“İnformasiya təhlükəsizliyi
problemləri” I Respublika elmi-praktiki konfransı
AMEA
İnformasiya Texnologiyaları İnstitutunda ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunmuş və iki gün davam
edən “İnformasiya təhlükəsizliyi problemləri” I
Respublika elmi-praktiki konfransı
keçirilmişdir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytı məlumat
yaymışdır.
Tədbirdə
AMEA prezidenti, akademik Akif Əlizadə
konfransın məqsəd və əhəmiyyətindən
söz açıb. İnformasiya resurslarının
dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin
təmin olunmasının zəruriliyini ifadə edən AMEA
prezidentinin sözlərinə görə, hər bir dövlətin
maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə
də qorunmalıdır.
Konfransın ənənəvi xarakter
almasının zəruriliyini ifadə edən AMEA prezidenti
informasiya təhlükəsizliyi problemlərinin
araşdırılması ilə bağlı Azərbaycan
Milli Elmlər Akademiyasının qarşısında duran
başlıca vəzifələrdən də bəhs edib. Tədbirin
alim və mütəxəssislərin bu sahədə elmi
nailiyyətlərinin təbliği, bilik və təcrübə
mübadiləsinin aparılması baxımından
mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıb.
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya təhlükəsizliyi
sahəsində dövlət siyasətindən söz
açıb. Müasir dövrdə kibertəhlükəsizliyin
qlobal problemə çevrildiyini və bu problemə
qarşı beynəlxalq müstəvidə mübarizə tədbirlərinin
gücləndirildiyini deyən nazir geniş miqyas alan təhlükələrlə
bağlı əldə olunan statistikanı diqqətə
çatdırıb. Beynəlxalq
səviyyədə kibertəhdidlərə qarşı
mübarizə tədbirlərindən də danışan Ə.Abbasovun
sözlərinə görə, burada əsasən 3 aspekt, o
cümlədən informasiya azadlığı, şəxsi
informasiyanın qorunması və informasiyanın təhlükəsizliyi
həmişə bir-biri ilə rəqabətdə
olduğundan beynəlxalq razılaşmalarda problemlər
yaradır.
Daha sonra
insan hüquqları üzrə müvəkkil, professor Elmira
Süleymanova, AMEA-nın
akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev,
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan
Texniki Universitetinin rektoru, professor Havar Məmmədov da
çıxış edərək informasiya cəmiyyətinin
qurulmasında aparılan islahatlardan, görülən işlərdən
söz açıblar.
Konfransda
“İnformasiya təhlükəsizliyinin humanitar problemləri”
və “İnformasiya təhlükəsizliyinin texnoloji problemləri”
üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin
müxtəlif istiqamətlərində aktual məsələləri
əhatə edən məruzələr dinlənilmişdir.
2013-cü
ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları
ili” elan edilməsi ilə bağlı Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilən
tədbirin təşkilatçıları Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət
Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan
Milli Elmlər Akademiyası və AMEA İnformasiya
Texnologiyaları İnstitutudur.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2013.- 21 may.- S. 6.