
üzləşdikləri kənd təsərrüfatına
investisiya qoyuluşunu məhdudlaşdıran ciddi problemlərin
həllinə, o cümlədən, onların vəsaitlərinin
toplanması və artırılmasına yönəlmiş
investisiyalaşmada mövcud maneələrin aradan
qaldırılmasına xidmət etməlidir. Çünki
kiçik torpaq sahibləri istehsalın
davamlılığı üçün zəruri kapital həcmini
toplamağı və ya əlavə risklərə getməyi
heç də həmişə məqbul saymırlar.
Məlumdur ki, dövlət və özəl investorlar kənd
təsərrüfatına yönəltdikləri maliyyə
resurslarını müxtəlif istiqamətlərə və
müxtəlif səbəblərlə əlaqədar sərf
edirlər. Bu şəraitdə bəzən investisiya ilə
istehsal xərclərinin kompensasiyasını bir-birindən
ayırmaq çətin olur. Odur ki,
investisiyaya gələcəkdə daha çox gəlir və
ya başqa nemətlər gətirəcək aktivlərin
akkumulyasiyası, xərclərə isə adətən
investisiya sayılmayan cari məsrəfləri və transfert tədiyələri
kimi baxılması daha məqsədyönlü olardı.
Konseptual və emprik məhdudiyyətlərə
baxmayaraq, təhlillər göstərir ki, gəlirləri orta
səviyyədə olan ölkələrdə fermerlərin
öz təsərrüfatlarına əsas fondlar
üçün ayırdıqları illik investisiyalar həmin
ölkələrdə hökumətlərin kənd təsərrüfatına
ayırdığı investisiyalarla müqayisədə təqribən
dörd dəfədən yüksəkdir. Yəni bu
ölkələrdə, fermerlərin öz
investisiyalarının həcmləri donorların və xarici
özəl investorların kənd təsərrüfatına
istiqamətləndirilmiş xərclərindən daha
artıqdır. Fermerlərin xüsusi
investisiyalarının xeyli üstün olması isə o deməkdir
ki, bu subyektlər həqiqətən ölkə üzrə kənd
təsərrüfatına investisiyaların keyfiyyətinin və
səmərəsinin artırılmasına yönəlmiş
inkişaf strategiyasının mərkəzində dururlar.
Gəlirlərin səviyyəsi aşağı olan
ölkələrin çoxunda isə fermerlər əlverişsiz
şəraitlə üzləşirlər. Həmin
ölkələrdə kənd təsərrüfatına
investisiya qoymaq üçün praktiki olaraq stimul zəifdir.
Başqa sözlə, çox vaxt məhdudlaşdırıcı
obyektiv və subyektiv amillər, o cümlədən
yoxsulluğun yüksək səviyyəsi, mülkiyyət
hüquqlarının zəif qorunması, bazarların və
maliyyə xidmətlərinin əlyetərli olmaması,
sarsıntılara, kataklizmlərə davamsızlıq və
riskə getmək imkanlarının qeyri-müəyyənliyi
kiçik torpaq mülkiyyətçilərinə ciddi mənfi
təsir göstərir. Ölkəmizdə bu kimi problemlər
öz həllini əsasən tapsa da, kənd təsərrüfatı
ilə məşğul qurumların gəlirlilik səviyyəsi
təəssüf ki, hələlik istənilən səviyyədə
olmayıb, potensial imkanlara adekvat deyildir. Yəni
respublikamızda reallaşdırılan müasir aqrar siyasət
strategiyası imkan verir ki, kənd təsərrüfatı
istehsalçıları daha yüksək gəlir əldə
etməklə geniş təkrar istehsalı tam maliyyələşdirmə
imkanlarına malik olsunlar.
Bir daha qeyd edək ki, kənd təsərrüfatı
istehsalçılarının fəaliyyət göstərdiyi
investisiya şəraiti onların öz inkişafına sərmayə
qoyması imkanlarına birbaşa müsbət təsir
göstərir. Əlverişli investisiya şəraitinin
olub-olmaması bazarlardan və həm də dövlət tənzimlənməsinin
səmərəliliyindən birbaşa asılıdır.
Burada bazarlar vasitəsi ilə yaradılan qiymət stimulları
fermerlər və digər istehsalçılar
üçün vəsaitlərin məqbul mənfəətlə
investisiyaya
transformasiyası imkanlarının nə vaxt və
harada yaranması indikatoru rolunu oynayır.
Dövlət
və özəl
investorlar bazarlarda yaranmış imkanlardan sosial mənada məsuliyyətlə
istifadə etmələrinə imkan verən hüquqi, siyasi və
institusional şərait yaradılmasında məqsədyönlü
fəaliyyət üçün müştərək məsuliyyət
daşıyırlar. Əlverişli şərait
və müvafiq bazar stimulları olmadıqda fermerlər kənd
təsərrüfatına kifayət qədər vəsait qoymayacaq
və onların investisiyaları sosial mənada optimal nəticə
verməyəcəkdir. Həqiqətən
özəl investisiyalar üçün əlverişli şərait
yaradılması və bu şəraitin qorunub saxlanması
özlüyündə ən etibarlı investisiyadır və
onu dövlət bölməsi həyata keçirə bilər.
Dövlət iqtisadiyyatın digər sahələri
tərəfindən kənd təsərrüfatının dəstəklənməsi,
mütərəqqi vergi siyasəti, mübadilə məzənnələrinin
uyğunlaşdırılması, münasib ticarət siyasəti
kimi yollarla kənd təsərrüfatına investisiya
qoyulmasına şərait yaratmalıdır.
Məlumdur ki, əlverişli investisiya şəraitinin
ümumi elementləri, o cümlədən səmərəli
idarəçilik, makroiqtisadi sabitlik, şəffaf və sabit
ticarət siyasəti, effektiv bazar təsisatları və
mülkiyyət hüquqlarına riayət edilməsi və bu
kimi digər amillər kənd təsərrüfatında əlverişli
şərait yaradılması üçün eyni dərəcədə
mühüm önəm daşıyır.
Kənd təsərrüfatına
irimiqyaslı investisiya axınının
reallaşdırılması üçün yerli fermerlərə
əlavə dəyərin yaradılmasında birbaşa
iştirak etmək imkanı verən alternativ və daha az
diskriminasiyalı təsərrüfatçılıq modellərinin tədbiqinə
şərait yaradılması dövlətin əsas
funksiyalarından biridir. Bu məqsədlə sənaye
və kənd təsərrüfatı məhsulları qiymətlərində
sonuncunun xeyrinə olmayan disparitetin dövlət tərəfindən
tənzimlənməsi, ipoteka kreditləri bazarlarının
inkişafı tədbirləri daha fəal surətdə təmin
edilməlidir. Eyni zamanda, artıq qeyd olunduğu kimi, kənd
təsərrüfatı məhsulları
istehsalçılarının təşkilatlanması,
onların könüllü əməkdaşlığa təşviq
edilməsi, yerli
özünüidarə strukturları ilə birgə
fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə
malikdir. Həmin tədbirlərin vaxtında
reallaşdırılması kənd təsərrüfatının
investisiya imkanlarının genişlənməsinə və
istehsalın səmərəliliyinin artmasına şərait
yaradar.
Sadalanan və araşdırılması zəruri
sayılan çoxsaylı digər problemlər və
onların həlli yolları üzərində
düşünərkən, hesab edirik ki, akademik Əhməd
Mahmudovun qiymətli elmi irsi daim diqqət mərkəzində
olmalı, müasir iqtisadçı alimlər ondan layiqincə
bəhrələnməlidirlər.
AMEA-nın
İqtisadiyyat İnstitutunun 25 ildən çox müddətdə
direktoru, Azərbaycan iqtisadiyyatının güclənməsində
özünəməxsus yeri və rolu olan, ölkə
iqtisadçılarının böyük əksəriyyətinin
kumiri sayılan akademik Ə. Mahmudov yaxşı bilirdi ki, elm
adamlarını arxasınca aparmaq üçün onların
inamını qazanmaq, zaman və məkandan asılı
olmayaraq səmimi olmaq lazımdır. Əhməd
müəllimin şəxsi, insani keyfiyyətlərinə gəldikdə
isə deməliyik ki, o, sarsılmaz əqidə sahibi kimi
ziyalılıq və tələbkarlığın vəhdəti
idi. Ə. Mahmudov heç vaxt iqtisad elmini öz
inhisarına almağa cəhd göstərməmiş,
statusundan asılı olmayaraq, bütün elmi-tədqiqat
müəssisələri və istedadlı tədqiqatçılar
qarşısında yaşıl işıq yandırmağa
çalışmışdır. Onun
özünəməxsus insanlıq dünyası var idi.
Yüksək insani keyfıyyətlər,
intellektual səviyyə, alim sanbalı, böyük təşkilatçılıq
və idarəçilik bacarığı elm aləmində Ə.
Mahmudovun özünəməxsus yerini müəyyənləşdirmişdi.
Bu gün
bütün aqrar iqtisadçılar, o cümlədən Azərbaycan
Elmi - Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutunun kollektivi,
doktorantları Ə.Mahmudovu fəxrlə yad edir və əmindirlər
ki, görkəmli alimin əziz xatirəsi qəlblərdə
daim yaşayacaq, ideya və tövsiyələri
yaradıcılıq meyarı olacaqdır.
Sadıq
SALAHOV,
Elmi - Tədqiqat
Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili
İnstitutunun
direktoru, iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2013.- 16 may.- S. 6.