Böhran içində boğulan Ermənistanda zorakılıq son həddə çatıb

 

Ermənistanda sosial-iqtisadi və siyasi vəziyyət gündən-günə daha da pisləşir. Yerli politoloqların bildirdiyinə görə, ölkə artıq sosial partlayış ərəfəsindədir. Əhali hakimiyyətin fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən ciddi narazıdır. Xalq kütlələri ölkədəki vəziyyətə görə hakim partiyanı ittiham edir, onu istefaya səsləyir. Serj Sarkisyan iqtidarının hələ də saxtakarlıq, zorakılıq yolu ilə hakimiyyətdə qalmaq siyasətini davam etdirməsi, müxalifəti zorakılıqla susdurması etirazları daha da artırır. Ermənistanda bütün seçkilərin, o cümlədən İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərin total saxtakarlıq şəraitində baş tutması ermənilərin səbrini daşırıb.

Qeyd edək ki, mayın 5-də baş tutan seşkilərdə hakimiyyətdə olan Ermənistan Respublika Partiyası “qalib” gəlib. Məlumatlara görə, 464 məntəqənin hamısında bülletenlərin sayılmasından sonra partiya seçicilərin 55,89 faizinin səsini alıb. İkinci yeri “Çiçəklənən Ermənistan” (23,07 faiz), üçüncü pilləni isə “Salam İrəvan” partiya bloku (8,48 faiz) tutub. Yəni şuraya 3 siyasi qüvvə – Ermənistan Respublika Partiyası, “Çiçəklənən Ermənistan” və “Salam İrəvan” bloku daxil olub.  İstər səsvermə zamanı, istərsə də, ümumilikdə, seçki prosesi dövründə total saxtakarlıq faktları diqqətdən yayınmayıb. Həmin müddətdə Ermənistan Daxili İşlər Nazirliyinə edilən zənglərin böyük əksəriyyətində iqtidar partiyasının nümayəndələrinin seçiciləri ələ almaq üçün pul payladıqları bildirilib. Polis faktların çoxunu ört-basdır etməyə çalışsa da, gözə kül üfürmək üçün bəzi kiçik insidentlər barədə ictimaiyyətə məlumat vermək məcburiyyətində qalıb.   Məsələn, Ermənistan DİN mətbuat xidmətindən verilən açıqlamada bilidirilib ki,  İrəvan şəhəri, Kanakera küçəsi, 26-cı binada namizədlərin dəstəklənməsi üçün “Çiçəklənən Ermənistan” partiyası adından pul paylanılıb. Bundan başqa, iditor.org saytı Arian Soqayan adlı facebook istifadəçisinin səhifəsinə istinadən Qurqen Arsenyana məxsus “Arsoyl” şirkətinin Qulbenkyan küçəsindəki ofisində seçicilərə pul paylanması haqqında xəbər yayıb.

Təbii ki, seçki saxtakarlıqları və ölkədəki ümumi sosial-iqtisadi, siyasi durum xalqı hiddətləndirir. Hökümət ölkədə etirazların qarşısını almaq üçün  həbsləri davam etdirir. Bir çox siyasi fəal evindəcə həbs edilir. Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin gənc fəalları Tiqran Arakelyan xuliqanlıq və “polisə qarşı zorakılıq tətbiq etməkdə” ittiham olunur və 6 il müddətinə, Sarkis Qevorqyan, David Kiramicyan və Artak Qevorqyan “xuliqanlıq” maddəsi ilə 2 ildən 3 ilədək həbsə məhkum ediliblər. Onların daha 3 yoldaşına 2 il müddətinə şərti həbs qətimkan cəzası kəsilib. Bu ayın əvvəllərində İrəvanda EMK-nın fəalları həbs olunmuş gənc silahdaşlarının müdafiəsi üçün Ermənistan Baş Prokurorluğu qarşısında növbəti etiraz aksiyasını keçiriblər. Piket iştirakçılarının əllərindəki şüarlarda həbs olunmuş gənclərin azadlığa buraxılması, ədalətsiz  qərar qəbul edən hakimin cəzalandırılması, “cinayətkar hakim Respublikaçılar Partiyasının ləğv olunması”, “Azad Ermənistan” tələbləri yazılıb. Hakimiyyətin saxtakarlığa, zorakılığa söykənən siyasətinə etiraz edən “İrs” partiyası da 7 gün ardıcıl olaraq İrəvanın “Azadlıq” meydanında mitinqlər keçirmək niyyətindədir. Paytaxt meriyasının məlumatına görə, “İrs” partiyasının sədr müavini Armen Martirosyan İrəvan meriyasına 24-30 may tarixlərində saat 11:00-dan 23:00-dək bir neçə mitinqin keçiriləcəyi barədə bildiriş təqdim edib. Təqdim edilən bütün bildirişlər qəbul olunub. Bu isə o deməkdir ki, meriya “İrs” partiyasının mitinq keçirməsinə qadağa qoymayıb. Daha doğrusu, hakimiyyət mitinqə qadağa qoymaqdan ehtiyyat edib. Çünki Serj Sarkisyan yaxşı anlayır ki, əgər siyasi partiyanın mitinqinə qadağa qoysa, etirazlar daha da artar və kütləvi iğtişaşlar, vətəndaş itaətsizliyi bütün ölkəni bürüyə bilər.

Ermənistanda ən böyük problemlərdən biri də yoxsulluğun səviyyəsinin getdikcə yüksəlməsidir. Hakimiyyətdə olan rəsmilərin ölkə iqtisadiyyatında guya dirçəliş baş verməsi, işsizliyin getdikcə azalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqqında ağızdolusu danışıb dünya ictimaiyyətinə yalan məlumatlar vermələrinə baxmayaraq, faktlar tamamilə bunun əksini deyir. Hətta iş o yerə çatıb ki, güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan “Ermənistan xəbərləri” jurnalı da ölkədə mövcud real həqiqətlərin tamam fərqli olduğunu bildirir. Burada qeyd olunur ki, Ermənistanda gənclərin çoxu işsizdir. Ölkə rəhbərliyinin işsizliyin azalması baradə pafoslu məlumatına baxmayaraq, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik getdikcə artmaqdadır. Qeyri-rəsmi məlumatlara görə, ölkədəki gənclərin 80-85 faizi işsizdir.

Ermənistanda xarici borcların artması isə vəziyyəti daha da pisləşdirir. Məlumat üçün bildirək ki, 2013-cü il martın 31-nə Ermənistanın dövlət borcu 4,205 milyard dollar təşkil edir. Dövlət borcunun ümumi həcmindən hökumətin borcu 3,66 milyard, Mərkəzi Bankın borcu isə 546 milyon dollar təşkil edir. 2013-cü ilin proqnozlarına görə, ilin sonuna Ermənistanın ümumi borcu 4,394 milyard dollar olacaq. Buna görə erməni separatizminin müasir mərhələdə əsas müəllifi olan akademik Abel Aqanbekyan Ermənistanın iqtisadi inkişafından xeyli narazıdır. Onun fikrincə, Ermənistan iqtisadi inkişafına görə inkişaf etməkdə olan dövlətlərdən 7 dəfə geri qalır. Bu barədə  danışan Siyasi İnnovasiya Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Aqanbekyanın sözlərini xatırladaraq deyib ki, Ermənistanda adambaşına düşən ÜDM 5,5 min dollar olduğu halda, bu rəqəm Rusiyada 20 min, “G-7” ölkələrində isə 40 min dollardır. Aqanbekyanın fikrincə, Ermənistanın ən böyük problemlərindən biri ölkənin iqtisadi sosial baxımdan geri qalmasıdır: “Abel Aqanbekyan Ermənistanın iqtisadi inkişafı üçün “10 klaster İqtisadi İnkişaf Sxemi”ni təklif edir. Onun fikrincə, bu sxem yaxın 10 ildə Ermənistanın ümumu ÜDM-ini 16,3 milyard dollar artıra bilər. Aqanbekyan keçmiş SSRİ-nin prezidenti Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri idi. Onunnəzəriyyəsinəgörə, SSRİ-nin iqtisadi inkişafı üçün Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə qatılması  vacibdi. Bu da nəticəsi. Bu anlamda keçmiş xarici işlər naziri Vardan Oskanyan Aqanbekyandan azacıq geri qalır. Xarici işlər naziri işləyəndə Ermənistanınpələng sıçrayışlarınıtəbliğ edirdi. İndi isə Ermənistanı tənqid edir, onu virtual dövlət adlandırır”. Digər vacib problem paytaxt İrəvanla digər regionların inkişafı arasındakı fərqdir. Nəzərə alsaq ki, paytaxtda da elə bir ciddi inkişaf prosesləri diqqəti cəlb etmir, onda vəziyyətin necə dəhşətli bir həddə çatdığını təsəvvür etmək olar.

Beynəlxalq Valyuta Fondu  Ermənistanda 2013-cü il üçün ÜDM-in inkişafının ən çoxu 4,5 faiz olacağını proqnozlaşdırır. Dövlət büdcəsində bu rəqəm 6,2 faiz nəzərdə tutulub. 2012-ci ildə isə rəsmi rəqəmlərə görə ÜDM-in inkişafı 7,2 faiz olub. 2014-cü il üçün BVF-nin proqnozu daha pessimistdir - 4,1 faiz. Ermənistanıniqtisadi faciəilə üzbəüz qaldığını bildirən  Aram Manukyan da  vurğulayıb ki, Ermənistan həm bütün regional layihələrdən təcrid edilib: “Neft, qaz, dəmiryolu layihələri Ermənistandan artıq ötüb-keçib. Bu, bizim hakimiyyətin ağılsız, məsuliyyətsiz təbii ki, gələcəyi olmayan siyasətinin nəticəsidir. Bu donuzabənzər hakimiyyət nəinki bu günümüzü, hətta gələcəyimizi belə təmin edə bilməyəcək”. Azərbaycanın Türkiyə Gürcüstanla birlikdə qarşılıqlı investisiya layihələrini uğurla icra etdiyini qeyd edən Manukyan ölkəsindəki miqrasiya məsələsinə toxunaraq vurğulayıb ki, əgər bu problem tezliklə həll olunmasa, Ermənistan tamamilə boş məkana çevriləcək. Aram Manukyan nəzərə çatdırıb ki, bu günlərdə ErmənistanGürcüstan gömrük keçid məntəqəsində olub erməni ailələrinin kütləvi şəkildə ölkəni tərk etdiklərini şəxsən görüb. Onun sözlərinə görə, hava vasitəsi ilə xaricə gedənlərin sayı daha çoxdur. İrəvandan uça bilməyənlər qonşu Gürcüstana keçərək oradan da seçdikləri xarici ölkəyə uçurlar. Onun sözlərinə görə, Ermənistanda miqrasiya problemi bütün dövrlərdə olub. Lakin heç bir zaman indiki kimi geniş miqyas almayıb: “Bunun əsas səbəbi isə əhalinin əlacsız qalması ümidsizliyidir. Miqrasiyanın artması ona gətirib çıxaracaq ki, 5 ildən sonra Ermənistanda hərbi xidmətə çağırmağa kişi tapılmayacaq. Dövlət vergi yığmaq üçün obyekt tapa bilməyəcək. Dəhşətli hal həm onunla xarakterizə olunur ki, ölkəni yalnız işsizlər yoxsullar yox, həm sanballı adamları tərk edirlər. Onları narahat edən əsas problem qanunsuzluq, rüşvət korrupsiyadır. Miqrasiya bu gün Ermənistanın bir nömrəli problemidir”.

Aram Manukyanın fikirləri reallığı əks etdirir. Sirr deyil ki, Ermənistanda əhalinin miqrasiyası gündən-günə sürətlənir. Erməni rəsmiləri miqrasiya prosesinin sürətlənməsindən, demoqrafik vəziyyətin hədsiz dərəcədə pis olmasından narahatdırlar. Rəy sorğularına görə, ermənilərin 40 faizi ölkəni tərk etmək istəyir. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, sərhəd buraxılış məntəqələri vasitəsilə həyata keçirilən xarici sərnişin dövriyyəsinin ümumi həcmi 2013-cü ilin yanvar-mart aylarında 826,7 min nəfər təşkil edib. Üç ay ərzində Ermənistanın bütün sərhəd buraxılış məntəqələrindən ölkəyə gələnlərin ümumi sayı 394 min 825 nəfər olub. Bundan 223 min 710 nəfəri Ermənistan vətəndaşı olub. Gedənlərin sayı isə 259 min 210 nəfəri Ermənistan vətəndaşı olmaqla 431 min  923 nəfər təşkil edib. Bununla da, 2013-cü ilin ilk aylarında Ermənistana gələn gedənlərin ümumi balansında mənfi saldo yaranıb. Yəni Ermənistan necə deyərlər, səhralaşmaqdadır.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 17 may.- S. 6.