Qalib “Cəsurlar” və “Şahinlər” mükafatlandırıldı

 

“Cəsurlar” və “Şahinlər” hərbi-idman və turizm oyunlarının aprel ayında Bakıdakı Cəmşid Naxçıvanski adına hərbi liseydə başa çatan respublika turunda yüksək yerlərə layiq görülmüş paytaxtın Xətai rayonunun 138 saylı məktəbinin iki komandası dünən rayon icra hakimiyyəti tərəfindən “Fəxri fərman”lar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 Ənənəvi olaraq  Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirlikləri, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası və Respublika Veteranlar Şurası kollegiyalarının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilən yarışın respublika turunda  məktəbin “Cəsurlar” komandası birinci, “Şahinlər” komandası isə ikinci olmuşdur.

Tədbirdə qalibləri təbrik edən Xətai  Rayon İcra Hakimiyyətinın başçısı Razim Məmmədov bildirmişdir ki, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Cəsurlar” və “Şahinlər” hərbi idman və turizm oyunlarının builki seçmə mərhələsi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə təsadüf etdiyi üçün daha gərgin və maraqlı olmuşdur. Belə əlamətdar bir gündə rayonumuzun 138 saylı məktəbinin iki komandasının yüksək yerlər tutması bizi sevindirməyə bilməz.  Çünki ulu öndərin ümumtəhsil məktəbləri qarşısında qoyduğu mühüm vəzifələrdən biri də gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğı ilə yanaşmaq, onların ilk növbədə Vətənə layiqli əsgər kimi hazırlanması olmuşdur.

Çıxışda qeyd olundu ki, rayonun 15 məktəbi bu yarışlarda xüsusilə fərqlənmişdir ki, bu da ümumtəhsil ocaqlarında hərbi vətənpərvərlik tərbiyəsinə yüksək diqqətin nümunəsi sayıla bilər. Bu yarışlar həm də məktəb şagirdlərinin ordu sıralarına xidmətə hazırlanmasına göstərilən qayğıdır.

Çıxışlardan sonra “Cəsurlar” və “Şahinlər” hərbi-idman və turizm oyunlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Sonda qalib komandanın üzvləri hərbi marşın sədaları altında nizami addımlarla tribunanın qarşısından keçərək rayon rəhbərliyini salamladılar.

 

 

İlqar RÜSTƏMOV.

 

Xalq qəzeti.- 2013.- 17 may.- S. 7.