Ulu öndərin dayağı xalq idi
Tarixi
şəxsiyyətlər əsrlərin və nəsillərin
yaddaşında əbədi yaşayırlar. Zaman
ötdükcə onların xalqı və vətəni
üçün etdiklərinin, ölkəsinin
inkişafındakı xidmətlərinin əhəmiyyəti
daha çox nəzərə çarpır.
Azərbaycanın
keçən əsrin 70-ci illərindən başlayan
inkişafı, uğurları və yüksəlişi
ümummilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin
adı ilə bağlıdır. Böyük rəhbərin
hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin,
səhiyyə və mədəniyyətinin,
iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda
qalmışdır. Bu illərdə milli-mənəvi dəyərlərimizin
qorunması, vətəndaşların sosial həyat tərzinin
yaxşılaşdırılması, dünya azərbaycanlılarının
monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin
dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb
edilməsi Heydər Əliyev strategiyasının uğuru kimi
qeyd olunmalıdır.
Ulu
öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr
kimi daxil olub. Heydər Əliyevin Azərbaycan
iqtisadiyyatının inkişafındakı xidmətləri
özünü hələ tariximizin sovet dönəmində
göstərib.
Azərbaycan əsrin sonunda Heydər
Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin
mərkəzinə çevrilib. Bu gün tam əminliklə
söyləmək olar ki, Azərbaycanın dövlət
suverenliyi və iqtisadi müstəqilliyi hələ 70-80-ci illərdə
təməli qoyulmuş potensiala söykənir. Məhz o illərdə
ölkəmizin gələcəyi üçün çox
mühüm addımlar atılıb. İnfrastruktur yeniləşib,
neft sənayesi yenidən qurulub, nəhəng kimya və
neft-kimya, elmi-mədəni tərəqqiyə nail olunub,
ölkəmizin iqtisadi, sosial, elmi-texniki potensialı möhkəmləndirilib.
Bu gün neft potensialının reallaşmasında, “Əsrin
müqaviləsi”nin uğurla həyata keçirilməsində
mühüm yeri olan Dərin özüllər zavodu kimi
dünya miqyaslı müəssisələr inşa edilib.
Bununla da böyük öndərimiz hələ siyasi rəhbərliyinin
birinci mərhələsində yeni inkişaf
strategiyasını müəyyənləşdirib və az
vaxtda onu uğurla həyata keçirib.
Ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
34 il ərzində xalq üçün, vətən
üçün etdiklərini bəzən adi insan təfəkkürünün
əhatə dairəsinə sığışdırmaq olmur.
Böyük öndərimiz tarximizə xilaskar kimi daxil olub və
respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu
missiyanı çox böyük uğurla yerinə yetirib.
Müasir Azərbaycan cəmiyyətinin formalaşması,
müstəqil Azərbaycan dövlətinin qurulması
birbaşa Heydər Əliyevin adı ilə
bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz
azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir
azərbaycanlı da bu gün Heydər Əliyevin ən
böyük sənət əsəri olan müstəqil,
inkişaf etmiş Azərbaycanın vətəndaşı
olmaqdan qürur duyur, böyük öndərə
sayğı və məhəbbətini onun ideyaları ətrafında
daha da sıx birləşməklə nümayiş etdirir.
Azərbaycanı
hərtərəfli tərəqqi yoluna çıxaran
ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə
rəhbərlik etdiyi dövrün nailiyyətləri göz
önündədir: ictimai-siyasi sabitlik, güclü
iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu,
regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz –
bütün bunlar Azərbaycanın həqiqətləridir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
ən mühüm uğurlardan biri atəşkəsin əldə
edilməsi olmuşdur. Belə bir faktı qeyd etməyə dəyər
ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında
köklü dəyişikliklərə gətirib
çıxaran və müstəqil dövlətimizə beynəlxalq
nüfuz qazandıran yeni neft strategiyasının həyata
keçirilməsinə məhz atəşkəsdən sonra
başlanmış və 1994-cü ilin sentyabrında
dünyanın iri neft şirkətləri ilə “Əsrin
müqaviləsi” adlandırılan ilk neft müqaviləsi
imzalanmışdır. İndi ölkə
iqtisadiyyatının sürətli inkişafında
mühüm amilə çevrilmiş Heydər Əliyevin neft
strategiyası böyük uğurla həyata keçirilir.
Dünyanın məşhur siyasətçiləri,
dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi,
siyasət şahmatının mahir ustası, qrossmeysteri
adlandırırdılar. O, tarixi perspektivləri qabaqcadan
görmüş, ən çətin məqamlarda
düzgün qərarlar qəbul etmək bacarığı ilə
çoxlarını heyran qoymuşdur. Onu Franklin Ruzvelt, Uinston
Çörçill, Şarl de Qoll, Atatürk kimi nəhənglərlə
müqayisə edirlər.
Heydər
Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin,
millətini firavan həyat sürən xalqların cərgəsində
görmək istəyirdi. Ömrünün son anınadək
xalqının gələcək taleyi haqqında
düşünürdü. Heydər Əliyev Vətən
üçün, xalq üçün doğuldu, Vətənin,
xalqın tərəqqisi, inkişafı, azadlığı,
müstəqilliyi üçün cəsarətlə
çalışdı. Bununla da xalqın gözündə, qəlbində
dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli,
dahi övladına məhəbbəti sonsuzdur, əbədidir...
Ulu
öndər əsl ümumxalq məhəbbəti, sevgisi
qazanmış tək-tək siyasətçilərdən,
dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət
Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi
dönməz etdi, sabitlik və təhlükəsizliyin
qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa
doğru addımlayan, dünya birliyində layiqli yerini
tutmuş bir dövlətə çevirdi.
Heydər
Əliyev siyasətçi və dövlət xadimi kimi ən
uca missiyanı gerçəkləşdirərək müstəqil
Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz
əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti
Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz
deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir.
Bu şəxsiyyətin həyatını öyrənmək,
onun gördüyü işlərin, başladığı
layihələrin tarixi əhəmiyyətini dərk etmək
özü böyük bir tarix məktəbini bitirmək deməkdir.
Azərbaycana rəhbərlik etdiyi bir qərinədən
artıq dövrdə o, ölkənin həyatında,
xalqın taleyində elə bir əzəmətli rol
oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın
hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin
silinməz izləri var.
Ümummilli
lider həyatı boyu həmişə xalqa
arxalanmışdı: “Mənim həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi
inkişafına xidmət olub. Bu yolda bütün
gücümü və iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib”.
Müstəqil
Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin
ən ağır günlərində Heydər Əliyevin
göstərdiyi qətiyyət bu sözlərdəki
gerçəkliyi dəfələrlə təsdiqləyib. Azərbaycan
üçün onun gördüyü işləri sadalamaqla
bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün
sıralarımızda olmasa da, onun möhtəşəm
işləri, əməlləri, misilsiz xidmətləri
hamımıza bəllidir və gözümüz önündədir.
Heydər Əliyev fövqəlbəşər bir düha kimi
xalqın əbədi məhəbbətini qazandı.
Milyonlarla
insanın ümid çırağına çevrilərək
qəlblərdə əbədi yurd salmaq heç də
bütün rəhbərlərə, liderlərə nəsib
olmur. Hələ sağlığında çanlı əfsanəyə
çevrilmiş Heydər Əliyev ürəklərdə
özünə heykəl ucaldıb. Onun parlaq ideyaları uzun
illər boyu gələcəyə gedən
yollarımızı işıqlandıracaqdır.
Bütün mənalı ömrünü xalqa həsr edən
bu nurlu şəxsiyyətə bəslənilən sevgi
sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini
heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda
mayaka çevirəcəkdir. Heydər Əliyev irsi hələ
uzun illər xalqımızın müstəqillik yolunu
işıqlandıracaqdır.
Heydər Əliyev dünyanın
nadir insanlarındandır. O, hamının qəlbinə yol
tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız,
heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə
xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti
onu yalnız milli maraqlar çərçivəsinə
sığmayan, bəşəri dəyərlərin əxz
olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə,
dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz
şəxsiyyət həm də təvazökarlıq simvolu
idi. Ona görə də təkcə bizim xalqımız deyil,
bütün dünya bu görkəmli dövlət xadiminə,
əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun
və şərəfli yol keçmiş, ən yüksək
vəzifələrin məsuliyyətini daşımış
insana dərin hörmət və ehtiram bəsləyir.
Ümummilli liderimizin xalqın birliyi
yolunda göstərdiyi titanik fəaliyyət hər bir
soydaşımız üçün örnək
olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən
öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”
- deyən böyük öndərimiz millətimizin və
dövlətimizin əbədiyaşarlığı
üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza
miras qoydu. Onun həyat və fəaliyyəti böyük bir məktəbdir
və daim öyrənilməlidir. Şükürlər olsun
ki, ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı
günlər yazsa da, bu əzablara sinə gərə biləcək,
bütün düyünləri açmağa qadir olan Heydər
Əliyev kimi böyük şəxsiyyət də qismət
edib. Cəmiyyətə xidmət nümunəsi olan bu
böyük şəxsiyyət həmişə xalqa
arxalanır və deyirdi: “Xalq mənim dayağım,
gücüm və inamımdır”. Xalq yolunda canını fəda
etmiş, bütün həyatı boyu Vətənini və
millətini düşünmüş, onun əsgəri
olmuş ümummilli liderimiz əbədiyaşarlıq
qazanmışdır.
Heydər
Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan
xalqı, bütün Türk dünyası onu heç vaxt
unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə
və firavanlığına həsr etmiş ulu öndərin
həyat və fəaliyyəti bizim üçün örnəkdir,
güc mənbəyidir. Bugünkü Azərbaycanın
sürətli inkişafının təməli məhz Heydər
Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda
alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli
liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz
Heydər Əliyev dühasından bəhrələnən,
onun siyasi kursunun ən layiqli davamçısı cənab
İlham Əliyevin dövlətçilik bacarığı və
rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf
edəcək, müstəqilliyini və suverenliyini daha da
möhkəmləndirəcəkdir.
Əlihüseyn ƏSGƏROV,
“Kənan İnşaat və Ticarət”
birgə müəssisəsinin
baş direktoru
Xalq qəzeti.- 2013.- 19 may.- S. 5.