Azərbaycan iqtisadiyyatı son bir ildə
3,8% artmışdır
Bu ilin
yanvar-aprel aylarında Azərbaycanda 17,2 milyard manatlıq və
ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
3,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal
edilmişdir.
Dövlət
Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata
görə, ÜDM-in əhalinin hər nəfərinə
düşən həcmi 1 861,9 manat (2 372,8 ABŞ dolları) təşkil
etmişdir və ötən ilin ilk dörd ayı ilə
müqayisədə bu göstərici 2,5% artmışdır:
“Hesabat dövründə qeyri-neft sektorunda istehsal olunmuş əlavə
dəyər əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 10,9% artıb, onun ÜDM-də xüsusi
çəkisi 51,5% təşkil edib. Qeyri-neft sektorunun belə
artımını əvvəlki ilin eyni dövrü ilə
müqayisədə tikintidə əlavə dəyərin 1,4
dəfə, turistlərin yerləşdirilməsi və ictimai
iaşə xidmətləri sahəsində 21,3% artması təmin
edib, bununla yanaşı ticarət və nəqliyyat vasitələrinin
təmiri üzrə xidmətlər sahəsində əlavə
dəyər 9,4%, informasiya və rabitə xidmətlərində
8,9%, nəqliyyat və anbar təsərrüfatında 5,3%, kənd
təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıqda 4,8% artıb”.
ÜDM-in 51,3%-i sənayedə, 2,5%-i
kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıqda, 9%-i tikintidə, 7,8%-i ticarət
və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər
sahəsində, 6,2%-i nəqliyyat və anbar təsərrüfatında,
2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə
xidmətləri sahəsində, 1,8%-i informasiya və rabitə
xidmətləri sektorunda, 12,7%-i sosial və digər xidmət
sahələrində istehsal olunmuşdur, məhsula və
idxala xalis vergilər ÜDM-in 6,7%-ni təşkil etmişdir.
Xalq qəzeti.- 2013.- 17 may.- S. 4.