Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri

 

 Azərbaycanda bu gün  reallaşdırılan sosial-iqtisadi, siyasi strategiyanın ən əsas prinsiplərindən biri də şəffaflıqdır. Bu, vətəndaşlarla qarşılıqlı münasibətlərdə mənfi halların, korrupsiya elementlərinin yaranmasının qarşısını alan başlıca amillərdən biridir. İndiyə kimi şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılması məqsədilə bir neçə normativ hüquqi akt qəbul edilmiş, bir sıra mühüm institusional tədbirlər həyata keçirilmişdir.

 Bununla bağlı bir fakta diqqət yetirək.  Heç kəsə sirr deyil ki, pul hesablaşmalarının, dövlət qurumlarına məcburi ödənişlərin nağd qaydada aparılması şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılmasında maneələr törədir, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır. Belə halların aradan qaldırılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə dövlət yol polisinə, gömrük xidmətinə və digər dövlət qurumlarına cərimələrin, rüsumların və digər ödənişlərin POS-terminal vasitəsilə, yaxud  elektron qaydada həyata keçirilməsi tapşırığı verilmişdir. Bundan başqa, ölkəmizdə müasir milli ödəniş sisteminin yaradılması məqsədilə elektron hesablaşma mexanizmi yaradılmışdır. Bu isə öz növbəsində ödənişlərin real vaxt rejimində elektron qaydada və ya plastik kartlar vasitəsilə şəffaf, təhlükəsiz, səmərəli reallaşdırılmasına geniş imkanlar açır. Son dövrlərdə əhalinin mütləq əksəriyyətinin plastik kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının kütləviliyi üçün əlverişli şərait yaradır.

Yeri gəlmişkən, respublikamızda nağd hesablaşmaların məhdudlaşdırılması və alqı-satqı əməliyyatlarının əsasən nağdsız ödəmələr vasitəsilə aparılması sisteminə keçilməsinə təxminən 8 il əvvəl start verilib. Dövlət başçısının sərəncamı ilə 2004-cü ilin dekabrında  “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi isə nağdsız hesablaşmaların tətbiqi prosesini gücləndirib. Xatırladaq ki, istənilən prosesdə şəffaflıq yaratmaqla yanaşı, nağd hesablaşmaların məhdudlaşdırılması antiinflyasiya tədbirlərindən biri kimi də həyata keçirilir ki, bu prosesin də tərkib hissəsi pos-terminalların tətbiqidir.

Dövlət başçısının imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmana nəzər salaq. Adı çəkilən sənəddə elektron xidmətlərin göstərilməsi və ödəmələrin elektron qaydada təşkili ilə bağlı dövlət orqanlarına və Nazirlər Kabinetinə tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı bütün dövlət qurumları tərəfindən vahid koordinasiya şəklində qarşıya qoyulan tələbləri yerinə yetirmək istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Onu da xatırladaq ki, Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli qərarı ilə dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsi barədə qaydaları və elektron xidmət növlərinin siyahısını təsdiq etmişdir.

Artıq dövlət orqanlarının rəsmi internet səhifələrində  elektron xidmətlər bölməsi yaradılaraq, göstərilən xidmət barədə məlumatlar yerləşdirilmişdir. Məsələn, Vergilər Nazirliyi tərəfindən əhaliyə, xüsusilə sahibkarlara göstərilən elektron xidmətlər-sahibkarlıqla məşğul olmaq istəyən hər bir vətəndaş heç bir yerə getmədən internet vasitəsilə adı çəkilən nazirliyə müraciət edərək vergi ödəyicisi kimi qeydiyyatdan keçə bilər, elektron qaydada vergi bəyannamələrini təqdim edə və vergiləri ödəyə bilər. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara birbaşa təmas və əlavə vaxt itkisi olmadan elektron xidmətlərin həyata keçirilməsinin nə dərəcədə səmərəli olmasına dair yalnız bir misaldır. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin, Rabitə və İnformasiya Texnologiyaları, Ədliyyə, Səhiyyə nazirliklərinin və digər qurumların həyata keçirdiyi elektron xidmətləri də bu sıraya əlavə etmək olar.

Lakin sözügedən sahədə görüləsi işlər də az deyil. Bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  Prezident İlham Əliyev demişdir: “Maliyyə məsələləri ilə bağlı olan bir məsələni də qeyd etmək istəyirəm. Baxmayaraq ki, mən bu məsələ barədə dəfələrlə fikirlərimi, iradlarımı bildirmişəm və müəyyən işlər görülübdür, ancaq hələ ki lazımi səviyyədə deyildir. Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir. Hesab edirəm ki, bu il daha da ciddi tədbirlər görülməlidir. Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın. 2012-ci ildə doğrudan da, bu sahədə çox böyük işlər görülmüşdür və mən bu işləri qiymətləndirirəm. Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir.”

 İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov  söhbətində bildirdi ki,  POS-terminalların quraşdırılması obyektlərin vergidən yayınmasına imkan vermir. Həm Vergilər Nazirliyi, həm də Mərkəzi Bank ticarət obyektlərinin dövriyyəsinə nəzarət etmək imkanı qazanır. Əksər inkişaf etmiş ölkələrdə POS-terminalların quraşdırılması prosesi artıq başa çatıb. Eyni zamanda, ABŞ və Avropa Birliyinə üzv olan ölkələrdə əməliyyatların, demək olar ki, 80 faizi bu terminallar vasitəsilə aparılır. ABŞ-da əhalinin çox az hissəsi üzərində nağd vəsait gəzdirir. Onlar əsasən kredit kartlarından istifadə edərək əməliyyatları həyata keçirməyə üstünlük verirlər. Azərbaycanda da POS-terminalların quraşdırılması ilə bağlı ümumi vəziyyəti təhlil edən zaman son illər onların sayında kəskin artımın olması nəzərə çarpır.

İnsanların POS-terminallardan istifadə ilə bağlı məlumatlılıq səviyyəsindən danışarkən, V.  Bayramov dedi ki, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Amma bütövlükdə tendensiyanı qiymətləndirsək, son illər plastik kartlardan yararlanan şəxslərin sayında artım var. Mərkəzi Bankın rəsmi məlumatları da göstərir ki, əhali onlardan istifadəyə maraqlıdır. Bu, həm ölkə daxilində plastik kartlardan istifadə imkanlarının olması, həm də xarici səfərlər zamanı insanların özləri ilə nağd pul gəzdirməmləri ilə əlaqədardır. Plastik kartların digər müsbət cəhəti odur ki, pulların qorunması etibarlı şəkildə təmin edilir. Belə ki, əgər nağd pul itərsə, onu geri qaytarmaq mümkün deyil. Amma işlədilən plastik kartla bağlı belə bir hal baş verərsə,  təkcə itən kartın şifrəsini bilməklə vəziyyətdən çıxmaq olar.

Ödəniş kartlarından istifadəni ləngidən digər amil bəzi müəssisələrin hələ də ikili mühasibatlıq üzərində iş aparmasıdır. Hazırda əksər iş yerlərində çalışanlar əməkhaqlarını bu kartlar vasitəsilə əldə edə bilirlərsə, bu xidmətin, ümumiyyətlə, həyata keçirilmədiyi müəssisələr də kifayət qədərdir. Kartlardan zəif istifadə bu amilin rolunun olmasını da təsdiqləyir. Ödəniş kartları, eləcə də POS-terminallardan istifadə tam dövriyyənin qeydiyyata alınmasıdır. Başqa sözlə, bu, o deməkdir ki, iş yerləri və  ticarət obyektləri artıq nağd ödənişlərdən imtina edir. Bu isə ikili mühasibatlığın qarşısını alır, əməliyyatların qeydiyyatını reallaşdırır. Belədə isə təbii ki, vergidən yayınma halları olmur.

Plastik kartlardan zəif istifadənin səbəblərindən biri də əhalidə belə xidmətlərdən yararlanmağa vərdişin olmamasıdır. Etiraf edək ki, Azərbaycan vətəndaşlarında plastik kartlardan istifadə ilə bağlı vərdiş aşağı səviyyədədir. Amma bu hal təkcə bizim respublikada deyil, eyni zamanda MDB ölkələrinin hamısında belədir. Ümumiyyətlə, vətəndaşların plastik kartlardan, iş adamlarının isə POS-terminallardan istifadəsi bir növ vərdişdir. Başqa sözlə, insan plastik kart gəzdirməyə vərdiş edərsə, nağd pul gəzdirməyə marağı olmur. Amma burada inam məsələsi də mühüm  rol oynayır. Belə ki, az istifadənin digər səbəbi odur ki, vətəndaşlar pos-terminaldan alış-veriş edən zaman onlar plastik kartlarından daha çox vəsaitin götürülməyəcəyinə əmin deyillər.

POS-terminalların tətbiqində kredit sistemindən istifadə oluna bilər. Bu sistemin quraşdırılması isə təbii ki,  xərc tələb edir. Amma nəzərə alaq ki, obyektlərin bir çoxunun bu xərci ödəmə imkanı yoxdur. O zaman həmin aparatları quraşdırmaq istəyən satış və xidmət obyektlərinə avadanlıq üçün vəsaitin ödənilməsi məqsədilə müəyyən güzəştlər edilməsi məqsədəuyğundur. Başqa sözlə, obyekt xərci həmin sistem qurulan vaxt deyil, quraşdırılandan sonra müəyyən müddət ərzində ödəsin...

Bank ekvayerlərinin prosesə fəal şəkildə qoşulması nəticəsində zəruri sayda POS-terminalların ölkəyə gətirilməsi təmin edilmişdir. Hazırda respublikanın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan müəssisələrdə və digər sahələrdə POS-terminalların quraşdırılması işi əsasən yekunlaşdırılmışdır.

Vüqar Bayramovun qənaətincə, nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə müəyyən dövr üçün bonus sistemlərin tətbiq edilməsi məqsəduğundur. Bu zaman plastik kartlardan istifadə edərək alqı-satqı edənlərin ödədidiyi vəsaitin bir qismi (məsələn, 3 faizi) sonradan həmin şəxsin hesabına qaytarıla bilər. Bu sistem ötən əsrin 90-cı illərində qardaş Türkiyədə çox uğurla tətbiq edilmişdir. Xatırladım ki, bu, vətəndaşları nağdsız hesablaşmalardan istifadəyə təşviq edir. Bununla da, vətəndaşlarda plastik kartlardan istifadə ənənəsi formalaşır ki, bu da uzun- müddətli dövr üçün nağdsız hesablaşmalardan istifadə üçün zəmin formalaşdırır.

Elektron ticarətin inkişafı üçün bu sahənin ƏDV-dən azad edilməsi də məqsədəuyğundur. Bu, elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı “e-ticarət”in daha da leqallaşdırılmasına səbəb ola bilər. Uyğun təcrübə hazırda ABŞ-da tətbiq edilir.

V. Bayramov söhbətinin sonunda dedi ki, banklar tərəfindən müştərilərə kredit kartları təqdim edilərkən bu kartların kredit imkanlarının nağd olaraq istifadə edilməsini məhdudlaşdırmaqla istifadəçini nağdşız ödənişə məcbur etmək olar. Bundan başqa, bütün ölkə böyu ödənişin bu növünü həyata keçirmə imkanı yaradan texnoloji təchizat vasitələri təmin edilməklə nağd pul daşıma zərurətini aradan qaldırmaq olar ki, bu da nəticədə insanların daha etibarsız-yəni cibində nağd pul daşıma üsulundan istifadə etməməsini sürətləndirər.

 

 

Vaqif BAYRAMOV.

 

Xalq qəzeti.- 2013.- 18 may.- S. 5.