Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Yuxarı Qarabağda siyasi
vəziyyətin kəskinləşməsi və erməni
separatizminə qarşı mübarizə
1917-ci ilin fevralında Rusiyada baş vermiş fevral inqilabından sonra Azəbaycanda da milli-azadlıq hərəkatı başlandı və 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu, çarizmin milli müstəmləkə əsarəti altında yaşayan xalqın öz milli dövlətini yaratmaq arzusuna uyğun idi. Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi.
Yeni qurulmuş bu gənc dövlət cəmi 23 ay yaşadı və başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər gördü. Bu zaman ərazi bütövlüyümüzə Ermənistan tərəfindən daimi xarakter alan təhlükəyə qarşı böyük sayıqlıq və barışmaz müqavimət tələb olunurdu. Gənc dövlət isə kifayət qədər möhkəm deyildi, iqtisadiyyatı zəif inkişaf edirdi. Buna baxmayaraq, ölkənin ərazi bütövlüyünə qarşı yönəldilmiş təhlükənin aradan qaldırılması istiqamətində milli hökumət dəyərli işlər görmüşdü.
XIX əsrin sonlarından başlayaraq erməni millətçi təşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdlər göstərirdilər. Erməni millətçiləri Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan sonra Azərbaycanın daxili və xarici aləmində yaranmış mürəkkəb və ziddiyyətli vəziyyətdən istifadə edərək özlərinin “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün yenidən geniş fəaliyyətə başlamışdılar. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi ermənilərin planlarının gerçəkləşməsinə imkan vermədi. Azərbaycan üçün çətin və mürəkkəb olan 1918-ci ildə yalnız Türkiyə dövləti onun ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən respublikamıza hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Bu yardım erməni millətçilərinin və onların havadarları olan bolşeviklərin xalqımızın tarixi taleyi üçün təhlükəli cəhdlərin həyata keçirilməsinə mane olmuşdur.
Zaqafqaziyada üç müstəqil respublika - Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldıqdan sonra Ermənistan öz sərhədlərinin genişləndirilməsinə çalışdı, mübahisəli əraziləri beynəlxalq təşkilatların müzakirəsinə məhəl qoymadan öz köhnə torpaqları kimi qələmə verməyə başladı. Erməni millətçi separatçı qüvvələri Dağlıq Qarabağ haqqında qaldırdıqları iddialarda Azərbaycan və Gürcüstan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə həm Azərbaycana, həm də Gürcüstana qarşı müharibəyə başladı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixinə nəzər salarkən çox şeylərin şahidi oluruq. Erməni milli hərəkatı tarixinin öyrənilməsi göstərir ki, ermənilər hələ bir neçə əsr bundan əvvəl irəli sürdükləri “Böyük Ermənistan” ideyası naminə qonşu xalqların hüququnu tapdalamağa, onları məhv etməklə öz daşnak ideyalarını həyata keçirməyə, hansı yolla olursa-olsun öz planlarını mərhələ-mərhələ reallaşdırmağa səy göstərmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını (9 min kvadrat kilometr) yaratmış, tədricən onu böyüdərək 29 min kvadrat kilometrə çatdırmış, son vaxtlarda isə Dağlıq Qarabağı və ona bitişik 7 rayonu öz silahlı qüvvələri ilə işğal etmişlər. Bugünkü Dağlıq Qarabağ “Böyük Ermənistan” yaratmaq uğrunda erməni planlarının tərkib hissəsi və mühüm vasitəsi kimi əsas hədəf seçilmişdir.
Qarabağ tarixi-etnoqrafiq əyalət kimi əvvəlcə Azərbaycan Alban dövlətinin tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə ərəb xilafətinin əsarəti altına düşmüş, ərəb imperiyasının süqutundan sonra IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrdə Salarilər, XI-XII əsrlərdə Şəddadilər, XII-XIII əsrlərdə Atabəy- Eldənizlər, XIII əsrin II yarısından XVI əsrə qədər hülakilər (Elxanilər) dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə-xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yaranmışdir. XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Qarabağ ərazisində çox güclü Azərbaycanın Qarabağ xanlığı mövcud olmuşdur.
Qarabağın strateji əhəmiyyətini nəzərə alan Qərb dövlətləri, ilk növbədə ABŞ və Böyük Britaniya bu bölgəyə, Cənubi Qafqaza, xüsusilə də Azərbaycana, həmçinin Yaxın və Orta Şərqə təsir göstərməyin əlverişli vasitəsi kimi baxırdılar. Bir tərəfdən İngiltərənin və ABŞ-ın bu bölgədə nüfuz qazanmaq istəyi, bir tərəfdən də Rusiya və İranın itirilmiş nüfuz dairələrini “bərpa etmək” cəhdlərinin Ermənistanın Qarabağı, Naxçıvanı və Zəngəzuru tutmaq iddiaları ilə çulğalaşması, digər tərəfdən Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi və bu işdə Türkiyə tərəfindən ona yardım göstərilməsi regionda çox gərgin ictimai-siyasi vəziyyətin yaranmasına səbəb olmuşdu. Bu vəziyyət Ermənistan-Azərbaycan müharibəsinə, Qarabağın, Naxçıvanın və Zəngəzurun müharibə meydanına çevrilməsinə gətirib çıxarmışdir. Beləliklə də, Qarabağda erməni separatizmi özünün tüğyan həddinə gəlib çatmışdı.
Azərbaycan Cümhuriyyəti yarandığı ilk günlərdən özünün ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq üçün fəal və ciddi mübarizə aparmışdır. Azərbaycan hökumətinin ən başlıca vəzifəsi Dağlıq Qarabağda erməni separatizmini ləğv etmək idi. Əsərdə 1918-ci ildən başlayaraq 1920-ci ilin martında Qarabağda, Qazaxda, Naxçıvanda Azərbaycan hökumətinə qarşı ermənilərin qiyamlar qaldırması, Azərbaycan ordusunun şimal sərhədlərimizdən çıxarılaraq adıçəkilən bölgələrdə ermənilərə qarşı döyüşlərə göndərilməsi, 1920-ci ilin aprelində Sovet Rusiyasının Bakını işğal etməsinə qədərki hadisələri əhatə edir.
Azərbaycan Cümhuriyyətinin elan olunması çarizmin milli müstəmləkə əsarəti altında yaşayan xalqın öz milli dövlətini yaratmaq arzusuna, milli qurtuluş istəyinə uyğun idi. 1918-ci il mayın 26-da Zaqafqaziya seyminin sonuncu iclasının qərarına uyğun olaraq Gürcüstan Zaqafqaziya federasiyasından çıxdıqdan sonra seym buraxıldı. Mayın 28-də 4 partiyanı təmsil edən 44 nəfər Azərbaycan deputatı Milli Şurada birləşərək yeni dövlətin – Azərbaycan Demokratik Respublikasının yarandığını bildirən İstiqlal Bəyannaməsi ilə çıxış etdi. Bəyannamədə ADR-in qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq zərurəti təsbit olunmuşdu.
Çarizmdən miras qalmış inzibati ərazi bölgüsü ilə əhalinin milli tərkibi arasındakı uyğunsuzluq yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsində kəskin ziddiyyətlərin meydana çıxmasına səbəb oldu. Azərbaycan hökuməti fəaliyyətə başladığı ilk günlərdə qonşulara müraciət edərək sərhəd məsələsində münaqişəli vəziyyətin yaranmasının qarşısını almaq və mehriban qonşuluq münasibətləri bərqərar etmək məqsədilə hər bir respublikanın ayrı-ayrılıqda ərazisini elan etməzdən əvvəl üçtərəfli danışıqlarda bu məsələni müzakirə edib razılaşmaya nail olmaq təklifini irəli sürüldü.
Azərbaycan Milli Şurasının səlahiyyətli nümayəndəsi ilə Erməni Milli Şurası arasındakı danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclasında müzakirə edildi. Aleksandropolun Türkiyə tərəfindən tutulması ilə əlaqədar Ermənistan hökumətinin İrəvanı özünə siyasi mərkəz seçməsi məsələsi nəzərdən keçirildi. Azərbaycanla Ermənistan arasında konfederasiya ehtimalını nəzərə alaraq Azərbaycan Milli Şurası səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan Respublikasının mərkəzi kimi tanımağı mümkün saydı. Lakin Milli Şuranın bəzi üzvləri bu qərara etiraz etmiş, onun İrəvan quberniyasında yaşayan azərbaycanlıların gələcək taleyi üçün təhlükə yaradacağı ehtimalından narahat olduqlarını bildirmişdilər. İrəvan azərbaycanlılarının nümayəndəsi kimi Azərbaycan Milli Şurasında təmsil olunan B.Rzayev demişdir: “Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik bizi erməni respublikası ərazisində qalanları da unutmayasınız”.
Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri və ixtilafları dinc yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə, üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə keçirməyi təklif etmişdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağırmaq nəzərdə tutuldu. Lakin Ermənistan hökumətinin nümayəndəsi bu konfransa gəlmədi və konfrans baş tutmadı. 1918-ci ilin dekabrında Gürcüstan ilə Ermənistan arasında müharibə başlandı. Hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan dövləti işə qarışmalı oldu. Dekabrın 26-da Azərbaycan parlamentinin fövqəladə iclasında M.Ə.Rəsulzadənin üç maddədən ibarət təklifi qəbul olundu. Təklif Ermənistan və Gürcüstan parlamentlərini öz respublikalarının hökumətlərini müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün qəti tədbirlər görməyə çağırırdı. Bu məqsədlə Gürcüstan və Ermənistan parlamentlərinə teleqramlar da göndərilmişdi. Teleqramlarda mübahisəli məsələləri qan tökmək yolu ilə deyil, sülh danışıqları aparmaq yolu ilə həll edilməsi zərurəti göstərilirdi.
İlk vaxtlar Ermənistan hökuməti Dağlıq Qarabağa münasibətdə hələ müəyyən qədər diplomatik takt gözləyir, xain niyyətlərini tam açıqlamırdı. Belə bir fakt məlumdur ki, 1918-ci ilin avqustunda Tiflisdəki Ermənistan diplomatik nümayəndəsi Azərbaycanın oradakı diplomatik nümayəndəsindən Şuşaya Ermənistanın “xüsusi nümayəndə heyəti” göndərməsinə razılıq verməyi xahiş etmişdi. Bu rəsmi müraciətə Azərbaycan hökuməti aşağıdakı cavabı vermişdi: “Əgər Azərbaycan hökuməti əmin olsa ki, nümayəndə heyəti Azərbaycanın qanunlarına əməl edəcək və Azərbaycan hökumətinin müşahidəsi altında fəaliyyət göstərəcək, onda Ermənistan xüsusi nümayəndə heyətinin Şuşaya getməsinə icazə veriləcəkdir”.Ehtimal etmək olardı ki, Ermənistan hökuməti bununla Yuxarı Qarabağın Azərbaycan ərazisi olduğunu bilavasitə təsdiqləyirdi. Ermənistan hökuməti əslində bu kimi addımlarla əvvəlcə Dağlıq Qarabağa “mübahisəli ərazi statusu” verilməsini, sonra isə bu amildən istifadə edərək Azərbaycana qarşı ərazi iddiası planlarını həyata keçirmək istəyirdi.
Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşov İstanbulda ingilis polkovniki Tampla söhbətində bildirmişdi: “Ermənistan hökumətinin nümayəndələri dəfələrlə bizə bildiriblər ki, əgər onlara Qara dənizin sahilində liman verilsə, özlərinin Qarabağa olan iddialarından könüllü imtina edərlər. Onlar əhali mübadiləsi ilə kifayətlənərdilər. Lakin nəzərə almaq lazımdır ki, İrəvan quberniyasında 200 mindən yuxarı azərbaycanlı yaşayır”.
Respublikalar yaranan kimi İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada (şəhər əhalisinin 46 faizini azərbaycanlılar təşkil edirdi) keçirilən birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistanın tərkibinə daxil olmaq məsələsi hələ açıq hallanmırdı. Ermənistan hökuməti Dağlıq Qarabağın işğalı planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi. Elə təkcə bu fakt göstərir ki, Ermənistan Yuxarı Qarabağ problemini hərbi yolla həll etmək istəyirdi. Ona görə də 1918-ci ildə general Andranikin silahlı quldur dəstələri Qarabağa yeridildi.
Azərbaycan hökumətinin 1918-ci il iyulun 15-də iclası keçirildi. İclasda xarici işlər naziri M.N.Hacınskinin erməni separatçılarının Azərbaycanın müxtəlif bölgələrində törətdiyi cinayətkar hərəkətləri barədə məruzəsi dinlənildi. Məruzədə deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycanın müxtəlif hissələrində dinc Azərbaycan kəndlərində ermənilər görünməmiş vəhşiliklər göstərir, adamların həyatlarını və əmlaklarını məhv edirlər. Buna görə də ümumdövlət mənafelərini və əhalinin zərər çəkmiş qruplarının mənafeyini nəzərə alaraq təklif edirik ki, ayrıca bir təşkilat yaradılsın və onun qarşısında aşağıdakı vəzifələr qoyulsun: 1. Bütün zorakı hadisələri dəqiq qeydə almaq;
2. Bu hadisələrin baş verdiyi şəraiti müəyyənləşdirmək;
3. Müqəssirləri və dəymiş zərərin həcmini müəyyənləşdirmək.
Bu təşkilat Fövqəladə İstintaq Komissiyası xarakteri daşımalı və onun məlumatları əsas Avropa dillərində - rus, fransız, alman və təbii ki, türk dilində yazılmalı və geniş yayılmalı.Əgər hökumət bu təkliflə razıdırsa, mən xahiş edirəm ki, bu komissiyanın təşkil edilməsi nazirlərdən birinə tapşırılsın və bu komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 min manat pul ayrılsın".Azərbaycan hökuməti M.N.Hacınskinin məruzəsini dinləyib müvafiq komisiyanın yaradılması haqqında qərar çıxardı.
Azərbaycan ərazisinin tarixən tərkib hissəsi olan Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni hökuməti nə kütləvi qırğınlardan, nə də onlarca yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinmirdi. 1919-cu ilin yanvarında daşnak hökuməti Qarabağ ərazisi ilə əlaqədar iddialar irəli sürmüşdü. Ermənilər aşağıdakı əraziləri Qarabağdan qoparmaq istəyirdilər:
1. Tərtəri çıxmaq şərtilə Cavanşir qəzasının cənub, qərb hissəsini;
2. Ağdamı və Qacar kəndini çıxmaq şərtilə Şuşa qəzasının qərb hissəsini;
3. Vəng, Hadrut, Yeqorlu və Arakel kəndləri ilə birlikdə Cəbrayıl qəzasının bir hissəsini;
4. Kirs dağından cənub qərbdə yerləşən Şahverdilər kəndini və Araz çayı üzərindəki Ağbil stansiyasını çıxmaq şərtilə bütün Zəngəzur qəzasını.
Respublikanın ərazi bütövlüyünü qoruyub saxlamağı və vətəndaşlarının həyatını müdafiə etməyi özünün başlıca vəzifəsi sayan Azərbaycan hökuməti bu iddiaları qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə edərək vəziyyəti normal hala salmaq üçün tədbirlər görməyə başladı. Hökumət əvvəlcə bu məsələni dinc yolla həll etmək üçün Ermənistan hökuməti ilə bir neçə dəfə danışıqlar apardı. Lakin bu danışıqların nəticəsi olmadı. Ona görə də hökumət Qarabağın müdafiəsini gücləndirmək üçün oraya hərbi dəstələr göndərməli və nəhayət, Qarabağ general-qubernatorluğunu yaratmalı oldu.
Ermənistan hökuməti dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların zorakılıqla kütləvi surətdə didərgin salınması məqsədilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirir, iki xalq arasında ədavət və düşmənçilik siyasəti aparırdı.
İrəvan quberniyasının azərbaycanlı əhalisi Azərbaycan hökuməti sədrinin adına bəyanat qəbul etdi. Bəyanatda bildirilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayınadək quberniyada erməni hərbi qüvvələri 200-dən çox müsəlman kəndini yandırmış və yerlə-yeksan etmişdir. Dinc əhaliyə qarşı silah işlədildiyinə görə əhalinin bir hissəsi dağlara qaçmışdır. Əzəldən azərbaycanlıların yaşadığı Sürməli, İrəvan, Eçimiədzin və Şərur qəzalarının ərazisini ermənilər tutmuşlar.
1919-cu il yanvarın 8-də Azərbaycan parlamentinin iclasında parlament üzvü M.N.Vinoqradov çıxış edərək demişdir ki, biz ruslar belə hərəkətlərə, belə müdhiş təcavüzlərə etiraz edərək, hər dövlətin xətti hüdudunu təyin etmək ixtiyarına malik olan ümumcahan konfransının qərarınadək hər kəsin öz yerlərində qalmasını tələb edirik.
Azərbaycan parlamenti respublika hökumətinə təklif etdi ki, vəhşilik əməllərinin qarşısını almaq üçün bütün vasitələrdən geniş istifadə olunsun. Erməni hökumətinə notasında Fətəli xan Xoyski dinc əhalinin üzərinə silahlı basqın ilə əlaqədar qəti etirazını bildirdi və azərbaycanlı əhaliyə qarşı təcavüzün dərhal dayandırılmasını təkid etdi. Tədbirlər görülməsinə baxmayaraq Cənubi Qafqaz respublikaları arasında normal qonşuluq münasibətlərini bərpa etmək mümkün olmadı.
Azərbaycan parlamenti Dağlıq Qarabağda törədilən milli toqquşmaların səbəbini araşdırmaq üçün ora xüsusi komissiya göndərdi və sonra da məsələni 1919-cu il iyulun 8-də keçirilən iclasında geniş müzakirə etdi. İclasda parlamentin üzvlərindən Çubaryan, Malxazyan və başqa erməni millətçilərinin uzun-uzadı böhtançı çıxışları tutarlı dəlillərlə təkzib olundu. Artan erməni təbliğatına qarşı mübarizə aparmaq, ermənilərin Qafqazda müsəlman qanına susamasını dünya ictimaiyyətinin gözündə ifşa etmək, erməni elementinin bu bölgədə qızışdırıcı rolunu göstərmək üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə 1918-ci il 15 iyulda Azərbaycan Respublikasının Nazirlər Şurası Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Bu komissiyanın qarşısında üç vəzifə dururdu:
1. Bütün zorakılıq hallarının dəqiq qeydiyyatını aparmalı;
2. Bu zorakılığın törədildiyi şəraiti aydınlaşdırmalı;
3. Günahkarları və dəyən zərərin həcmini müəyyən etməli.
Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov təyin edildi. Komissiya çox fəal şəkildə işə başladı. Bu komissiya 1918-ci ilin qanlı mart hadisələrini, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisindəki ermənilərin törətdiyi cinayətləri araşdırmağa başladı. Komissiyanın topladığı istintaq materiaları erməni iddialarının əsas rolunu göstərən və erməni cinayətlərini ifşa edən ən gözəl tarixi sənədlərdir.
Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının erməni talanlarından zərər çəkmiş Azərbaycan kəndlərinin təhqiqatı üzrə Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvü Mixaylovun məruzəsi əsasında ermənilərin Qarabağdakı separatçı hərəkətləri dəqiq faktlarla açılıb göstərilmişdi. Həmin faktların təhlili əsasında belə nəticəyə gəlmək olur ki, özlərini həmişə “əzabkeş”, “məzlum” xalq kimi qələmə verən ermənilər Qarabağın dinc əhalisinə qarşı necə qəddarlıqlar törətmişdilər.
Mixaylovun məruzəsində Qarabağın dörd qəzası üzrə vəziyyət təhlil olunur. Göstərilir ki, burada vəziyyət Azərbaycan Respublikasının zərər çəkmiş digər əyalətlərindən kəskin şəkildə fərqlənir. Qarabağın dörd qəzasının azərbaycanlıları fasiləsiz olaraq (son günlərə qədər) həm Qarabağın yerli erməni əhalisi, həm də İrəvan quberniyasının erməniləri və Türkiyə vilayətlərindən buraya soxulmuş erməni quldur dəstələri tərəfindən hər cür zorakılığa məruz qalır.
Qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Qarabağda erməni separatizminə qarşı Cümhuriyyət orqanlarının həyata keçirdiyi əməli tədbirlər milli hökumətin gördüyü uğurlu işlərdən sayıla bilər. Bu baxımdan AXC hökumətinin erməni separatizminə qarşı apardığı mübarizənin öyrənilməsi və uğurlu təcrübənin ümumiləşdirilməsi çağdaş günlərimizdə də əhəmiyyətlidir. Ümumiyyətlə, hadisələrin gedişi təsdiq edir ki, erməni separatizminin tarixi mərhələlərinin öyrənilməsi bu gün və gələcək tariximiz üçün həmişə aktualdır.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin başlıca məqsədi Azərbaycanın müstəqilliyinin tanınmasından ibarət idi. Qonşu ölkələrin Azərbaycan istiqlalını tanıması müstəqilliyin dönməzliyinin təmin edilməsi üçün kifayət deyildi. Hesab edilirdi ki, dünyanın böyük dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması əski metropolyanın (ağ və qırmızı Rusiyanın) iddiaları və birbaşa təcavüzü qarşısında önəmli rol oynaya bilər. Xarici siyasətin ana xəttini təşkil edən bu vəzifənin həyata keçməsində Azərbaycan istiqlalının tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə ölkənin ən nüfuzlu şəxsləri cəlb edilmiş, bu sahəyə birinci dərəcəli əhəmiyyət verilmişdir.
Daim yalan və xülya ilə öz tarixlərini qədimləşdirməyə, ərazilərini isə başqa xalqların yaşadıqları, varisləri olan torpaqları hesabına genişləndirməyə çalışan erməni şovinistləri başqa xalqların, o cümlədən Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, tarixi ərazilərinə yiyələnmək üçün hər cür alçaq vasitələrə əl atmışlar. Bütün tarix boyu bütövlükdə Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ azərbaycanlıların yaşadığı ərazi olub və Azərbaycan dövlətinin tərkibində olubdur. Xanlıqlar dövründə də Yuxarı Qarabağ Qarabağ xanlığının tərkibində idi. Qarabağ mövzusuna müraciət edən erməni müəlliflərinin əksəriyyəti Qarabağın tarixini, etnoqrafiyasını, mədəniyyət tarixini və onun etnik tərkibini son dərəcə saxtalaşdırmış şəkildə təqdim etmişlər. Tarixi mənbələrsə Dağlıq Qarabağın (Yuxarı Qarabağ - M.H.) ən qədim zamanlardan Azərbaycan ərazisi olduğunu bir mənalı olaraq təsdiq etmişdir və edir.
Bu gün Azərbaycan xalqı 1918-1920-ci illərdəki səhvləri təkrar etməmək üçün bütün dünya ictimaiyyəti qarşısında özünü “yazıq”, “fağır” və “genosidə məruz qalmış” xalq kimi göstərən erməni millətçilərinə qarşı özünün bütün qüvvələrini birləşdirməlidir.
Erməni millətçiləri SSRİ-nin dağılmasından istifadə edərək Rusiyanın ənənəvi imperiya iddialarına arxalanaraq yenidən Azərbaycana qarşı ərazi iddialarını irəli sürdülər. Ermənilər Azərbaycanda hakimiyyət uğrunda gedən çəkişmələrdən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal edə bildilər. Azərbaycan dövləti qonşu Ermənistanla mübahisəli məsələləri dinc yolla həll etmək üçün dəfələrlə cəhd göstərmişdir. Lakin Erməni tərəfi öz köhnə və ənənəvi havadarlarına arxalanaraq Azərbaycan tərəfinin təkliflərini rədd etmişdir. Təsadüfi deyildi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni - 822, 853, 874, 884 - yerinə yetirməkdən boyun qaçırdı. Bütün bunlar 1918-1920-ci illərdə olan hadisələrin təkrarıdır.
Öyrənilən dövrün araşdırılması göstərir ki, milli hökumətin 1918-1920-ci illərdə həm ölkənin daxilində və həm də xaricdə apardığı qətiyyətli siyasətin nəticəsində o vaxt Yuxarı Qarabağda erməni separatizminin qarşısı alınmışdır. Ona görə də ADR hökumətinin sərhədlərimizi, əzəli torpaqlarımızı qorumaq üçün apardığı siyasət və təcrübənin öyrənilməsi bugünkü həyatımız üçün daha əhəmiyyətlidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli sərəncamı ilə Dövlət Komissiyasının tədbirlər planı təsdiqlənmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada geniş qeyd edilmişdir.
Müsəlman Şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin milli dövlətçilik tarixində xüsusi yer tutub.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2013.- 28 may.- S. 5.