2013-cü ilin ilk
rübündə Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı
Muxtar
respublikada həyata keçirilən sosial və iqtisadi
islahatların uğurlu nəticələri ulu öndərimizin
90 illiyi ilə əlaqədar “Heydər Əliyev ili” elan
edilmiş 2013-cü ilin ilk rübündə də ictimai və
iqtisadi həyatın əsas xarakteristikasını təşkil
etmişdir. İlin üç ayı ərzində muxtar
respublikada 415304,3 min manatlıq ümumi daxili məhsul istehsal
olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini
11,5 faiz üstələmişdir. 2013-cü ilin yanvar-mart
aylarında hər bir nəfərə düşən
ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq
dövrünə nisbətən 9,9 faiz artaraq 969,7 manat (1235,6
ABŞ dolları) səviyyəsində olmuşdur.
2012-ci ilin müvafiq dövrü ilə
müqayisədə 2013-cü ilin yanvar-mart ayları ərzində
sənaye məhsulunun həcmi 12,6 faiz, əsas kapitala yönəldilən
investisiyalar 9,6 faiz, kənd təsərrüfatının
ümumi məhsulu 4,6 faiz, nəqliyyat sektorunda yük
daşınması 8,9 faiz, informasiya və rabitə xidmətləri
7,1 faiz, o cümlədən
mobil rabitə xidməti 6 faiz, pərakəndə əmtəə
dövriyyəsi 17,5 faiz, əhaliyə göstərilən
pullu xidmətlər 17 faiz, ixracın həcmi 5,3 faiz, əhalinin
gəlirləri 8,9 faiz, hər bir nəfərə düşən
gəlirlər 6,4 faiz, orta aylıq əməkhaqqı isə
5,1 faiz artmışdır.
Sənaye
Cari
ilin ilk rübündə muxtar respublikada 207 milyon 184 min manat həcmində
sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin
müvafiq dövründəki göstəricini 12,6 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2
faizi isə xidmətlərin payına
düşmüşdür. Sənayenin dövlət sektorunda
14 milyon 899 min manatlıq, qeyri-dövlət sektorunda isə 192
milyon 285 min manatlıq məhsul istehsal olunmuşdur.
İstehsal olunan sənaye məhsulunun 93 faizi özəl
sektorun payına düşmüşdür.
Maddi
istehsal potensialının gücləndirilməsi siyasətinə
uyğun olaraq, cari ilin ötən dövrü ərzində
muxtar respublikada dövlət dəstəyi ilə 9 layihə
üzrə istehsal və xidmət obyektləri istifadəyə
verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələri
üzrə 46 layihə üzrə istehsal və xidmət
obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir.
Sənaye istehsalının genişlənməsi ixracın da
həcminə müsbət təsir göstərmiş və
2013-cü ilin ilk rübü ərzində daxili tələbatdan
artıq istehsal olunmuş 37 milyon 689 min Amerika Birləşmiş
Ştatları dolları dəyərində sənaye məhsulu
ixrac istiqamətində göndərilmişdir.
Tikinti-quruculuq
İctimai və iqtisadi fəaliyyətin
bütün sahələrində maddi-texniki bazanın gücləndirilməsi,
iş şəraitinin yaxşılaşdırılması, məhsul
istehsalının artırılması və xidmətlərin
səviyyəsinin yüksəldilməsi məqsədilə
2013-cü ilin yanvar-mart ayları ərzində bütün
maliyyə mənbələri hesabına əsas
kapitala 222 milyon 348 min manat həcmində investisiya yönəldilmişdir
ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən
9,6 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 186
milyon 599 min manatı və ya 84 faizi tikinti-quraşdırma
işlərində istifadə edilmişdir.
2013-cü
ilin yanvar-mart ayları ərzində muxtar respublikada 83 müxtəlif
təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya
təmir olunmuş, 242 müxtəlif təyinatlı obyektin isə
inşası və ya təmiri davam etdirilmişdir. İnzibati
binaların tikintisi üzrə 2013-cü ilin yanvar-mart
ayları ərzində, ümumilikdə, 4 inzibati binanın
yenidən qurulması başa çatdırılmış,
22 inzibati binanın isə tikintisi, yenidən qurulması və
ya əsaslı təmiri işləri hazırda davam etdirilməkdədir.
Həyata
keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri
bütün inzibati ərazimizi, o cümlədən ucqar
yaşayış məntəqələrini də əhatə
etməkdədir. Cari ilin ilk rübü ərzində 11 kənd
mərkəzinin inşasına
başlanılmışdır. Muxtar respublikanın şəhər
və rayonlarında kommunal xidmətlərin
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin
davamı olaraq, cari ilin ilk rübü ərzində “Mercedes”
markalı 1 ədəd qarkürəyən və qumsəpən,
2 ədəd yoltəmizləyən və 3 ədəd
tullantıdaşıyan maşın alınaraq muxtar
respublikaya gətirilmişdir.
Ötən
dövr ərzində muxtar respublikada 5 yaşayış
binasının tikintisi, 7 yaşayış binasının
yenidən qurulması və ya əsaslı təmiri davam
etdirilmiş, hazırda 11 qazanxanada tikinti işləri
aparılmaqdadır. 2013-cü ilin yanvar-mart ayları ərzində
muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına,
ümumilikdə, 92 min 285 kvadratmetr yaşayış sahəsi
istifadəyə verilmişdir ki, bu da 2012-ci ilin müvafiq
dövründəki göstəricidən 4754 kvadratmetr və
ya 5,4 faiz çoxdur.
Muxtar
respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar
səviyyəsində qurulması istiqamətində
reallaşdırılan tədbirlər davam etdirilməkdədir.
“Şəhər su təchizatı və kanalizasiya layihəsi”
çərçivəsində Naxçıvan şəhərinin
içməli su və kanalizasiya sistemləri yenidən
qurulur. Layihə çərçivəsində 1 aprel
2013-cü il tarixə Naxçıvan şəhərində
129,9 kilometr uzunluğunda kanalizasiya və 137,6 kilometr
uzunluğunda içməli su xətləri çəkilmişdir.
Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli,
Şahbuz və Sədərək rayonlarının mərkəzləri
və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin
tikintisi istiqamətində, ümumilikdə, 114,9 kilometr
uzunluğunda içməli su və 102,9 kilometr uzunluğunda
kanalizasiya xətləri çəkilmişdir. Hazırda
içməli su və kanalizasiya xətlərinin çəkilişi
davam etdirilməkdədir. Ötən dövr ərzində
muxtar respublikada 1 kəhriz təmir olunmuş, 1 kəhrizin bərpası,
6 kəhrizin təmiri hazırda davam etdirilir.
Kənd təsərrüfatı
2013-cü
ilin yanvar-mart aylarında 2008-ci ilin müvafiq dövrü ilə
müqayisədə bitkiçilik məhsullarının həcmi
9 dəfə artaraq 1 milyon 139 min manata, heyvandarlıq məhsullarının
həcmi isə 77 faiz artaraq 20 milyon 14 min manata çatmışdır.
“Naxçıvan
Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə
116 ədədi 2013-cü ilin yanvar-mart aylarında olmaqla, cəmi
995 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı
texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2013-cü
ilin yanvar-mart ayları ərzində 55 ədəd müxtəlif
təyinatlı kənd təsərrüfatı texnikası
lizinq yolu ilə məhsul istehsalçılarına
verilmişdir. Ötən dövr ərzində məhsul
istehsalçıları 3 min 961 ton mineral gübrə ilə
təmin olunmuşlar.
Cari
ilin məhsulu üçün 8 min 476 hektar sahədə yazlıq
əkin aparılmış və hazırda bu iş öz
aktiv mərhələsindədir. Son illər ərzində
ümumi tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə
verilmiş, ümumi tutumu 50 ton olan 1 soyuducu anbarın
qurulması hazırda davam etdirilir.
Cari
ilin ötən dövrü ərzində muxtar respublikaya 212
baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə
verilmişdir. 1 aprel 2013-cü il tarixə muxtar respublikanın
bütün təsərrüfat kateqoriyalarında qaramalın
sayı 110 min 899 baş, qoyun və keçilərin sayı
isə 676 min 144 baş olmuşdur ki, bu da 1 aprel 2012-ci il tarixə
olan göstəriciləri müvafiq olaraq 1,6 və 1,9 faiz
üstələmişdir.
2013-cü
ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə
5195,3 ton ət, 11706,6 ton süd istehsal olunmuşdur ki, bu da
2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə
müvafiq olaraq 3,3 və 1,3 faiz çoxdur. Daxili bazarda ət
və yumurtaya olan tələbatın tam şəkildə
yerli istehsal hesabına ödənilməsi istiqamətində
hazırda 5 quşçuluq təsərrüfatının
yaradılması və 1 quşçuluq təsərrüfatının
genişləndirilməsi istiqamətində işlər davam
etdirilməkdədir.
2013-cü
ilin yanvar-mart aylarında 21 milyon 153 min manat həcmində kənd
təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da
2012-ci ilin müvafiq dövründəki göstəricini 4,6
faiz üstələyir.
Nəqliyyat
Babək rayonunun on səkkiz min nəfər
əhalinin yaşadığı 13 yaşayış məntəqəsini
birləşdirən
Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisi məqsədi
ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə 6,3 milyon manat
vəsait ayrılmışdır.
Cari ilin ilk rübü ərzində muxtar
respublikada müasir avtomobil yollarının çəkilməsi,
yenidən qurulması üçün 2 ədəd “CAT”
markalı yükləyici ekskavator və 1 ədəd “CAT”
markalı vərdənə, hava nəqliyyatı
infrastrukturunun yaxşılaşdırılması və əhaliyə
göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi
məqsədilə Naxçıvan Beynəlxalq Hava
Limanına yeni maşın-mexanizmlər gətirilmişdir.
Naxçıvan-Şahbuz-Batabat,
Hacıvar-Vayxır-Sirab, Şəkərnabad-Hacıvar,
Qıvraq-Püsyan-Xanlıqlar, Ayrınc-Qızıl
Qışlaq -Güney Qışlaq və
Ağbulaq-Gömür avtomobil yollarının çəkilişi
davam etdirilməkdədir. Şahbuz rayonunda iki, Babək
rayonunda bir körpünün tikintisi, Şərur rayonunun
Şahbulaq kəndində giriş avtomobil yolunun yenidən
qurulması, Axura kəndində isə körpünün təmiri
davam etdirilir.
İlin əvvəlindən ötən
üç ay ərzində muxtar respublikada nəqliyyat
sektorunda yük daşınması 2012-ci ilin müvafiq
dövrü ilə müqayisədə 8,9 faiz, sərnişin
daşınması isə 7,7 faiz artmışdır. Yük və
sərnişin daşınmasından bütövlükdə
9 milyon 397 min manat gəlir əldə edilmişdir ki, bu da
2012-ci ilin müvafiq dövründəki göstəricidən
7,4 faiz çoxdur.
Rabitə və
informasiya
Sədərək-Ordubad alternativ fiber-optik kabel xəttinin çəkilişi davam etdirilmiş, Şərur rayonunun Axura kəndindəki avtomat telefon stansiyasına 5,4 kilometr, Həmzəli kəndindəki avtomat telefon stansiyasına 5,6 kilometr, Şahbuz rayonunun Badamlı kəndindəki avtomat telefon stansiyasına 3,7 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir. Bundan əlavə, elektron hökumət layihəsi ilə əlaqədar 20 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir.
Naxçıvan şəhərinin
Tumbul kəndində 512, Şərur rayonunun Həmzəli kəndində
128, Babək rayonunun Şəkərabad kəndində 576,
Ordubad rayonunun Çənnəb kəndində 32 nömrə
tutumlu avtomat telefon stansiyaları
quraşdırılmışdır. Bu dövr ərzində
muxtar respublikanın iri yaşayış məntəqələrində
genişzolaqlı internet xidmətlərinin təşkili
istiqamətində tədbirlər davam etdirilmiş, Ordubad
rayonunun Dizə və Unus kəndlərində, Babək
rayonunun Sirab, Didivar, Kərimbəyli və Kültəpə kəndlərində
bu xidmətdən istifadəyə
başlanılmışdır. Bundan əlavə, Ordubad, Culfa
və Şahbuz şəhərlərinin, Babək rayonunun Cəhri,
Ordubad rayonunun Yuxarı Əndəmic və Dəstə, Culfa
rayonunun Əbrəqunus kəndlərində genişzolaqlı
internet xidməti üçün əlavə olaraq yeni
avadanlıqlar quraşdırılmışdır.
2013-cü ilin
yanvar-mart ayları ərzində muxtar respublikada 498 ədəd
yeni stasionar telefon sabit şəbəkəyə
qoşulmuş, 1 aprel 2013-cü il tarixə hər yüz ailəyə
düşən stasionar telefon aparatlarının sayı 67-yə
çatmışdır. 1 aprel 2013-cü il tarixə aktiv
istifadə olunan mobil telefonların sayı 439448 ədəd, əhalinin
hər 100 nəfərinə düşən mobil
telefonlarının sayı isə 103 ədəd olmuşdur.
2013-cü ilin ilk rübü ərzində
muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi
2012-ci ilin müvafiq dövründəki göstəricini 7,1
faiz üstələyərək 11 milyon 231 min manat
olmuşdur. Ümumi xidmətlərin 84,7 faizi mobil rabitə
xidmətinin payına düşmüşdür ki, bu da
2012-ci ilin müvafiq dövründəki göstəricidən
6 faiz çoxdur.
Enerji
Enerji təhlükəsizliyi ilə
bağlı həyata keçirilən tədbirlər istiqamətində
cari ilin ilk rübü ərzində Şərur rayonunda 20,5
meqavat gücündə Arpaçay Su Elektrik
Stansiyasının tikintisi başa
çatdırılmış və hazırda sınaq-sazlama
işləri aparılmaqla yanaşı, stansiyada ilkin mərhələdə
orta hesabla 17 meqavat gücü ilə elektrik enerjisi
istehsalına başlanılmışdır. Eyni zamanda Şərur
rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik
Stansiyasının və Ordubad rayonunda 36 meqavat gücündə
Ordubad Su Elektrik Stansiyasının inşası işləri
davam etdirilməkdədir.
Ordubad rayonunda 110/35/10 kilovoltluq
“Ordubad” elektrik yarımstansiyasının tikinti və avadanlıqlarla
təchiz edilməsi işləri davam etdirilir. Muxtar respublikada
5 ədəd müxtəlif güclü transformator
yarımstansiyasının quraşdırılması və
15,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik
verilişi xətlərinin çəkilişi işləri
başa çatdırılmışdır.
1 aprel
2013-cü il tarixə 80 min 220 əhali
abonenti təbii qazla təmin olunmuşdur. Naxçıvan-Sədərək
yüksəktəzyiqli qaz xəttinin tikintisi işləri
davam etdirilməkdədir.
Sahibkarlıq
Naxçıvan şəhərində
biznes-forumların, işgüzar görüş və
konfransların keçirilməsini, həmçinin yerli məhsulların
tanıdılmasını və satışının təşkilini
təmin etmək məqsədilə Biznes Mərkəzi
yaradılmışdır. Sahibkarlıq subyektlərinin
qeydiyyatı çərçivəsində 2013-cü ilin ilk
rübündə muxtar respublika üzrə 6 hüquqi və
428 fiziki şəxs qeydiyyata alınmışdır. 2013-cü ilin yanvar-mart ayları ərzində bank və
kredit təşkilatları tərəfindən sahibkarlara 9
milyon 989 min 602 manat həcmində kreditlərin verilməsi təmin
olunmuşdur.
Yerli istehsalın
inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar
respublikada 344 növdə məhsul istehsal olunmaqdadır.
Bu məhsulların 115 növü ərzaq, 229
növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq
məhsulları olmaqla, ümumilikdə, 330 növdə məhsula
olan tələbatın yerli istehsal hesabına ödənilməsi
təmin edilmişdir.
2013-cü ilin ilk rübündə
muxtar respublikada əhalinin gəlirləri
bir il öncəyə nisbətdə 8,9 faiz artaraq 324 milyon 742
min manata, onun hər bir nəfərə düşən həcmi
isə 6,4 faizlik artımla 756 manata çatmışdır.
Bu dövr ərzində orta aylıq əməkhaqqının
məbləği 372 manata çatmışdır ki, bu da
2012-ci ilin müvafiq dövründəki göstəricidən
5,1 faiz çoxdur.
Davamlı iqtisadi
inkişaf məşğulluq məsələlərinin də
səmərəli həllini şərtləndirməkdədir.
2003-cü il oktyabr ayının 1-dən 1 aprel 2013-cü il
tarixədək muxtar respublikada 57833 yeni iş yeri
yaradılmışdır ki, bunun da 41478-i və ya 71,7 faizi daimi iş yerləridir. 2013-cü ilin
ilk rübü ərzində yaradılmış 724 yeni iş
yerinin 680-i və ya 93,9 faizi daimi iş yerlərinin
payına düşür.
Humanitar sahə
Cari ilin ilk rübü ərzində Naxçıvan
şəhərində 972 şagird yerlik 10 nömrəli tam
orta məktəb binasının yenidən qurulması başa
çatdırılmışdır. Şərur rayonunun Sərxanlı və
Şahbulaq, Ordubad rayonunun Sabirkənd, Culfa rayonunun Teyvaz,
Şahbuz rayonunun Qızıl Qışlaq və Kükü kəndlərində
tam orta məktəb binalarının tikilir. Naxçıvan
şəhərində 11 nömrəli, Babək rayonunun Cəhri
kəndində 1 nömrəli, Şərur rayonunun
Xanlıqlar, Culfa rayonunun Kırna və Kəngərli rayonunun
Xok kəndlərində tam orta məktəb binalarının
yenidən qurulması davam etdirilir.
Naxçıvan və
Ordubad şəhərlərində, Babək rayonunun Babək,
Sədərək rayonunun Heydərabad qəsəbələrində
uşaq bağçası binalarının tikintisi davam
etdirilməkdədir.
Naxçıvan şəhərində
Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq
Məktəbi binasının tikintisi başa
çatdırılmış, Şərur rayonunda Şərur
Peşə Liseyi binasının tikintisi, Naxçıvan
şəhərində 3 nömrəli Uşaq Musiqi Məktəbi
binasının isə yenidən qurulması davam etdirilməkdədir.
Babək
Rayon Mərkəzi Xəstəxanasının,
Naxçıvan Muxtar Respublika Dəri-Zöhrəvi
Dispanserinin, Yoluxucu Xəstəliklər, Qazanılmış
İmmun Çatışmazlığı Sindromu ilə
Mübarizə və Profilaktika mərkəzlərinin
binasının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının
yenidən qurulması davam etdirilir.
Şərur rayonunun Sərxanlı,
Xanlıqlar və Dəmirçi, Babək rayonunun
Çeşməbasar, Culfa rayonunun Kırna, Kəngərli
rayonunun Xok kəndlərində həkim ambulatoriyası
binalarının tikintisi davam etdirilməkdədir.
Aztəminatlı və sosial
müdafiəyə ehtiyacı olan vətəndaşlar
xüsusi qayğıyla əhatə olunmuş və cari ilin
ötən dövrü ərzində 28 nəfər xəstədə
açıq ürək, 5 nəfər xəstədə
periferik damar, 32 nəfər xəstədə angioqrafiya əməliyyatları
aparılmış, 9 nəfər xəstənin ürək
damarlarına stend qoyulmuşdur.
2013-cü ilin ilk rübündə
muxtar respublikada hər bir nəfərə düşən
aylıq gəlirləri ehtiyac meyarından aşağı
olan ailələrə 866 min 904 manat ünvanlı dövlət
sosial yardımı ödənilmişdir.
Muxtar
respublika əhalisinin sayı 1 aprel 2013-cü il tarixə bir il
öncəyə nisbətdə 8 min 794 nəfər artaraq 429
min 449 nəfər olmuşdur.
(Naxçıvan
Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında
hazırlanmışdır)
Xalq qəzeti.-
2013.- 17 may.- S. 5.