Qərbi Azərbaycan şivələrinin tədqiqi

 

 Azərbaycan dialekt və şivələrinin öyrənilməsi dilçiliyin aktual problemlərindəndir. Dialekt və şivələrin lüğət tərkibinin tədqiqi xalqımızın tarixi, adət və ənənələri ilə bağlı dil faktlarının aşkar olunmasında xüsusi əhəmiyyət daşıyır.

Dialektologiya ilə məşğul olan alimlərimiz Qərbi Azərbaycanın bir sıra ərazilərinin dialekt və şivələrini araşdırsalar da onları konkret bir ləhcəyə daxil etməmişlər.

 Filologiya elmləri doktoru, professor İbrahim Bayramovun “Qərbi Azərbaycan şivələrinin leksikası” əsəri göstərir ki, müəllif Qərbi Azərbaycan şivələrinin Azərbaycan dialekt və şivələri sistemində öyrənilməsinin tərəfdarıdır. Müəllif bu əsərdə Qərbi Azərbaycan şivələrinin iki yarımqrupunu müəyyənləşdirmişdir: 1.Qərb şivələri: Çəmbərək, Karvansaray, Basarkeçər, Böyük Qarakilsə, Dağ Borçalısı (Çalaloğlu Kalinino) Ağbaba, Quqark rayon ərazilərinin şivələri; 2. Cənub şivələri: - Dərələyəz, İrəvan, Zəngibasar, Vedibasar, Qarakilsə, Meğri, Qafan rayon şivələri. Müəllif Qərbi Azərbaycan şivələrinin Azərbaycan dialekt və şivələri içərisində yeri üzərində xüsusi dayanır və bu şivələrin dialekt və şivələrimizin həm qərb, həm də cənub qrupuna oxşar xüsusiyyətlərini müəyyənləşdirir ki, bu da dialektalogiya üçün xüsusi elmi əhəmiyyət kəsb edir. Tədqiqatçının gəldiyi qənaət elmi faktlara söykəndiyi üçün inandırıcı görünür.

Dilçi alim əsərdə Qərbi Azərbaycan şivələrinin tədqiqi tarixi məsələlərini də diqqət mərkəzində saxlamışdır. Müəllif Qərbi Azərbaycan şivələrinin tədqiqinə XX əsrin ikinci yarısından başlandığını qeyd edərək bu tədqiqatları üç qrupa bölür:  1) Qərbi Azərbaycanın, yəni indiki Ermənistan ərazilərindəki şivələrin ümumi şəkildə tədqiqi; 2) Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrinin şivələrinin tədqiqi; 3) Konkret bir kəndin şivəsinin tədqiqi.

“Qərbi Azərbaycan şivələrinin leksikası” əsəri Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın dilində işlənən sözlərin lüğətidir. Nəzərə alsaq ki, hazırda indiki Ermənistan adlanan Qərbi Azərbaycan ərazisində bir nəfər də olsun azərbaycanlı yaşamır, o zaman qeyd olunan əsərin əhəmiyyəti daha aydın  olar.

Min illər boyu yaşatdığımız dil faktları yaşlı və orta nəsil dünyadan köçdükdən sonra unudulacaq. Məhz bunun qarşısını almaq baxımından “Qərbi Azərbaycan şivələrinin leksikası” əsəri mühüm əhəmiyyət kəsb edir. Əsərdə toplanan dialekt sözləri Qərbi Azərbaycan məişətini, mədəniyyətini, tarixini, etnoqrafik xüsusiyyətlərini, yaşam tərzini tamamilə ifadə edir.

Məsələn, müəllif əsərdə yurddaşlarımızın min illər boyu istifadə etdikləri yüzdən artıq yemək adlarını vermişdir. İlk baxışda insana adi görünsə də, diqqətlə düşündükdə aydın olur ki, ağbirçək analarımızın, əlixınalı qız-gəlinlərimizin min bir əzab-əziyyətlə hazırladığı, böyük bir şövqlə qonaqlarına ikram etdiyi bu yemək adları toplanmasa, öyrənilməsə bir müddət sonra unudulub gedəcəkdir. Bu baxımdan İ.Bayramovun nə qədər böyük zəhmətə qatlaşdığı milli mətbəximizə, mədəniyyətimizə nə qədər böyük töhfə vermiş olduğu göz önündədir. Bu kimi dil faktları sübut edir ki, Qərbi Azərbaycanın köklü-aborigen əhalisi azərbaycanlılar olmuşdur.

Lüğətdə qohumluq anlayışı bildirən sözlər diqqəti xüsusi ilə cəlb edir və elmi baxımdan maraq doğurur. Bəllidir ki, qohumluq əlaqəsi bildirən sözlər dialektlərimizdə müxtəlif şəkildə əks olunur. Eyni zamanda dialektlərimizdə yaşayan belə sözlərin tarixi kökləri daha qədimə gedib çıxır. Məsələn, “Qərbi Azərbaycan şivələrinin leksikası” əsərində göstərilən Çəmbərək, Dərələyəz, Kalinino şivələrində işlənən günü sözünə nəzər salaq. Bu şivələrdə günü kişinin əsas arvadının üstünə gələn sonrakı arvad, ikinci arvad anlamında işlənir. Günü sözünə Şərq qrupu dialekt və şivələrində də günü-bacı şəklində rast gəlmək mümkündür. Bu söz günü formasında Orxon-Yenisey abidələrində dost, rəfiqə mənasında işlənir. Sözün semantikasına diqqətlə yanaşdıqda aydın olur ki, hal-hazırda günü-bacı şəklində işlənən sözün əsasında rəfiqə mənasında işlənən qədim günü sözü dayanır.

İ.Bayramov “Qərbi Azərbaycan şivələrinin leksikası” əsərində Qərbi Azərbaycanımızın dağlarında bitən, qız-gəlinlərimizin dəstə-dəstə topladığı güllərin, çiçəklərin, otların, dərman bitkilərinin, meyvələrin, tərəvəz bitkilərinin adlarını demək olar ki,  bütünlüklə əks etdirmişdir.

Müəllif əsərdə Qərbi Azərbaycanda yaşayan insanlarımızın bir çox mədəni-mənəvi, etnoqrafik xüsusiyyətlərini özündə ehtiva edən digər sözlərə  də yer vermişdir.

İbrahim Bayramov “Qərbi Azərbaycan şivələrinin leksikası”  əsərində Azərbaycan dilinin tarixi qrammatikasını araşdıran alimlərimizi düşündürən bir məsələyə-bir tərəfi ayrılıqda işlənməyən mürəkkəb sözlərin işlənmə məqamlarına da aydınlıq gətirmişdir:

 

Adda-budda (Çəmbərək, İrəvan)-ordan-burdan, tək-tək.

Aram-qərəm (Vedi-Zəngibasar)-fasilə

Bəti-burut (Meğri) - qamət, görkəm

Biş-düş (Çəmbərək, Kalinino)-yemək hazırlama

Çır-çırpı (Çəmbərək, Əştərək)-qırılmış ağac, kol-kos

 

Dıvız-zıvır (İrəvan) - lazımsız, gərəksiz. Bu söz Türkiyə türkcəsində ıvır-zıvır şəklində eyni mənada işlənməkdədir. Bu əsər həm tədris, həm dialektaloji tədqiqatlar üçün gərəkli bir mənbə rolunu oynaya bilər. Qərbi Azərbaycan şivələrində kifayət qədər qədim türk sözləri qorunub saxlanmışdır. Bu sözlər dil tariximizin öyrənilməsi üçün xüsusi əhəmiyyətə malikdir.

Professor İ.BayramovunQərbi Azərbaycan şivələrinin leksikasıəsəri dialektoloq alimlərin, tarixi qrammatika ilə məşğul olan tədqiqatçıların qəlbində yurd nisgili daşıyan həmvətənlərimizin stolüstü kitabı,  istinad mənbəyi olacaqdır.

 

 

Qara MƏŞƏDİYEV, professor,

Bəhram CƏFƏROĞLU ADPU-nun elmi işçisi

 

Xalq qəzeti.- 2013.- 19 may.- S. 7.