Kürdəmirdə
təhsilə diqqət və qayğı artmışdır
Son illər Azərbaycanın hər bir bölgəsi
kimi, Kürdəmir rayonu da hərtərəfli sosial-iqtisadi
yüksəliş, mədəni intibah mərhələsi
yaşayır. Rayonda ictimai-siyasi həyatın bütün sahələrində
yaranmış yüksək tələbkarlıq və
quruculuq mühiti millətimizin gələcəyi olan gənc
nəslin təlim və tərbiyəsinin keyfiyyətcə
yeni mərhələyə yüksəlməsi
üçün geniş imkanlar açmışdır.
Ulu öndər Heydər Əliyev
haqlı olaraq demişdir ki, Azərbaycan xalqının ən
böyük sərvəti onun ziyalılarıdır,
savadlı, bilikli insanlarıdır. Təsadüfi
deyildir ki, dahi siyasətçi təhsilə hərtərəfli
qayğını dövlətin prioritet vəzifələrindən
hesab edirdi. Bu gün xöşbəxtlikdən bu müdrik
siyasət Heydər Əliyev siyasi kursunun ən layiqli
davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin
tərəfindən uğurla davam etdirilir. Dövlət
başçısının bu sahəyə hər an artan
diqqət və qayğısını təhsil işçiləri
daim hiss edir və bundan, təbii ki, böyük qürur
duyurlar.
Təhsil
elə bir sahədir ki, burada böyük, davamlı
uğurları yalnız birgə səylərlə əldə
etmək olar. Sevindirici haldır ki, Azərbaycanın hər
yerində olduğu kimi, Kürdəmir rayonunda da demək olar
ki, hamı – istər vəzifə sahibi olsun, istər
sıravi vətəndaş məktəbə, təhsilə
qayğını özünün vətəndaşlıq
borcu hesab edir. Belə ki, hazırda Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı və onun aparatı,
müvafiq idarə və müəssisə rəhbərləri,
bir sözlə, bütün rayon ziyalıları gənc nəslin
təlim və tərbiyəsi naminə diqqət və
qayğılarını əsirgəmirlər.
Təbii
ki, rayonun pedaqoji kollektivləri bu qayğıdan ruhlanaraq
öz fəaliyyətlərini daha məsuliyyətlə
qurmağa, təhsildə müasir təlim və tərbiyə
metodlarının, eləcə də ən son kommunikasiya
texnologiyalarının tətbiqinə
çalışırlar. Rayonun pedaqoji kollektivlərində
hökm sürən işgüzar, səmimi münasibətlər
yeni uğurlara yol açır. Hər bir istedadlı
şagirdin hər hansı zona və ya respublika bilik müsabiqələrində
yüksək nəticələr əldə etməsinə
pedaqoji kollektivlə bərabər bütün rayon əhalisi
də ürəkdən sevinir.
Məlumdur
ki, təhsil sahəsində islahat proqramının, təhsil
qanununun qarşıya qoyduğu vəzifələrin müsbət
həlli, ilk növbədə, tədris müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi və
yüksək ixtisaslı kadrlarla təmin olunmasından, burada
normal mənəvi-işgüzar mühitin
formalaşdırmaqdan çox asılıdır. Bu mənada
rayonda 2011-2012-ci dərs ili xüsusiilə əlamətdar
olmuşdur. Belə ki, Kürdəmirdə “Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində
yeni məktəb binaları tikilərək istifadəyə
verilmiş və bir sıra məktəblərdə əsaslı
təmir işləri aparılmış, təhsil müəssisələrinin
maddi-texniki təchizatı
yaxşılaşdırılmış, vakant iş yerlərinin
yeni ixtisaslı pedaqoji kadrlarla təchiz olunmasında nəzərəçarpan
irəliləyişlər əldə olunmuşdur.
Təkcə
bu faktı demək kifayətdir ki, son illərdə rayonda
müasir standartlara cavab verən 28 yeni məktəb binası
tikilib istifadəyə verilmişdir. Bu da həmin məktəblərdə
8 minə yaxın şagirdin bir növbədə təhsil
almasına şərait yaratmışdır. Təcrübəli
pedaqoqlar yaxşı bilirlər ki, bir növbəli tədris
sistemi təhsilin keyfiyyətinə həqiqətən müsbət
təsir göstərir. Başa çatmaqda olan dərs ilinin əvvəllində
rayonda 4 yeni məktəb binası inşa edilmişdir.
Hazırda isə 6 ümumtəhsil məktəbinin tikintisi
sürətlə davam etdirilir. Bir sıra məktəblərdə
isə tələbata uyğun olaraq əlavə sinif
otaqları inşa edilir.
Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin dərslik, tədris avadanlıqları və kompyuterlərlə təchizatı da ilbəil yaxşılaşır. Cari dərs ilində şagirdlərə 129 adda 47661 ədəd müxtəlif dərslik və dərs vəsaitləri təmənnasız olaraq verilmişdir. Son 7 ildə məktəblərə 507 kompyuter dəsti verilmişdir ki, bu da rayonun V-XI sinifləri üzrə təhsil alan hər 20 şagirdinə bir kompyuter düşməsi deməkdir. Yaxın illərdə bu göstəricinin daha da yaxşılaşacağı gözlənilir. Məktəblərin, xüsusilə kənd məktəblərinin sürətli internetə qoşulması problemi də öz müsbət həllini tapmaqdadır.
Uzun illər pedaqoji təcrübəsi
olanlar yaxşı bilirlər: məktəbin siması, ilk
növbədə, müəllimdir. Rayonda öz peşəsini
qəlbən sevən, fədakar pedaqoqlar olduqca çoxdur.
Kürdəmirdə təhsilin son illərdəki
uğurlarında zəngin pedaqoji təcrübəyə malik
olan bu insanların əməyi dövlət
başçısı İlham Əliyev tərəfindən
daim yüksək qiymətləndirilir. Son illər rayonun 15
qabaqcıl müəllimi və təhsil işçisi
müxtəlif yüksək fəxri adlar almışlar.
2011-2012-ci dərs ilində şəhər 3 saylı tam orta məktəbin
kimya müəllimi Minayə İbrahimova “Əməkdar müəllim”
fəxri adına layiq görülmüş, 2012-2013-cü dərs
ilində isə həmin məktəbin Azərbaycan dili və
ədəbiyyatı müəllimi Əsbət Musayeva “Tərəqqi”
medalı ilə təltif edilmişdir.
2012-2013-cü dərs ilində
rayonun ümumtəhsil məktəblərində təhsil alan
14734 şagirdin təlim-tərbiyəsi ilə 1442 ali və
orta ixtisas təhsilli müəllim məşğul olur. Pedaqoji
kollektiv təhsilin keyfiyyətini yüksəltmək məqsədilə
“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən
yaxşı müəllim” müsabiqələrində fəal
iştirak edir. Şəhər 1 saylı orta məktəbi, eləcə
də bu təhsil ocağının bir nəfər
qabaqcıl müəllimi, şəhər 3 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
sonuncu respublika müsabiqəsində yüksək nəticələr
əldə etmişlər. Məktəblərdə təlim-tərbiyə
işlərinin keyfiyyətinin daim yüksəldilməsinin nəticəsidir
ki, ötən dərs ilində rayon məktəbliləri
respublika üzrə müxtəlif nominasiyalar üzrə
keçirilən bilik yarışlarında və fənn
olimpiadalarında fəal iştirak etmişlər. Üç
məktəbli 2013-cü ilin mart ayında Bakı şəhərində
təşkil olunmuş fənn olimpiadasının yekun turunda
Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və
kimya fənləri üzrə mükafata layiq yerləri
tutmuşlar.
Rayon
təhsil şöbəsinin kollektivi şagirdlərin
ümummilli lider Heydər Əliyev ideyalarına, milli-mənəvi
dəyərlərimizə sədaqət ruhunda tərbiyə
olunmalarına xüsusi diqqət yetirir və bu məqsədlə
silsilə təbirlər hazırlayaraq həyata keçirir. Əlamətdar
haldır ki, rayon məktəbliləri ulu öndər Heydər
Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunmuş respublika rəsm və inşa-yazı, eləcə
də gənc ifaçıların ikinci respublika müsabiqələrinin
rayon və zona mərhələsində müvəffəqiyyətlə
iştirak edərək yaxşı nəticələr əldə
etmişlər.
2013-cü ilin fevral ayında “Ən
çox sevdiyim idman növu” mövzusunda rayon məktəbliləri
arasında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin
Respublika mərhələsinə 20-yə yaxın rəsm
işi təqdim edilmişdir. Bu ilin mart ayında isə
“Fövqəladə hallar uşaqların gözu ilə”
mövzusunda rayon məktəbliləri arasında “Rəsm”,
“Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın qəza-xilasetmə
texnikasının modeli” nominasiyaları uzrə
yaradıcılıq müsabiqəsi keçirilmişdir. Bu qəbildən
olan tədbirlərin məktəblilərin fəal vətəndaş
kimi yetişməsində faydası çoxdur. Uşaqlar da
belə tədbirlərdə öz bilik və
bacarıqlarını sınadıqları üçün
razı qalırlar.
2012-ci
ildə rayonun ümumtəhsil məktəblərini
bitirmiş 947 məzundan 463-ü ali məktəblərə qəbul
olunmaq üçün sənəd təqdim etmiş, bunlardan
207 nəfəri ali məktəblərə, 130 nəfəri
isə orta ixtisas məktəblərinə qəbul
olunmuşlar. Qəbul olunanlardan 13 nəfəri 500 baldan, 3 nəfəri
isə 600 baldan çox nəticə əldə etmişdir
ki, bu da əvvəlki illə müqayisədə yüksək
göstəricidir.
Qarşıdan buraxılış imtahanları
gəlir. İmtahanlar təkcə şagirdlər
üçün deyil, həm də pedaqoji kollektivlər
üçün də bir sınaqdır. Rayon təhsil
şöbəsinin müdiri Tacəddin Novruzov yuxarıda
verdiyi məlumata əlavə olaraq bildirdi ki, şöbə
yola saldığımız dərs ilində Azərbaycan
Respublikasının Prezidentinin 2012-ci il 8 may tarixli sərəncamını,
Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının müvafiq qərarlarını
əldə rəhbər tutaraq ümumtəhsil məktəblərinin
IX və XI sinifləri üzrə buraxılış
imtahanlarını mərkəzləşdirilmiş qaydada
uğurla həyata keçirmək əzmindədir.
Müstəqil Azərbaycanın təhsil sistemində hazırda daha sürətli yeniləşmə, müasirləşmə mərhələsi başlandığını deyən şöbə müdiri əlavə etdi ki, hər bir pedaqoq, hər bir təhsil müəssisəsi bu gün öz fəaliyyətinə daha ciddi tələblər baxımından yanaşmalıdır. Kürdəmir rayonunun pedaqoji kollektivi bundan sonra da öz üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışacaqlar.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2013.- 22 may.- S. 6.