Beynəlxalq Muzeylər Günü və Avropa Muzeylər Gecəsi Filarmoniya bağında

 

Bu yazıya Avropa Muzeylər Forumunun Azərbaycan milli müxbiri, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyevanin bu sözləri ilə başlayırıq: “Hər il Avropa Muzeylər Forumu mədəniyyətlərarası dialoqun mühüm tərkib hissələrindən hesab edilməyə layiq olan ən yaxşı muzeyi mükafatlandırır. 18 may 2013-cü il tarixində Belçikanın Tonqeren şəhərindəki Avropa Muzeylər Forumunun illik Assambleyasında Avropanın 41 tanınmış muzeyinin iştirak etdiyi müsabiqədə Qobustan qoruğu mürəkkəb seçim mərhələlərindən uğurla keçərək xüsusi mükafata layiq görülmüşdür”. Bu xəbəri Röya xanım Beynəlxalq Muzeylər Gününə ən yaxşı töhfə adlandırdı.

Məlumat ücün bildirək ki, bu il Beynəlxalq Muzeylər Günü və Avropa Muzeylər Gecəsi 2013-cü il mayın 18 -də saat 18.00-dan 23.00-dəkMuzeylər (Yaddaş + Yaradıcılıq) = Sosial dəyişikliklərdevizi altında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ICOM-un Azərbaycan Milli Komitəsi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Filarmoniya bağında qeyd edildi.

Xalqımızın maddi və mədəni sərvətlərinin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində muzeylərin rolu danılmazdır. Məhz burada keçmişə, tarixin dərin qatlarına səyahət edir, soy-kökumüzə, qədim adət-ənənlərimizə qayıdırıq. Muzeylərimiz hər bir insanın şəxsiyyət kimi, vətənpərvər kimi formalaşmasında mühüm işlər görür, ölkədə və xaricdə təşkil olunan sərgilərdə, beynəlxalq miqyaslı layihələrdə yaxından iştirak edir.

Bu layihələrdən biri Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəslinin bir istirahət günündə dünya muzeylərində “Avropa Muzeylər gecəsi” aksiyasıdır. Müxtəlif devizlər altında keçirilən bu aksiyada muzeylər gecə saatlarına kimi fəaliyyət göstərir. Bundan məqsəd geniş tamaşaçı kütləsini muzeylərə cəlb etmək, muzeylərdə saxlanılan milli sərvəti təbliğ etmək, insanlara günün yorğunluğunu unutdurub, xoş ovqat bəxş etmək, onlarla muzeylər arasında ünsiyyət yaratmaq, dünya muzeylərində baş verən yeniliklərlə onları tanış etməkdən ibarətdir.

Eyni zamanda, aksiyanın keçirilməsində məqsəd erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Laçının maddi-mədəni sərvətlərini bir daha göz önündə canlandırmaq, onları böyüməkdə olan nəslə çatdırmaq olmuşdur.

Məlumdur ki, 1992-ci ilin 18 may tarixində Azərbaycanın qədim torpağı, özü elə açıq səma altında muzey olan Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Rayonun maddi və mədəniyyət sərvətləri ilə yanaşı, Laçın tarix-diyarşünaslıq muzeyi də erməni təcavüzkarları tərəfindən qarət edilmişdir. Bu muzeydə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, digər qiymətli materiallar olmuşdur.

Butün bunlara baxmayaraq, işğal olunan ərazilərimizdə qalan muzeylərimiz, o cümlədən Laçın tarix-diyarşünaslıq muzeyi bu gün də fəaliyyət göstərir, Qarabağın maddi-mədəni sərvətlərini toplayır və təbliğ edir, xalqımızın minillik yaddaşından süzülüb gələn irsi bu gün də yaşadır.

Şuşa işğal olunarkən L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi böyük fədakarlıqla muzeyin Şuşa filialında olan əşyalarını xilas etməyə müvəffəq olmuş və hazırda həmin əşyalar qorunur, tədqiq və təbliğ edilir.

Filarmoniya bağında keçirilən tədbirdə “Muzeylərdə ənənələr yaşayır” adlı sərgi nümayiş etdirildi. Sərgidə L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin və Bülbülün Memorial Muzeyinin fondlarından seçilmış əşyalarından tamaşaçılara Qarabağın dekorativ-tətbiqi sənət nümunələri, milli geyimləri təqdim olundu, Qarabağın məşhur şəxsiyyətləri anıldı, onlarla bağlı əşyalar, video görüntülər göstərildi. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tədbirdə Qarabağ məktəbinə xas naxışlar əks olunmuş suvenir xalçalar, batika nümunələri, qobelen və rəsm əsərlərindən ibarət sərgi ilə çıxış etdi. Aksiya çərçivəsində toxucular Qarabağa məxsus xalçanın toxunma prosesini tamaşaçılara təqdim etdilər. Muzey və Milli geyim evi tərəfindən təqdim olunan Qarabağ geyimləri tarixi və mədəni irsimizi bir daha göz önündə canlandırdı.

Muzeyin nəşrlərindən ibarət guşəsində milli sərvətlərimizi özündə əks etdirən məlumatlarla tamaşaçılar tanış oldular. “Dəyişən zamanda, dəyişməyən dəyərlər” - Öz xalçanı yarat - xalça eskizinin hazırlanması prosesi təqdim edildi.

Qarabağın məşhur şəxsiyyətlərindən olan, həqiqətən də bülbül səsli Bülbülün Memorial Muzeyi sərgidə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bülbül irsinə qayğısına və yüksək qiymətinə həsr edilmiş fotolar, Bülbülün Bakıda və Şuşada xatirə muzeylərinin, Bülbülün Şuşadakı evi və evin həyətində Bülbülün dağıdılmış büstünün fotoşəkilləri, Bülbülün bir sıra sənədləri – 1931-ci ildə İtaliyada dərc edilmiş məşhur italiyan musiqi jurnalı “Arte Nostra”da Bülbülün böyük portreti və onun haqqında məqalənin, 1933-cü ildə Moskvada keçirilən Vokalçıların Ümumittifaq müsabiqəsində Bülbülün layiq görüldüyü diplomun, Fikrət Əmirovun “Kürd-ovşarı” əsərinin partiturası üzərində Bülbülə təşəkkür bildirən sözlərinin, Bülbülün xalq artisti və Stalin mükafatı laureat diplomlarının fotosurətləri, Bülbülün xalq xanəndəsindən professional vokal sənətinin banisi olana kimi keçdiyi həyat yolundan fotoşəkillər və Bülbülün opera səhnəsində ifa etdiyi obrazlarda - Hersoq, Əliyar, Koroğlu, Əsgər, Aslan, Nizami rollarında fotoşəkilləri nümayiş etdirildi.

Musiqi, muğam beşiyi olan Qarabağda dünyaya göz açan Üzeyir Hacıbəylinin Ev- Muzeyi tədbirdə milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən fotolar təqdim etdi. Burada bəstəkarın həyat və yaradıcılığından bəhs edən türk, rus, fransız, ərəb və ingilis dillərində yazılmış kitablar, onun yaratdığı opera və operettalara həsr edilmiş kitablar, notlar, Azərbaycan Respublikası Dövlət Himninin müəllifləri Üzeyir bəy Hacıbəyli və Əhməd Cavadın fotoşəkilləri əks olunmuş not yazısı, “Statoyl” şirkətinin hazırladığı “Mədəniyyət xəzinələri haqqında məlumat” silsiləsindən “Üzeyir Hacıbəyov” illüstrativ plakatı və həmçinin “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından maraqlı səhnələri əks etdirən maketləri də görmək olardı.

Aksiya çərçivəsində bir-çox muzeylər – xalqımızın mədəni irsinin mühüm hissəsini, maddi sərvətini qoruyub saxlayan Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, tariximizi bu günə qədər özündə yaşadan Qobustan Milli Tarix-Bədii Qoruğu, teatrımızın salnaməsini yaşadan Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeyi, doğma Azərbaycanı hər bir əsərində tərənnüm edən Səməd Vurğunun Ev-Muzeyi, öz satiraları ilə ədəbiyyatımızı zənginləşdirən Cəlil Məmmədquluzadənin Ev-Muzeyi, Leopold və Mstislav Rastropoviçlərin Ev-Muzeyi də profilinə uyğun foto sərgilər, nəşrlər, audio-video görüntülər və s. nümayiş etdirdi.

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına dair və son iki il ərzində təşkil edilmiş sərgilərlə bağlı nəşr məhsulları - kataloq, kitab, buklet və digər materiallar nümayiş olundu.

Qobustan Milli Tarix-Bədii Qoruğu tədbirdə qədim tariximizi özündə əks etdirən video görüntülər və nəşrlərini nümayiş etdirdilər.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi gənc rəssamlardan Nazim Məmmədov, Taleh Mirkazımov, Tofiqə Mirkazımova, Nazim Şamxorov və Mətin Şərifovun çəkdikləri müxtəlif mövzulu rəsm əsərlərindən ibarət rəsm sərgisi təşkil etmişdir. Əsərləri sərgilənən rəssamlar dəfələrlə respublikada keçirilən sərgilərin iştirakçısı olmuş, diplom və mükafatlara layiq görülmüşlər.

Səməd Vurğunun ev-muzeyi tədbirdə şairin “Seçilmiş əsərləri”, “Vurğun ocağı-25” albomu, “Vurğun ömrü məktublarda” (Ş.Nəzirli) və s. nəşrlər, “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda səyyar sərgi, rəssam Elmas Məmmədovun “Səməd Vurğun” (1986), Arif Hüseynovun “Xalq şairi Səməd Vurğun” (1991) portretlərini nümayiş etdirdi. Tədbirdə Bakıdakı 150 saylı orta məktəbin VI sinif şagirdləri Babayeva Həkimə “Şair, nə tez qocaldın sən” və Allahverdiyeva Səbinə “Bənövşə” şeirlərini söylədilər.

Cəlil Məmmədquluzadənin ev-muzeyi Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını, “Molla Nəsrəddin” məktəbini əks etdirən “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin” adlı foto-sərgi ilə iştirak etdi.

L.və M.Rostropoviçlərin ev-muzeyi Sabir Əliyev – “Böyük musiqiçi, violonçelist və pedaqoq” adlı kataloq, “Violonçel məktəbi” adlı ibtidai siniflər üçün dərsliyi (2009), üzərində M.Rostropoviçin fotoşəkli və imzası olan 2005-ci ilin təqvimini, Azərbaycan və ingilis dillərində çap olunmuş “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” adlı not kitabını (xalq artisti, professor, violonçelist Eldar İsgəndərov və L.və M.Rostropoviçlərin ev-muzeyinin direktoru, musiqişünas Şeyla Heydərovanın təşəbbüsü ilə çap olunub) nümayiş etdirdilər.

Bununla yanaşı, sərgidə muzeyin fondundan 2007-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə nəşr olunmuş “Rostropoviç – Dahi Bakılı” adlı kitab, Bakıda keçirilmiş Beynəlxalq Rostropoviç festivalının bukletləri, Bakıda keçirilmiş I Beynəlxalq Rostropoviç festivalının təqvimi, I və III Moskva Beynəlxalq Rostropoviç festivallarının bukletləri sərgiləndi.

Tədbirdə Bakı şəhər 1 saylı İncəsənət Məktəbinin və Tofiq İsmayılov adına Uşaq Yaradcılıq Birliyinin şagirdləri “Öz rəsmini yarat” başlığı altında canlı olaraq rəsm əsərləri yaratdılar və bu təsvirlər vasitəsilə Vətənə olan məhəbbətlərini ifadə etdilər.

Aksiya zamanı Azərbaycan Milli Konservatoriyasının nümayəndələrinin ifasında (Hacı Məmmədov adına İnstrumental Ansambl) “Qarabağ şikəstəsi” və xalq mahnıları ifa olundu.

Tədbir muzeyləri əks etdirən video gorüntülərlə müşayiət edilirdi.

 

 

Xalq qəzeti.- 2013.- 26 may.- S. 6.