Azərbaycanda
sosial-iqtisadi inkişaf prioritet vəzifə kimi daim diqqət mərkəzində
saxlanılır
Hazırda
dünyanın nüfuzlu iqtisadi və maliyyə
institutlarının rəyləri və proqnozları, ən əsası,
uğurlarımızın mənzərəsi bir daha təsdiq
edir ki, 2004-cü ildə Prezident İlham Əliyevin bəyan
etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr
artıq reallığa
çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan
artıq 2009-cu ildə iqtisadi keçid dövrünü
başa çatdırmış və hazırda
dünyanın inkişaf etmiş ölkələri ilə
müqayisə olunur.
Bu
gün Azərbaycanın bütün yaşayış məntəqələri
tanınmaz dərəcədə dəyişmiş,
müasirləşmiş və əhalinin sosial şəraiti
yüksəlmişdir.
Respublikamız
öz tərəfdaşları ilə mühüm transmilli
enerji və kommunikasiya layihələrini uğurla
reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini
dəyişdirməkdə, onu zənginləşdirməkdə
davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən
80 faizi Azərbaycanın payına düşür. Öz
enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz
Avropanın enerji bazarında mühüm amilə çevrilir,
həm də onun təhlükəsizliyinə öz töhfələrini
verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin
enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil
edir.
Bütün
bunlar barədə Prezident
İlham Əliyev demişdir ki,
arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf,
demokratik və müasir dövlət quruculuğu sahəsində
mühüm mərhələ olmuşdur. Biz ümummilli lider
Heydər Əliyevin siyasi kursuna, yaratdığı
ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm
dəstəyinə söykənərək çox
böyük uğurlara imza atmışıq. Həm ölkənin
ümumi inkişaf konturlarını, həm də
ayrı-ayrılıqda hər bir sahədə görüləcək
işləri əhatə edən çoxsaylı dövlət
proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin
görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına,
vətəndaşların rifahının yüksəldilməsinə
və cəmiyyət qarşısında duran digər problemlərin
həllinə mühüm təsir göstərdi. Azərbaycanın
yeni neft strategiyasının işə düşməsi bizə
bütün gələcək planlarımızı
reallaşdırmağa geniş imkanlar açdı.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin,
daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə
verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac
infrastrukturunun yenilənməsi və şaxələndirilməsi
Azərbaycan neftinin və qazının birbaşa Avropa və
dünya bazarına çıxışını təmin
etdi ki, bu da təkcə keçən on ilin deyil,
bütövlükdə müstəqillik tariximizin ən
önəmli hadisələri sırasına daxil olmuşdur.
Prezident
İlham Əliyev ölkəmizin ötən 10 il ərzindəki
sosial-iqtisadi inkişafı ilə bağlı bildirmişdir
ki, bu dövr ərzində iqtisadiyyat 3 dəfə
artmış, şaxələnmiş, müasir sosial-iqtisadi
infrastruktur yaradılmış, qeyri-neft sektorunun dinamik
inkişafı təmin edilmişdir. 2003-cü ildə 1,5
milyard dollar olan dövlət büdcəsi bu il 25 milyard dollara çatdırılmışdır.
Ölkədə əhalinin işsizlik səviyyəsi 5,1 faizə
salınmışdır. 2003-cü ildə Azərbaycanda
yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, ötən
il bu rəqəm 6 faizə endirilmişdir. Bu, yoxsulluqla
mübarizə sahəsində dünyada ən yüksək
göstəricilərdən biridir. Azərbaycan
iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində
sərmayə qoyulmuş, ölkənin strateji valyuta
ehtiyatları 46 milyard dolları ötmüşdür.
2005-2009-cu
illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə
dünyada lider dövlət olmuş, iqtisadiyyatda keçid
dövrünü başa çatdırmışdır. Həmin
ildən başlayaraq əsas diqqət ölkənin neftdən
asılılığının azaldılmasına yönəldilmiş və son üç ilin
dinamikası aydın şəkildə göstərir ki, Azərbaycan rəhbərliyi bu vəzifənin öhdəsindən
layiqincə gəlmişdir. Hazırda neft hasilatı sabit
saxlanılmaqla, ölkənin iqtisadi artımı əsasən
qeyri-neft sektorunun hesabına reallaşdırılır. Hətta
dünyadakı maliyyə böhranının
başladığı 2009-cu ildə Azərbaycan
iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il Azərbaycanda
neft hasilatı müəyyən səbəblərdən
aşağı düşsə də, ümumi daxili məhsulun
2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft
sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son
8 ildə isə qeyri-neft sektoru 2 dəfə
artmışdır.
Əhalinin
sosial şəraitinin yaxşılaşdırılması
istiqamətində həyata keçirilən tədbirlər də
miqyasına görə diqqət çəkir. Belə ki, son
10 ildə müasir tələblərə uyğun 2500-dən
artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi,
idman kompleksləri və çoxsaylı sosial təyinatlı
digər obyektlər tikilmiş və istifadəyə
verilmişdir. Ölkədə əməkhaqları, sosial
müavinətlər mütəmadi olaraq artırılır və
artırılmaqda davam edir. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda
sovet dövründən qalmış əmanətlərə
görə kompensasiyaların verilməsinə
başlanılmışdır. Qeyd edilməlidir ki,
bütün postsovet məkanında yalnız Azərbaycanda bu
vəsaitlər qısa zamanda və ən yüksək əmsalla
ödənilmişdir.
Ermənistanın
təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan
artıq qaçqın və məcburi köçkün
yaranmış, onlar çox acınacaqlı şəraitdə,
çadır şəhərciklərində,
yaşayış üçün münasib olmayan digər
yerlərdə məskunlaşmışlar. 2004-cü ildən
məcburi köçkünlərin problemlərinin həlli
ilə bağlı ciddi tədbirlər görülməyə
başlanmışdır. Ötən müddət ərzində
bütün çadır şəhərcikləri ləğv
olunmuş, 77 müasir qəsəbə salınmış,
yüz minlərlə məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılmışdır.
Ötən il 20 min məcburi köçkünü müasir
mənzillərə, evlərə
köçürülmüş və bu il daha 20 min nəfərin
mənzil probleminin həlli nəzərdə
tutulur.
Ötən
illər ərzində Azərbaycanın təhlükəsizlik
strategiyası da uğurla həyata
keçirilmişdir. İlk növbədə, enerji təhlükəsizliyi
tam təmin olunmuş, xarici enerji mənbələrindən
asılılıq aradan qaldırılmışdır. Bu
gün Azərbaycan həm regionun, həm də Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində,
dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir.
Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın
payı 40 faizədək artmışdır. Azərbaycanın
müəllifi olduğu və Türkiyə ilə birlikdə
reallaşdırılan TANAP layihəsi həyata
keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii
qaz bazarında ölkənin
rolu daha da yüksələcəkdir. Bu layihə
respublikamızın uzunmüddətli inkişafını,
onilliklər ərzində Azərbaycanın iqtisadi və digər
maraqlarını təmin etmək üçün ciddi vasitə
olacaqdır.
Azərbaycan
bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir.
Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən
artıqdır. Azərbaycan artıq dayanıqlı
iqtisadiyyata malik ölkəyə çevrilmişdir
Bu ilin
birinci rübü də ölkəmizin sosial-iqtisadi sahələrində
əldə edilən
mühüm uğurlarla yadda qalmışdır. Bunu
konkret rəqəmlərdən də aydın görmək
olar. Belə ki, bu ilin birinci rübündə ümumi daxili məhsul
3,1 faiz artmışdır, qeyri-neft sektorunun inkişafı
11,4 faiz olmuşdur. İnflyasiya cəmi 1,2 faiz təşkil
edir. Kənd təsərrüfatında 4 faizdən çox
artım qeydə alınmışdır.
Regionların
sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı 2013-cü ildə başa
çatacaqdır. Proqramın uğurla icra ediləcəyi
gözlənilir. Bu proqramın icrası nəticəsində
ölkəmizdə bir milyon yüz mindən artıq iş
yeri açılmışdır ki, onların 30 mini bu ilin
birinci rübündə yaradılmışdır. Əlbəttə,
bu göstərici də qeyri-neft sektorunda əldə edilən
uğurlarla bilavasitə bağlıdır. Çünki əsas
iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və
kənd təsərrüfatıdır.
Azərbaycanda
strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə
müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına
çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi
üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik
baxımından dünya miqyasında əhəmiyyətli
göstəricilərdən biridir.
2013-cü
ilin birinci rübü ərzində dövlət büdcəsinin
mədaxili 131 faiz yerinə yetirilmişdir. Büdcəyə
daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon
manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı
Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət
Gömrük Komitəsinin hesabına təmin edilmişdir.
Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon
manat təşkil etmişdir. İqtisadi təsnifata uyğun
olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi
xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı
sosialtəyinatlı xərclərin-əməyin ödənişi
fondu, təqaüd və sosial müavinətlər, dərman
və ərzaq xərclərinin maliyyələşdirilməsinə
ayrılmışdır.
Regionların
inkişafı, öz növbəsində, vergi daxilolmalarına
da müsbət təsir göstərmişdir. Əhalinin
böyük əksəriyyətinin regionlarda kənd təsərrüfatı
ilə məşğul olmasına, ailə-kəndli təsərrüfatlarının
və kəndli təsərrüfatının digər sahələrinin
uzun illər vergidən azad edilməsinə baxmayaraq, regionlar
üzrə daxilolmalar son 10 ildə 11,8 dəfə
artmışdır. Sahibkarlıq subyektlərinin qeydiyyat
prosedurlarının sadələşdirilməsi nəticəsində
2013-cü ilin birinci rübündə 20 min 885 sayda qeydiyyata
alınan vergi ödəyicisinin 65,5 faizi regionların
payına düşür.
Qeyri-neft
sektorunun ortamüddətli perspektiv hədəfinə
çatmaq istiqamətində dövlət
başçımız tərəfindən
atılan ən mühüm addımlardan biri də daxili və
xarici investisiyaların təşviqi siyasətinin davam etdirilməsi,
o cümlədən dövlət investisiyalarının
artırılmasıdır. 2013-cü ilin birinci rübü ərzində
dövlət büdcəsindən əsaslı vəsait
qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat və
yaxud 2011-2012-ci illərin birinci rübündə
üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən
413 milyon manat və ya 27,5 faiz çox vəsait yönəldilmişdir.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2013.- 19
may.- S. 1.