Əhalinin həyat səviyyəsi statistikası üzrə metodoloji məsələlərin izahı mövzusunda seminar keçirilmişdir

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statstikası şöbəsi “Əhalinin həyat səviyyəsi statistikası üzrə metodoloji məsələlərin izahı” mövzusunda seminar keçirmişdir. Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf, Səhiyyə nazirliklərinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

Seminarı əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdir müavini Nail İmanov açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Dünya Bankının metodologiyasına və tövsiyələrinə uyğun olaraq , 2012 -ci ildə ölkənin bütün iqtsadi rayonlarını əhatə etməklə reprezentativ seçmə üsulu ilə rübdə 4250 ev təsərrüfatında sorğu həyata keçirmişdir. Həmin ev təsərrüfatlarında orta hesabla 17000 şəxs sorğuya cəlb olunmuşdur.

Şöbənin müdiri Yaşar Paşa bu məsələ barəsində geniş çıxış edərək qeyd etmişdir ki, Dövlət Statistika Komitəsi həyata keçirdiyi sorğu vasitəsilə ölkədə sosial və iqtisadi siyasət sahəsində uğurlu qərarlar qəbul edilməsi üçün lazım olan statistik məlumatların toplanması işini təşkil edir və əhalinin müxtəlif sosial qrupları üzrə həyat səviyyəsi haqqında statistik məlumatları almaq məqsədi ilə ailə büdcələrini öyrənir. Təmsilli seçmə aparmaq məqsədilə əhalinin siyahıyaalınmasının materiallarından istifadə etməklə ölkəmizdəki bütün ev təsərrüfatlarının bazası yaradılmışdır.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsləhətçisi Vasif Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin aparıcı məsləhətçisi Nəbi Nəbizadə və başqaları çıxış edərək öz fikirlərini bildirmişlər.

 

 

Şakir CƏFƏROV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2013.- 22 may.- S. 4.