Bakı Ali Neft Məktəbinin
nümayəndə heyətinin Norveçə səfəri uğurlu olmuşdur
Bakı
Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və tədris,
elm və beynəlxalq əlaqələr üzrə prorektoru
Ramiz Hümbətov Norveçin Stavanger və Trondheym şəhərlərində
ezamiyyətdə olmuşlar.
Səfər
“Statoyl Azərbaycan” şirkəti tərəfindən Bakı
Ali Neft Məktəbi ilə Stavanger Universiteti və Trondheymdə
fəaliyyət göstərən Norveç Elm və Texnologiya Universiteti
arasında əməkdaşlıq əlaqələrinin
qurulması məqsədilə təşkil olunmuşdur.
Stavanger
şəhərində nümayəndə heyəti “Statoyl”
şirkətinin ofisində hasilata nəzarət mərkəzinin
işi ilə tanış olmuş, şirkətin universitetlərlə
əlaqələri haqqında məlumat əldə
etmişdir. Nümayəndə heyəti StavangerUniversitetinin
Neft Texnologiyası Tədqiqat Mərkəzinə
getmiş, burada sementləmə, neft
hasilatının artırılması, neftin
və qazın hasilatı, qazıma, yataq
texnologiyası laboratoriyalarının işi
ilə maraqlanmışdır. Sonra universitetin beynəlxalq əlaqələr
üzrə meneceri Terye
Frolland ilə danışıqlar
aparılmış və elm və texnologiya fakültəsinin dekanı doktor Ole Rinqdal
ilə əməkdaşlıq memorandumu
imzalanmışdır.
Memorandumda
Bakı Ali Neft Məktəbinin müəllimlərinin Stavanger
Universitetinə kurslara göndərilməsi, birgə magistr
hazırlığı, professorların BANM-də mühazirələr
oxuması, bakalavriat hazırlığında iştirak, birgə
seminarların və konfransların təşkili sahəsində
əməkdaşlıq nəzərdə tutulmuşdur.
Stavanger
şəhərindəki bütün tədbirlərdə
nümayəndə heyətini “Statoyl-Azərbaycan” şirkətinin
prezidenti cənab Lars Sorensen müşayiət etmişdir.
Trondheym
şəhərində nümayəndə heyəti
Norveç Elm və Texnologiya
Universitetinin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”
və “Proseslərin idarə edilməsi” ixtisasları üzrə
mütəxəssis hazırlığını həyata
keçirən kafedralarında tədrisin təşkili, elmi-tədqiqat
işləri, tədris və elmi laboratoriyaların fəaliyyəti
ilə tanış olmuşdur. Sonda universitetin rektoru Torbyorn Digerneslə əməkdaşlıq memorandumu imzalanmışdır.
Ezamiyyət
zamanı Norveç Elm və
Texnologiya Universitetində magistraturada təhsil alan azərbaycanlı
tələbələrlə də görüş
keçirilmiş, onlara ARDNŞ-in inkişaf strategiyası və
mütəxəssis hazırlığı perspektivləri
haqqında ətraflı məlumat verilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 24
may.- S. 6.