Dahi şəxsiyyətin qayğısı

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev mədəniyyət, incəsənət adamlarının, jurnalistlərin, bir sözlə yaradıcı insanların əsl himayədarı idi. Belə şəxslərin yaradıcılıq sahələrində böyük uğurlar qazanmalarına, əməklərinin qiymətləndirilməsinə qayğı göstərirdi. Onlarla görüşlərdə səmimi söhbət edirdi, dəyərli məsləhətlər verirdi, lazımi köməklik göstərirdi. Ulu öndərin bu yüksək insani keyfiyyətlərinin şahidi olmuşam.

Dahi şəxsiyyət 1980-ci ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi kimi Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdi. Bu səfərində Naxçıvan şəhərinin sənaye müəssisələrində, inşaat obyektlərində, Arpaçay dəryaçasının tikintisində, Şərur, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarının bir neçə təsərrüfatında, Ordubad şəhərindəki konserv zavodunda və baramaaçan fabrikində oldu, əmək adamlarını dinlədi, onların qayğıları ilə maraqlandı, tövsiyələrini bildirdi, tapşırıqlarını verdi. Bütün görüşlərdə iştirak etmək, muxtar respublika televiziyasında işıqlandırmaq mənə nəsib olmuşdu. Naxçıvanda qonaq evində qalanda “Xəbərlər” proqramında səfərlərindən çəkilən süjetlərə baxmışdı. O vaxt Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi işləyən K.Rəhimova tapşırmışdı ki, bizim əməyimiz qiymətləndirilsin. Mənə və kinooperator Ə. Rəhimova Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı verildi.

Dahi insan 1990-cı ildə Bakıdan Naxçıvana qayıtmışdı, qohumunun evində qalırdı, nəvələri də bu evdə idi. Muxtar respublikamızın bir neçə ziyalısı da Heydər Əliyevlə görüşə gəlmişdi. Mən kinooperatorumuz M.İsmayılovla ulu öndərdən müsahibə almaq üçün onun yaşadığı evə getmişdim. Biz birmərtəbəli evin aynabəndində onu gözlədik. Bir azdan o, aynabəndə gəldi, söhbət etdik və müsahibə almağıma razı oldu. Lakin mən mikrofonu tutarkən əllərimin əsdiyini aydınca hiss etmək olardı. Özümü bir qədər itirdim. Bu böyük şəxsiyyətin “başlayaq” sözünü eşidəndə tez özümü ələ aldım, həyəcanım keçdi. Muxtar respublikada ilk dəfə olaraq dahi şəxsiyyət mənə müsahibə vermişdi. Bundan mən çox məmnun qaldım və həmin görüş həyatımda ən xoş, heç vaxt unudulmayacaq, yaddaşımda yaşayacaq hadisəyə çevrildi.Həmin müsahibəni televiziyada efirə verdik. Bir neçə gündən sonra ulu öndər Heydər Əliyevlə yenidən görüşdüm. Söhbət zamanı bildirdi ki, müsahibə çəkilən lent niyə ağ-qaradır, keyfiyyəti aşağıdır. Bildirdim ki, indi bizdə olan texnikadan, kinolentdən heç yerdə istifadə olunmur. Buna görə də gəlmişəm sizi televiziyamızın studiyasına dəvət edəm. Studiyadakı avadanlıqlar vasitəsi ilə çıxışlar rəngli lentə alınır, müsahibənin də həcmini artırmaq mümkündür. O, studiyaya gəldi və çıxışını lentə alıb televiziyada verdik. Bir müddət keçəndən sonra yenə də ulu öndərlə görüşdüm. Bu dəfə məqsədim onu televiziyamızın studiyasına yenidən dəvət etmək, Nehrəm kəndindən Azərbaycan Respublikası Ali Sovetinə və Naxçıvan şəhərindən Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputatlığa namizəd kimi çıxışını televiziyada vermək idi.Məni naümid qoymadı. Sabahı studiyaya gəldi. Deputatlığa namizəd kimi öz istək və arzularını, seçicilərin qaldırdıqları məsələlərin həllinə köməklik göstərəcəyini bildirdi. Şübhəsiz ki, onun bu çıxışı da televiziya proqramında öz əksini tapdı. Babək rayonunun Nehrəm kəndində və Naxçıvan şəhərində seçicilərlə görüşlərində mən də iştirak edib, çəkilişin aparılmasını və televiziyanın “Xəbərlər” proqramında verilməsini təmin etdim.

Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi və onun sədrliyi ilə keçirilən sessiyalarda tarixi qərarların qəbul olunmasının birbaşa televiziya və radioda yayımlanması, süjetlərin verilməsi mənim taleyimə qismət olmuşdur. Onu da deyim ki, dövlət xadimi Heydər Əliyev Ali Məclisin sədri işlədiyi dövrdə xarici ölkələrdən gələn nümayəndələri ilə görüşlərində və keçirdiyi yığıncaqların əksəriyyətində jurnalist kimi iştirak edib, teleradioda verilməsini təmin etmişəm.

1992-ci il oktyabrın 24-də Naxçıvanda müxtəlif cinayətkar ünsürlər, cəbhəçi “bəylər” çevriliş etməyə, Heydər Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşdırmağa cəhd göstərdilər. Naxçıvan camaatı isə Heydər Əliyevin müdafiəsinə qalxdı, kəndlərdən dəstələr gəldi, cinayətkar cəbhəçi “bəylər” necə lazımdırsa, yerində oturdular. Həmin vaxt televiziya və radiomuzda ziyalılardan, sadə insanlardan aldığımız müsahibələr verildi, cinayətkar ünsürlərin iç üzü açılıb göstərildi, ifşa olundular. Jurnalistlər də xalqımızın müdrik oğlu Heydər Əliyevlə birlikdə olduqlarını bildirdilər.

1992-ci il noyabrın 21-də  Naxçıvan Dövlət Musiqili Dram Teatrında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.Bu konfransda 500 nəfər nümayəndə iştirak edirdi.Azərbaycanın müxtəlif bölgələrindən gələn nümayəndələr də var idi. Xalqımızın, Vətənimizin sabahını, gələcək xoş günlərini düşünən konfrans iştirakçıları ulu öndər Heydər Əliyevi Yeni Azərbaycan Partiyasının sədri seçdilər. Bir jurnalist kimi bu konfransda iştirak etməyimdən, konfrans barədə elə həmin gün televiziya və radionun “Xəbərlər” proqramında ətraflı məlumat verməyimdən qürur duyurdum. Onu da deyim ki, YAP-ın Şərur, Babək, Culfa və Şahbuz rayon təşkilatlarının yaradılması ilə bağlı keçirilən konfransları barədə də mən televiziya və radioda ətraflı məlumat vermişəm. Bu gün vətənpərvər hər bir kəs yaxşı bilir ki, YAP ölkəmizdə ən nüfuzlu bir partiyadır. Ulu öndərimizin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın sədridir. Partiyanın sıraları getdikcə artır.

1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər yenidən Azərbaycana rəhbərliyə qayıtdı. O, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsini və əbədiliyini təmin etdi. Ölkəmizin dövlət müstəqilliyi illərində də ulu öndər Naxçıvan Muxtar Respublikasına səfərlər etdi. Bu səfərlər də çox əlamətdar hadisələrlə zəngin olmuşdur. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 70 illik yubileyinə həsr olunmuş yığıncaqda dərin məzmunlu məruzə etdi.Bu mərasimdə bir neçə xarici ölkənin nümayəndəsi də iştirak edirdi. Xalqımızın ümummilli lideri Naxçıvana səfərlərində milli ordumuzun zabit və əsgərləri ilə, sərhədçilərlə görüşür, onlara sərhədlərimizin möhkəm qorunması ilə bağlı tövsiyələrini bildirdi.

Dahi şəxsiyyət görkəmli ədib Hüseyn Cavidin məqbərəsinin, akademik Zərifə xanım Əliyevanın adını daşıyan poliklinikanın, rəssam Bəhruz Kəngərlinin ev muzeyinin və bir sıra obyektlərin açılışı mərasimlərində iştirak etmişdir. Naxçıvan ictimaiyyəti ilə görüşlərinin və böyük insanın iştirak etdiyi hər bir tədbirin televiziya və radiomuzda işıqlandırılmasında mənim də əməyim olduğundan bu gün də qürur duyuram.

Bildirmək istəyirəm ki, böyük şəxsiyyət Heydər Əliyev jurnalistlərin  dostu, xeyirxahı, qayğıkeşi idi. Buna görə də Azərbaycanın dövlət müstəqilliyi illərində mətbuatımızla bağlı qərarlar qəbul olunmuş, onun inkişafına şərait yaradılmış və həmişə jurnalistlərin əməyi qiymətləndirilib, onlara fəxri adlar verilmişdir. Mən də dahi rəhbərin ideyalarının təbliği üçün səy və bacarığımı əsirgəməmişəm, öz peşəmə sədaqətlə, tükənməz sevgi ilə xidmət etmişəm.

 

 

Arif HƏBİBOV,

Naxçıvan Muxtar Respublikası 

Dövlət Teleradio Komitəsinin  baş redaktoru,

Naxçıvan Muxtar Respublikasının

əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2013.- 19 may.- S. 3.