Məleykə
ABBASZADƏ: “Nəzərdə tutmuşuq ki, şagirdlər gələn
ildən etibarən 3 fəndən buraxılış
imtahanı versinlər”
“Attestat qiymətlərinin reallığı əks
etdirməsinə nail olduqdan sonra buraxılış
imtahanlarında fənlərin sayını artırmaq olar. Biz
nəzərdə tutmuşuq ki, gələn ildən
buraxılış imtahanında 3 fənn olsun. Hazırda bunun
hansı fəndən olacağı və necə formada
aparılacağını deyə bilmərəm”.
APA-nın xəbərinə görə,
bunu Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə
buraxılış imtahanlarında fənlərin
sayının artırılması və ya azaldılması
barədə səslənən təkliflərə münasibət
bildirərkən demişdir.
Komissiya sədri bildirmişdir ki, bu
ildən etibarən TQDK tərəfindən orta məktəb
şagirdləri arasında monitorinq imtahanları
keçirilib, gələn il də bu proses davam edəcək:
“Hazırda bu istiqamətdə müvafiq araşdırma
aparılır. Buraxılış imtahanlarında fənlərin
sayı artırılarsa, o fənlərin sayı qəbul
imtahanında azaldıla bilər. Düşünürük
ki, məsələn, şagird buraxılış
imtahanında ana dili və ya riyaziyyat fənnindən imtahan
verirsə, onun nəticələri qəbul imtahanında nəzərə
alınsın. Yəni, qəbul imtahanında abituriyentlər 5
fəndən imtahan verməsin. Nəticədə
buraxılış və qəbul imtahanları arasında fərq
azalsın. Bu istiqamətdə hələlik araşdırma
aparılır. Təhsil eksperti olaraq bu mənim, sadəcə,
elmi mülahizələrimdir”.
M.Abbaszadə onu da bildirmişdir ki,
qeyd etdiyi məsələlər həyata keçsə, qəbul
imtahanları gələcəkdə yalnız əvvəlki
illərin məzunları və müsabiqə vəziyyəti
yüksək olan bəzi ixtisaslar üzrə keçirilə
bilər.
Xalq qəzeti.- 2013.- 22 may.- S. 5.