“DÖVLƏT
İDARƏÇİLİYİ: NƏZƏRİYYƏ VƏ
TƏCRÜBƏ” elmi-nəzəri
jurnalının ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş xüsusi
buraxılışı çapdan
çıxmışdır
Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının (DİA) nəşri olan “Dövlət idarəçiliyi:
nəzəriyyə və təcrübə” elmi-nəzəri
jurnalının ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş xüsusi
buraxılışı çapdan
çıxmışdır.
AzərTAc
xəbər verir ki, xüsusi tərtibatda, nəfis şəkildə
çap olunmuş jurnalın son nömrəsinin üz
qabığında ulu öndərin böyük portreti
verilmişdir.
Jurnalın
ilk səhifəsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dövlət bayrağının fonunda əks
olunmuş portreti və dövlətimizin
başçısının “Biz xalq üçün
çalışırıq, qururuq, yaradırıq, ölkəmizi
gücləndiririk” sözləri ilə açılır.
“Dövlət idarəçiliyi: nəzəriyyə
və təcrübə” jurnalının xüsusi
buraxılışında yer alan ilk analitik yazı Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli
Həsənovun “Heydər Əliyevin Azərbaycanın müstəqilliyi
və milli dövlətçiliyi uğrunda mübarizə
dövründəki fəaliyyəti (yanvar 1990 - iyun 1993-cü
il)” adlanır.
Analitik yazıda Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunması, qorunub
saxlanılması və milli dövlət quruculuğu proseslərində
ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri
tam dolğunluğu ilə öz əksini tapmışdır.
Professor
qeyd edir ki, görkəmli siyasət xadimi və nadir şəxsiyyət
kimi ulu öndər Heydər Əliyevin istər sovet, istərsə
də müstəqillik dövründəki xidmətləri,
Azərbaycana rəhbərliyi illərində respublikanın
sosial-iqtisadi istiqamətində atdığı addımlar,
xalqımızın milli mənəvi dəyərlərinin
qorunması və inkişafı sahəsində
gördüyü işlər haqqında indiyə qədər
çoxsaylı elmi-siyasi araşdırmalar
aparılmış və kitablar yazılmışdır.
Ulu
öndər Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri
və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik
istedadı və dövlətə rəhbərlik
bacarığı, qlobal düşüncə tərzi və
s. keyfiyyətləri onun həyatının mühüm bir mərhələsini
təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində
- Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi
uğrunda apardığı mübarizə dövründə
daha qabarıq formada üzə çıxmışdır.
Müəllif
dərin elmi araşdırmalara əsaslanan məqaləsində
əsas diqqəti Azərbaycan xalqının ciddi və
taleyüklü problemlər qarşısında
dayandığı bir dövrdə - 1990-cı ilin əvvəllərində
ulu öndərin öz həyatını təhlükə
qarşısında qoyaraq milli mübarizə meydanına
atılmasına və həmin andan başlanan və
1993-cü ilin iyununadək davam edən mücadilənin
ayrı-ayrı mərhələlərinə, bu ağır
dövrdə ümummilli liderimizin atdığı müdrik
addımlar sayəsində Azərbaycanın bir dövlət
kimi tarix səhnəsindən silinmək təhlükəsindən
xilas olmasını şərtləndirən amillərə
yönəltmişdir.
Professor
Əli Həsənov məqaləsini bu fikirlərlə
bitirir: “Tarixi proseslərin sonrakı gedişi göstərdi
ki, Heydər Əliyev həm Ali Sovetin sədri, həm də
sonrakı illərdə Azərbaycan Respublikasının
Prezidenti kimi, daim xalqına arxalanaraq və zəngin dövlətçilik
təcrübəsinə, uzaqgörən siyasətinə
söykənərək çox qətiyyətli, müdrik və
səmərəli idarəçilik həyata keçirdi, Azərbaycanın
dövlət müstəqilliyini və milli
inkişafını təmin etdi, respublikada demokratik dövlət
quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti
və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi,
ölkəni dinamik inkişaf yoluna çıxardı və
öz adını xalqımızın dövlətçilik
tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin
BANİSİ və LİDERİ kimi həkk etdi”.
Ümumilikdə
188 səhifədən ibarət olan xüsusi buraxılışda
ümummilli liderimizin Azərbaycanın ictimai-siyasi,
sosial-iqtisadi, mədəni həyatının çiçəklənməsi
istiqamətində titanik fəaliyyətindən, ölkəmizin
dünyaya tanıtdırılması, nüfuzlu dövlətlərlə
və beynəlxalq təşkilatlarla əlaqələrinin təşəkkül
tapması və genişləndirilməsi sahəsində gördüyü nəhəng
işlərdən bəhs edən sanballı elmi-nəzəri
məqalələr yer almışdır.
Bu
yazılar arasında Azərbaycan Respublikası Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimovun “Ümummilli liderin ideyaları Azərbaycan
diasporunun inkişafının təməl prinsipidir”,
DİA-nın rektoru, akademik Urxan Ələkbərovun
“İnsan inkişafı Heydər Əliyev
strategiyasının prioriteti kimi”, Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, YAP Siyasi Şurasının
üzvü, tibb elmləri namizədi Tahir Budaqovun “Azərbaycan
1993-2013: qurtuluşdan tərəqqiyə”, Türkiyənin
ölkəmizdəki səfiri İsmail Alper Coşkunun
“Türkiyə-Azərbaycan münasibətləri”,
İordaniya Haşimilər Krallığının ölkəmizdəki
səfiri doktor Adel Mohammad Adailehin “Hadisələrin qaynar mərkəzində
keçən ömür”, İraq Respublikasının ölkəmizdəki
səfiri Heydər Şiya Əl-Barrakın “Siyasi lider
qürur mənbəyidir”, Dövlət İdarəçilik
Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri
doktoru, professor Əlikram Abdullayev və DİA-nın fəlsəfə
və sosiologiya kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru, professor Etibar Nəcəfovun “Azərbaycançılıq
ideyasının inkişafında ümummilli lider Heydər Əliyevin
rolu”, DİA-nın Regional İqtisadi və Sosial
Araşdırmalar İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü, professor Əli Nuriyevin “XX əsrin 70-80-ci illərində
Heydər Əliyevin iqtisadi inkişaf siyasəti: əsas
nailiyyətlər və onun müasir dövr üçün
əhəmiyyəti”, Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun
direktoru, siyasi elmlər doktoru Elman Nəsirovun “Heydər Əliyevin
mili intibah missiyası və onun yeni mərhələsi”,
DİA-nın şöbə müdiri, tarix elmləri doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa
Quluzadənin “Azərbaycanın dövlətçilik tarixində
Heydər Əliyevin öz yeri vardır”, Dövlət İdarəçilik
Akademiyasının beynəlxalq münasibətlər və
xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə
fəlsəfə doktoru Elçin Əhmədovun “Heydər Əliyevin
xarici siyasət kursu yeni və dinamik inkişaf mərhələsində”
sərlövhəli materiallar və digərləri diqqəti
xüsusilə cəlb edir.
“Dövlət
idarəçiliyi: nəzəriyyə və təcrübə”
jurnalının xüsusi buraxılışında dərc
olunmuş bütün məqalələrin ingilis dilində
xülasəsi verilmişdir.
Jurnalın
redaktoru akademik Urxan Ələkbərovdur.
Nəşrin
redaksiya şurasına Ramiz Mehdiyev (sədr), Fatma Abdullazadə,
Əli Həsənov, Məleykə Abbaszadə, Vahid Axundov,
Fikrət Məmmədov, Əli Əhmədov, Urxan Ələkbərov
daxildirlər.
Xalq qəzeti.- 2013.- 17 may.- S. 3.