“Mən və başqaları”- mənalı bir ömrün hesabatı

 

İnsan ömrünün faniliyi və bununla yanaşı, ömrün hər anından mümkün dərəcədə səmərəli istifadənin zəruriliyi haqqında klassiklərimizdən üzü bəri çox yazarlar fikir söyləyiblər. Ancaq, deyəsən, problem bu gün də min illər əvvəl olduğu kimi qalır. Hələ də insan cəmiyyəti 50 yaşına çatmayınca dönüb geriyə baxmağa, edib-etmədiklərini götür-qoy etməyə tələsmir.

Və qəfildən 50 yaş qapımızı döyəndən sonra ayılıb görürük ki, bəli, vaxt keçib, fürsətlər əldən verilib, etdiklərimiz etmək istəyib edə bilmədiklərimizin yanında zərrədir. Onda da sonrakı peşmançılıq fayda vermir, geri dönmək, təzədən yaşamaq, nəyisə təzədən düzəltmək mümkün olmur. Görünür, bu, insanın xilqətindəndir.

Bu fikirlərə dostumuz, şərqşünas-alim, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məsiağa Məhəmmədinin bu yaxınlarda “Oğuz Çap” nəşriyyatında çapdan çıxmış “Mən və başqaları” kitabının müqəddiməsində bir daha rast gəldim və bir daha əmin oldum ki, insan övladı hələ də ömrün hər anından səmərəli istifadə etməyin mümkünsüzlüyü problemindən əziyyət çəkir. Məsiağa müəllim də kitabının girişindəki “Ömrün qəlpələri” adlandırdığı bölümdə 50 yaşına çatandan sonra dönüb geriyə baxır, təbii ki, etmədiklərinin etdiklərindən çox olduğunu görüb təəssüflənir. Amma, zənnimizcə, həyatını heç də səmərəsiz yaşamımış insanlarımızdan, alimlərimizdən biri də elə Məsiağa müəllimin özüdür və bəlkə də bu gün o, hamımızdan az təəssüflənməldir.

Bunu ona görə deyirik ki, təkcə “Mən və başqaları” kitabını vərəqlədikcə Məsiağa Məhəmmədinin ömrünü heç də fövtə vermədiyini, vaxtlı-vaxtında yazıb-yaratdığını, şərqşünaslıq elmimizi, onun iranşünaslıq qolunu lazımınca inkişaf etdirdiyini, bu maraqlı və müqəddəs işə həyatının bir sıra illərini həsr etdiyni görürük. O, 1963-cü il may ayının 1-də Şirvan şəhərində (Əli Bayramlı) anadan olub, orta məktəbi əla qiymətlərlə bitirib, Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsində ali təhsilini tamamlayıb. Sovet hökumətinin göndərişi ilə iki il Əfqanıstanda hərbi tərcüməçi kimi fəaliyyət göstərib. Bu gün qan çanağını xatırladan bu zavallı ölkədə müharibə, ölümlər, qanlar içindən keçib. Sovet və Əfqanıstan hökumətlərinin medalları ilə təltif olunub. Geri – Azərbaycana qayıdandan sonra isə Milli Elmlər Akademiyamızın Şərqşünaslıq İnstitutunda işə başlayıb, bu elm məbədində görkəmli şərqşünas-alimlərimiz Ziya Bünyadov, Aida İmanquliyeva, Mübariz Əlizadə, Qəzənfər Əliyev, Rüstəm Əliyev, Gövhər Baxşəliyeva və başqaları ilə çiyin-çiyinə çalışıb. 1989-cu ildə o vaxtadək hətta çox nüfuzlu şərqşünaslar üçün də müəmmalı olaraq qalan farsdilli poeziyada “hind üslubu” barədə namizədlik dissertasiyasını müdafiə edib və Azərbaycan şərqşünaslığında çox vacib mövzuya açar sala bilib.

Məsiağa müəllim, eyni zamanda, Azərbaycanın müstəqilliyinin ilk illərində siyasi təşkilatların formalaşmasında yaxından iştirak edib, Vətəndaş Həmrəyliyi Partiyasının yaradıcılarından biri olub. Qarabağ cəbhəsindən keçib, Bakı Ali Komandirlər Məktəbində fars dilindən dərs deyib. Sonrakı illərdə o, mətbuat sahəsinə baş vurub, “Cahan”, “Bakı-Təbriz” jurnallarını, “Elita” qəzetini buraxıb. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) çalışır. Güman edirik ki, 50 illik ömründə özü üçün bu qədər geniş tərcümeyi-hal yarada bilmiş bir insanın həyatını havayı keçmiş hesab etmək ədalətsizlik olardı. Amma etmədiklərinin etdiklərindən çox olması fikri ilə razılaşmamaq mümkün deyil.

Məsiağa Məhəmmədinin kitabı bir neçə bölmədən ibarətdir: “Mən başqaları haqqında”, “Başqaları mənim haqqımda”, “Mənə yazılmış şeirlər”, “Mənimlə söhbətlər”. Zənnimizcə, bu bölmələrin hər biri özü haqqında müəyyən təsəvvür yaradır. Birinci - “Mən başqaları haqqında” adlanan bölmədə Məsiağa müəllim Azərbaycan elmi və ədəbiyyatının görkəmli xadimləri – Rüstəm Əliyev, Ziya Bünyadov, Qəzənfər Əliyev, Əlibala Hacızadə, türkoloq-alim Qədir İsmayıl, mərd və xeyirxah insan, dünyadan vaxtsız getmiş şair Nizami Məmmədcanlı və başqaları haqqında ürək sözlərini, isti və hərarətli hisslərini oxucuları ilə bölüşür.

İkinci hissədə başqaları - Əlibala Hacızadə, Nizami Cəfərov, Cavanşir Yusifli, Zümrüd Rəhimova, Laura Cəbrayıllı, Paşa Əlioğlu və s. alim və qələm dostları Məsiağa müəllim haqqında fikirlərini qeyd edirlər.

Bütövlükdə Məsiağa Məhəmmədinin “Mən və başqaları” kitabını 50 illik ömrün hesabatı da hesab etmək olar. Amma bütün hallarda oxumağa və faydalanmağa dəyər.

 

 

Paşa ƏMİRCANOV.

 

Xalq qəzeti.- 2013.- 18 may.- S. 8.