Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olmuşdur

 

Mayın 23-də Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri Səfər Əbiyevin və Sergey Şoyqunun  görüşü olmuşdur. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi sahədə ikitərəfli münasibətlər müzakirə edilmişdir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev “Avropa təhlükəsizliyinin hərbi və siyasi aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya gəlmişdir. Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirdə 300-dən çox adam - NATO, Avropa İttifaqı, MDB və KTMT ölkələrinin müdafiə nazirliklərinin rəhbərləri iştirak edirlər.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, RF Hərbi Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov, ATƏT-in baş katibi Lamberto Zanniyer, Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja, NATO Baş katibinin müavini Dirk Brengelman, habelə Avropa dövlətlərinin müdafiə idarələrinin, beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər birliyinin və akademik dairələrin nümayəndələri məruzələrlə çıxış etmişlər.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov Rusiya Prezidenti Vladimir Putinin konfrans iştirakçılarına təbrikini oxumuşdur. Təbrikdə deyilir ki, Avroatlantika məkanında yaranan  təhdid və çağırışlara qarşı birgə mübarizə strategiyasının təmin edilməsi üçün bütün dövlətlərin və ekspertlər birliyinin səylərini birləşdirmək lazımdır.

Konfransda bildirilmişdir ki, Avropa təhlükəsizliyi sahəsində yeni ideyaların həyata keçirilməsi müasir çağırış və təhdidlərə qarşı birgə mübarizənin səmərəliliyinin artırılmasına imkan verərdi.  Bunun üçün zəruri olan hər cür şərait vardır: prinsipial ideoloji fikir ayrılıqları yoxdur, iqtisadi maraqların uyğunlaşdırılması baş verir,  mədəni, elmi və işgüzar əlaqələr möhkəmlənir.

Buna baxmayaraq, bütün Avropa dövlətlərinin təhlükəsizliyinin bölünməzliyi prinsipinin həyata keçirilməsi yolunda gələcək fəaliyyətə mane olan amillər qalır. Konfrans iştirakçılarının fikrincə,  Avropa təhlükəsizlik arxitekturasının qurulmasına yanaşmalarda ziddiyyətləri aradan qaldırmaq, lazımi etimad mühiti yaratmaq lazımdır.

 

Fəridə ABDULLAYEVA

AzərTAc -ın xüsusi müxbiri

Moskva

 

Xalq qəzeti.- 2013.- 24 may.- S. 7.