Tariximizin şərəfli səhifəsi
2009-cu ildə Rumıniyada Avropa İttifaqının maliyyə və təşkilati dəstəyi ilə baş tutan bir tədbirdə iştirak edirdik. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri ora getməyimiz və tədbirdə ölkəmizi təmsil etməyimiz üçün bizə dəstək olmuşdular. Əlimizdə Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı kifayət qədər material – bukletlər, broşürlər, kitabçalar, filmlər var idi.
Ölkəmizi təbliğ etmək üçün əlimizə çox yaxşı imkan düşmüşdü. Çünki tədbirin mahiyyəti də xalqların mədəni – tarixi irsinin təbliğinə söykəndiyindən bu, bizə bir o qədər çətinlik yaratmadı. Həvəslə və coşqu ilə ölkəmizi təmsil edirdik. Hamı maraqla Azərbaycan həqiqətləri ilə bağlı onlara verdiyimiz hədiyyələrə baxırdı. Hər kəs ölkəmizdən bəhs edən filmlərə, video-roliklərə tamaşa edirdi. İştirak edən səkkiz Avropa ölkəsinin nümayəndələrinin hər birini bir sual düşündürürdü: Zəngin tarixi və mədəni dəyərlərə sahib olan və inkişaf etməkdə olan ölkə barədə niyə az bilirik? Lakin hamını xüsusilə təəcübləndirən və Azərbaycana sonsuz maraq oyadan başqa bir səbəb də var idi: ölkəmizin Şərqin ilk demokratik respublikası olması. Təkcə bu faktı dilə gətirmək özü bizi nə qədər qürurlandırırdı. Çünki bu, Azərbaycan tarixidir, Vətənimizin qızıl hərflərlə yazılmış tarixi... Düz 71 il bu tarixə ləkə salmağa çalışanlar başa düşmədilər ki, “qızılı örtsə də qara torpaqlar, yenə qiymətini özündə saxlar”.
Bəli,
düz 95 il bundan əvvəl – 1918-ci ilin mayın 28-də Gürcüstanın Tiflis şəhərində
o dövrün böyük
ziyalıları və
ictimai xadimləri sayılan M. Ə.
Rəsulzadə, F.X. Xoyski,
Ə. Topşubaşov, N. Yusibbəyli,
M. Y. Cəfərov, H. Ağayev,
Ş. Rüstəmbəyli və digərlərinin gərgin
əməyi, tarixi cəsarəti sayəsində
Şərqdə ilk demokratik
üsul-idarəyə əsaslanan
cümhuriyyət quruldu. Kim idi
onlar – birdən-birə
dövlət yaratmaq iddiasına, eşqinə düşənlər? Bu insanların hər birinin maraqlı tərcümeyi-halı var. Fətəli
xan Xoyskinin, M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun
və digər cümhuriyyət liderlərinin
məzarlarının bu
gün məmləkətdən
kənarda – qəriblikdə
olması da hər şeyi bəlli edir. Onlar həyatlarını milli mübarizəyə həsr
etmiş böyük insanlar idi. Böyük insanlar da ali məqsədlər uğrunda
savaşmış hər
zaman. Onlar əqidələri və amalları uğrunda kiçik hisslərin qurbanı olmamış və öz nəfsani istəklərinin
yerini Vətən eşqi, yurd sevgisi ilə əvəzləyə bilmiş,
millət, xalq aşiqi olmağı bacarmışlar. Şübhəsiz, dövlət quran insanların taleyi həmişə kəşməkəşli
olur. Necə ki, həmin
ictimai-siyasi xadimlərimizin
şəxsi taleyi kimi. Didərgin düşmək, təqib olunmaq, hər an ölüm təhlükəsi altında
milli mübarizə aparmaq və ya ömrün ən qaynar vaxtında öldürülmək.
Bunların hamısını yaşadı o kişilər.
Bax, buna görə də millətimiz və dövlətimiz bu gün bu
insanları dəyərləndirir,
onları yaşadır.
Çünki yaşayan o kəslərdir
ki, onların mübarizəsində və
fəaliyyətində daim
səmimilik olur.
Milli təəssübkeşlikdən savayı, qeyri bir məqsədləri olmur.
AXC xalqın cümhuriyyəti
idi. Öz xalqının
milli şüurunu bərpa edən, ana dilini dövlət
dili elan edən, mənəvi dəyərlərini qorumağı
vacib bilən, inkişafa, tərəqqiyə
aparan çətin yolu seçən, milli bayraq, milli
himn, milli gerb kimi vacib
dövlət atributlarını
yaradan, vətəndaşların
hüquqlarını qoruyan,
onun problemlərini həll etməyi hədəf götürən
ilk parlamentli respublika quran, milli ordumuzu
ərsəyə gətirən,
ali təhsil ocağı təsis edən, xarici ölkələrə oxumağa
tələbə göndərən,
mətbuatın inkişafına
yardım edən və müstəqilliyi
de-fakto tanınan və de-yure tanınmağı da qarşısına məqsəd
qoyan məhz Azərbaycan Xalq Cümhuriyyəti idi.
23 ay bir millətin
nələrisə əldə
etməsi baxımından
çox qısa bir zaman kəsiyidir. Dövlətlər var ki, onillərlə,
hətta yüzillərlə
mövcuddurlar, lakin öz xalqlarının taleyində ciddi dönüş etməyin
proqramını belə
tutmurlar. Lakin AXC
95 il bundan öncə yarandığı 28 may günündən etibarən
xalqın milli şüurunda dönüş
yaratmağı bacardı.
Öz milli kimliyini ümmət mənsubiyyəti ilə qarışdıran cəmiyyətə
milli özünüdərketməyə
şans verdi.
AXC ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasını
qoydu. Bundan əvvəl, Azərbaycan
adı yalnız tarixi mənbələrdən
keçirdisə, indi
ilk dəfə hüquqi
status əldə etmişdi.
Demokratik
dəyərlərə söykənməsi
baxımından isə
dünyada nadir dövlətlərdən
biri idi. AXC-nin tolerant mühitinin
olması elə bundan görünürdü
ki, parlamentdə tarixi düşmənimiz olan ermənilərin 21 nümayəndəsi vardı.
Ruslara, yəhudilərə, gürcülərə
yer ayrılmışdı.
Bütün millətlər qanun
qarşısında cavabdehlik
daşıyırdı. AXC o zaman Şərqdə,
müsəlman dünyasında
ilk dövlət idi ki, qadınlara seçki hüququ verirdi. Millətimiz bütün bu
nailiyyətlərin hamısına
cəmi 23 ay müddətində
sahib oldu. Azərbaycan Xalq
Cümhuriyyətinin apardığı
bütün bu islahatlar çox çətin yaşam şərtləri daxilində,
ermənilərlə müharibə
şəraitində, şimaldan
rus, qərbdən ingilis, cənubdan İran təhlükəsi
ilə qarşı-qarşıya
qalaraq həyata keçirilirdi. Yəni, o müdrik
insanlar, Vətən mücahidləri olan ziyalılar heç nədən çəkinməyərək
gələcəyimiz üçün
vacib olan qətiyyətli addımları
atmağı bacardılar.
1920-ci ilin 28 aprelində
bolşevik işğalı
nəticəsində min bir
əziyyətlə qurulan
bu dövlət yıxıldı. Nəticədə bütün qurucu
dövlət xadimlərimiz
Vətəndən didərgin
düşdü. Baş
nazir Fətəli Xan Xosyki 1920-ci ildə Tiflisdə bir erməni tərəfindən güllələnərək
şəhid oldu, onun xələfi sayılan hökumət başçımız Nəsib
bəy Yusifbəyli də elə həmin il
qətlə yetirildi. Hansı ki, bu günə qədər harada və kim
tərəfindən öldürüldüyü
sirr olaraq qalır. Daxili işlər nazirimiz
Behbud xan Cavanşir, parlamentin sədr müavini Həsən bəy Ağayev də həmçinin Tiflisdə
erməni terrorçular
tərəfindən güllələnərək
şəhidliyə qovuşdular.
Məhəmməd Əmin
Rəsulzadə, Şəfi
bəy Rüstəmbəyli,
Əlimərdan bəy
Topşubaşov və
digərləri ömürlərinin
sonunadək Vətən
həsrəti ilə qürbətdə mühacirət
həyatı yaşamağa
məcbur edildilər.
Cümhuriyyətimizin qurulması yolunda malını-mülkünü
el malı kimi xərcləyən millət atası Hacı Zeynalabdin Tağıyevin ailəsi aclıqla baş-başa qaldı. Hər şey tari-mar
oldu. Lakin təkcə bir
nüans öz mövcudluğunu tərk etmədi – milli məfkurə. Bu da quruluşların gəldi-gedər olduğunun
amma ideologiyanın həmişəyaşarlığının sübutu idi. 71 il sovet
təbliğat maşını
Azərbaycan xalqının
milli məfkurəsini,
mənəvi ideallarını
yox etmək üçün var-gücü
ilə çalışdı.
Minlərlə insanımız fiziki
işgəncələr və
amansız qətllərlə
müşayiət olunan
repressiyalara məruz qaldı. Lakin milli və mənəvi məfkurə
məhv olmadı.
Həqiqət həmişə nazilsə də, qırılmadığı kimi,
milli dövlət qurma instinktimiz zəifləsə də, tamam yox olmadı.
Çünki vaxtında təməl
atılmışdı. Xalq müstəqilliyin, azadlığın tamını
dadmışdı və
bu müqəddəs yaşam tərzinin ona yenidən qaytarılacağına əmin
idi... Və bu layiqli gün yetişdi.
1991-ci ilin 18 oktyabrında
71 il öncə
28 May günü qurulan
cümhuriyyət yenidən
bərpa olundu. Azərbaycan
“Bir kərə yüksələn bayraq bir daha enməz”
şüarının ölməzliyini
sübut etdi. Artıq 22 ildir ki, müstəqilliyimizin
bəhrələrini görürük.
Xalqın heç bir
arzusu onun azad yaşamaq hissini üstələyə
bilməz. Biz artıq
95 il bundan
əvvəl qazandığımız
azadlığın davamını,
növbəti ildönümünü
yaşayırıq. 28 Mayı Azərbaycan respublikasının müstəqillik
arzularının gerçəkləşdiyi
gün kimi hər zaman xatırlamalıyıq. Sözsüz ki, həmin gün həm də o insanlar ki, canlarını bu yolda fəda
ediblər onları xatırlamalıyıq. Yadda saxlamalıyıq
ki, 28 Mayda Azərbaycan Şərqin
ilk demokratik əsaslara
söykənən cümhuriyyəti
olaraq tarixə öz möhürünü
vurmuşdur. Gəlin hamılıqla
belə əzəmətli
günümüzü, qürurverici
tariximizi xalqımızın
daim yaşaması, sevinməsi üçün
birgə hərəkət
edək, bərabər
addımlayaq. Yalnız
onda üçrəngli
bayrağımız başımız
üzərində daima
dalğalanacaqdır! Yalnız
bu birliyin sayəsində!
Anar TURAN
Xalq qəzeti.- 2013.- 26 may.- S. 5.