Kann kinofestivalında Azərbaycan pavilyonu açılıb

 

Mayın 15-dən Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival öz işinə başlamışdır. Festival Avstraliya rejissoru Baz Lurmanın “Dahi Qetsbi” filmi (baş rolda Leonardo Di Kaprio) ilə açılmışdır. Müsabiqə proqramına Nikolas Vindinq Refn, Roman Polanski, Fransua Ozan kimi rejissorların filmləri də daxildir. Festivala fransalı rejissor Cerome Sallenin “Zulu” kriminal trilleri ilə yekun vurulacaq.

Ekran əsərlərini məşhur Amerika rejissoru və prodüseri Stiven Spilberqin başçılıq etdiyi münsiflər heyəti dəyərləndirir. Heyətə hindistanlı aktrisa Vildya Balan, yapon rejissoru Naomi Kavase, amerikalı aktrisa Nikol Kidman və başqaları daxildir.

Ölkəmiz ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunur. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin kino yaradıcılığı sektorunun müdiri Yusif  Şeyxov, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Azanfilm”in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.

 Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdirilir. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirir. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və videoçarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim edilmişdir.

Festival  mayın  26-dək  davam edəcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 19 may.- S. 6.