Tarixin
ironiyası: “erməni soyqırımı”
(əvvəli qəzetimizin
25 aprel tarixli sayında)
II Sasun üsyanı
Sasunda 8 avqust 1895-ci ildəki üsyan bir nəticə
verməyəndən sonra daşnaklar ikinci zərbəni
1897-ci ildə vurmaq istədilər. Daşnak quldur birləşmələri
Türkiyəyə İrandan və Qafqazdan Van yolu ilə daxil
olurlar. Lakin yolun üstündə Mazrik
kürd aşirəti onlara mane olurlar. Bu tayfanı birdəfəlik
məhv etmək üçün komitəçilər 250 nəfərlik
bir dəstə ilə aşirətin Honasordakı
çadırlarına basqın edirlər. Ancaq
istədikləri nəticəni əldə etməyərək
geri çəkilirlər. Bundan sonra
daşnaklar fəaliyyətlərini Sasun və Muş ərazisinə
keçirirlər. Həmin vaxt qaniçən
Andronik Ozanyan dəstələrə ümumi rəhbərliyi ələ
almışdı. O, 1866-cı ildə Şərqi
Qarahissarda doğulmuş və gənc yaşında terror təşkilatlarına
daxil olmuş və bir türkü öldürdüyü
üçün həbsxanaya salınmışdı. Terror təşkilat komitəsi tərəfindən həbsdən
qaçırdılaraq Batuma göndərilmişdi.
1903-cü ilin sonundan etibarən üsyan dalğası
bütün Sasunu bürüyür. 13 aprel 1904-də
iğtişaşların yatırılması
üçün ordu qüvvələri yeridilmiş və
üsyan sıxışdırılmışdı. Məğlub
olan Andronik
Qafqaza qaçmaqla canını qurtarmağı
bacarmışdır.
K.Küdülyanın
“ Andronik savaşları” adı ilə 1929-cu ildə Beyrutda
ermənicə çap etdirdiyi kitabda yazdığına
görə bu üsyanda 1132 türk
öldürülmüş, sadəcə 19 erməni
ölmüşdür. Erməni müəllifin
verdiyi rəqəmlərdən də görünür ki, ermənilər
məhv edilən deyil, onlar dinc insanları məhv edən
toplum kimi təqdim olunmaqdan əksinə təqdim olunur.
Ulduz sui-qəsdi
Daşnakların Türkiyədə
göstərdiyi mənfur əməllərindən biri də
sultan Əbdülhəmidə edilən sui-qəsddir.
Xristofor Mikayelyan, Hersoqovinalı Vram Şabuh Kendiryan,
Belçikalı Joris ve həyat yoldaşı, bir tərəfi
yunan olan Silvio Rişçi, alman doğumlu Lipa-Rips, Ardaş
Kaptanyan,Kris Fenerçiyan, Aşot (Karlo Yovanoviç) və
bir qismi Qafqazdan və Avropanın müxtəlif ölkələrindən
gəlmiş ermənilər İstanbulda toplanaraq sui-qəsd
planını hazırlayırlar. İlkin olaraq
12 bomba götürərək Polonez kəndində və
İbrahim paşa dairəsində sınaqdan çıxardırlar.
Mikayelyan rus yəhudisi tacir passportu sayəsində
Rusiya səfirliyindən aldığı tövsiyəylə
bir neçə dəfə sultanla görüş məclisinə
gedərək orada qərar tutmuş və sultan keçərkən
üstünə bomba atmağı
planlaşdırmışdı. Yalnız sonradan
aydın olmuşdu ki, Salamlıq vadisində yollara qum tökülməsi səbəbindən
bombanın partlaması mümkün deyildir.
Milliyyətcə
erməni olan tarixçi Levon Panos Dabağyan sui-qəsd hadisənin
təfsilatını belə verir: “1904-cü ilin yanvarında
Sofiyada toplaşan
Daşnaksütyun partiyasının konqresində
önəmli qərarlar qəbul edilmiş və bu qərarlara
əsasən hazırlanan plana görə İstanbul və
İzmirdə geniş çapda terror hərəkətlərinə
başlanılacaq və sultan Əbdülhəmid aradan
götürüləcəkdi... Daşnak komitələrinin
bölgələrdə bu dərəcə güclənib,
yayılmasının başında Hajak və Hraç
adlarındakı iki terrorçu idi, bunlar da 1887-ci ildə
İzmirdə terror hərəkətlərinə
girişmiş və erməni əsilli varlıları xərac
verməyə məcbur etmiş və özlərinə
qarşı çıxanları
namərdcəsinə güllələmişlər...İndi
isə yeni hədəflər seçmişdilər və
planları banklar, gömrük idarəsi, stansiyalar,
körpüləri talamaq və dağıtmaq idi. Təxribatçıların başında duran
şəxs isə daşnak qurucularından olan Xristofor
Mikayelyan idi. Onun isə birbaşa hədəfi Əbdülhəmid
xan idi ”.
Erməni
tarixçisinə görə, Sultan II Əbdülhəmidə
qarşı sui-qəsd planı Sofiya konqresində qəbul
edilsə də, əsl plan İsveçrədə “Siyonistlər”lə
birlikdə hazırlanmışdı...İsveçrədə
suiqəsd planı təkrar nəzərdən keçirildikdən sonra daşnakların terrorçu lideri X. Mikayelyan Tiflisə
oradan da Yunanıstana keçmişdi. Zare adında bir erməni
qadın onları qarşıladıqdan sonra təşkilat
komitəsində Mari Ançkova və Rubina adlı daha iki
qadın iştirak etmişdi.
Yunanıstan və Bolqarıstandan bomba
emalı ilə bağlı lazım olan çeşidli maddələr
alındıqdan sonra İstanbula gedən Mikayelyan yanına
Marini də götürmüş, rus səfirliyi vasitəsilə
bu qadına Rubina Fayn və özünə də Samuel Fayn
saxta ad və soyadla bir pasport hazırlatdırmış və
Rusiya yəhudisi adı altında İstanbula gəlmişdi.
Daha sonra
Ramazan ayının on beşinci günündəki törəndə,
yolda iki adamın tapança ilə padşaha hücum etməsi
planı cızılmış və təyin olunan adamlar
tapançalarla gözləmişlər, lakin həmin gün
sultanın Çırağan Sarayına Ulduz
bağçasından keçməsi, quldurların bu
planını da nəticəsiz qoymuşdur.
Nəhayət xarici qonaqların olduğu yerlərdə
bomba atmaq və eyni zamanda avtomobil ilə böyük bir
partlayış planı irəli sürülmüşdür. Sürücünün
oturduğu yerə 120 kiloqramlıq partlayıcı yerləşdirilmiş
və 42 saniyəlik saatlı bomba hazırlanmışdır.
Avtomobilin idarəsi 45 yaşındakı
keçmiş erməni qatili Zare Haçikyan adında birisinə
həvalə edilmişdi. 1905-ci ilin 18 iyulunda cümə günü sultan
salamlaşma tədbirindən saraya qayıdarkən bomba
partladılmışdır. Sadəcə məsçiddən
çıxdıqdan sonra Şeyxülislamla görüşməsi və
bir neçə dəqiqə gecikməsi səbəbi ilə
sağ qalmışdır. Sui-qəsd nəticəsiz
yekunlaşmışdır. Hadisə ilə
bağlı Avstriya mənşəli Eduard Joris adlı şəxs
edama məhkum edilmişdir. Bir müddətdən
sonra isə həbsxanadan saraya gətirilən Joris, ermənilər
əleyhinə çalışmaq üçün agent təyin
edilib Avropaya göndərilmişdir.
Adana hadisəsi
Məqsədyönlü şəkildə təşkil
edilən erməni üsyanlarından biri də Adana hadisələridir. İki
türk gəncinin qətlə yetirilməsi və qatilin ermənilər
tərəfindən təslim edilməməsi hadisələrin
nəzarətdən çıxması ilə nəticələnmişdir.
Tanınmış türk diplomatı və yazarı Kamuran
Gürün yazır: “ Müsəlmanlarla
ermənilər üç gün dayanmadan küçə
döyüşləri aparmışlar. Hökumət
dərhal Adanaya qoşun yeritmiş və erməni
üsyanı yatırılmışdır. Bəzi mənbələrdə hadisələrdə
17000 erməninin və 1850 müsəlmanın
öldürüldüyü bildirilir. Erməni
patrixarxı 21300 nəfərin
öldürüldüyünü bildirsədə bu öz təsdiqini
heç bir yerdə tapmayıb. Osmanlı
hökuməti hadisələrdə cinayətlər törətmiş
həm erməniləri həm də müsəlmanları məhkəmə
cəzasına cəlb etmişdir”.
Gördüyümüz kimi, guya
1915-ci ildə baş vermiş “erməni soyqırımı”
deyilən hadisələrin başlanğıcı hələ
I Dünya müharibəsindən əvvələ gedib
çıxır. 1914-cü ilə qədər
artıq ermənilər yuxarıdakı hadisələri
törətmiş və onminlərlə dinc türkün həyatına
son qoymuşlar. Şübhəsiz ki, ölkədaxili
ağır və gərgin mübarizə şəraitində
olmasına baxmayaraq, üstəlikdə çar
Rusiyasının birbaşa dəstəyi ilə müşayiət
olunan erməni xəyanətkarlığı ilə
qarşılaşmasına rəğmən, Osmanlı
dövləti əhalisinin qırılmasına müşahidəçi
qalmamış, müqavimət göstərmiş və nəticədə
erməni quldurları da müəyyən itgilərə məruz
qalmışdır. Lakin həqiqət budur ki, yerli türklərlə
müqayisədə ermənilərin epizodik itgiləri
şişirdilmiş və dünyaya bu gündə “real rəqəmlər” kimi
sırınmaqda davam edir. Və onu da qeyd edək
ki, qırğınlarda türklər tərəfdən
ölənlərin əksəriyyəti dinc sakinlər,
qocalar, uşaqlar, qadınlar olmuşdur. Ermənilərin
itgiləri arasında isə dinc sakinlər deyil, silahlı
quldurlar mütləq əksəriyyəti təşkil
etmiş və onlar Osmanlı əhalisinə divan tutmaqdan
savayı, ordunun təslim çağırışlarına
cavab verməmiş, rus qoşunlarının dəstəyinə
arxalanaraq dövlətə müqavimət göstərmişdir.
1914-cü ildən sonrakı mərhələ
Ermənilərin
1914-cü ildən sonrakı üsyanları da öz vəhşiliyi, qarət və
qətllərin miqyasının böyüklüyü ilə
əvvəlki üsyanlardan heç nə ilə fərqlənmir.
Əksinə silsilə erməni üsyanlarına nəzər
yetirsək dövlətə xəyanət, dinc əhaliyə
qarşı amansızlıq, dağıntıların ölçüyəgəlməz
mənzərəsi ilə tanış olarıq. Beləliklə çar Rusiyasının birbaşa dəstək
verdiyi silsilə erməni qanlı təxribat və
üsyanlarının növbəti xronoloji
ardıcıllığına diqqət yetirək.
Bitlis üsyanları
Erməni
üsyanlarının ən çox alovlandığı
bölgələrdən biri də Bitlis nahiyəsidir.
Erməni patriarxının və ideoloqlarının
Osmanlı hökumətinə qarşı ən çirkin təbliğatı
əsasən bu bölgələrdə hiss edilirdi. Üstəlik də bu bölgə Avropanın diqqətini
erməni məsələsinə çəkmək
üçün ideal yerlərdən sayılırdı.
Osmanlı dövlətində səfərbərlik elan
ediləndən sonra bu bölgəyə Vaan Papazyan adlı
qatı daşnak göndərildi. Türk gəncləri
səfərbərliyə getsə də ermənilər orduya əsgər
verməkdən imtina edərək, Osmanlı hökumətini
tanımadıqlarını bildirdilər. Bütün
bunlar azmış kimi, üstəlik də silahlanaraq 1915-ci
ilin yanvar ayında jandarma mühafizə qüvvələrinə
basqın edərək onları öldürdülər.
Ermənilər Muş ovasında toplaşaraq
dövlətin ərazi üzrə nümayəndəsinin və
yanındakı polis qüvvələrini atəşə
tutdular. Səkkiz saatlıq atışmada
doqquz asayiş keşikçisi həlak oldu.
Bitlisdəki
rus konsulu İstanbuldakı Rusiya səfirinə göndərdiyi
14 dekabr 1912-ci il 63 saylı raportunda yazır: “
Erməni təxribatlarında
Daşnak komitəsinin böyük əməyi
vardır. Komitə ermənilərlə müsəlmanlar
arasında çarpışmalar çıxarmağa və
yaranacaq vəziyyətdən ötrü rusların işə
qarışmasını təmin etməyə və bu
torpaqların rus əskərləri tərəfindən ələ
keçirilməsinə bütün gücləriylə
çalışırlar.”
Ərzurum üsyanı
Erməni daşnakları I Dünya müharibəsindən
əvvəl sonuncu konqreslərini Ərzurumda keçirirlər. Bu bölgə
onlar üçün son dərəcə əhəmiyyətli
və Qafqazdan quru, Batumdan su yolu ilə cəbhəxana
daşınması üçün əlverişli şəhər
idi.
1914-cü ilin noyabrında Ərzurum və
sancaqlarında erməni quldur birləşmələri evlərə
soxularaq müsəlman qadın və uşaqları
öldürməyə başladılar. Müsəlman
kişilərin əksəriyyətinin ön cəbhədə
olmasından istifadə edən ermənilər daha da cəsarətlənmişdilər.
Ordudakı əsgərlərin bir çoxu bu
hadisələrdən məyus olmuş və ailələrinə
kömək etmək üçün döyüş bölgəsini
tərk edərək Ərzuruma gəlmişdilər.
Birinci Dünya Müharibəsində Ərzurumun ruslar tərəfindən
işğalı sırasında, rus qüvvələrinin
komandanı Abgralın, 3 mart 1918-ci il
tarixində Qafqaz Ordu Komandanlığına göndərdiyi rəsmi
raport ermənilərin müdafiəsiz əhaliyə
qarşı necə görünməmiş qətliamlar
törətdiyinə açıq-aşkar şahidlik edir.
Raportda deyilir: “26 fevral 1918-ci ildə milis qüvvələrindən
bir qrup, türkləri toplamağa başladı. Məqsədləri dəmiryolu və yolları
türklərə təmizlətdirmək idi. Şübhəsiz ki, bu əmr general Andranik tərəfindən
verilmişdi. Türklər buna
narazılıq etdilər. Və vəziyyətlə
bağlı rus ordu rəhbərliyindən yazılı bir əmr
gərəkdiyini tələb etdilər. Lakin
məlum oldu ki, belə bir əmr yoxdur. Mən dərhal
milis qüvvələrin rəisi Faraxyanla əlaqə
saxladım və o dedi ki, kamandir yazılı əmr vermə
üsulunu ləğv etmişdir. Toplananlar üç qrupa
bölündü... Ərzurumdan çıxanda
Qars yolu üzərində 70-dən çox türkün cəsədiylə
qarşılaşdım. Başlarından, boyun və
kökslərindən güllələndikləri və ürək
və qarın nahiyyəsindən süngüləndikləri
görünürdü...” Raportdan aydın olur ki, ermənilər
3 qrupa böldükləri əhalini ayrı 3 istiqamətdə
apararaq vəhşicəsinə qətlə yetirmiş,
sağ qalan azlıq – təxminən 250 nəfər isə
yalnız güclə və möcüzə sayəsində
sağ qalmışlar.
Görkəmli
tədqiqatçı Əhməd Rəfiq “
Qafqaz Yollarında” adlı əsərində Ərzurumdakı
hadisələr barədə yazır: “ Yanğın yerindəyəm.
Türklərin bu tarixi və fədakar bölgəsi bir
xarabalıq vəziyyətində, küçələr və
binalar, məsçidlər, mədrəsələr, insan cəsədləri
ilə dolu, yanmış və yıxılmış evlərin
dağıntıları arasında insan kəllələrinə,uşaq
başlarına, qol və qıç, gövdə və ayaq
parçalarına rast gəlinir...”
Osmanlı müdafiə qüvvələri tərəfindən sıxışırılan ermənilərin üsyanı yatırılır. Həbs edilən Ərzincandan olan erməni Dikran Papazyan açıq-aşkar etiraf etmişdi ki, “Əgər üç-beş gün daha gecikmə olsaydı, komitədən aldığımız planla Ərzincanı odlara qərq edəcək, bütün türkləri, əskərləri öldürəcəkdik. Lakin hökumət çevik müdaxilə etdiyindən planımız baş tutmamışdı.”
Elazığ
üsyanları
Səfərbərlikdən sonra Elazığda erməni əsgərlərinin fərariliyi və müsəlman əhaliyə basqınları geniş miqyas aldı. Elazığda ingilis konsulluğu tərcüməçiliyini edən bir erməni 11 kolordu haqqında bilgi topladı. Bu xəbərlər İstanbuldakı ingilis səfirliyinə gedərkən yolda yaxalandı. Səfərbərlikdən yaralı qayıdan türk əsgərlərinin yolda ermənilər tərəfindən vəhşicəsinə öldürüldüyü faktları ortaya çıxdı. Ordunun dərhal işə müdaxilə etməsi sayəsində erməni kilsəsindən və araşdırma zamanı heç bir silahı olmayan ermənilərin evindən təkcə Ərzurum şəhərində 5000-dən çox silah, 300-ə qədər bomba, 40 kiloqrama qədər bomba fitili, 200-dən çox dinamit və 5000 ədəd dinamit misketi tapıldı. Bundan əlavə tanınmış tədqiqatçı Azmi Süslü yazır ki, bölgədə təşkil edilən məhəlli silahlı çətələr Qafqazdan gələn könüllülərlə birlikdə şəhərdə və ətrafında təxribat-pozuçuluq hərəkətlərinə yol vermiş və bir sıra vəzifəli asayış keçikçiləri və zabitlər öldürülmüşdür. Dersim (indiki Tunceli) kürd-zaza əşirətlərinin Osmanlı hökumətinə qarşı qaldırılmasına cəhd edilmiş, Egin və Arapkirdə erməni kilsələri silah depolarına çevrilmişdir. Müharibənin başlaması ilə eyni zamanda ermənilər şəhər və kəndlərdə qətliam və zalımlıqlar törətmişlər.
Diyarbəkir
üsyanları
Diyarbəkirdə ermənilərin say
nüfuzunun olduqca az olmasına baxmayaraq daşnak komitəsinin
təhriki ilə üsyana qalxdılar. Rus
işğalını asanlaşdırmaq, Türk ordusunun hərəkətini
çətinləşdirmək üçün
var-gücüylə çalışan komitəçilərlə
gərgin atışmalarda üsyan yatırılmış və
çoxlu sayda cəbhəxana, bomba və fərari əskərlər
ələ keçirilmişdir. Ələ keçirilmiş
sübutlardan biri də daşnak komitəsinin
bildirişi olmuşdur. Bildirişdə yazılır: “ Van tərəfdə ruslar uğurla irəliləsə
bütün ermənilər cızılmış plan üzrə
üsyana qalxacaq, rəsmi binaları yıxacaq, hökuməti
ermənilərin müstəqilliyini tanımağa məcbur
edəcək və rus işğalını
asanlaşdıracaqlar.”
Darmadağın
edilən erməni quldurları qaçaraq Muş,
Kığı, Bitlis, Van, Talori kimi yerlərdən gələn
ermənilərlə birləşərək hər tərəfə
hücuma başlamış və rastlaşdıqları pərakəndə
əskərləri, dinc əhalini qətliama məruz
qoymuşdular.
Diyarbəkir
ərazisində ermənilərin amansız vəhşiliklərinə
dair aparılmış tədqiqatın çoxsaylı nəticələrindən
birində qeyd olunur: “Mərkəzin şərq nahiyyəsinə
bağlı Arzuoğlu və Şanıköy ermənilərinin
əlisilah tutan kişiləri öz qəddarlığı
ilə tanınmış Hono adındakı quldurun rəhbərliyi
altında birləşmiş Xızır İlyas kəndinə
hücumlar etmiş kişilərin ümumiyyətlə
müharibədə olmaqlarından istifadə edərək, kəndin
içində və tarlalarında təsadüf etdikləri
bütün qadın və uşaqları Mərsən dərəsinə
aparmış, orada güllə və xəncərlərlə
onları qətlə yetirmiş, bəzilərini qəssablara
şükr ediləcək dərəcədə
yırtıcı şəkildə
doğramışdılar. Öldürdükdən əvvəl
namuslarına da təcavüz etmişlər.”
Diyarbəkir
Valiliyinin Osmanlı Daxili İşlər Nazirliyinə göndərdiyi
27 aprel 1915-ci il tarixli məktubunda deyilir: Diyarbəkirdə fərari əsgərlərin və
silah-sursatların axtarışı zamanı çoxlu sayda
silah, cəbbəxana, əsgər formaları,
partlayıcı maddə tapılmışdır. Erməni
komitəçilərindən yalnız mərkəzdə
1000-dən çox fərari yaxalanmışdır”.
(ardı var)
Anar TURAN
Xalq qəzeti.- 2013.- 21 may.- S. 5.