Milli idealların təcəssümü
olan dövlətçilik modeli
Müasir dövrdə idarəçilik forması, quruluşu və siyasi rejimindən asılı olmayaraq, hər bir dövlətin inkişafa can atması, habelə bu niyyəti sağlam təməl üzərində gerçəkləşdirmək əzmi ilk növbədə onun zəngin dövlətçilik potensialı ilə şərtlənir. Azərbaycan xalqının dövlətçilik təfəkkürü də əsrlərlə davam edən sosial-iqtisadi, siyasi proseslərin təsiri altında formalaşmış, milli psixologiyası, düşüncə tərzi konkret tarixi-mədəni mühitdə yeni keyfiyyətlər əxz etmişdir. Nəticə etibarı ilə xalqımız ötən əsrin əvvəllərində yaranmış tarixi fürsətdən səmərəli şəkildə bəhrələnərək milli dövlətçilik idealını praktik şəkildə gerçəkləşdirə bilmişdir.
Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısa müddətdə müstəqillik ideallarına qovuşmuşdur. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə 28 May
Respublika Günü münasibətilə təşkil
olunmuş rəsmi qəbuldakı dərin məzmunlu nitqində
demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması,
o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan
etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin
əvvəllərindən xalqımızın mütəfəkkir
şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti
nəticəsində Azərbaycanda milli oyanış, milli
dirçəliş hissləri get-gedə artmışdı.
Artıq XX əsrin əvvəllərindən,
demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri
müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə baş vermiş oktyabr inqilabı,
rus-çar imperatorluğunun dağılması və o zaman
onun ərazisində müxtəlif proseslərin meydana
çıxması Azərbaycanın istiqlaliyyətinin elan
edilməsi və Xalq Cümhuriyyətinin yaradılması
üçün şərait yaratdı”.
Azərbaycan
Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi 1918-ci il mayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsi
olmuşdur. Konstitusiya aktı statusuna malik bu sənəddə
müstəqil Azərbaycan dövlətinin
yarandığı bəyan olunmuş, onun hakimiyyətinin
şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş,
dövlətin əsas fəaliyyət prinsipləri əksini
tapmışdı. Bəyannamədə demokratik dövlətə
məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların
mülki-siyasi hüquqlarının təmini, bütün
xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və
cinsi mənsubiyyətindən asılı olmayaraq azad
inkişafı üçün şəraitin
yaradılması, nəhayət, hakimiyyət
bölgüsü kimi prinsiplərin əksini tapması suveren,
demokratik, hüquqi dövlət yaradılması istəyinin təcəssümü
idi.
İstiqlal Bəyannaməsini qəbul edən Milli
Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf
Fətəli Xan Xoyskiyə tapşırmışdı. O, ilk hökumətin əsasən
gənclərdən ibarət ilk tərkibini “Müsavat”,
Müsəlman Sosialist Bloku, “Hümmət”, “İttihad”ın
üzvlərindən, o cümlədən bitərəflərdən
formalaşdırmışdı. Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini
eyni zamanda icra edən Milli Şuranın ilk mühüm
addımlarından biri 1918-ci il iyunun 4-də qardaş
Türkiyə ilə hərbi-siyasi müqavilə imzalaması
oldu. Müqavilənin Azərbaycan
üçün strateji əhəmiyyətə malik
dördüncü maddəsində göstərilirdi ki,
Osmanlı hökuməti, əgər zərurət olarsa,
sülh və əmin-amanlığın möhkəmləndirilməsi,
ölkənin təhlükəsizliyinin təmini məqsədilə
Azərbaycan Xalq Cümhuriyyətinə hərbi kömək
göstərməyi öz üzərinə
götürür.
Osmanlı imperiyası ilə hərbi sahədə strateji əməkdaşlığı nəzərdə tutan belə bir müqavilənin bağlanması Azərbaycan dövlətçiliyinin beynəlxalq aləmdə təsdiqi və Azərbaycan xalqının müstəqilliyinin saxlanılmasında zəruri addım idi. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər.
Vəziyyətin gərginliyi həm də onunla bağlı idi ki, hələ 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəzləyən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə qarşı soyqırımı siyasətinə başlamışdılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular.
Vəziyyətin gərginləşdiyini görən Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, 1918-ci ilin iyununda qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı altında hərbi qüvvələrini Azərbaycana göndərdi. Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun hərbçiləri Gəncə ermənilərini tərksilah etdilər, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində daşnak-bolşevik birləşmələrinə ağır zərbələr endirdilər. Nəhayət, rəşadətli Qafqaz İslam Ordusu ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Qəhrəman Azərbaycan-türk əsgərlərinin şücaəti, qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi.
Cümhuriyyət hökumətinin xalqda milli özünüdərki gücləndirməyə xidmət edən mühüm addımlarından biri də 1918-ci il iyunun
27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” qərarın qəbulu idi. Həmin qərar
Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələri ilə Azərbaycanın ikiyə
bölünməsindən sonra ana dilinin dövlət dili kimi
işlədilməsinə dair ilk sənəd idi. Bu qərarla
Azərbaycan-türk dili bütün ölkə ərazisində
dövlət dili elan edildi. Qərarın
icrası ilə bağlı milli kadrlar hazırlanmalı, bu sahədə
tədris işi yenidən qurulmalı idi. Təhsilin
milliləşdirilməsi bu sahədə atılmış ilk
addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına
əsasən, bütün ibtidai tədris müəssisələrində
təhsil ana dilində aparılmalı, dövlət dili olan
Azərbaycan dilinin tədrisi icbari surətdə həyata
keçirilməli idi.
Gənclərdə milli özünüdərki, milli ruhu gücləndirən mühüm addımlardan biri də dövlət bayrağının hazırlanması və qəbulu idi. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi, burada onun milli bayraq haqqında məruzəsi dinlənildi. Müzakirələrdən sonra “yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq” Dövlət bayrağı kimi təsdiqləndi.
Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanırdı. Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq - islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq - Avropa elm və texnikasının nailiyyətlərinin öyrənilib nəticələrini milli elm və mədəniyyətin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.
1918-ci il avqustun 11-də qəbul olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” qanun da müstəqil respublika üçün mühüm əhəmiyyət daşıyırdı. Bu qanun insanlarda vətəndaşlıq hisslərinin tərbiyəsi, milli özünüdərk duyğularının gücləndirilməsi baxımından son dərəcə vacib sənəd idi. Qanunun 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri, yaxud valideynləri Azərbaycan Xalq Cümhuriyyəti ərazisində doğulmuş keçmiş Rusiya imperiyası vətəndaşları xalq cümhuriyyətinin vətəndaşları hesab olunurdular.
Azərbaycan Parlamentinin qəbul etdiyi qanunların, qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətli idi. Bu sırada bəzi
qanunların strateji önəmini də xüsusi vurğulamaq
lazım gəlir. “Vətəndaşlıq haqqında”, “Ümumi hərbi
mükəlləfiyyət haqqında”, “Mətbuat haqqında”,
“Milli Bankın təsisi haqqında”, “Bakı Dövlət
Universitetinin yaradılması haqqında”, “Gömrük və
poçta-teleqraf xidmətinin təkmilləşdirilməsi
haqqında”, “Məhkəmə qanunvericiliyi haqqında” və
digər qanunları göstərmək olar.
Cümhuriyyət hökuməti fəaliyyətində
ölkədə xalq maarifinin inkişafı, gənclərin
müasir biliklərə yiyələnməsi məsələlərinə
də xüsusi yer ayırırdı. Maarif işinin yüksək
səviyyədə təşkili, tədris və teatr müəssisələrinin
milliləşdirilməsi, yeni tədris müəssisələrinin
açılması, orada dərs deyən müəllimlərin
maddi vəziyyətinin yaxşılaşdırılması məsələləri
diqqət mərkəzində idi. Çünki
çar hökuməti Rusiyanın müstəmləkə əsarətində
olan xalqların milli-siyasi şüurunun oyanmasına hər
vasitə ilə mane olmuşdu. Buna görə də
1918-ci il mayın 28-də - Azərbaycanın
müstəqilliyi elan olunan gün Fətəli Xan Xoyskinin sədrliyi
ilə yaradılmış birinci hökumətdə Xalq
Maarifi Nazirliyi də təsis edilmişdi. Nəsib
bəy Yusifbəylinin başçılıq etdiyi nazirlik fəaliyyətinə
Azərbaycan xalq maarifinin vəziyyətinin və bu sahədə
həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi
ilə başladı.
Gənclər siyasəti sahəsində fəal iş aparan Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindən biri də ölkədə ali məktəblərin açılması olmuşdur. Xüsusilə də Bakı Dövlət Universitetinin açılıb-açılmaması məsələsi bir neçə ay müddətində parlamentdə qızğın müzakirəyə səbəb olmuş, bununla bağlı dəfələrlə ciddi mübahisələr getmişdi. Gənclərin ali təhsilini həyati əhəmiyyətli məsələ kimi diqqətdə saxlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşəbbüsü və qərarı ilə 1919-cu ilin mayında professor V.İ.Razumovski başda olmaqla təşkil olunmuş komissiya Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsi hazırlamışdı. Layihə Bakı şəhərində Avropa tipli ilk universitetin açılmasını nəzərdə tuturdu. Parlamentin qəbul etdiyi 10 maddəlik qanunda universitetdə bu fakültələrin - tarix-filologiya (Şərq bölməsi ilə birlikdə), riyaziyyat (fizika-riyaziyyat), hüquq (müsəlman hüququ və tarixinin tədris edilməsi) nəzərdə tutulmuşdu. Zaqafqaziya Universiteti bağlandıqdan sonra Tiflisdən Bakıya köçmüş bir qrup rus ziyalısının - V.İ.Razumovski, N.A.Dubrovski, L.A.İşkov, İ.S.Sitoviç, İ.İ.Şirokoqorov və başqalarının Bakı Dövlət Universitetinin yaradılmasında böyük xidmətləri olmuşdu.
Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi ilə yanaşı, xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq üçün azərbaycanlı tələbələrin xaricə göndərilməsi sahəsində də mühüm işlər görülürdü. Azərbaycan hökumətinin yüz
nəfər azərbaycanlı gənci ali
məktəblərdə təhsil almaq üçün
dövlət hesabına xarici ölkələrə göndərmək
haqqında hazırladığı qanun layihəsi parlamentdə
geniş müzakirə edilərək qəbul olunmuşdu. 1919-1920-ci tədris ilində 100 abituriyent və tələbənin
xaricə göndərilməsi nəzərdə tutulmuşdu.
Gənclərdən 45 nəfər Fransanın, 23 nəfər
İtaliyanın, 10 nəfər İngiltərənin, 9 nəfər
Türkiyənin müxtəlif ali məktəblərinə
göndərilmişdi. Rusiyada təhsil almaq
üçün göndərilməsi nəzərdə
tutulan 13 nəfər gənc bu ölkədə vətəndaş
müharibəsinin başlaması ilə əlaqədar olaraq
oraya gedə bilməmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin həyatında ən əhəmiyyətli və şərəfli məqamlardan biri də parlamentin demokratik yolla seçilməsi və fəaliyyəti olmuşdur. Ümumiyyətlə, 1918-ci il
dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan
Xalq Cümhuriyyətinin parlamentinin 23 ay ərzində 145
iclası keçirilmiş, burada 270-dən artıq qanun layihəsi
müzakirəyə çıxarılmış, onlardan 230-a
yaxını təsdiq edilmişdi. Parlament mövcudluğu
zamanı bütün fəaliyyətini ölkənin
sosial-iqtisadi, maliyyə problemlərinin həllinə, siyasi
suverenliyini və ərazi toxunulmazlığını təmin
etməyə, vətəndaşların hüquqlarını
qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını
möhkəmləndirməyə, Azərbaycanın beynəlxalq
miqyasda tanınmasına, onun xarici ölkələrlə, ilk
növbədə yaxın qonşuları ilə
çoxşaxəli əlaqələrinin genişlənməsinə
yönəltmişdi. Parlamentdə ümumilikdə 11 komissiya
- maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər
Məclisinə seçkilər üzrə mərkəzi
komissiya, mandat, hərbi, aqrar məsələlər,
sorğular, təsərrüfat, sərəncamverici, ölkənin
istehsal qüvvələrindən istifadə üzərində
nəzarət, redaksiya və fəhlə məsələləri
üzrə komissiyalar formalaşdırılmışdı.
Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti və hökuməti ölkənin
başı üstünü almış xarici müdaxilə
təhlükəsini sovuşdurmaq üçün gənc
respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində
fəal iş aparmışdır. Parlamentin
xüsusi diqqət yetirdiyi problemlərdən biri də Azərbaycanın
qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi
olmuşdur. Gərgin müzakirələrdən
sonra Gürcüstanla münasibətlər nizama
salınmış, İranla Azərbaycan arasında dostluq əlaqələri
haqqında müqavilə imzalanmışdı. Məlum səbəblərdən daşnak Ermənistanı
və sovet Rusiyası ilə münasibətləri sahmanlamaq
mümkün olmamışdı. Parlament eyni zamanda
1918-ci il dekabrın 28-də parlamentin sədri
Ə.Topçubaşovun başçılığı ilə
Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin
göndərilməsi haqqında qərar qəbul etmişdi.
Ə.Topçubaşovun başçılıq etdiyi
nümayəndə heyətinin səyi nəticəsində
1920-ci il yanvarın 12-də Paris Sülh
Konfransına qatılan ölkələr Azərbaycanın
müstəqilliyini tanımaq barədə qərar qəbul
etmişdilər. 1920-ci il aprelin 22-də isə
parlament Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa
və ABŞ-da diplomatik nümayəndəliklər açmaq
haqqında qanun qəbul etmişdir. Lakin bir neçə
gün sonra - 1920-ci il aprelin 27-28-də
bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi
ilə bu işlər yarımçıq qalmışdır.
XX əsrdə
Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev AXC-nin süqutundan sonra azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin daimiliyini, dönməzliyini təmin etmişdir. Həmin illərdə parlamentdə
Azərbaycanda milli özünüdərk prosesinə əsaslı
təkan verən bir sıra taleyüklü qərarların qəbulu
Heydər Əliyevin xalqına və dövlətinə necə
bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Ümumilikdə
Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə
istər icra strukturları, istərsə də parlament səviyyəsində
həyata keçirilmiş kompleks tədbirlər
respublikamızın ötən əsrin 90-cı illərə
doğru müstəqillik uğrunda mübarizəsinə real
hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır.
Tarixi reallıqlar göstərir ki, dövlət
müstəqilliyinin qorunub saxlanılması onun əldə
edilməsi qədər çətindir. 1991-ci
ilin 18 oktyabrında Azərbaycan özünün dövlət
müstəqilliyini elan etsə də, bu, əslində
deklarativ xarakter daşıyırdı. 1993-cü
ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın
həqiqi müstəqilliyinə qovuşmasını təmin
etmiş, ölkə xaos və anarxiya burulğanından
çıxaraq davamlı, sabit inkişaf yoluna qədəm
qoymuşdur.
Ümummilli lider qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə yanaşı, demokratik, hüquqi, dünyəvi dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başlamışdır. 1995-ci ildə müstəqil Azərbaycanın ilk
parlamentinə keçirilən seçkilər isə dövlət
müstəqilliyinin möhkəmləndirilməsi
prosesinin hüquqi bazasının yaradılmasına daha
geniş imkanlar yaratmışdır. Paralel
olaraq ilk milli Konstitusiyanın qəbulu dövlət müstəqilliyinin
prioritet istiqamətlərini müəyyənləşdirmək
və həyata keçirmək yolunda əsas istinad mənbəyi
rolunu oynamışdır.
Ümumiyyətlə, Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin vahidliyinin, monolitliyinin təmin olunmasını özünün əsas strateji vəzifəsi hesab edir. Bu baxımdan
ulu öndərin əsasını qoyduğu siyasi xəttin
davam etdirilməsi cəmiyyətin siyasi sifarişi, sosial tələbatı
kimi diqqəti çəkir. 2003-cü və 2008-ci
illərin prezident seçkiləri təsdiqləmişdir ki,
Azərbaycan xalqı ümummilli liderinin siyasi kursuna sadiqdir və
bu kursun dövlətçiliyin təhlükəsiz və
sabit inkişafına imkan verən yeganə strateji seçim
olduğunu tam mənası ilə dərk edir. Bu
seçimin 2013-cü ildə də dəyişməz qalacağına cəmiyyətdə
qəti əminlik var.
Rafael
CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2013.- 25 may.- S. 6.