Sumqayıt bu gün yüksəliş mərhələsini yaşayır

 

Prezident İlham Əliyev ötən 10 ildə Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli prezıdenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. Ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar ölkə başçısının daim xalqın mənafeyindən çıxış etdıyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.

Azərbaycan xalqının 2008-ci il 15 oktyabr tarixli uzaqgörən seçimi də məhz bu reallıqla şərtlənmiş, ölkə vətəndaşları hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqini təmin edən, bütün məsələlərdə insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər. Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti Heydər Əliyev siyasi kursunun demokratik seçkilər yolu ilə davam etdırilməsini, hakimiyyət estafetinin bu xətti uğurla aparmağa qadir liderə - cənab İlham Əliyevə ötürülməsini diktə etmişdir. Məhz bu baxımdan da Azərbaycan ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış həmin siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə ciddi siyasi iradə nümayiş etdirmişdir.  Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə Prezident Administrasiyasına məlumat verməyi tövsiyə etmişdir.

2008-ci ilin 15 oktyabrında mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri də müstəqil Azərbaycanın ötən illərdə əldə etdiyi inanılmaz sosial-iqtisadi nailiyyətləridir. Ümumilikdə, ötən 10 ildə ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtısadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.

Azərbaycanın sürətli inkişafı, aparılan nəhəng quruculuq işləri, şəhər və kəndlərimizin gündən-günə abadlaşması, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğı ölkə vətəndaşlarının öz dövlətinə, Prezidentinə inamını daha da artırır.

Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli dövlət proqramları vətəndaşların uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərinin kompleks həllini nəzərdə tutur. Ölkə başçısı mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif şəhər və rayonlarına səfərlər təşkil edir.

  Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Sumqayıtın timsalında da qabarıq görünür. Mühüm coğrafi özəllikləri ilə seçilən Sümqayıt uzun illər halal zəhmətə tapınan, işgüzar insanların məskunlaşdığı məkan kimi məşhurlarşmışdır.

Dövlət başçısı İlham Əliyev müxtəlif sosial obyektlərin açılış mərasimlərində iştirak etmək üçün ötən 10 ildə dəfələrlə Sumqayıta gəlmiş, bu diqqət və qayğı şəhərin dinamik inkişafına, uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərinin həllinə əsaslı təkan vermişdir. Ən əsası, bu səfərlərin hər biri sumqayıtlıların həyatında müsbət irəliləyişlərə səbəb olmuş, onların yaddaşında xoş izlər buraxmışdır.

Mövcud potensialın səmərəli realizə edilməsi, şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıtın 2012-ci il ərzindəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır. Qısa müddətdə şəhərin yeni rəhbərliyinin böyük səyləri ilə əldə olunan nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, fəaliyyətini dövlət başçısının yürütdüyü çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin aprel və dekabr aylarında Sumqayıt Texnologiyalar Parkında yeni istifadəyə verilmiş bir neçə zavodun fəaliyyəti ilə tanış olmuşdur. Dövlətimizin başçısı, həmçinin “Azgüntex” MMC-nin günəş modulları və LED lampalar istehsalı sahələrinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş binanın açılış mərasimlərində iştirak etmiş, Nəsimi adına dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı və yenidənqurma işləri ilə tanış olmuşdur. Öətn il ərzində şəhərin kimya və neft-kimya müəssisələrində genişmiqyaslı təmir-bərpa işləri aparılmış, avadanlıqlar təzələnmişdir. Şəhərin elektroenergetikasında yeni infrastruktur layihələri həyata keçirilmişdir. Sumqayıt Texnologiyalar Parkında yeni zavodların inşası davam etdirilməkdədir.

Prezident İlham Əliyev 2013-cü il mayın 3-də Sumqayıta növbəti səfəri də əlamətdar olmuşdur. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Bayraq Meydanında, Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur. Qeyd edək ki, Bayraq Meydanında 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulmuşdur. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülmüşdür. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

   Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında da iştirak etmişdir. Ölkə başçısı bildirmişdi: “Keçən dəfə Sumqayıtda olarkən demişdim ki, Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır. Həm infrastruktur layihələri o səviyyədə icra edilməlidir, həm də ictimai yerlər, xidmət sektoru o səviyyədə olmalıdır.

İndi Sumqayıtda gözəl parklar salınır. Bu gün Heydər Əliyev Parkının vəziyyəti ilə tanış oldum. Sumqayıt, doğrudan da, ölkəmizin çox gözəl şəhərinə çevrilir və Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də artır, iş yerləri açılır. İndi yeni yaradılan sənaye müəssisələri, texnoparklar kənar bölgələrdən də işçi qüvvəsini Sumqayıta gətirəcəkdir".

Sumqayıt şəhərinin yeni rəhbərliyinin mütərəqqi iş üslubunun diqqəti çəkən məqamlarından biri vətəndaşlarla işin müasir tələblər səviyyəsində qurulması, ərizə və şikayətlərə baxılmasının mütərəqqi üsul və vasitələrinin tapılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar şəhər icra hakimiyyəti başçısının müntəzəm olaraq yerli sakinlərlə görüşləri, o cümlədən səyyar qəbulları təşkil edilir. Vətəndaşların müraciətləri, irad və təklifləri öyrənilərək onların icrası ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə görüşlər keçirilir, şəhər sakinlərinin qaldırdıqlara məsələlərə operativ baxılır.

Prezident İlham Əliyevin ötən 10 ildə sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhısarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasıyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərlə regional iqtisad məhkəmələrinin yaradılması, Rəqabət Məcəlləsinin hazırlanması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhısardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı Bakı Biznes Mərkəzində təşkil olunmuş konfransda “Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər” - deyən Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyindən sonra sahibkarların qanuni mənafelərinin qorunması, onların fəaliyyətinə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər bir qədər də gücləndirilmişdir.

   Prezident İlham Əliyevin mayın 3-də Sumqayıta səfəri zamanı “Gilan” Tekstil Parkının açılışı sahibkalığın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi sayıla bilər.  Qeyd edək ki, 20 hektar ərazidə tikilən “Gilan” Tekstil Parka parça toxuma, boyama və tikiş fabriklərindən ibarət yüngül sənaye müəssisələri daxildir. Ümumi dəyəri 46 milyon manat olan Gilan Tekstil Parkının ərazisində üç fabrikin tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 15 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır. Parça toxuma fabriki üç əsas istehsal və köməkçi sexlərdən ibarətdir.

Azərbaycan Prezıdentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurlu həlli üçün şəhərin mövcud potensialı səmərəli şəkildə realızə edilmiş, tərəqqi və inkişafa xidmət edən islahatlar işlək mexanizmlər əsasında, yüksək dinamizmlə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hər bir inkişaf mərhələsi üçün əldə edilmiş makroiqtisadi göstərıcilər Sümqayıt şəhər sakinlərinin həyatında qabarıq duyulur, insanların maddi rifah halı, yaşayış səviyyəsi yüksəlir. Bu baxımdan şəhərin əsas magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmiri, əhalinin kommunal problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Ötən əhalinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir.

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sahədə gündən-günə daha böyük yüksəlişlərə nail olan Azərbaycan regıonun mühüm iqtisadi güc mərkəzinə çevrilib. Ötən 10 il ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtısadi artımın və iqtısadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Sumqayıt Şəhər İcra Hakimiyyəti   dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndərin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Sumqayıt Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir.

 

 

Aslan MANAFOV,

 

Sumqayıt şəhər sakini

 

Xalq qəzeti.- 2013.- 26 may.- S. 4.