“Leyli və Məcnun”
operası Düşənbədə tamaşaya qoyulmuşdur
Azərbaycanın Tacikistandakı səfirliyindən
aldığımız məlumatda bildirilir ki, bu günlərdə
Düşənbədə Sadraddin Ayni adına Dövlət
Opera və Balet Teatrının səhnəsində Azərbaycanın dahi bəstəkarı Üzeyir
Hacıbəylinin Şərqin və müsəlman
dünyasının ilk operası “Leyli və Məcnun” tamaşaya qoyulmuşdur.
Düşənbənin
mədəni həyatında əsl bayrama çevrilən
tamaşada Tacikistanın dövlət və hökumət
strukturlarının rəhbərləri, nazirlər, parlament
üzvləri, sabiq prezident və nazirlər, həmçinin,
diplomatik korpusun təmsilçiləri, habelə Tacikistanda
müvəqqəti və daimi yaşayan azərbaycanlılar və
onların ailə üzvləri, yerli və xarici KİV
nümayəndələri də iştirak etmişlər.
Azərbaycan
xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş Azərbaycan-Tacikistan
dostluq konserti tamaşaçılar və musiqişünaslar
tərəfindən böyük rəğbət, sevgi və
alqışlarla qarşılanmışdır.
Tacikistan
Respublikasının mədəniyyət naziri M.Asrori tədbir
iştirakçılarını təbrik etmiş və
bildirmişdir ki, son illərdə Azərbaycanın
Tacikistandakı səfirliyinin dəstəyi ilə keçirilən
mədəni tədbirlərin artması sevindirici haldır.
Bugünkü “Leyli və Məcnun” tamaşası Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmaqla yanaşı, Azərbaycan-Tacikistan
mədəni əlaqələrinin müsbət müstəvidə
inkişafının bariz rəmzidir.
Azərbaycanın
Tacikistandakı səfiri Abbasəli Həsənov
çıxışında tamaşanın ərsəyə
gəlməsində əməyi olan hər kəsə minnətdarlığını
bildirərək qeyd etmişdir ki, “Leyli və Məcnun”
tamaşasının Düşənbə ictimaiyyətinə
təqdim edilməsi səfirlik tərəfindən ulu öndər
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə
tədbirlərdən biridir. Səfir
vurğulamışdır ki, hələ sovet dönəmində
Sov İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər
Soveti sədrinin 1-ci müavini kimi yüksək vəzifə
tutan ümummilli lider Heydər Əliyev bütün İttifaq
respublikaları, o cümlədən, Tacikistan
üçün böyük işlər görmüş,
müstəqillik illərində də Tacikistana və onun
xalqına öz dəstəyini əsirgəməmişdir.
Daha sonra səfir A.Həsənov bidirmişdir ki, mədəni tədbirlər təkcə Düşənbədə deyil, eləcə də Gəncə ilə qardaşlaşmış Xocəndə şəhərində, həmçinin, Tacikistan Respublikasının digər bölgələrində də bundan sonra da davam etdiriləcəkdir. Mədəni əlaqələrimizin dərinləşməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq və dövlətlərimiz arasında münasibətlərin hərtərəfli inkişafına müsbət təsir göstərəcəkdir.
İ.NİZAMİOĞLU
Xalq qəzeti.- 2013.- 21 may.- S. 6.