Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş poçt markası buraxılmışdır

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş poçt markasını təqdim etmişdir.

Markanın nominal dəyəri - 60 qəpik, tirajı - 200 min ədəd təşkil edir.

Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Son tədqiqatlar Məhsəti Gəncəvinin XI əsrin axırlarında Gəncədə doğulduğunu, mükəmməl təhsil aldığını, Şərq ədəbiyyatına musiqisinə dərindən bələd olduğunu göstərir. Yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud Səlcuqinin onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişdir. Ədəbi irsi dövrümüzədək tam halda gəlib çatmamışdır. Rübailəri dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilir. Yaradıcılığında məhəbbət lirikası xüsusi yer tutur. Şeirlərində xalqın azad xoşbəxt həyat haqqında romantik arzuları yüksək bədii sənətkarlıqla təsvir olunmuşdur.

Məhsəti Gəncəvinin şəxsiyyəti ədəbi yaradıcılığı Şərq qadınının fikir mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində yüksək dəyərləndirilmişdir.

 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyası Məhsəti Gəncəvinin 900 illik yubileyinin  qeyd edilməsi haqqında qərar qəbul etmişdir.

 

Samirə ƏLİYEVA.

 

Xalq qəzeti.- 2013.- 25 may.- S. 7.