Azərbaycan Turizm İnstitutunda tələbələrlə görüş

 

Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, bu ali təhsil ocağında Hilton Baku otelinin əməkdaşları ilə tələbələrin görüşü təşkil edilmişdir.

Təqdimat-seminar formatlı təşkil olunan tədbirdə Hilton Baku otelinin treninq meneceri Gülnar Quliyeva çıxış etmişdir. O, çalışdığı otellər şəbəkəsinin əsasının 94 il əvvəl ABŞ-da Konrad Hilton tərəfindən qoyulduğunu, fəaliyyət göstərdiyi bəzi illərdə hətta müflisləşdiyi vaxtlar olduğunu diqqətə çatdırmışdır. “Dünyanı qonaqpərvərlik işığı və istisi ilə sevindirək” devizinə hər zaman sadiq qaldıqlarını xüsusi vurğulayan qonaq, Hilton Worldwide şirkətinin dünya üzrə 3900 otelində insanların rahatlığı üçün 630 000 otaq təşkil edildiyini bildirmişdir. O, tələbələrin diqqətinə çatdırmışdır ki, qonaqpərvərlik biznesində təkcə otellər şəbəkəsindəki otaqların sayına görə deyil, əsasən göstərilən yüksək xidmət mədəniyyəti sayəsində mənfəət, eyni zamanda nüfuz qazanmaq olar. Qonağın çıxışında bir fakt xüsusi diqqətə çatdırılmışdır ki, Hilton Baku iş prosesində komanda şəklində fəaliyyətə önəm verir. Elə bu səbəbdən Hilton Baku otelinin nüfuzu gündən-günə artır.

Təqdimat-seminarda institutun tələbələri əsasən karyeranı necə qurmaq olar, Hilton Bakuda çalışmaq üçün başlıca şərt nədir, komanda deyilən heyətdə bizləri görmək istərdinizmi, otellərdə vəzifə bölgüsü necə aparılır digər başqa suallara aydınlıq gətirilməsini istədiklərini bildirmişlər. Onların suallarını cavablandıran İnsan resursları üzrə kordinator Rəşad Hüseynzadə gələcək ixtisaslı turizmçilərlə görüşdən məmnun qaldığını diqqətə çatdırmışdır.

 ATİ-nin mətbuat xidmətindən həmçinin bildirmişlər ki, Azərbaycan Turizm İnstitutu Azərbaycan Sosial İctimai Birliyinin təşkilatçılığı ilə Böyük Britaniyanın Durham Universiteti Saint Mary Kollecinin direktoru, sosial üzrə professor cənab Saymon Hakett Bakıya gəlmişdir. İnstitutda təşkil edilən tədbirdə qonağın tələbələrlə görüşü keçirilmişdir.

Professor S. Hakettlə görüş dialoq—müzakirə formasında təşkil olunmuşdur. ATİ tələbələrinin analitik-tənqidi xarakterli sualları professor Saymon Hakett və Azərbaycan Sosial İş İctimai Birliyinin icraçı direktoru Aytəkin Hüseynli tərəfindən ətraflı cavablandırılmışdır. İnstitut tələbələrinin ingilis dilində öz fikirlərini sərbəst ifadə etmələri, düşüncələrindəki müstəqillik görüş iştirakçılarında, əsasən də qonaqda xoş təəssürat yaratmışdır. Böyük britaniyalı qonaq Saymon Hakett institut tələbələrinin bilik səviyyəsindən razı qaldığını xüsusi diqqətə çatdırmışdır.

 İnstitutda təşkil edilən görüşün sonunda kollecin direktoru ATİ rəhbərliyi tərəfindən səmimi qarşılandıqları üçün onlara təşəkkür etmişdir. Həmçinin bundan sonra təşkil olunacaq və müxtəlif mövzuları əhatə edən dialoq—müzakirə formatındakı görüşlərə hər zaman hazır olduqlarını da xüsusi vurğulamışdır.

 

 

Z.BƏŞİRQIZI.

 

Xalq qəzeti.- 2013.- 18 may.- S. 4.