Dünya ictimaiyyəti 2003-cü ildən sonra Azərbaycanda görülən işləri
yüksək qiymətləndirir
Bunu beynəlxalq aləmdə
keçirilən rəy sorğularının nəticələri
də təsdiqləyir
Azərbaycanın
artıq regional lider dövlətə və beynəlxalq
münasibətlərin etibarlı tərəfdaşına
çevrildiyi dünya birliyində də öz təsdiqini
tapıb. Ümummilli liderimiz
Heydər Əliyevin müasir dövlət yaratmaqla bərabər,
onun gələcək illərə hesablanmış
strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin
rəhbərliyi altında həyata
keçirilən siyasi və iqtisadi islahatlar ölkəmizin
inkişafında yeni mərhələnin
başlandığını, yeni siyasətin, yeni strateji
baxışın formalaşdığını bir daha təsdiqləyir.
Müasir
dövrdə ölkəmizin strateji seçimi modernləşmə
xəttidir. Bu seçimin əsas mahiyyətlərindən biri
demokratik inkişafdır. Demokratiya hər bir xalqın öz
inkişafını, strategiyasını və yolunu müəyyən
etməkdən ibarət olan suveren hüquqdur. Azərbaycan
müstəqil dövlət olaraq, demokratik prinsiplərin
inkişafına xüsusi önəm
verir, dünya birliyinə inteqrasiya istiqamətində
bütün imkanlardan yararlanır. Ölkəmizdə müstəqil
mətbuatın maneəsiz fəaliyyətinə, fikir
plüralizminə, azad sözün inkişafına və
insanların öz fikirlərini sərbəst ifadə etmələrinə
yardılmış şərait beynəlxalq aləmdə də
yüksək dəyərləndirilir. Qazanılan bütün
uğurların əsasını təbii ki, ölkə
başçısının düzgün müəyyənləşdirdiyi
strategiya təşkil edir. Bu fakt beynəlxalq aləmin də
diqqətindən yayınmayıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin
nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən
keçirilmiş rəy sorğusunun nəticəsinə
görə türk dövlətləri, Orta Asiya və Cənubi
Qafqazda “10 ilin dövlət adamı” seçilməsində də
bu amillər əsas götürülmüşdür.
Jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992
respondentin iştirak etdiyi bildirilmişdir. Jurnalda, həmçinin
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində
səmərəli fəaliyyəti, qazandığı
uğurlar barədə də ətraflı məlumat
verilmişdir. Qeyd edilmişdir ki, son 10 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə
inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən
birinə çevrilmişdir. Nəşrdə dövlətimizin
başçısının daxili və xarici siyasətinin
uğurlu nəticələri barədə ətraflı məlumat
verilmişdir.
Beynəlxalq miqyasda keçirilən
rəy sorğularının nəticələrinə görə
Azərbaycan Prezidentinin yüksək reytinqə sahib
olmasını təsdiqləyən faktlar çoxdur. Məsələn,
2011 - ci il sentyabrın 10-dan 30-dək
Böyük Britaniyanın nüfuzlu “Populus Limited”
şirkətinin Azərbaycanda min respondent arasında
keçirdiyi rəy sorğusunun nəticələri də
bunu bir daha təsdiqləyir.
Mərkəzin direktoru Gerald Frost
bildirmişdir ki, respondentlərin 95 faizi Azərbaycan Prezidenti
İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə
onun siyasətini bəyəndiklərini vurğulamışlar.
Qurumun rəhbəri demişdir
ki, indiyədək Qərb ölkələrində
keçirilən rəy sorğularında dövlət
başçısına bu dərəcədə etimad
göstərilməsi faktı qeydə
alınmamışdır. G.Frost diqqətə
çatdırmışdır ki, sorğunun nəticələrinə
əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti
təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının
düzgün istiqamətdə irəlilədiyini
düşünür. Bundan əlavə, respondentlərin 82
faizi son 10-15 il ərzində Azərbaycanın dünyadakı
nüfuzunun xeyli
artdığını, 54 faizi isə ölkədə həyat
səviyyəsinin getdikcə
yaxşılaşdığını bildirmişlər.
Respondentlərin böyük əksəriyyəti Azərbaycanda
nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və
digər sahələrin inkişaf etdiyini
vurğulamışlar. Müstəqil şəkildə
aparılmış sorğunun nəticələrinə əsasən,
ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz,
sabit, uğurla inkişaf edən güclü bir ölkə
olduğundan məmnun qaldıqlarını bildirmişlər.
Bu yaxınlarda “Avropa Qonşuluğu Barometri”
çərçivəsində Avropa
İttifaqının maliyyələşdirdiyi
Avropa Qonşuluğu ölkələrində ictimai rəyin
öyrənilməsi ilə bağlı media monitorinqi
keçirilib. Bu monitorinqi son illərdə Azərbaycanda
keçirilən ən obyektiv, tərəfsiz monitorinq kimi qiymətləndirmək
olar. Monitorinqdə müxtəlif mövzular ölkəmizin
siyasi, iqtisadi inkişafı, ölkədə siyasi güc mərkəzlərinin
balansı və eyni zamanda sosial vəziyyətin öyrənilməsi,
sosial-psixoloji əhval-ruhiyyənin səviyyəsi, Avropa
ölkələrinə münasibətin necəliyinin müəyyənləşdirilməsi kimi zəruri istiqamətlər əhatə
olunub. Sorğunun nəticələrinə görə Azərbaycanda
əhalinin 92 faizi dövlətimizin başçısına
inandığını, ona güvəndiyini bildirib. Ardınca Türkiyənin
nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən
keçirilmiş rəy sorğusunun nəticəsinə
görə türk dövlətləri, Orta Asiya və Cənubi
Qafqazda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “10 ilin dövlət adamı”
seçilməsi ölkəmizin və onun
başçısının dünya miqyasında nüfuzunun
artması və mövqelərinin getdikcə möhkəmlənməsinin
nəticəsidir.
Azərbaycan yeni dünya nizamında
əsas etibarlı tərəfdaş olkələrdən birinə
çevrilib. Son illərin
iqtisadi göstəriciləri - iqtisadi artım tempi,
yoxsulluğun kəskin azaldılması, işsizliyin
aşağı düşməsi, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi və yeni iqtisadi fəaliyyət sahələrinin
yaradılması ölkə iqtisadiyyatının sağlam
özüllər üzərində və şaxəli şəkildə
inkişaf etməsinin bariz nümunəsidir. Davos İqtisadi
Forumunun hesablamalarına əsasən makroiqtisadi sabitliyə
görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Əlbəttə,
bu, çox yüksək göstəricidir. Bu göstərici əslində
onu deyir ki, gələcək illərdə də bu sahədə
sabitlik olacaqdır. Bazar
iqtisadiyyatına keçidi başa vuran respublikamız hazırda kapital idxal edən ölkədən
kapital ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycanın
özəl və dövlət şirkətləri
dünyanın müxtəlif ölkələrində sərmayələr
yatırır, milli ideyaların
daşıyıcılarına çevrilirlər. Müstəqil
dövlətimiz dünyanın
sürətlə inkişaf edən ölkələrindəndir.
Dövlət büdcəsi müstəqilliyin ilk illəri ilə
müqayisədə çox böyük həcmdə artıb. Daxili imkanlar hesabına həyata
keçirilən investisiya layihələri, iqtisadi fəaliyyət
istiqamətlərinin genişlənməsi iqtisadiyyatın
çoxşaxəli inkişafına xidmət edib.
Azərbaycan Prezidenti İlham Əliyev
prezidentlik fəaliyyətinə başladığı ilk
vaxtlarda verdiyi bütün vədləri
reallaşdırdı. Məhz onun yürütdüyü siyasət
nəticəsində dünyada baş verən maliyyə
böhranı Azərbaycanın inkişafının
qarşısını ala bilmədi. Son 10 ildə dövlət büdcəmiz
20 dəfə artaraq 20 milyard dolları keçdi. İlin
sonuna strateji valyuta ehtiyatlarımızın 50 milyard dolları
ötəcəyi proqnozlaşdırılır. Strateji
ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici
üzrə Azərbaycan dünyada ilk onbeşlikdədir.
Bütün bu möhtəşəm uğurlara rəğmən,
dövlət başçımız İlham Əliyev
inkişafın son həddinin olmadığı qənaətindədir.
O, Azərbaycanın adını daha yüksək zirvələrə
qaldırmaq əzmindədir və
buna qadirdir. Azərbaycan Prezidenti əmindir ki, ölkəmiz
bundan sonra da sürətli inkişafını davam etdirəcək,
getdikcə qüdrətlənəcək. Xalqımız isə vədinə əməl
edən və Azərbaycanı xoşbəxt gələcəyə
aparan liderin ərtafında sıx birləşib.
Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum kimi layihələr
Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyasında öz strateji
yerini tapmasında və dünyanın siyasi məkanında
çox ciddi geosiyasi aparıcı dövlət kimi qəbul
edilməsində böyük rol oynamışdır.
Azərbaycanın
iqtisadi qüdrətinin artması digər sahələrin
inkişafına da öz müsbət təsirini göstərmişdir.
Ökəmizdə davanlı ictimai - siyasi sabitliyin
yaradılması, bölgədə
sülh, əmin-amanlıq və sabitliyin bərpa olunması dövlət
başçısının qarşıya qoyduğu prioritet
sahələrdəndir.
Azərbaycanda həyata keçirilən xarici siyasət ölkəmizin böyük
uğurlar qazanmasına xidmət edir.
Məqsəd və vəzifələri daim təkmilləşdirilən
xarici siyasət kursumuz bizə dünyanın bütün
dövlətləri ilə bərabərhüqülu,
faydalı əməkdaşlığı genişləndirməyə
və əksər ölkələrlə diplomatik münasibətləri
inkişaf etdirməyə imkan verir. Bu gün Azərbaycan
Respublikasının xarici ölkələrdə 55 səfirliyinin,
5 təmsilçilik ofisinin, 18 beynəlxalq təşkilat
yanında missiyasının və 9 baş konsulluğunun
olması da bunu təsdiq edir.
Respublikamızda isə 53 dövlətin səfirliyi, 3
baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın
nümayəndəliyi fəaliyyət göstərir.
Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə
təmin olunması və Azərbaycan həqiqətlərinin
hərtərəfli şəkildə təbliğatı
üçün geniş imkanlar yaratmışdır.
Prezident
İlham Əliyevin uzaqgörən və çoxşaxəli
xarici siyasət kursunun məntiqi uğuru olan Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini
xüsusi vurğulamaq istəyirəm.
BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv
seçilmək cəmi 20 il müstəqillik həyatını
yaşayan ölkə üçün çox böyük
tarixi nailiyyətdir. Bu seçkiidə dünyanın yüz əlli beş ölkəsi
bizi dəstəklədi.Təhlükəsizlik Şurası legitim
gücdən istifadəyə malik olan yeganə siyasi
orqandır. Beynəlxalq təhlükəsizliyin və
sülhün əsas təminatçısı kimi bu təşkilatın
əsas məqsədi hüquqi prinsip və normalara əsaslanan
dünya nizamını mövcud mexanizm və vasitələrlə
tənzimləməkdir. Dağlıq Qarabağla bağlı
qəbul edilmiş, lakin bu günə kimi həyata
keçirilməyən qətnamələri xatırlamaq kifayətdir.
Bu baxımdan Azərbaycanın bu quruma üzvlüyü
mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv
seçilməsi ölkəmizin
beynəlxalq siyasətdə malik olduğu yeni statusa
uyğun fəaliyyət imkanlarının genişlənməsinin
göstəricisidir. Bu tarixi nailiyyət, həm də Azərbaycanın
beynəlxalq sülhün və təhlükəsizliyin
qorunmasına verdiyi töhfənin dünya birliyi tərəfindən
tanınmasının bariz nümunəsidir.
Azərbaycan Qoşulmama Hərəkatına da
üzv oldu. Bu da siyasi cəhətdən çox düzgün
bir addım idi və təbii ki, bizim xarici siyasətimizin
böyük qələbəsi idi. O təşkilata üzv
olmaq və üzv olduqdan sonra cəmi bir il ərzində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı, ərazi bütövlüyü prinsipini rəhbər
tutan qətnamənin qəbul edilməsinə nail olmaq
çox böyük tarixi nailiyyətdir. Ölkəmiz cəmi
bir il idi ki, bu təşkilatda fəaliyyət göstərirdi.
Amma bu fəaliyyət o qədər faydalı və səmərəli
oldu ki, bir il ərzində 120 ölkə bizim mövqeyimizi dəstəklədi. Beynəlxalq aləmdə
qazanılan bu uğurlar hər
birimizin qürur mənbəyidir.
Bu il
fevral ayının 8-də Azərbaycan Respublikasının ilk
telekommunikasiya peyki - “Azərspace-1" uğurla orbitə
buraxılması ölkəmizin dünya birliyindəki
mövqelərini daha da möhkəmləndirdi. Təsadüfi
deyildir ki, Azərbaycanın kosmosa öz peykini buraxması
bütün Türk dünyasının uğuru kimi qiymətləndirilir.
Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
prioritet elan olunması, 2013-cü ilin ölkədə
”informasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu
sahənin inkişafına dövlət səviyyəsində
göstərilən diqqətin əyani təsdiqidir.
Ölkə başçısı
2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin
təsis edilməsi haqqında sərəncam imzaladı və
həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə
çıxarılması, əsas və ehtiyat Yerüstü
Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə
bağlı xüsusi tapşırıq verildi.
Azərbaycanda və Qafqazda ilk peyk
operatoru olan “Azərkosmos” mövcud olduğu iki il ərzində
ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin
göstərilməsi, hökumət və korporativ
müştərilərin tələblərinə cavab verən
yüksək etibarlı rabitə platformalarının təmin
edilməsi istiqamətində iş apardı. Ən əsası
isə bütün diqqət Azərbaycanın ilk süni peyki
olan “Azerspace-1"in hazırlanmasına və orbitə
buraxılmasına yönəldildi.
“Azərkosmos” fəaliyyətini beynəlxalq
standartlar əsasında quraraq keyfiyyətli idarəetmə
siyasətinin formalaşdırılması istiqamətində
iş apardı və biz bunun gözəl bəhrəsini bu
ilin əvvəlində gördük: ilk telekommunikasiya peykimiz
- “Azərspace-1" uğurla orbitə buraxıldı. Onu da
qeyd edək ki, ”Azərspace-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya,
Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə
edəcəkdir.
Azərbaycanın
bu uğuru regionda Türk dövlətinin güclənməsinə
və söz sahibi olmasına yardımçı olacaq. Bu
uğurdan digər Türk dövlətləri də faydalana
biləcəklər. Qeyd edək ki, “Azərspace-1" peykinin
texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə
dünyanın təqribən üçdə bir hissəsini əhatə
edəcək coğrafiya üzrə milyonlarla insan müasir
informasiya və rabitə xidmətlərindən rahat faydalana
biləcək. Bununla yanaşı, ilk peykimiz 50-dən
artıq ölkəni birləşdirən məkanda
mühüm iqtisadi rol oynayacaq.
Azərbaycanın
ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın
şaxələndirilməsi, informasiya müstəqilliyinin və
təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə
kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq
kosmik məkana inteqrasiya istiqamətində mühüm
addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli
bir layihədir.
Son on ildə qazanılan
uğurları sadalamaqla
qurtaran deyil. Ölkəmiz dünya birliyində ən etibarlı tərəfdaşa çevrilib.
Müasir Azərbaycan sivilizasiyalararası
dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin
müzakirə olunduğu
məkana çevrilmişdir.
Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə
ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərdən
biri kimi qəbul olunur. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin düzgün müəyyənləşdirilmiş
inkişaf strategiyasının
nəticəsidir. Bu uğurlar beynəlxalaq təşkilatların keçirdikləri
rəy sorğularında
öz əksini tapır.
Türkiyənin nüfuzlu “Ekovitrin”
jurnalında qeyd
edilmişdir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini
yüksək qiymətləndirir
və onu dəstəkləyir. Növbəti
dəfə Azərbaycan
prezidentliyinə namizədliyini
irəli sürməyə
hazırlaşan İlham
Əliyevə rəqib
ola biləcək
şəxs yoxdur. Bu və digər
səbəblər Prezident
İlham Əliyevi “10
ilin dövlət adamı” elan etmək üçün
tam əsas yaradır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 19 may.-
S. 2.