Azərbaycanda veteran hərəkatının təşəkkülü və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi və qüdrətli sərkərdə, görkəmli dövlət xadimi, ümummilli  lider Heydər  Əliyevin 90  illik yubileyi soydaşlarımız tərəfindən sevinc və fərəh hissi ilə qeyd olunur. Ölkə veteranları da ulu öndərin doğum gününü ruh yüksəkliyi, böyük tənətənə ilə qarşıladılar. Bu da təsadüfi deyil. Çünki müstəqil Azərbaycanda veteran hərəkatının təşəkkülü və inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

 Belə ki, ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikası ilk illərdə bir sıra çətinliklərlə üzləşmiş, naşı və səriştəsiz adamların səbatsızlığı  ucbatından ölkəni xaos və anarxiya bürümüşdü. Həmin illərdə hakimiyyətdə olan AXC-Müsavat funksionerləri əsl bolşeviksayağı mövqe tutaraq Azərbaycanda bütün dəyərlərin üstünə xətt çəkməyə çalışırdılar. Hətta cəmiyyətdə belə bir fikir formalaşdırırdılar ki, İkinci Dünya müharibəsinin iştirakçıları sovet quruluşunu müdafiə etmiş şəxslərdir, onlara heç bir qayğı göstərmək lazım deyil.  Belə bir qərəzli yanaşma veteranların haqlı narazılığına səbəb olur, ölkənin gələcək taleyi onları ciddi narahat edirdi.

Yalnız 1993-cü ilin yayında—Azərbaycanın o çətin günlərində xalqının səsinə səs verərək, yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu və prinsipiallığı sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, haqq ədalət öz yerini tutdu. Azərbaycanın ahıl sakinlərinin, müharibənin və arxa cəbhənin iştirakçılarının da haqları özünə qaytarıldı. Ümummilli liderin bilavasitə təşəbbüsü və yaxından köməyi ilə  Azərbaycanda veteran hərəkatı geniş vüsət aldı, ön və arxa cəbhənin iştirakçılarına, eləcə də ahıllara dövlət qayğısı xeyli artırıldı. Təsadüfi deyil ki, Azərbaycanda veteran hərəkatının formalaşdırılmasına, veteranlara xüsusi diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın bütün ictimaiyyəti, bütün xalq bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən möhtərəm insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.

Tale bizə xalqımızın görkəmli şəxsiyyəti, ən böyük azərbaycanlı Heydər Əliyevin müasiri olmağı, onun dövlət, xalq naminə gördüyü titanik işlərə şahidlik etməyi qismət etmişdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə respublikamız yeni inkişaf dövrünə qədəm qoydu. Yaxşı xatırlayırıq: o zaman Azərbaycan sovetlər ölkəsinin ən geridə qalmış aqrar respublikası idi. Respublikamız olduqca ləng inkişaf edirdi, xalqın həyat səviyyəsi son dərəcə aşağı idi.  Yalnız ulu öndərimizin şəxsi təşəbbüsü və gərgin əməyi sayəsində Azərbaycanda yeni-yeni sənaye sahələri yaradıldı, respublikada böyük quruculuq işlərinə start verildi. Azərbaycan qısa müddətdə geridə qalmış aqrar respublikadan SSRİ-nin nəhəng sənaye mərkəzlərindən birinə çevrildi. Həmin sənaye müəssisələri, eləcə də xalq təsərrüfatının digər sahələri üçün savadlı kadrların yetişdirilməsinə xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Azərbaycan gənclərinin ölkənin ən tanınmış ali məktəblərində təhsil almasına nail oldu. Fərəhlə və qürur hissi ilə demək olar ki, həmin kadrlar bu gün də müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə var gücləri ilə çalışırlar. Bu, ulu öndərin böyük uzaqgörənliyinin, onun Vətənini, xalqını necə ülvi məhəbbətlə sevdiyinin bariz nümunəsi idi.

Bugünkü müstəqil Azərbaycan dövləti ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Tam mübaliğəsiz söyləmək olar ki, xalqımız ölkəmizin bugünkü müstəqilliyinə, Azərbaycanın əzəmətli üçrəngli bayrağının dünyanın ən mötəbər təşkilatlarının qarşısında dalğalanmasına və ölkəmizin səsinin beynəlxalq tribunalardan gəlməsinə görə məhz bu tarixi şəxsiyyətə borcludur. Bu gün hər birimiz qüdrətli, nüfuzlu Azərbaycana görə Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizin bugünkü sosial-iqtisadi yüksəlişi də ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı mükəmməl dövlətçilik fəlsəfəsinə, bitkin konsepsiyaya əsaslanır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, banisidir. Heydər Əliyev ömrünü xalqının xoşbəxtliyinə, ölkəmizin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyətdir. O, Azərbaycana, xalqımıza İlham Əliyev kimi ləyaqətli övlad, bir siyasi varis ərməğan qoyub getmişdir. Ulu öndərin böyük uzaqgörənliklə və əminliklə söylədiyi “mənim axıra çatdıra bilmədiyim işləri İlham Əliyev uğurla başa çatdıracaqdır” fikri özünü tam doğrultmuşdur. Təsadüfi deyil ki, cənab İlham Əliyev artıq 10 ildir ki, Azərbaycana uğurla rəhbərlik edir, ölkəmizin siyasi və iqtisadi nüfuzunu ildən-ilə artırır. Bu gün möhtərəm Prezidentimiz xalqın etimadını layiqincə doğruldaraq ölkəmizi sürətli inkişaf yolu ilə inamla irəli aparır, paytaxtımızın, regionlarımızın çiçəklənməsi, xalqımızın firavan həyatı naminə səyini əsirgəmir. Məhz bütün bunların nəticəsidir ki, bu gün ölkəmiz regionun ən dinamik və sürətlə inkişaf edən dövləti kimi dünyada yeni-yeni uğurlara imza atır. Yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyev veteranlara da xüsusi diqqət və qayğı göstərir, onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görür. Elə faşist Almaniyası üzərində qazanılmış tarixi qələbənin ildönümü ərəfəsində Böyük Vətən müharibəsi iştirakçılarına, onların dul arvadlarına, eləcə də arxa cəbhənin  veteranlarına hər il Prezident sərəncamı ilə birdəfəlik maliyyə yardımının göstərilməsi də bu qayğının əyani təcəssümüdür.

Hazırda cəmiyyətimizin bütün təbəqələri kimi, veteranlar da ölkənin ictimai-siyasi həyatında, abadlıq-quruculuq işlərində fəal iştirak edirlər.  Nizami Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurası da öz fəaliyyətini bu istiqamətdə qurur. Məlumat üçün bildiririk ki, şura öz tərkibində 42 nəfər  Böyük Vətən müharibəsi iştirakçısını, 43 nəfər arxa cəbhə veteranını və 40 nəfərdən çox Silahlı Qüvvələr veteranını birləşdirir. Şuranın 31 nəfər plenum üzvü vardır. Onların hər biri rayonumuzun ictimai-siyasi və mədəni həyatında, abadlıq-quruculuq işlərinin həyata keçirilməsində fəal iştirak edir. Məlum olduğu kimi, hazırda gənclərin vətənpərvərlik ruhunda böyüyüb tərbiyə almalrı biz veteranlardan çox asılıdır. Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik qayğısı və diqqəti sayəsində bu vacib məsələyə lazımi töhfələr verməyə çalışırıq. Gənclər arasında keçirilən “Şahin” və “Cəsurlar” hərbi idman oyunlarında Nizami rayon məktəblərinin  uğurları da məhz bu qayğının nəticəsidir.

Şura üzvləri rayon ərazisində yaşayan  xəstə və ahıl şəxslərə müntəzəm baş çəkir, dünyasını dəyişmiş veteranların hüzn mərasimlərində iştirak edirlər. Mütəmadi olaraq keçirilən tədbirlərdə Bakı Şəhər Veteranlar Şurasının təftiş komissiyasının sədri Camal Qəhrəmanov, Nizami Rayon Veteranlar Şurasının üzvü, arxa cəbhə veteranı Süleyman Abbasov, əmək veteranı Şərafəddin Sultanov, şair-jurnalist Şərafət Dağıstanlı və başqaları maraqlı çıxışları ilə yadda qalırlar.

Şuramızın üzvləri, rayon veteranları vaxtaşırı toplaşaraq  əlamətdar tarixi hadisələri və milli bayramları birlikdə qeyd edir, rayon səviyyəsində keçirilən tədbirlərdə fəal iştirak edirlər. Yeri gəlmişkən,  Nizami Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının illik tədbirlər planının hazırlanması zamanı  mövzu aktuallığına və rəngarəngliyə xüsusi  diqqət yetirilir. Bu baxımdan “Ahıllar Günü”, “Əlillər Günü”, “8 Mart Beynəlxalq Qadınlar Günü”, “Novruz Bayramı”, “9 May Qələbə Günü”, “İstiqlal Günü”, “Milli Qurtuluş Günü”, ulu öndərin anım və ad günləri, Xocalı qətliamının və 20 Yanvar faciəsinin ildönümləri lazımi səviyyədə keçirilir.

Bu günlərdə ölkəmizin hər yerində, bütün müəssisə və təşkilatlarda dövlət müstəqilliyimizin memarı, müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət,  həmişəyaşar Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlər həyata keçirilir. Nizami rayonun ictimaiyyəti, veteranlar, ayrı-ayrı təşkilatların kollektivləri də bu işdə fəal iştirak edirlər. Hazırda rayonumuzun M. Rüstəmov, C. Naxçıvanski küçələrində ağacəkmə, yaşıllaşdırma işləri davam etdirilir. Nizami Rayon Veteranlar Şurasının bütün üzvləri rayonumuzun gündən-günə abadlaşması, çiçəklənməsi naminə bundan sonra da  səylə çalışaşacaqlar. Yeri gəlmişkən, paytaxtın Nizami rayonunun veteranları—seçicilər Azərbaycanı dünyaya tanıdan, ulu öndərimiz Heydər Əliyev irsinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevi səmimi-qəlbdən dəstəkləyirlər. 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində hamılıqla cənab İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinə səs verəcəyik.

 

 

Yəhya AĞAYEV,

Nizami Rayon Veteranlar

Şurasının sədri,

ehtiyatda olan mayor,

Nurəmməd Laçınov, əmək veteran

 

Xalq qəzeti.- 2013.- 19 may.- S. 5.