Azərbaycan ABŞ-da keçirilən 32-ci Türk Günü Paradında təmsil olunmuşdur

 

Azərbaycan Respublikası ABŞ-da keçirilən 32-ci Türk Günü Paradında təmsil olunmuşdur.

Türk gününə həsr olunmuş ziyafətdə “TÜRKSAV” Türk Dünyası Yazıçı və Rəssamlar Fondunun prezidenti Yahya Akengin Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova “Türk Dünyasına Xidmət 2012” mükafatını təqdim etmişdir. Səfir bu mükafata erməni diasporunun əsassız iddialarına verdiyi tutarlı cavaba və türk dünyası lobbiçiliyinə göstərdiyi dəstəyə görə layiq görülmüşdür.

Tədbirdə çıxış edən tanınmış türk yazıçısı və şairi Abdullah Satoğlu ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında söylədiyi “bir millət, iki dövlət” kəlamını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “bir millətin iki diasporu olmaz” sözlərini xatırlatmışdır.

Səfir E.Süleymanov mükafata görə Türk Dünyası Yazıçı və Rəssamları Fonduna təşəkkür etmiş, Azərbaycanın “bir millət, iki dövlət” siyasətinə sadiq qaldığını və Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin davam etdirildiyini vurğulamışdır. Bildirilmişdir ki, güclü Azərbaycan güclü Türkiyə deməkdir.

Səfir ölkələrimiz arasında qardaşlıq və strateji əməkdaşlığın bütün regionun inkişafı baxımından müsbət nəticələr verdiyini söyləmiş, eyni zamanda, bütün türk dünyası dövlətləri arasında münasibətlərin daha da dərinləşməsinin vacibliyini qeyd etmişdir.

Sonda E.Süleymanov tədbirin təşkilinə görə Türk-Amerikan Assosiasiyaları Federasiyasının başçısı Əli Çinara təşəkkürünü bildirmiş,   iştirakçıları 32-ci Türk Günü Paradı münasibətilə bir daha təbrik etmişdir.

Mərasimdə Türkiyənin Avropa İttifaqı işləri naziri Egemen Bağış, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç, AŞPA-nın keçmiş sədri Mevlut Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyənin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, diaspor nümayəndələri iştirak etmişlər.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

Mayın 18-də isə Nyu-York şəhərində Türkiyə və Türk Dünyası ilə bağlı dünyada keçirilən ən böyük və izdihamlı mədəni tədbir hesab olunan 32-ci Türk Günü Paradı keçirilmişdir.

Nyu-Yorkun mərkəzi küçələrində təşkil olunan və minlərlə insanın iştirak etdiyi paradda səfir Elin Süleymanov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva da olmuşlar.

Tədbirin sonunda Nyu-York şəhərinin mərkəzi meydanlarından biri olan Dag Hammarskjöld parkında iştirakçılar üçün konsert təşkil olunmuşdur.

 

 

Yusif BABANLI

AzərTAc

Vaşinqton

 

Xalq qəzeti.- 2013.- 22 may.- S. 2.