Dünya birinciliyinin azərbaycanlı mükafatçıları

 

Azərbaycanın yeniyetmə şahmatçıları Yunanıstanın Halkidiki şəhərində yenicə finişə çatmış məktəblilər arasında dünya birinciliyində inamla çıxış etmişlər. Onlardan dörd nəfəri evə medalla qayıtmışdır.

Həmvətənlərimiz arasında ən böyük müvəffəqiyyəti 15 yaşlı oğlanlar qrupunda Miradil Zeynallı qazanmışdır. Təmsilçimiz 9 mümkün xaldan 7,5 xal toplayaraq  dünya birinciliyinin qızıl medalına sevinmişdir.

Abdulla Qədimbəyli 11 yaşlıların turnirini 7,5 xalla başa vuraraq gümüş mükafatçı olmuşdur. Şahmatçımız onunla eyni nəticə göstərərək birinci yeri tutmuş rusiyalı Artyom Trubçaninovdan yalnız əlavə göstəricilərə görə geri qalmışdır.

Bikəxanım Zamanova isə 17 yaşlı qızların yarışında 6,5 xalla gümüş medal qazanmışdır. Ümid Aslanov yeddi yaşlı oğlanlarla mübarizədə 7 xal toplayaraq bürünc mükafata sahib olmuşdur.

 

 

Oqtay BAYRAMOV.

 

Xalq qəzeti.- 2013.- 18 may.- S. 10.