“Eurovision-2013” mahnı müsabiqəsinin
final konserti keçirilmişdir
Mayın
19-da “Malmö Arena”nın səhnəsində “Eurovision-2013”
mahnı müsabiqəsinin final konserti keçirilmişdir.
“Eurovision-2013”
şousunun aparıcısı Petra Mede bu mötəbər
layihənin tamaşaçılarını salamlamış,
iştirakçılara uğurlar arzulamışdır.
Sonra
müsabiqənin təşkilatçıları
tamaşaçılara möhtəşəm şou
nümayiş etdirmişlər. Builki şouda hər bir
ölkə təmsilçisi səhnədən xüsusi
körpü vasitəsilə gözləmə otağına
yola düşmüşdür.
İyirmi
altı ölkənin iştirakı ilə keçirilən
finalda səhnəyə birinci Fransa təmsilçisi Amandine
Bourgeois çıxmışdır. Ölkəsini “Hell and
me” mahnısı ilə təmsil edən müğənninin
ifası mövzuya uyğun güclü səhnə
quruluşu və parlaqlıqla nümayiş etdirilmişdir.
Litvanın
istedadlı müğənnisi Andrius Pojavis, Moldovadan Aliona
Moon, Finlandiyadan Krista Sieqfrids, İspaniyadan “Esdpm” qrupu,
belçikalı Roberto Bellarosa, Estoniya təmsilçisi
Birgit, Belarusdan Alyona Lanskaya, maltalı Qianluka, Rusiyadan Dina
Qaripova, Almaniyadan Kaskada, ermənistanlı Dorians, Niderlanddan
Anouk, Rumıniyadan Sezar, Böyük Britaniyadan Bonnie Taylor,
isveçli Robin Styernberq, Macarıstandan Byealeks, danimarkalı
Emmelie de Forest, İslandiyandan Eythor İngi, Azərbaycan təmsilçisi
Fərid Məmmədov, Yunanıstanın “Koza Nostra” qrupu,
ukraynalı Zlata Oqneviç, İtaliyadan Marko Menqoni,
norveçli Marqaret Berger, Gürcüstandan Nodi Tatişvili və
Sofiya Gelovani cütlüyü, irlandiyalı Ryan Dolan öz
ifalarını nümayiş etdirmişlər.
Konsertdə
diqqəti cəlb edən əsas məqam isə səhnə
arxasındakı monitorlarda nümayiş etdirilən
İsveçin müxtəlif guşələrinin
görüntüləri olmuşdur.
“Eurovision”
mahnı müsabiqəsinin qaydalarına əsasən,
yarışmanın finalından bir gün əvvəl
münsiflər səs verirlər. Final şousu başa
çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər
müsabiqənin yekununda tamaşaçı səsləri ilə
toplanır.
Səsvermə
intervalı aktında iyirmi altı ölkənin təmsilçilərinin
final şousundakı çıxışlarının ən
maraqlı məqamları bir daha nümayiş olunmuşdur. 15
dəqiqəlik fasilədə “Eurovision” mahnı müsabiqəsinin
ötənilki qalibi Loreen tamaşaçılara unudulmaz
şou və ona ötən il Bakıda qələbə
qazandıran “Eurphoria” mahnısını təqdim etmişdir.
Müsabiqənin aparıcısı Petra Medenin şousu isə
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanmışdır.
Final mərhələsində
iştirak edən 26 ölkənin
çıxışlarından sonra 15 dəqiqə ərzində
təmsilçilərə səs göndərmək
mümkün olmuşdur.
Beləliklə,
39 ölkənin iştirak etdiyi səsvermə prosesində
“Malmö Arena”ya ilk olaraq San Marino qoşulmuşdur.
İştirakçı ölkələrin əksəriyyətinin
mühüm hesab edilən 8, 10, 12 səslərini Danimarka təmsilçisinə
verməsi çoxlarını təəccübləndirmədi.
Çünki müsabiqənin ilk günlərindən məhz
onun qələbəsinə inananlar çox idi. Bununla da
yarışmanın ən çox səs qazanan danimarkalı
təmsilçisi Emmelie de Forest müsabiqənin qalibi
olmuşdur.
Azərbaycan
isə “Eurovision-2013” mahnı müsabiqəsində ikinci yerdə
qərarlaşmışdır. Avstriya, İsrail,
Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro,
Gürcüstan, Litva ən yüksək - 12 səsini, Ukrayna,
Rumıniya, Belarus 10 səsini, Moldova, Fransa, Kipr 8 səsini
Albaniya, San Marino, İslandiya, Xorvatiya isə 7 səsini Azərbaycanın
hesabına yazdırmışdır.
Azərbaycandan
verilən səslərin nəticələrini İctimai
Televiziya və Radio Yayımları Şirkətinin
“Carçı” proqramının aparıcısı Tamilla
Şirinova elan etmişdir. Tamilla Şirinova Azərbaycanın
8 səsi Maltaya, 10 səsi Gürcüstana, 12 səsi isə
Ukraynaya verdiyini elan etmişdir. Səsverməyə sonuncu Litva
qoşulmuşdur. Bununla da 279 səs alan Danimarka müsabiqənin
birincisi olmuşdur. Azərbaycan təmsilçisi Fərid Məmmədov
ikinci, ukraynalı Zlata Oqneviç isə
üçüncü yerləri tutmuşlar.
Müsabiqənin
qaydalarına əsasən, qalib ölkənin təmsilçisi
yenidən “Eurovision”un əsas səhnəsinə
çıxaraq ona birincilik qazandırmış
mahnısını bir daha ifa etmişdir. “Malmö Arena”ın
səhnəsində təmsilçisini şounun
aparıcısı Petra Mede təbrik edərək, ona
yarışmanın rəmzi “Büllur mikrofon”unu təqdim
etmişdir.
Daha sonra
qalib ölkənin təmsilçisi Emmelie de Forest “Malmö
Arena”ın Mətbuat Mərkəzində jurnalistlərlə
görüşmüş, onların suallarını
cavablandırmışdır. Qalib müğənni
“Eurovision-2013” mahnı müsabiqəsinin təşkilatçılarına
təşəkkürünü bildirmişdir.
İsveçin
ev sahibliyi etdiyi “Eurovision-2013" mahnı müsabiqəsinin
bütün şouları 46 ölkədə birbaşa
yayımlanmışdır.
Anar RZAYEV,
AzərTAc-ın
müxbiri
Malmö
Xalq qəzeti.- 2013.- 21 may.- S. 6.