Paralimpiyaçılar
ulu öndərin 90 illik
yubileyini qeyd edirlər
Müsahibimiz Azərbaycan
Respublikası əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti
İlqar Rəhimovdur.
– İlqar müəllim, bu günlərdə
Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini
təntənəli şəkildə qeyd edir. Milli Paralimpiya Komitəsində
bu məqsədlə hansı tədbirlər
keçirilir?
–
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında qurucu və xilaskar dövlət xadimi,
ümummilli lider və xalq məhəbbətini qazanan öndər
kimi qalıb. O, xalqımızın tarixi
taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər
göstərib. Heydər Əliyevin həyat və
fəaliyyəti xalqın siyasi
varlığı ilə, müasir Azərbaycan
dövləti və dövlətçiliklə o dərəcədə sıx
bağlıdır ki, onun
ideyaları ictimai-siyasi həyatın,
dövlət quruculuğunun bütün sahələrinə dərindən
nüfuz etmişdir.
Xüsusi vurğulamaq
istərdim ki, siyasi liderlik, milli liderlik keyfiyyətlərinin bir
şəxsdə birləşməsi bəşər tarixində
çox nadir hallarda rast gəlinən
haldır. Məhz Heydər Əliyev bu iki keyfiyyəti ehtiva etməklə
bərabər, fəaliyyət göstərdiyi bütün
digər sahələrdə də özünü
məhz birinci şəxs kimi,
lider kimi təsdiq edib.
Ulu öndərin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlərə gəlincə onu deyə bilərəm ki, bu məqsədlə komitəmizin Tədbirlər Planı təsdiq olunub və may ayının ilk günlərində biz Naxçıvan MR-da Paralimpiya İdman Festivalı keçirdik. Festivala Bakı şəhərindən 80 nəfərə yaxın nümayəndə qatılmışdı. Onların arasında idman sahəsində böyük uğurlara imza atan, ikiqat paralimpiya çempionu, Şöhrət ordenli İlham Zəkiyev, paralimpiya üzrə çempionu Oluxan Musayev, paralimpiya Dünya və Avropa çempionatlarının mükafatçıları var idi. 17 il ərzində ilk dəfə Paralimpiya İdman Festivalının məhz Naxçıvanda, ümummilli liderin Vətənində baş tutması dahi şəxsiyyətə olan hörmət və ehtiramın təzahürü idi. Yeri gəlmişkən, tədbirin yüksək səviyyədə keçirilməsinə böyük dəstək verdiyinə görə Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbova öz təşəkkürümüzü bildiririk.
Ulu
öndər Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş digər tədbirimiz “Qəbələ-Bakı”
marafonunun baş tutmasıdır. Belə ki, fiziki qüsurlu
idmançımız Elşən Rizvanov may ayının 6-dan
9-na kimi 234 kilometr məsafəni əlil arabası ilə qət
edərək Bakıda Fəxri Xiyabanda ümummilli lider Heydər
Əliyevin məzarını ziyarət etdi.
Tədbirlər
planına əsasən növbəti tədbirimiz “İdman rəqsi
üzrə Beynəlxalq Festival” oldu. 8
ölkədən (Azərbaycan, Türkiyə, Rusiya,
Ukrayna, Polşa, İsrail, Belarus və
Qazaxıstan) gəlmiş 28 idmançı rəqqas öz rəngarəng nömrələri ilə Dənizkənarı Milli Parka gəzintiyə gəlmiş
qonaqlara və şəhərimizin sakinlərinə
xoş anlar bəxş
etdilər. Festivalda əlil arabasında idman rəqsinin Paralimpiya
Oyunlarına daxil edilməsi məqsədilə
iştirakçılar adından Beynəlxalq Paralimpiya
Komitəsinə ünvanlanmış müraciət qəbul olunmuşdur. Tədbirin sonunda
festival iştirakçılarına Milli Paralimpiya Komitəsinin
xüsusi diplomları təqdim edildi. Festival çərçivəsində
dünyada ilk dəfə
olaraq əlil arabasında idman
rəqsi üzrə flaş mob keçirilmişdir.
Bu tədbirdən sonra
isə ilin sonunadək davam
edəcək “Paralimpiya yürüşü
2013” festivalı başlayacaq.
–
Paralimpiyaçılarımıza dövlət səviyyəsində
göstərilən diqqət və qayğını necə
qiymətləndirirsiniz?
–
Əvvəla onu deyim ki, biz idman ictimayyətinin bəxti onda gətirib
ki, ölkə başçısı, cənab İlham
Əliyev eyni zamanda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
prezidentidir. Paralimpiyaçılarımız daim öz üzərlərində
ölkə başçısının
qayğısını hiss edirlər. Müntəzəm olaraq qələbə qazanmış
paralimpiyaçılarımız, məşqçilərimiz
Prezidentin sərəncamları ilə orden və medallarla təltif
olunurlar.
Paralimpiyaçılarımızın maddi
rifahı yaxşılaşdırılır, idmançılarımız mənzil
və minik avtomobilləri ilə təmin olunurlar.
Paralimpiyaçılara
göstərilən qayğıdan söz
düşmüşkən Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban xanım Əliyevanın da diqqətini
xüsusi qeyd etmək istərdim. Heydər
Əliyev Fondunun son
illər həyata keçirdiyi
irimiqyaslı humanitar layihələr, o cümlədən fiziki qüsurlu insanlara, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən
əziyyət çəkən, həmçinin əlil uşaqlara göstərilən qayğı təbii
ki, paralimpiyaçılarımızdan
da yan keçməyib.
Belə ki, Heydər Əliyev Fondu tərəfindən ikiqat
paralimpiya çempionu
İlham Zəkiyev “Qızıl çinar” mükafatına, 15 nəfər
paralimpiyaçımız isə fondun fərdi
təqaüdünə layiq
görülüblər.
Paralimpiyaçılarımıza göstərilən
diqqət və qayğı, onların sosial
rifahının yaxşılaşdırılması öz bəhrəsini verməkdədir. Belə ki, 2004-cü ildə Afinada keçirilən mötəbər
yarışdan komandamız Vətənə 2 qızıl, 1 gümüş və 1 bürünc
medalla dönmüşdü.
Ölkəmizdə geniş vüsət alan Paralimpiya hərəkatı
özünü 2008-ci il
Pekin Yay Paralimpiya Oyunlarında da
yaxşı tərəfdən göstərmişdir. Bu mötəbər yarışda
paralimpiyaçılarımız 10 medal
(2 qızıl, 3 gümüş, 5 bürünc) qazanmış və
komandamız 146 ölkə arasında 38-ci yeri
tutmuşdur.
Paralimpiyaçılarımız 2012-ci il
London Yay Paralimpiya Oyunlarında da
yüksək nəticə əldə etmişlər. Altı idman növü üzrə
yarışlara qatılan 21 idmançımız 12 medal (4 qızıl, 5 gümüş,
3 bürünc) qazanmış, 166 ölkə
arasında 27-ci yeri tutmuşdur.
Bu nəticə
paralimpiyaçılarımızın iştirak
etdiyi beş Paralimpiya Oyunlarında ən yüksək uğurudur. 1996-cı ildə iki
idman növü ilə
başlayan Paralimpiya hərəkatı
hazırkı inkişaf mərhələsində
11 idman növündə yüzlərlə
idmançını ətrafına toplamağa
müvəffəq olmuşdur.
Artıq bu idman
növlərinə də maraq
artmaqdadır ki, bu da ölkəmizdə Paralimpiya
hərəkatının daha da güclənməsinə səbəb olur.
Bütün
bu diqqət və qayğının nəticəsi olaraq
paralimpiyaçılarımız qazandıqları
uğurlarla xalqımızı sevindirirlər.
Tural ƏLİYEV
Xalq qəzeti.- 2013.- 23 may.- S. 6.