Heydər
Əliyevin iqtisadi inkişaf
strategiyasında vergi siyasəti
Ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyi bu nadir
azərbaycanlının xalqımızın tarixində tutduğu yeri və
taleyində oynadığı rolu möhtəşəm
təntənələrin fonunda, sonsuz sevgilərin işığında bir daha aləmə
göstərdi. Həqiqətən, Azərbaycanın son yarıməsrlik tarixinin
yönü, məzmunu, ən mühüm hadisələri bu
qüdrətli insanın zəkası ilə müəyyənləşmiş,
iradəsi ilə möhürlənmişdir.
Ulu
öndər Azərbaycana rəhbərliyinin birinci dövründə
ittifaq dövləti tərkibində öz
respublikasının sürətli iqtisadi, sosial, mədəni
inkişafına nail olmaqla xalqımızı
yaxınlaşmaqda olan siyasi suverenlik epoxasına
hazırlamışdı. Azərbaycanın
milli haqlarına sahib
çıxması, dövlət müstəqilliyinə
qovuşması üçün
qarşısıalınmaz bir mübarizə
aparmış bu insanın qəhrəman
obrazı onu milyonların qəlbində həqiqi
xalq lideri kimi ucaltmışdı. Dünya
da Azərbaycan adlı məmləkəti
illərdən bəri beynəlxalq siyasətin zirvəsinə
yüksəlmiş bu türk-müsəlmanla
tanımışdı.
Bütün
bunlara görə 1993-cü ilin yayında — dövlət
müstəqilliyinin ikinci ilində Azərbaycan Respublikası
“ölüm-dirim” taleyi yaşayanda daxildə xalqın, xaricdə
isə siyasət sərraflarının nəzəri XX əsrin
nəhəng azərbaycanlısına — ümummilli lider
mötəbərliyi qazanmış Heydər Əliyevə
dikildi. Dünya şöhrətli siyasətçi və dövlət
xadiminin canından artıq sevdiyi Azərbaycanı tarixi
fəlakətin bir
addımlığında xilas etməyə
yalnız bu insanın özünün
zəkası və qüdrəti çatardı. Beləliklə,
qoca tarix daha bir zərurəti
gerçəkləşdirdi: ulu öndər
ikinci dəfə Vətəninin tale yükünü öz üzərinə götürdü.
Ümummilli
lider xalqın ona bəslədiyi böyük inama,
dünyadakı samballı nüfuzuna arxalanmaqla dövlət
müstəqilliyini qorudu, daxildə siyasi sabitliyə, əksər
məsələlərdə həmrəyliyə nail oldu. Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinin,
fitri düşüncəsinin məhsulu olaraq, sosializmdən müasir
demokratik sistemə keçidin
milli modeli
hazırlandı. Azərbaycanın çoxəsrlik tarixində
qazanılmış ən yaxşı dəyərlər
üzərində dünya təcrübəsini
və xalqın köklü
maraqlarını qovuşdurub
ahəngar cəmiyyət quruculuğunu təmin
etmək inkişafın Heydər Əliyev
konsepsiyasının yönünü və
mahiyyətini təşkil edir.
Böyük islahatçının apardığı təshihlər, açdığı yollar müstəqil Azərbaycana sürətli inkişaf gətirdi. Heydər Əliyevin adı ən yeni tariximizə həyatın bütün sahələrində islahatların misilsiz strateq və taktiki kimi yazıldı. Ulu öndər siyasi suverenliyin möhkəmləndirilməsinin və ölkənin ərazi bütövlüyünün bərpasının güclü, mobil iqtisadiyyat yaratmaqla mümkünlüyünü irəli sürdü. Bu hədəfə çatmağın yollarını isə liberal iqtisadiyyatda, dünya təsərrüfat sisteminə inteqrasiyada, azad bazar münasibətlərində, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində görürdü.
Ulu
öndərin başladığı əsaslı islahatlar, həyata
keçirdiyi zəruri tədbirlər çox keçmədi
ki, böhrandan çıxmağa ciddi zəmin yaratdı. İki mərhələdə həyata
keçirilən özəlləşmə iqtisadi
sferaya inkişaf
stimulları gətirdi. Neft sənayesinə dünyanın aparıcı hasilat şirkətlərinin cəlb
olunması, ixrac kəmərlərinin
şaxələndirilməsi, xarici investisiyalara qapı açılması ümumi iqtisadiyyatda güclü təkan verdi.
İqtisadi inkişaf
qanunlarının nəzərə alınması və
iqtisadiyyatın ayrı-ayrı sahələrinin normal inkişafını təmin edən,
milli maraqları qoruyan,
təşəbbüskarlıqla intizamı düzgün
əlaqələndirən yeni normativ-hüquqi bazanın yaradılması azad iqtisadi inkişafın
Heydər Əliyev modelində tamamlayıcı vəsilə oldu.
Azərbaycan
Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə 10 il
müddətində ölkə yeni tipli iqtisadiyyata keçiddə
layiqli uğurlar qazandı. Ulu öndərin dikəldib ayaq
üstə qoyduğu milli
iqtisadiyyat onun siyasi varisi Prezident
İlham Əliyevin yeni
tipli liderliyi ilə
hazırda Azərbaycanın hərtərəfli modernləşdirilməsinə
maddi təminatlar qazandırır.
1993-cü ildə xəzinəsi boş, xarici borcları durmadan artan Azərbaycanın indi
valyuta ehtiyatları 48 milyard
dollara çatıb. Bu,
ümumi daxili məhsulun
70 faizi qədərdir, ölkəmiz bu rəqəmlə dünyada
ilk onbeşliyə daxildir.
Son 10 ildə iqtisadiyyat
3 dəfə yüksəlib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 20 dəfə artaraq bu il
25 milyard dollar həcmindədir.
Respublikamız ötən 18 ildə borc alan ölkədən borc
verən dövlətə çevrilib.
Bütün
bunlarda ölkənin ümumi iqtisadi sferasının zəruri
həlqəsi olan vergi sisteminin mükəmməl hüquqi
bazasının, çevik işlək mexanizmlərinin rolu
danılmazdır. Müstəqil dövlətdə bazar münasibətləri dövrünün
vergi şəbəkəsinin də
yaradıcısı böyük iqtisadi təfəkkür sahibi,
mahir idarəedici Heydər Əliyevdir. Bu sistemin özəlliyi iqtisadi inkişaf
stimullarını və sosialyönümlü
büdcənin ehtiyacını maksimum nəzərə
almasında, daimi təkmilləşməyə
açıq olmasındadır.
Heydər
Əliyev Azərbaycanın yeni vergi siyasətinə, hər
şeydən əvvəl, dağılmış
iqtisadiyyatı dirçəldib inkişafa yönəltmək,
ölkənin baş xəzinəsini doldurmaq, büdcəni
artırmaq baxımından yanaşırdı. Ulu öndərin
müstəqil dövlətin vergi sistemini formalaşdırmaqla bağlı
həyata keçirdiyi tədbirlər miqyas və məzmun baxımından iki mərhələyə ayrılır. Birinci dövr islahatlara qədərki və onun
gedişi zamanını — 1993 — 2000-ci illəri
əhatə edirdi. Bu
mərhələdə köhnə iqtisadi
sistemin demontajı, bazar
münasibətlərinə keçidlə əlaqədar
müvəqqəti, güzəştli, dövlət
maraqlarına üstünlük verən vergi siyasəti nəzərdə tutulmuşdu.
İslahatların
yeni iqtisadi sistemi işlək vəziyyətə gətirdiyi,
bazar mexanizmlərinin fəaliyyət göstərdiyi
sonrakı dövrdə – 2000-2003-cü illərdə isə
yeni gerçəklikləri tam nəzərə alan,
qabaqcıl dünya təcrübəsinə əsaslanan
mükəmməl vergi sistemi işlənib hazırlandı və
uğurla həyata keçirildi. Böyük
islahatçının özünün dediyi kimi, “bazar
münasibətlərini tənzimləyən, iqtisadi yüksəlişi
stimullaşdıran, fəal investisiya mühiti yaradan bu sistem
sonrakı illərdə ulu öndərin layiqli varisi Prezident
İlham Əliyevin rəhbərliyi ilə zəruri dəyişikliklərlə
daha da təkmilləşdirilir.
Azərbaycan
Respublikasının vergilər naziri Fazil Məmmədov
müstəqil dövlətin yeni tipli vergi sisteminin
yaradılması prosesinə ümummilli liderin müstəsna
münasibətini belə açıqlayıb: “Ölkənin
iqtisadi inkişaf perspektivləri və
işgüzarlığın fəal şəkildə
artması qanunvericilik bazasının təkmilləşdirilməsini
tələb edirdi. Ona görə də Heydər Əliyev bu məsələni
öz nəzarətinə götürmüş və Vergi Məcəlləsinin
layihəsinin hazırlanması ilə bağlı onun göstərişləri
qısa müddət ərzində icra olunmuşdu.
Vergi
Məcəlləsinin layihəsi hazırlanarkən ulu öndər
xalqımızın milli xüsusiyyətlərini, mentalitetini
və sosial vəziyyətini nəzərə almağı
mühüm bir məsələ kimi qarşıya qoymuşdu.
Bu məqsədlə Məcəllənin hazırlanması
zamanı qanunvericiliyin uzun müddət sabit qalması, güzəşt
və imtiyaz sisteminin ünvanlı olması, eləcə də
vərəsəlik əsasında keçən mirasın
vergilərdən azad edilməsi kimi məsələlər nəzərə
alınmışdı”.
Doğrudan
da, yeni vergi qanunvericiliyinin hazırlanması liberal
iqtisadiyyatın tənzimlənməsi, ölkənin iqtisadi və
sosial sahələrinin ahəngdar inkişafına əlverişli
şərait yaradılması baxımından tarixi zərurət
idi. Ulu öndər diqqəti ona yönəldirdi ki, yeni
normativ-hüquqi baza islahatların genişlənməsi
üçün təkanverici rol oynasın, münbit
investisiya və vergi mühiti yaratmaqla büdcə gəlirlərinin
optimal artımını təmin etsin.
Bütün bunların ardıcıl həyata keçirilməsi, nəhayət, 2000-ci ildə ölkəni normal vergi siyasəti hüdudlarına gətirib çıxardı. Ulu öndər vergi islahatını iqtisadi islahatlar strategiyasının tərkib hissəsi və tamamlayıcı siqmenti kimi götürdüyündən nəzərdə tutulmuş kompleks tədbirlər bir-birini tamamlayaraq maksimum səmərəsini göstərdi. Beləliklə, Prezident Heydər Əliyev respublikanın vergi siyasətinin gələcəyə ünvanlanmış konsepsiyasını yaratmağa nail oldu, aparılan islahatların fəlsəfi-strateji yönünü və məzmununu düzgün müəyyən etdi.
Heydər Əliyev islahatların oturuşduğu, iqtisadi
yüksəlişin başladığı dövrdə
ölkənin vergi siyasətini həyata
keçirən Baş Dövlət Vergi Müfəttişliyinin fəaliyyətini
yeni mərhələnin tələblərinə
uyğunlaşdırmaq üçün
11 fevral 2000-ci il tarixli fərmanı ilə bu qurumun bazasında Azərbaycan
Respublikası Vergilər Nazirliyinin
yaradılması barədə qərar qəbul etdi. Ulu öndərin siyasi dəstəyi,
birbaşa tapşırıq və
göstərişləri əsasında qısa müddətdə
nazirliyin mükəmməl strukturu formalaşdırıldı, normal fəaliyyəti üçün
bütün zəruri tədbirlər həyata
keçirildi. Vergilər nazirinin də qeyd etdiyi kimi, “bu
struktur sistemlilik,
funksionallılıq, çeviklik, operativlik, koordinasiya olunma və güclü təşkilati-idarəetmə
mexanizmi kimi müsbət
keyfiyyətləri özündə birləşdirdi”.
Sonrakı
illərdə ulu öndərin arzu və tövsiyələrinə
uyğun olaraq Azərbaycanın vergi sistemi islahatların əməli
nəticələri və beynəlxalq vergi standartları nəzərə
alınmaqla modernləşdirildi.Vergi
inzibatçılığının düzgün
qurulması, vergi ödəyiciləri ilə aparılan
ardıcıl, səmərəli iş nəticəsində
büdcə daxilolmalarının proqnozlaşdırılması
və icrası yüksək səviyyədə həyata
keçirilir. Vergi inzibatçılığı xərclərinin
vergi daxilolmalarına nisbəti göstəricisinə — 0,35
faizə görə Azərbaycanın vergi xidməti Avropa məkanında
öncül yer tutur.
Ölkənin
mükəmməl, mütərəqqi, çevik vergi xidmətinin
ulu öndərin istəklərinə uyğun
qurulmasını ən mühüm statistik göstəricilər
bir daha təsdiqləyir. Ötən il vergi
daxilolmalarının həcmi 2000-ci illə müqayisədə
12 dəfəyədək artaraq, 510 milyon manatdan 6 milyard manata yüksəlmişdir.
Qeyri-neft sektorundan daxilolmaların
3,3 milyard manata
çatması da ölkədə təşəbbüskar
iqtisadi fəaliyyətin, səmərəli
vergi sisteminin mövcudluğundan xəbər verir. Son 12 ildə vergi ödəyicilərinin sayı 3 dəfədən
çox artmışdır. Son 1 ildə yeni vergi ödəyənlərin sırasına 72
min nəfər əlavə olunmuşdur.
Yeni
innovativ vasitələrdən geniş istifadə edən Vergilər
Nazirliyi və onun işlək şəbəkəsi ölkədə
Elektron Hökumətin fəal tərkib hissəsi olub, vergi
siyasətini uğurla həyata keçirir. 2008-ci ildən nazirlikdə sahibkarlıq subyektlərinin
qeydiyyatının “Bir pəncərə” prinsipi üzrə aparılması
ölkədə biznes mühitinin
sağlamlaşdırılmasına, beynəlxalq reytinqin yüksəlməsinə şərait
yaratmışdır. Son illərdə vergi ödəyiciləri elektron
vergi bəyannamələrindən və elektron vergi
hesab-fakturalarından istifadə etmək, vergiləri elektron şəkildə ödəmək, elektron məktublaşma aparmaq
imkanlarından da istifadə edirlər.
Azərbaycanın
vergi xidməti beynəlxalq vergi, maliyyə qurumları ilə
səmərəli əməkdaşlıq quraraq öz fəaliyyətini
daim təkmilləşdirir. İnzibati qanunvericiliyin
prinsiplərinə ciddi əməl edilməsi
ilə yanaşı, geniş təbliğat-izahetmə
işlərinin aparılması, Vergilər Nazirliyi
strukturlarının cəmiyyətə tam
açıq olması vergi
proqnozlaşdırmalarını obyektiv aparmağa, vergi ödəyicilərinin
intizamlı və məsuliyyətli olmasına gətirib
çıxarmışdır. Vergi sistemi üzrə nəzərdə tutulmuş 57 elektron xidmətdən
artıq 49-u uğurla tətbiq olunur. Vergi ödəyicilərinin
daim hüquqi məlumatlandırılması,
problemlərin obyektiv həlli səmərəli
vergiödəmə təcrübəsini möhkəmləndirir.
Bu
gün nağdsız ödəmələr ölkənin
bank-maliyyə-vergi kompleksinin fəaliyyətini dünya
standartlarına yaxınlaşdırır. Bu sahəyə diqqət və
qayğısını əsirgəməyən Prezident İlham Əliyev cari ildə nağdsız ödəmələrlə
bağlı daha yüksək səviyyəyə
çatmağı zəruri bilmişdir. Bazar iqtisadiyyatını, çoxukladlı təsərrüfat
sistemini idarə etməkdə, onu nəzarətdə saxlamaqda
dövlətin əlində təsirli mexanizm
olan vergi sisteminin oynadığı rolu
heç nə əvəz edə bilməz.
Buna görə də ulu
öndərin vergi siyasətini
yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev bu sahənin artan tələbata,
yeni reallıqlara uyğun
inkişafına hər cür
qayğı göstərir. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasına uyğun olaraq
artıq 2013-2020-ci illərdə Vergi sisteminin strateji inkişaf planı təsdiq olunmuşdur.
Ölkənin
zəngin təbii sərvətlərini insanların yüksək
zehni-əməli təşəbbüskarlığı ilə
qovuşdurub bolluq, zənginlik yaratmaq arzusunu ömrü boyu
gerçəkləşdirmiş böyük dövlət
xadimi Heydər Əliyev Azərbaycanı bəşəri tərəqqi
yoluna çıxarmağa nail oldu. Bu
gün onun ölməz
ideyaları ölkəmizi modernləşmə yolu ilə dünyada öncül mövqeyə
çıxarmışdır. Azərbaycanın
iqtisadiyyatı Qafqaz iqtisadiyyatının
70 faizini təşkil edir.
Son 10 ildə Azərbaycan yüksək iqtisadi inkişaf sürətinə
görə MDB məkanında öndə gedir.
Bir sıra iqtisadi-maliyyə göstəricilərinə
görə ölkəmiz beynəlxalq reytinq
cədvəllərində mövqeyini ildən-ilə
yaxşılaşdırır.
Bütün
bunlar ümummilli lider Heydər Əliyevin zəkasının
məhsulu, idarəsinin nəticəsi olan ideyaların həyatiliyini,
ölməzliyini dönə-dönə sübuta yetirir,
xalqımızı bu ideyaların işığında və
cazibəsində səfərbər edərək yeni hədəflərə
yaxınlaşdırır.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 23
may.- S. 5.