Azərbaycan
müstəqil siyasət yeridir və Avropa İttifaqı ilə yalnız bərabərhüquqlu
tərəfdaş kimi əlaqələri
inkişaf etdirməyə hazırdır
Heç bir qüvvə bizi təzyiq yolu ilə mövqeyimizdən
çəkindirə bilməz.
Azərbaycanda
həyata keçirilən xarici siyasətin əsas prioritetlərindən
biri beynəlxalq təşkiatlarla ikitərəfli əlaqələri
və bərabərhüquqlu
münasibətləri möhkəmləndirmək, bu münasibətləri
qarşılıqlı hörmət, qarşılıqlı
maraqlar və bir-birinin işinə qarışmamaq prinsipləri
əsasında qurmaqdır. Ulu öndər Heydər Əliyev
tərəfindən əsası qoyulan strategiya ölkəmizin
beynəlxalq aləmə inteqrasiyasını getdikcə
sürətləndirdi. Müstəqil dövlətimiz bir
- birinin ardınca beynəlxalq təşkilatlara
üzv oldu və illər keçdikcə həmin təşkilatların
layiqli üzvlərindən birinə çevrildi.
Azərbaycanın
Avropaya inteqrasiyası
ümummili lider Heydər Əliyevin ikinci dəfə
ölkəyə rəhbərliyə
qayıdışından sonra başlamışdır. Müstəqil dövlətimizlə Avropa İttifaqı arasında münasibətlərin
hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi qoymuşdur. Bu sənəd 1996-cı il aprel
ayının 22-də Lüksemburq şəhərində
imzalanmış və sazişi
imzalamış bütün dövlətlər tərəfindən
ratifikasiya edildikdən sonra 1
iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Saziş əməkdaşlığı
möhkəmləndirmək üçün müvafiq mexanizmlər
təmin etməklə, Azərbaycanla Avropa İttifaqı
arasında münasibətlərə yeni təkan vermişdir.
Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət,
investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq
sahələrində genişmiqyaslı əməkdaşlığı
nəzərdə tutur. Onun əsas məqsədlərindən
birini Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı
qanunvericiliyinə uyğunlaşdırılması təşkil
edir.
2000-ci
ildən etibarən Azərbaycan Respublikasının Avropa
İttifaqı yanında Daimi
Nümayəndəliyinin yaradılması və Brüsseldə fəaliyyət
göstərməsi bu nüfuzlu qurumla ölkəmiz
arasında əlaqələri getdikcə möhkəmləndirdi.
Biz bu gün də bu qurumla ikitərəfli əməkdaşlığın
şahidiyik.
Ulu
öndərin daxili və xarici siyasətini uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev beynəlxalq təşkilatlarla
ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə
böyük önəm verir. Dövlətimizin başçısı xarici siyasətin
prioritet sahələrindən söhbət açarkən
demişdir: “Biz ikitərəfli formatı gücləndirməliyik.
İkitərəfli format bizə böyük uğurlar gətirir.
Xüsusilə nəzərə alsaq ki, Azərbaycan ilə
daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin
sayı artır, bizim xarici diplomatiyamız çox fəaldır.
Mənim çoxsaylı xarici səfərlərim bu gözəl
bazanı möhkəmləndirir və ölkəmizə mənim
həmkarlarımın səfərləri və aparılan
danışıqlar ikitərəfli formatı gücləndirir.
Yəni, bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli
əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli
əlaqələrdə tərəfdaş ölkələrin
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər
formalaşdıra bilmişik. Bu, çox vacibdir. Bu, belə də
olmalıdır. Çünki ikitərəfli formatda bərabərhüquqlu
münasibətlər yeganə mümkün olan münasibətlərdir.
Bizim yanaşmamız ondan ibarətdir
ki, siyasətimiz xoşniyyətlidir, əməkdaşlığa,
bütün sahələrdə əməkdaşlığın
dərinləşməsinə yönəldilibdir. Əlbəttə
ki, bu münasibətlər
qarşılıqlı hörmət, qarşılıqlı
maraqlar və bir-birinin
işinə qarışmamaq prinsipləri əsasında
qurulmalıdır”.
Azərbaycan
Prezidentinin beynəlxalq təşkilatlra, xüsusilə Avropa
İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsinə
xüsusi önəm verməsi
2004 - cü il iyunun 14 - də Azərbaycan
Respublikasını Avropa Qonşuluq Siyasətinə daxil etmək
haqqında Avropa İttifaqı Şurasının qərarında
da özünü büruzə verdi. Bu, həmin təşkilatla ikitərəfli əməkdaşlıqda
irəliyə doğru mühüm addım olmuşdur. Avropa
İttifaqı ilə əlaqələrdə daha yüksək
səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən
Avropa Qonşuluq Siyasəti ona daxil olan ölkələr
üçün tərəfdaşlığın gələcək
inkişafı baxımından yeni bir mərhələ olmuşdur. Avropa Qonşuluq Siyasəti ölkəmiz
üçün siyasi, iqtisadi və
inzibati islahatların həyata keçirilməsi və birgə
dəyərlərə hörmət edilməsində konkret irəliləyişə
nail olunması müqabilində Avropa İttifaqınin daxili
bazarında müəyyən paya sahib olma imkanı, vətəndaşların,
əmtəələrin, xidmətlərin və kapitalın sərbəst
dövriyyəsini təmin etmək məqsədilə gələcək
inteqrasiya və liberalizasiya proseslərində iştirak, Avropa
İttifaqına üzv ölkələr
ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq,
güzəştli ticarət əlaqələri və
açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil
cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq,
sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin
əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət
Təşkilatına üzv olmasının dəstəklənməsi
və digər imkanlar yaratmışdır. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq
getdikcə möhkəmlənmiş və bu əməkdaşlığın
əsas istiqamətlərindən birini enerji dialoqu təşkil
etmişdir. Bu çərçivədə Azərbaycan
Prezidenti İlham Əliyevin 2006-cı il noyabrın 7 - də Brüsselə səfəri
zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan
Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumu” Azərbaycan Respublikası və
Avropa İttifaqı arasında enerji dialoqunun genişləndirilməsi
istiqamətində yeni imkanlar yaratmışdır. Bu
Memorandumun əsas məqsədləri Avropa
İttifaqının enerji təchizatının
diversifikasiyası və təhlükəsizliyi, həmçinin
Azərbaycanın enerji infrastrukturunun inkişafı və
müasirləşdirilməsi, enerjidən səmərəli
istifadə, enerjiyə qənaət və bərpa olunan enerji
mənbələrinin istifadəsidir. Məhz bunun nəticəsi
olaraq bu gün Azərbaycan Avropanın enerji təminatında əsas
rol oynayan ölkələrdən birinə çevrilib.
Ölkəmizin Avropa İttifaqının nəqliyyat
və enerji sahələrində təşəbbüslərində
iştirakı beynəlxalq miqyasda
yüksək dəyərləndirilir. Avropa
İttifaqının TRASECA proqramının dəstəyi ilə
“Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq
Konfransın məhz Bakıda keçirilməsi ölkəmizə
göstərilən etimadın bariz nümunəsi idi. 32
ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri
bu konfransda iştirak etmişlər. Konfransda əldə
edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova,
Rumıniya və Bolqarıstanın imzaladığı
“Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün
beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli
Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri
olmuşdur.
“Yeni
İpək Yolu” adlandırılan TRASECA proqramı Mərkəzi
Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini
inkişaf etdirən bir proqramdır. Proqramın məqsədi
qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini
dəstəkləməklə onların alternativ nəqliyyat
yolları vasitəsilə Avropa və dünya bazarlarına
çıxış imkanlarını yüksəltmək və
Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi
Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz
nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.
Azərbaycanın iqtisadi qüdrəti
artıqca beynəlxalq aləmdəki əlaqələri də
möhkəmlənmişdir. Bu da dünya birliyinin diqqətindən
yayınmamışdır. Artıq müstəqil dövlətimiz
beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi
tanınırdı. Respublikamız
hər hansı xarici tərəflə əlaqələr
qurarkən, bu əlaqələrin inkişafını əməkdaşlıq
görüntüsü yaratmaq üçün həyata
keçirmir, Avropa institutları və Avropa ölkələri
ilə münasibətlərə gəldikdə isə onlar Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş
strategiyaya əsaslanır. Bu strategiyaya uyğun olaraq ilk növbədə münasibətlər bərabərhüquqlu olmalı və
əməkdaşlıq edən tərəflərin konkret
maraqlarından irəli gəlməlidir. Ölkəmizin
regionda gündən-günə artan siyasi və iqtisadi çəkisi,
sürətli inkişaf yoluna qədəm qoyması və
davamlı ictimai - siyasi sabitliyin təmin olunması Avropa
İttifaqının Azərbaycana olan marağını
keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir.
İkitərəfli görüşlər, geniş formatlı
danışıqlar, məsləhətləşmələr
Avropa İttifaqı kuluarlarında gedən fikir mübadilələri
zamanı da bunun şahidi oluruq. Artıq 2008-ci ilin fevralından etibarən Avropa Komissiyasının
Azərbaycan Respublikasındakı Nümayəndəliyi
Bakıda fəaliyyət göstərir. Bundan sonra Azərbaycan
- Avropa İttifaqının əməkdaşlığı
yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan
və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın
yüksək səviyyədə davam etdirilməsi beynəlxalq
ekspertlər tərəfindən də yüksək dəyərləndirilir.
Azərbaycanla
Avropa İttifaqı arasındakı əməkdaşlığın
yüksələn xətt üzrə inkişafı təbii
ki, erməni lobbisini, bəzi ermənipərəst mövqedə
olan siyasi riyakarları və hələ də ikili mövqe
nümayiş etdirməkdən əl çəkə bilməyən
bir sıra beynəlxalq qurumları çox ciddi narahat edir. Onlar
qərəzli, qeyri - obyektiv bəyanatlar səsləndirməklə
ölkəmizə təzyiq etmək istəyirlər və bu yolu seçməklə Avropa İttifaqının Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
mövqeyini və bu problemin nizamlanmasında qurumun fəaliyyətini zəiflətmək
istəyirlər. Məlum olduğu kimi, qanunverici qurum olan
Avropa Parlamenti bu günədək
qəbul etdiyi çoxsaylı qətnamələrdə (misal
üçün, 2010-cu ildə Cənubi Qafqaz bölgəsi
ilə bağlı, 2012-ci ildə Azərbaycan və Ermənistanla
aparılan assosiasiya sazişi üzrə
danışıqlarla bağlı) Azərbaycan ərazilərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunduğunu bəyan edərək
işğalçı qüvvələrin Dağlıq
Qarabağ bölgəsi daxil olmaqla bütün işğal
olunmuş ərazilərdən dərhal
çıxmasını tələb etmişdir. Avropa
Parlamentinin prezidenti Martin Şultz müsahibələrinin birində mövqeyini açıq şəkildə
səsləndirərək demişdir: “Bizim mövqeyimiz Azərbaycanın
beynəlxalq tanınmış sərhədləri çərçivəsində
onun suverenliyi və ərazi bütövlüyünə
hörmətə əsaslanır. Bunun üçün də
Avropa Parlamenti dəfələrlə BMT TŞ qətnamələrinə
uyğun olaraq işğalçı qüvvələrin Azərbaycan
torpaqlarından çıxmasını tələb
etmişdir”.
Bütün
bunlara baxmayaraq, Avropa parlamentinin bəzi nümayəndələri
ikili standart nümayiş etdirərək ölkəmizdəki
inkişafı görməməzliyə vurur,
işğalçı Ermənistana açıq şəkildə
dəstək verirlər. Ötən günlərdə Avropa
parlamentinin bir qrup deputatının Azərbaycan hökuməti
ilə razılaşdırılmadan Dağlıq Qarabağ
bölgəsinə səfər etmələri və ermənilərə
“Biz sizin nökərlərinizik. Hər bir sifarişinizi yerinə
yetirməyə hazırıq deməklə” - bu qurumun
nüfuzuna böyük zərbə vurmuşlar. Azərbaycana
birinci dəfə gələn və
Azərbaycan haqqında ümumiyyətlə heç bir məlumatı
olmayan Avropa Komissiyasının elektron məsələləri
üzrə vitse-prezidenti xanım
Neelie Kroesin ölkəmizdə
internet azadlığı barədə qərəzli bəyanat
verməsi onun ermənipərəst mövqeyindən irəli
gəlmişdir. Çünki bu gün Azərbaycanda internet
azadlığı olması barədə beynəlxalq aləmdə
yüksək fikirlər səsləndiyi bir vaxtda xanım Neeli
Kroes təmsil olunduğu qurumun şərəfinə ləkə
gətirən qərəzli bəyanat vermişdir. Xanım
Neelie Kroes Azərbaycanda BMT-nin təşkilatçılığı
ilə keçirilən VII İnternet İdarəçiliyi
Forumunun açılış sessiyasına və mərasiminə
dəvətli olsa da, nədənsə
bu mühüm tədbirlərə gəlmədi.
Görünür belə bir mötəbər tədbirin
ölkəmizdə keçirilməsi Neelie Kroesin
qısqanclığına səbəb olub.
Onu
da qeyd edək ki, VII Beynəlxalq İnternet İdarəçiliyi
Forumu BMT-nin təşkilatçılığı ilə
keçirilmişdi. Bu Foruma 1500-dən artıq internet idarəçiliyi
ilə məşğul olan xarici mütəxəssis, rəhbər
gəlmişdi və 20-dən artıq ölkənin nazirləri
iştirak edirdi. Bu nümayəndələrin arasında
BMT-nin Baş katibinin müavini, Beynəlxalq Telekommunikasiya
İttifaqının Baş katibi cənab Ture, İnternet
İdarəçilik Korporasiyasının prezidenti cənab
Fadi Şehad, ABŞ Beynəlxalq İnternet Cəmiyyətinin
prezidenti xanım Lin St. Amur, ABŞ Dövlət Departamentindən
İnformasiya və Kommunikasiya üzrə baş koordinatoru cənab
Vervyer, “Google” şirkətinin vitse-prezidenti cənab Vinton Serf
və İnternet İdarəçiliyi sahəsində onlarla
belə yüksək mənsəb sahibləri vardı.
Yuxarıda adlarını sadaladığım rəhbər
nümayəndələr, eyni zamanda, Böyük
Britaniyanın, Sloveniyanın, Misirin nazirləri, eləcə də
digər natiqlərin əsas mövqeyi ondan ibarət idi ki, Azərbaycan
İnternet İdarəçiliyi sahəsində, həqiqətən
də, böyük uğurlar qazanıb. Azərbaycanda internet
azadlığı var. Dünya ictimaiyyəti İnternet
İdarəçiliyi sahəsində, ifadə
azadlığının təmin edilməsində Azərbaycan
hökumətinin fəaliyyətinə yüksək qiymət
verərək Azərbaycanı regionun lideri hesab etdiyi bir vaxtda
, Avropa Komissiyasının nümayəndəsi xanım Neelie Kroes isə
qarayaxmalarla məşğul olur.
Almaniyalı
deputat Kartin Verner ölkəmizə qarşı belə
böhtan və qərəzli fikirlər səsləndirənlərə
cavab olaraq demişdir ki, 2012 - ci ildən Qoşulmamaq Hərəkatının
üzvü olan Azərbaycan iqtisadi qüdrətinin artması
fonunda suveren, tarazlaşdırılmış siyasət
yeridir. Avropa İttifaqı isə əksinə,
özünün uğursuz böhran menecmenti ucbatından,
başqa ölkələr üçün cəlbediciliyini
xeyli itirmişdir. Azərbaycanın Avropa İttifaqına daxil
olmaq perspektivi görünmür, enerji təhlükəsizliyi məsələsinə
gəldikdə isə, Azərbaycan Avropa İttifaqından yox,
əksinə, məhz Avropa İttifaqı Azərbaycandan neft və
qaz idxal edir. Azərbaycanı nöqsanlara görə tənqid
etmək yox, demokratiya zəminində qazandığı
uğurlara görə tərifləmək lazımdır. Əslində
indi Azərbaycan iqtisadiyyatı çox dinamik inkişaf edir.
Yoxsulluq səviyyəsi xeyli azalmış, əhalinin gəlirləri
isə nəzərəçarpacaq dərəcədə artmışdır.
Belə faktları istənilən qədər sadalamaq olar.
Beynəlxalq qurumların, xüsusilə Avropa Parlamentinin bəzi
üzvlərinin ölkəmiz haqqında səsləndirdikləri
qərəzli, böhran xarakterli fikirləri isə Azərbaycana
təzyiq kimi dəyərləndirilməlidir. Bu gün ölkəmiz
müstəqil siyasət yeritdiyindən heç bir dövlətin
və ya beynəlxalq təşkilatın bizimlə təzyiq
yolu ilə danışmağa haqqı çatmır. Ölkə
başçısı İlham Əliyev də öz
çıxışlarında bunu qəti şəkildə
bildirərək demişdir: “Azərbaycana təzyiq və
şantaj etmək mümkün deyil. Qara yaxmaq, böhtan yaymaq
olar, ancaq bunlar bizə yapışmır. Çünki
reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir
ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik
inkişaf edən sosial dövlətdir... Biz müstəqil
siyasət aparmağa qadirik, bunu edirik. Hətta ən çətin
dövrdə, iqtisadiyyatımız ağır vəziyyətdə
olan dövrdə biz yolumuzdan dönməmişik, qaldı ki,
indi. Azərbaycan regionda lider ölkədir. Cənubu Qafqaz
iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan
iqtisadiyyatıdır”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 17 may.- S. 6.