Heydər Əliyevin
90 illik yubileyi Polşada qeyd edilmişdir
May ayının 12-dən 18-dək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərliyi altında Polşa Respublikası Pruşkuv rayonunun Nadajın şəhərinə 6 nəfərlik nümayəndə heyəti səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Polşadakı səfirliyinin dəstəyi və Nadajın şəhər icra hakimiyyətinin köməyi ilə silsilə tədbirlər keçirilmişdir.
Nümayəndə
heyəti 13 may 2013-cü il tarixində Varşava şəhərinin
Saska Kempa Mədəniyyət Mərkəzində Azərbaycan
Respublikasının Polşadakı səfirliyi tərəfindən
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illiyi münasibətilə təşkil olunmuş təntənəli
mərasimdə iştirak etmişdir. Tədbirdə
çıxış edən nümayəndə heyətinin rəhbəri
Xəzər rayonunda aparılan quruculuq və abadlıq işlərindən
danışmış, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində
tikilən yeni məktəblər, inşa olunan təzə
yollar və əhalinin işlə təmin edilməsi istiqamətində
görülən işlər barədə ətraflı məlumat
vermiş və etiraf etmişdir ki, bütün bunlar ulu
öndər Heydər Əliyevin ölkədə
yaratdığı sabitlik nəticəsində mümkün
olmuşdur.
14 may 2013-cü il tarixində nümayəndə heyəti Nadajın şəhərində yerləşən Eşitmə Fiziologiyası və Patologiyası İnstitutunda olmuşdur. Qonaqlara institutun fəaliyyəti barədə ətraflı məlumat verilmiş, son illər burada əldə olunmuş nailiyyətlərdən söhbət açılmışdır. Xəzər Rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov öz növbəsində Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə tikilən və dünya standartlarına cavab verən yeni xəstəxanalardan, səhiyyə sahəsində görülmüş işlərdən ətraflı danışmışdır.
Sonrakı gün Nadajın şəhərindəki II İohan Pavel adına gimnaziyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilmişdir. Nadajın şəhərinin meri Yanuş Qjıb tədbiri açaraq şagird və müəllimlərə bildirmişdir ki, Azərbaycan Respublikasının qurucusu və memarı olan Heydər Əliyevin şəxsi dəvəti ilə XXI əsrin əvvəlində Roma Papası II İohan Pavel ilk dəfə Azərbaycana və Qafqaza səfər etmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov ümummilli liderin Azərbaycanın tarixindəki rolundan, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. O qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasi və iqtisadi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan
Respublikasının Polşadakı səfiri Həsən Həsənov
tədbir iştirakçılarına ümummilli lider Heydər
Əliyevin ölkənin ən çətin anında prezident
seçilməsindən danışmış, qısa zaman ərzində
dövləti siyasi böhrandan, iqtisadi tənəzzüldən
çıxararaq stabil və inkişaf edən respublikaya
çevrilməsi istiqamətində gördüyü işlər
haqqında ətraflı məlumat vermişdir.
Sonra
Xəzər Rayon İcra Hakimiyyətinin
başçısı II İohan Pavel adına gimnaziyanın
şagirdləri tərəfindən “Azərbaycan Şərq
və Qərb arasında qapı” mövzusunda ümummilli lider
Heydər Əliyev və Azərbaycan haqqında
yazılmış inşa müsabiqəsində ilk
üç yeri tutmuş şagirdlərə diplom və qiymətli
hədiyyələr təqdim etmişdir. Polşalı məktəblilər
üzərində “Heydər Əliyev-90” yazılmış
köynək və papaq geyinmiş, yaxalarında Heydər Əliyevin
rəsmi əks olunan döş nişanları
taxmışlar. Tədbirin sonunda gimnaziyanın
qarşısında Azərbaycan-Polşa diplomatik əlaqələrinin
qurulması şərəfinə ucaldılmış abidə
önünə əklil qoyulmuşdur.
16 may 2013-cü il tarixində Xəzər rayonu ilə II İohan Pavel adına gimnaziya rəhbərliyi arasında şagird və müəllim heyətinin mübadiləsinə dair danışıqlar aparılmışdır. İlkin razılığa əsasən 2013-cü il iyun ayının sonları Polşadan 14 nəfərlik şagird heyəti Bakıya gələcəkdir. Qonaqlara bir həftə ərzində Azərbaycanın mədəniyyəti, tarixi, ölkəmizdə polyak izləri, Azərbaycan ailəsi və s. mövzular haqqında ətraflı məlumat veriləcək, şəhərimizin görməli yerlərinə gəzintilər təşkil olunacaqdır. Azərbaycanlı şagirdlərin Polşaya səfəri isə 2013-cü il avqust ayında nəzərdə tutulub.
Azərbaycandan
Polşaya səfər edəcək şagird və müəllim
heyəti üçün nəzərdə tutulan “Meşə
mirvarisi” istirahət mərkəzi ilə tanışlıq səmərəli
olmuşdur. Nadajın şəhərinin meri bildirmişdir ki,
müasir standartlara cavab verən istirahət mərkəzində
Azərbaycandan gələcək müəllim və şagird
heyəti üçün hər cür əlverişli şərait
yaradılacaq.
Xəzər
Rayon İcra Hakimiyyətinin başçısı
Gülağa İslamov vida mərasimində Nadajın şəhərinin
rəhbərliyinə minnətdarlığını
bildirmiş, uğurla başa çatan səfərin
qardaşlaşma haqqında bir il öncə iki şəhər
arasında imzalanan müqaviləyə uyğun olduğunu
vurğulamışdır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2013.- 22
may.- S. 6.