“Almaniya bir rəssamın
gözü ilə”
Almaniya
Federativ Respublikasının Bakıdakı səfirliyinin təşkilatçılığı
ilə Azərbaycan Dovlət Rəssamlıq Akademiyası,
“Qız Qalası” İncəsənət Qalereyası,
“Berlin-Bakı” Rəsm Qalereyası, Kapital Bank və “Standard
İnsurance” ilə birlikdə Alman-Azərbaycan Mədəniyyət
Birliyi tərəfindən “Kapellhaus”da “Almaniya bir rəssamın
gözü ilə” adlı sərgi açıldı.
Açılış
mərasimində çıxış edən Almaniya Federativ
Respublikasının Azərbaycandakı səfirinin müavini
Volfqanq Mössinger dedi ki, 2007-ci ildən etibarən Azərbaycanın
gənc rəssamları bu müsabiqədə iştirak edir və
onların əsərlərinin sərgisi keçirilir. Bu
gün artıq 6-cı sərgi təşkil olunur. Bu sərgidə
38 əsər nümayiş olunur. Bu rəsmlərin
arasından ən yaxşıları seçilir və 3 qalib
təltif olunur. Bu vaxta qədər keçirilən sərgilərdə
300-dən çox gənc rəssam iştirak etmişdir. Sərgi
Azərbaycan cəmiyyətində çox böyük
marağa səbəb olmuşdur. Hər il olduğu kimi, sərgi
eyni mövzuya həsr olunur: “Almaniya bir rəssamın
gözü ilə”. Yenə də həmişəki kimi
böyük maraqla qarşılanan sərgidə
çoxsaylı azərbaycanlı rəssamların əsərləri
təqdim olunur. Bütün sponsorlarımıza və
münsiflər heyətinin üzvlərinə minnətdarlıq
edirik”.
Azərbaycan
Rəssamlıq Akademiyasının professorları Fəridə
Məmmədova və Səlhab Məmmədov gənc rəssamların
sərgiyə təqdim olunan əsərləri barədə
fikir, düşüncə və rəylərini bildirdilər.
Qeyd olundu ki, bu gün beynəlxalq bayramdır. Gənc rəssamların
sərgidə təqdim olunan əsərlərinin
mövzuları ölkələrin birliyinə, yəni
dünyanın xoşbəxtliyi, əmin-amanlığına həsr
olunmuşdur. Bu rəsmlərdə dostluq başlıca yer
tutur, deməli yaxın dostluq olan yerdə xoş məram, təbəssüm,
razılıq, sülh vardır. Bu əsərlər fəlsəfi
məna daşıyır, hər şey dostluq körpüləri
əsasında yaranır.
Sərgi
başlayandan gənc rəssamlar Almaniyanın üçrəngli
bayrağının rəmzi olaraq qrafika və yağlı
boya ilə öz rəsmlərində həmin rənglərdən
istifadə edirlər. Müsabiqədə birinci, ikinci,
üçüncü yerləri tutanlar Almaniyaya bir həftəlik
səyahətə gedir, muzeyləri, qalereyaları gəzir və
incəsənət universitetində qonaq olurlar. Ölkənin
mədəniyyəti və incəsənəti ilə
yaxından tanış olur, Almaniya ilə Azərbaycan
arasında gənc sənətkarların dostluğu möhkəmlənir,
gənclərin dünyagörüşü genişlənir.
Ölkələrimiz arasında böyük bir körpü
yaranır, gələcəkdə bu gənc rəssamlar sərgilərdə
görüşürlər, dostluq edirlər. Bu müsabiqə
və sərginin təşkilində sponsorların
hamısının köməyi çoxdur. Səfirliyə və
sponsorlara minnətdarlıq edirik.
Sonda
müsabiqənin qalibləri elan edildi: birinci yerə Xəyalə
Yusifova, ikinci yerə Taleh Mirkazımov, üçüncü
yerə Tural Eminli layiq görüldülər. Onlara səfirliyin
mükafatları təqdim olundu.
Sərgi
iyun ayının 10-dək davam edəcək.
A.SADIQOĞLU
Xalq qəzeti.- 2013.- 24 may.- S. 5.