Nizami rayonunda bayram tədbiri

 

Bu günlərdə ölkəmizin hər yerində Azərbaycan Xalq Cümhuruiyyətinin 95 illik yubileyi təntənəli şəkildə qeyd olunur,  şanlı tariximizin  parlaq səhifəsini təşkil edən bu əlamətdar hadisənin xalqımızın müstəqillik salnaməsinə, dövlətçilik ənənələrinin inkişafına  verdiyi mühüm töhfələr bir daha yada salınır.

Paytaxtın Nizami rayonunda 28 May-Respublika gününə həsr olunmuş tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Bayram tədbirini Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq xalqımızı bu əlamətdar gün münasibətilə təbrik etdi. Qeyd olundu ki, Şərqdə, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, xalqımızın demokratiya, ümumbəşəri  dəyərlərə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. 1920-ci ilin aprel  istilası zamanı irtica qüvvələrinin işğalı nəticəsində müstəqilliyimizi itirsək də, əsrin sonlarında xalqımız yenidən tarixi müstəqilliyinə qovuşdu. Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı, ölkəmiz beynəlxalq birliyin layiqli üzvünə çevrildi.

Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovaDövlət müstəqilliyi xalqımızın böyük sərvətidirmövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, milli dövlətçilik tariximizdə şərəfli yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik hadisə olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda aparılan uzun və ağır mübarizənin məntiqi nəticəsi idi. Natiq bildirdi ki, qısa müddətdə bütün dövlətçilik atributlarını yaradan Azərbaycan milli hökuməti ana dilimizi dövlət dili elan etdi, Şərq aləmində qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşdü. Azərbaycanın beynəlxalq nüfuzunu artırmağı qarşısına məqsəd qoymuş milli hökumət qısa müddət ərzində 20-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratmağa müfəffəq oldu.

G. İsrafilova daha sonra qeyd etdi ki, xalqımızın dövlətçilik ənənələrini yüksək dəyərləndirən Heydər Əliyev bugünkü müstəqil Azərbaycanı 1918-ci ildə yaradılmış ilk xalq cümhuriyyətinin varisi adlandırmışdır. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının xalqımızın çoxəsrlik tarixində mühüm yer tutduğunu nəzərə alaraq  2003-cü ilin fevral ayında Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzalamışdır.  Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrildiyini vurğulayan natiq son illər ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirdi.

Məruzəçi bildirdi ki, bu il xalqımız müasir Azərbaycan dövlətinin yaradıcısı memarı ulu öndər Heydər Əliyevin 90 illik yubileyini böyük təntənə ilə qeyd etdi. G. İsrafilova Nizami rayonunda bu münasibətlə keçirilmiş silsilə tədbirlərdən bəhs etdi.

Sonda ümummilli liderin 90 illik yubileyi münasibətilə rayonda keçirilmiş müsabiqə yarışların qalibləri, ənənəvi Gül bayramında fərqlənənlər, eləcə Şahinhərbi-idman oyununun iştirakçıları mükafatlandırıldılar.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bayram tədbirinə yekun vuraraq qalibləri təbrik etdi,  rayonun ictimai-siyasi mədəni həyatında xüsusi fəallıq göstərən şəxslərə  təşəkkürünü bildirdi.

 

 Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 26 may.- S. 5.