Müsəlman
Şərqinin ilk cümhuriyyəti
1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura tərəfindən müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Cümhuriyyətin yaradılmasına aparan yol necə olub? Cümhuriyyət necə elan edilib? Ona hansı beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət idi? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət almalıyıq?
Sovet dövründə Azərbaycan tarixinin barəsində danışılmayan, üstündən sükutla keçilən, yazıldıqda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim qapalı saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu düşünərək təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi.
Cümhuriyyətə aparan yola qısa bir baxış
Cümhuriyyətin elanı göydəndüşmə olmadı. Bu, bir sıra amillərin təsiri altında oldu. Məlumdur ki, çarizmin işğalına qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Şimali Azərbaycan çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycan ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. Şimali Azərbaycanda işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi.
Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə xidmət edirdi.
Azərbaycanda demoqrafik şəraiti dəyişmək məqsədi ilə qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi. Köçürülənlər yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Onlar üçün üstün şərait yaradılırdı. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu.
Çarizm özünün ümumi strateji mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurlar yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet nəşr edildi. İlk milli teatr yaradıldı. Hansı motivlərdən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşməsində bu amil mühüm rol oynadı. Rusiyada gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. İmperiya tərkibində olan Şimali Azərbaycanda xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.
1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cərəyan – milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel olaraq gedirdi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox rejimləri dəyişməklə mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri “Difai”, “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini, çoxtərəfliliyini göstərir.
Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Məhəmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov və b. müstəsna rol oynadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən şəxslər müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyün və islamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat gözü kimi baxırdılar. Bu dövrdə azərbaycanlı ziyalıların da bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinə bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da strateji niyyətlərinə tam uyğun gəlirdi. Bu məqsədlə bir neçə azərbaycanlı hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdü. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa ehtiyac duyurdu.
1917-ci il fevral ayında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Az sonra bolşeviklərin hakimiyyətə gəlməsi
və müharibədən çıxdığını
elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində
Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar.
Bundan bir neçə gün sonra Antanta ölkələrinin
yardımı ilə Tiflisdə Transqafqaz
Komissarlığı yaradıldı. Rusiyada
bolşevik hökuməti müharibədən
çıxdığını elan etdi. Almaniya
bloku ölkələri ilə barışıq imzaladı.
Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə
seçilən deputatlar mərkəzdə fəaliyyətə
başlaya bilmədiklərindən və bu orqan bolşeviklər
tərəfindən qovulduqdan sonra onlar 1918-ci il
fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti)
yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası
44 nəfərdən ibarət idi. Həmin
ilin aprelin 22-də seym Cənubi Qafqazın müstəqilliyini
elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını
yaratdı.
Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində
əlverişli imkan qazandı. Azərbaycan uğrunda
böyük dövlətlərin mübarizəsi gücləndi.
Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən
erməni terror dəstələri Cənubi Qafqazda kütləvi
qırğınlar törətdilər. 1918-ci
ilin mart ayında azərbaycanlılara qarşı törədilən
soyqırımın başlıca məqsədi istiqlal tərəfdarlarını
məhv etmək, onun sosial dayaqlarını dağıtmaq,
müharibənin son mərhələsində döyüşən
dövlətlərin strategiyasında mühüm yer tutan
Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan
ayrılmasına imkan verməmək, Osmanlı
hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı
törədilən qırğınların
qarşısını ala bilmədi. Daxili
ziddiyyətlər ucbatından süquta yaxınlaşdı.
Cümhuriyyətin
elanı
Daxili ziddiyyətlər
aradan qaldırılmadığından mayın 27-də Azərbaycan
fraksiyası ayrıca iclasa toplaşaraq müstəqilliyi elan
etmək qərarına gəldi. Bu zaman
Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən
danışıqlarda iştirak edən M. Ə. Rəsulzadə
qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli
Şurası elan etdi. Azərbaycan
xalqının tarixi istəyi yerinə yetirildi. Milli
Şuranın mayın 28-də Tiflisdə “Orient” oteldə
keçirilən iclasında Azərbaycanın İstiqlal bəyannaməsi
qəbul edildi. Altı maddədən ibarət olan Bəyannamədə
deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı
hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi
Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam
hüquqlu müstəqil bir dövlətdir. 2.
Müstəqil Azərbaycan dövlətinin idarə forması
Xalq Cümhuriyyətidir. 3. Azərbaycan
Xalq Cümhuriyyəti bütün millətlərə,
xüsusən qonşu olduğu millətlər və dövlətlərlə
mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən,
məzhəbindən, sinfindən, silkindən və cinsindən
asılı olmayaraq öz sərhədləri daxilində
yaşayan bütün vətəndaşlarına siyasi
hüquqlar və vətəndaşlıq hüququ təmin
edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti
öz ərazisi daxilində yaşayan bütün millətlərin
sərbəst inkişafı üçün geniş imkanlar
yaradır. 6. Müəssislər Məclisi
toplanana qədər Azərbaycanın başında xalqın
seçdiyi Milli Şura və Milli Şura
qarşısında məsuliyyət daşıyan müvəqqəti
hökumət durur. Azərbaycanın idarə
forması Xalq Cümhuriyyəti idi. Yeni
dövlət bütün qonşularla mehriban münasibətlər
qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində
yaşayan bütün xalqlar bərabər elan edildilər.
Onlar üçün bərabər hüquqlar
elan olundu. Azərbaycanın başında
xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.
Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan
xalqı XX əsrdə ilk dəfə olaraq dövlət millətinə
çevrildi.
Əgər Azərbaycan Rusiya tərəfindən
xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə
qatılmışdısa, onun tərkibindən vahid, müstəqil
dövlət kimi çıxdı.
Ərazi
Azərbaycan Xalq
Cümhuriyyətinin ərazisi Cənub-Şərqi
Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris sülh
konfransına Azərbaycan nümayəndə heyətinin təqdim
etdiyi memorandumda cümhuriyyətin ərazisi
aşağıdakı kimi göstərilirdi: Bakı
quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası,
Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası,
Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə)
quberniyası (Gəncə qəzası, Cavanşir qəzası,
Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası,
Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası,
Qazax qəzası (bu ərazinin üçdə birini təşkil
edən dağlıq hissəsi Ermənistanla Azərbaycan
arasında mübahisəli idi); İrəvan quberniyası
(Naxçıvan qəzası, Şərur-Dərələyəz
qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası,
Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi);
Tiflis quberniyası Borçalı qəzası, Tiflis və
Sıqnax qəzalarının bir hissəsi); Zaqatala mahalı;
Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini
əhatə edən ərazisinin bir hissəsi, habelə Dərbənd
şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq -
Tabasaran qəzasının bir hissəsi). Eyni
zamanda AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının
Batum, xüsusən Kars əyalətlərini də öz ərazisinə
daxil etməyə xüsusi önəm verirdi.
Cümhuriyyətin ərazisi 113,9 min kv. km idi. Bunun 97,3 min kv. km mübahisəsiz, 16,6 min kv. km
mübahisəli idi.
Əhali
Bu dövrdə Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər
əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri
Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil
edirdi. Digərləri müxtəlif dövrlərdə
çarizmin köçürmə siyasəti nəticəsində
Azərbaycana yerləşdirilənlər idi.
Həyata
keçirilən tədbirlər
Cümhuriyyətin elanından sonra milli hökumət
yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda
icraedici hakimiyyəti hökumət həyata keçirirdi.
İlk baş nazir Fətəli xan Xoyski oldu.
Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan
Xoyski, dördüncü və beşinci kabinələrə
Nəsib bəy Usubbəyli başçılıq etdi. Sentyabrın 15-də
Qafqaz İslam Ordusu Bakını azad etdi.
Gəncədə
öz fəaliyyətini dayandırmış Milli Şura noyabr
ayında Bakıda fəaliyyətə
başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən
ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan
parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə
əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı
və digər xalqların nümayəndələri daxil edilməli
idi. 1918-ci il dekabrın 7-də
Tağıyevin qız məktəbində (indiki Əlyazmalar
İnstutunun binasında) Azərbaycan parlamenti
açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət
göstərirdi. Yerlər aşağıdakı kimi
bölüşdürülmüşdü: türk-müsəlman
əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1;
gürcülər-1; polyaklar-1; Bakı həmkarlar
ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası
və Ticarət-Sənaye İttifaqı-2. Lakin
Azərbaycanın müstəqilliyini istəməyən ermənilər
və başqaları parlamentin işində iştirak etmədilər.
Parlamentin sonuncu iclası 1920-ci il aprelin
27-də keçirildi. Ümumiyyətlə, parlamentin 155 iclası
keçirildi. Parlamentin
müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Parlamentin sədri
Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən
bəy Ağayev və Məmmədyusif Cəfərov idi.
Azərbaycan parlamenti milli tolerantlıq
baxımından hətta Qərb ölkələri
üçün bir model idi. Dini
baxımdan da bütün digər dövlətlərə
nümunə rolunu oynayırdı. Azərbaycan Xalq
Cümhuriyyəti qadınlara səsvermə hüququnu Qərb
ölkələrindən əvvəl verdi.
Himn və bayraq qəbul edildi. Xüsusi xidmət
orqanları yaradıldı. Sərhəd və
Gömrük xidməti quruldu. Ordu
yaradıldı. Türk dili (Azərbaycan
dili) dövlət dili elan edildi. İbtidai
və orta məktəblərdə işlərin ana dilində
aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı.
Təhsil və xalq maarifi, səhiyyə sahəsində
tədbirlər həyata keçirildi. Ölkənin
hər yerində müxtəlif səviyyəli məktəblər
açıldı. Dərsliklər
hazırlanmağa başladı. İşləməyə
xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi.
Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət
yetirildi.100 nəfər azərbaycanlı gəncin xarici
ölkələrdə oxumağa göndərilməsi barədə
qərar qəbul edildi.
Beynəlxalq
fəaliyyət və xarici siyasət
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici
siyasətinin əsas məqsədi yeni yaradılmış
dövləti tanıtmaq idi. Buna görə də yeni yaranan hökumət
yarandığı vaxtdan etibarən fəal xarici
siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra
ölkələrinə yeni bir dövlətin
yaradılması barədə məlumat göndərildi.
Hökumət 1918-ci il iyun ayının 4-də
Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı.
Xarici siyasətdə ilk addım Dördlər
İttifaqı ilə Cənubi Qafqaz respublikaları
arasında keçirilməsi nəzərdə tutulan
İstanbul konfransına Məhəmmədəmin Rəsulzadə
və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi
oldu. Avropa ölkələri ilə
diplomatik əlaqələri qurmaqdan ötrü Əlimərdan
bəy Topçubaşov səfir kimi İstanbula göndərilmişdi.
Almaniya və müttəfiqləri müharibədə məğlub
olduqdan sonra Bakıya ingilis generalı U.Tomson başda olmaqla
noyabrın 17-də müttəfiq qoşunları gəldi. Erməni, rus milli
şuralarının antiazərbaycan fəaliyyətinə
baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış
olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və
onun baş nazirinə böyük hörmət bəsləyir
və yeni koalisiyalı hökumət yaradılana qədər
onun hökuməti ölkədə yeganə qanuni hökumət
olaraq qalır.
Azərbaycan hökumətinin ilk
addımlarından biri dekabrın 28-də qalib ölkələrin
dövlət və hökumət
başçılarının Paris sülh konfransına göndəriləcək sülh
nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək
oldu. Parlamenitn sədri kimi Topçubaşov
başda olmaqla nümayəndə heyəti İstanbulda bir
sıra ölkələrin nümayəndələri ilə
görüşlər keçirdikdən sonra Parisə getdi.
Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər
Şurasının iclasında müzakirə edildi. Azərbaycan
nümayəndə heyəti bir neçə görüş keçirdi. Mayın
23-də İngiltərə nümayəndə heyətinin
üzvü L. Mallet Topçubaşovla görüşdü.
Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə
bağlı fikir mübadiləsi aparıldı.
Topçubaşov mayın 28-də günün birinci
yarısı ABŞ nümayəndə heyətinin
üzvü H. Morgentau, günün ikinci yarısında isə prezident
V.Vilsonla görüşdü. ABŞ prezidentinə Azərbaycanın
memorandumu təqdim
edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq
etmənin faydalı olacağını qeyd etdi.
1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət
müstəqilliyi böyük dövlətlər tərəfindən
tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan
xalqının iradəsinə hörmət əlaməti idi.
Azərbaycana yardım göstərilməsi barədə
qərarlar qəbul edildi. Azərbaycan
dövləti beynəlxalq münasibətlər sisteminə
daxil olmaq üçün ilk addımlar atdı.
Xarici siyasətin mühüm istiqamətlərindən
biri qonşu dövlətlərlə münasibətlər
idi. Ermənilərin
yeni yaratdıqları
Ararat Respublikasının paytaxtı
olmadığından Azərbaycan milli sülhün
yaradılması, digər ərazilərə əsassız
iddialar irəli sürməyəcəyi düşüncəsi ilə İrəvanı paytaxt
olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən
erməni dairələri azərbaycanlılara qarşı
soyqırımları davam etdirdilər və əsassız ərazi
iddialarını genişləndirdilər.
Problemlər və ya niyə məğlubiyyət?
Əlbəttə, ölkədə yeni dövlət
quruculuğu problemlərsiz də deyildi. Aparılan
islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata
keçirilmədi. Cümhuriyyətin
sosial dayaqları zəiflədi. Çarizm
tərəfindən Azərbaycana
köçürülmüş bir sıra xalqlar dövlət
müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi
hesab edirdilər. Erməni təcavüzü
dövləti zəiflədirdi. Erməni
terrorunun, ərazilərin işğalının və
kütləvi soyqırımların dayandırılması
başlıca problemlərdən idi. Beynəlxalq
şərait də müstəqil Azərbaycan
üçün əlverişsiz idi.
Azərbaycan
Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də
bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən
məğlub oldu. Müstəqil Azərbaycan
dövlətinin mövcudluğu üçün əlverişli
beynəlxalq şərait yox idi. Osmanlı dövləti
cümhuriyyətin yaradılmasında mühüm xarici amil
rolunu oynamışdı. Azərbaycan
xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər,
Mustafa Kamal Paşanın bolşevik lideri Lenin ilə
yaxınlaşması mənfi təsir etdi. Kamalçı
Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə
qarşı mübarizəsi nəticəsində müttəfiqə
çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdi.
Bu işğalda Bakı nefti amili mühüm
rol oynadı. Rusiya bir neçə il
əvvəl Bakını itirməklə böyük dövlət
statusunu da itirmişdi. Bu mövqeyi bərpa etmək üçün Rusiya
yenidən Azərbaycanı işğal etdi.
Cümhuriyyətin
beynəlxalq əhəmiyyəti
Cümhuriyyətin yaradılması və fəaliyyəti
əhəmiyyətinə görə Azərbaycan sərhədlərini
aşaraq daha geniş bir anlam daşıyırdı. Azərbaycan
Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin
dan ulduzu oldu. Müsəlman
dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan
xalqı gətirdi. Onlara zülmətdən
xilas olmağın yolunu göstərdi. Onların
ürəyində ümid çırağı
yandırdı. Heç əbəs deyil ki, cümhuriyyət
yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla
yanaşı, zülm çəkən yüzlərlə ərəb,
fars, əfqan və başqa xalqların nümayəndəsi
Azərbaycanın vətəndaşı olmaq
üçün müraciət etmişdilər. Bu gün
Şərqdə müstəmləkəçiliyin və
müstəmləkə zülm altında inləyən xalqlarının olmaması
eyni zamanda cümhuriyyətin təsiridir.
İbrət dərsləri hansılardır?
Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət
dərslərini almağa imkan verir. Bunun üçün
ilk növbədə həmin dövrdə buraxılan səhvləri
bilmək və onlardan müvafiq nəticələr
çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını
liberal dəyərlərlə elan etmək olar, amma
daxili və xarici təzyiqlərin daim olduğu və
olacağı bir şəraitdə liberalizmlə qorumaq
mümkün deyildir. Bunun üçün
çoxlu amillərin məcmusu tələb olunur. Xalq öz dövlətinin mühafizəsinə,
güclənməsinə və tərəqqisinə
çalışmalı, onu qorumalı, maraqlarını hər
şeydən uca tutmalıdır. Hakimiyyət
qanadları arasında sıx birlik olmalıdır.
Dünyanın
hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata
mənsubluğundan
asılı olmayaraq, hər bir azərbaycanlı
daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi
məqsədlərə xidmət etməlidir. Xaricdə
yaşayan soydaşlarımız yalnız Azərbaycanın
yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə
yanaşılmalıdır.
Cümhuriyyətin
süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə
mühacirət etməyə məcbur oldu. Bir
qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu.
20-30-cu illərdə milli düşüncəli
ziyalılar repressiya edildilər. Amma sovet
repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.
70-80-ci illərdə
ziyalılar Azərbaycan rəhbəri Heydər Əliyevin
qayğıcı ilə əhatə olundular. Müstəqil
dövlət üçün lazım olan təməllər
məhz bu illərdə düşünülmüş şəkildə
hazırlandı. Nəhayət, hələ SSRİ-nin mövcud
olduğu bir şəraitdə milli bayrağımız ilk dəfə
olaraq rəsmi şəkildə Naxçıvanda
qaldırıldı. 1991-ci il
oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi
bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin varisi oldu.
* * *
Heç
kəsə sirr deyildir ki, sovet dövründə cümhuriyyətin
dövlət səviyyəsində bayram ediləcəyi
xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli
tariximizə, milli-mənəvi dəyərlərimizin
qorunub-saxlanılmasına və inkişafına dövlət
səviyyəsində xüsusi
diqqət yetirilir. 1998-ci ildə ümummilli lider, Prezident Heydər
Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin
80 illiyinin qeyd edilməsi barədə sərəncamından
sonra bu sahədə xeyli işlər görüldü.
Cümhuriyyət dövrü tarixinin sistemli
araşdırılmasına başlanılması məhz Heydər Əliyevin
adı ilə bağlıdır. Parlament
iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə ölkəmizin
paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə
abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir.
Cümhuriyyətimizin
95 illiyi ilə
bağlı geniş tədbirlər həyata keçirilir.
Cümhuriyyət xadimlərinin istəkləri,
arzuladıqları dövlət müstəqilliyinə Azərbaycan
xalqı nail oub. Ərazilərinin bir hissəsinin işğal altında
qalmasına, qaçqın və məcbur köçkünlərin
olmasına baxmayaraq,
Azərbaycan dövləti daxili və xarici siyasət
sahəsində bir sıra uğurlar qazanıb. Dövlətimiz
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilib. “Eurovision”
yarışması zamanı xalqımızın maddi və mənəvi
mədəniyyət nümunələrinin təbliği ilə
Azərbaycanın dünya xəritəsində
axtarılmasına son qoyulub.
Azərbaycan “Kosmos klubu”nun
üzvüdür. Bütün bunlar hələ bundan sonra da
ölkəmizdə çoxlu yeniliklərin olacağından xəbər
verir...
Musa QASIMLI,
Milli Məclisin deputatı, tarix elmləri
doktoru, professor
Xalq qəzeti.-
2013.- 28 may.- S. 6.