Sumqayıt şəhərinin
su təchizatı sistemi yenidən qurulur
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
ölkənin iri şəhərlərində içməli
su təchizatı və kanalizasiya infrastrukturunun
yaxşılaşdırılması istiqamətində tədbirləri
davam etdirir. Əhalisinin sayına və sənaye
potensialına görə ölkəmizin həyatında
mühüm rolu olan Sumqayıt
şəhərində də su
təchizatı və kanalizasiya infrastrukturunun
yaxşılaşdırılması ilə bağlı
kompleks işlər həyata keçirilir.
İstehlakçıların
içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə
Sumqayıt şəhərində və ətraf qəsəbələrdə
uzun müddət istismarda olan 36,6 kilometr su xətləri
artıq yeniləri ilə əvəz edilmişdir. Həyata
keçirilən əsaslı təmir və yenidənqurma
işləri nəticəsində 50-dək ünvanda 287
çoxmərtəbəli yaşayış binası 24 saat
fasiləsiz su ilə təmin edilməklə 23824 abonentin və
ya 95 mindən çox sakinin içməli su təchizatı
fasiləsiz rejimə keçirilmişdir. Bununla da, Sumqayıt
şəhəri və ətraf qəsəbələrdə
fasiləsiz içməli su ilə təmin olunan əhalinin
çəkisi 80 faizə
yüksəlməklə 213 min nəfərə
çatmışdır. Fasiləsiz rejimə keçidlə
əlaqədar 21 nasosxananın
fəaliyyəti dayandırılmışdır.
Su təchizatı
ilə paralel olaraq Sumqayıt şəhərinin kanalizasiya
sistemində də yenidənqurma işləri aparılır.
Belə ki, ötən ilin sonunda yeni nasos stansiyasının istismara verilməsi ilə “Köhnə şəhər”
yaşayış sahəsinin çirkab sularının
Sumqayıt təmizləyici qurğusuna ötürülməsi
təmin edilmiş, bununla da, qurğuda sutka ərzində emal
olunan çirkab suyunun həcmi 30 min kubmetrdən 42 min kubmetrə
çatdırılmışdır.
Ümumi uzunluğu 9 kilometr olan Novxanı-Sumqayıt kollektoru tam istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcəkdir. Ümumiyyətlə, gələcəkdə Sumqayıt şəhərinin bütün çirkab suları təmizləyici qurğuda zərərsizləşdirilərək dənizə axıdılacaqdır. Hazırda qurğunun sutkalıq məhsuldarlığı 72 min kubmetrdir. Gələcəkdə isə bu göstərici 100 min kubmetrə çatdırılacaqdır.
M.YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 19 may.- S. 6.