ABŞ-ın Nyu York şəhərində
ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans
ABŞ-ın Nyu York şəhərindəki Türk
Mədəni Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.
Bakı
Dövlət Universitetindən (BDU) AzərTAc-a bildirmişlər
ki, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri
üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Xəqani
Məmmədov da konfransın iştirakçıları
arasında olmuşdur.
Tədbirdə,
həmçinin Azərbaycan Respublikasının BMT yanında
daimi nümayəndəliyinin rəhbərliyi və əməkdaşları,
bir sıra türkdilli ölkələrin BMT yanında daimi
nümayəndəliyinin təmsilçiləri, Nyu York şəhərində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının
üzvləri iştirak etmişlər.
Konfransda
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin
Mehdiyev ulu öndər Heydər Əliyevin müasir müstəqil
Azərbaycan dövlətinin yaranmasında və möhkəmlənməsində,
daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində
misilsiz tarixi xidmətlərindən
danışmışdır.
Ümummilli
liderin həyat və fəaliyyətindən bəhs edən sənədli
film nümayiş etdirilmişdir.
Professor
Xəqani Məmmədov “Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin banisidir” mövzusunda məruzə etmişdir.
Məruzəçi
bildirmişdir ki, ümummilli lider Heydər Əliyev istər
keçmiş SSRİ dövründə, istərsə də
müstəqillik dövründə Azərbaycana rəhbərlik
edərkən öz böyük xilaskarlıq
missiyasını yerinə yetirmişdir. 1993-cü ildə
xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdan müdrik şəxsiyyət Heydər
Əliyev qısa müddətdə Azərbaycanı
düçar olduğu bəlalardan xilas etmiş, onu
davamlı inkişaf yoluna çıxarmışdır.
Dahi
rəhbər Heydər Əliyev ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən çox
uğurla həyata keçirildiyini vurğulayan professor ölkəmizdə
qazanılan bütün nailiyyətlərin ulu öndərin
siyasətinin bəhrəsi olduğunu bildirmişdir.
Vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev
ideyaları əbədi yaşayacaqdır.
Nyu
Yorkda fəaliyyət göstərən bu şəhərdə
yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən
diaspor təşkilatı olan “Azərbaycan Nyu York Assosiasiyası”nın (ANA) mənzil
qərargahında professor X.Məmmədovun BDU-nun dosenti Nuru Məmmədovun
həmmüəllifliyi ilə nəşr olunmuş “Erməni
iddiaları və azərbaycanlıların soyqırımı”
kitabının təqdimatı keçirilmişdir.
Tədbirdə
ANA-nın prezidenti Əli Nəsibov və digər
çıxış edənlər ermənilərin Azərbaycan
xalqına qarşı ərazi iddiaları və
apardıqları soyqırımı siyasətini ifşa edən
bu kitabın əhəmiyyətini diqqətə
çatdırmışlar.
Professor
X.Məmmədov son iki əsrdə erməni millətçilərinin
xalqımıza qarşı törətdikləri dəhşətli
soyqırımı siyasəti barədə ətraflı məlumat
vermiş, bu kitabı özünün müəllifi
olduğu digər nəşrləri “Azərbaycan Nyu York
Assosiasiyası”na hədiyyə etmişdir.
Ə.Nəsibov
professor X.Məmmədova “Azərbaycan Nyu York
Assosiasiyası”nın diplom və
medalını təqdim etmişdir.
Xalq qəzeti.- 2013.- 21 may.- S. 6.